Məhkəmə qərarları › İş №2(004)-1376/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1376/2021

17.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1376/2021 17.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 69, 53 saylı mənzilə dair yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, Cavabdeh1 övladları Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 69, 53 saylı mənzil 2014-cü ildən iddiaçının mülkiyyətindədir. Cavabdehlər həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq onların həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır. Belə ki, Cavabdeh1 20.07.2003-cü il tarixdə nikaha daxil olduqdan sonra yuxarıda qeyd olunan mənzili tərk etmiqş və uzun illərdir övladları ilə birlikdə həmin mənzildə yaşamır. Yetkinlik yaşına çatmayanların yaşayış yeri valideynlərinin yaşayış yeri sayıldığına görə digər cavabdehlər, yəni Cavabdeh1 övladları Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhz bu səbəbdən həmin mənzilə qeydiyyata düşmüşlər. Eyni zamanda cavabdehlər artıq uzun müddətdir ki, Azərbaycan Respublikasını tərk etmiş və X3 köçmüş və orada yaşayırlar. İddiaçı cavabdehlərin qeydiyyatdan çıxarılması üçün Yasamal rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin iddiaçıya «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanununun 9-cu maddəsinə istinad edilərək imtina edilmiş və ona mülki qaydada məhkəmə müraciət etməsi izah edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin mətninə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı ünvan 1 üzərində mülkiyyət hüququ 11.06.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Yasamal rayon Polis İdarəsinin 11 mart 2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh Cavabdeh1 19.01.2014-cü il tarixdən, Cavabdeh2 və Cavabdeh3 08.08.2018ci il tarixdən, Cavabdeh4 isə 09.08.2018-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadırlar. 05 aprel 2014-cü il tarixli vərəsəlik payın bağışlama müqaviləsindən görünür ki, Cavabdeh1 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında ona məxsus həmin mənzildə vərəsəlik payını anası X1 bağışlamışdır. 25 may 2014-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, X2 həmin mənzili gəlni İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.4. -ci maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Cavabdeh1 iddiaçının ailə üzvü deyil və mənzil üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alındıqdan sonra onunla Cavabdeh1 arasında mənzildən istifadə hüququnun yaranmasına dair notarial qaydada təsdiq olunmuş müqavilə bağlanmamışdır. Göründüyü kimi Cavabdeh1 həmin mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, onun həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə tələb təmin edilə bilməz. Mülki Məcəlləinin 27.2.-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Cavabdeh1 övladları – digər cavabdehlər iddiaçının ərizəsi əsasında onun mənzilinə qeydiyyata alınmışlar. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya məxsus mənzildən istifadə hüququ olmadığından, övladlarının da istifadə hüququ yaranmamışdır. Odur ki, iddia həmin hissədə də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar