Məhkəmə qərarları › İş №2(004)-1378/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1378/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1378/2022 05.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı ASC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə 28.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1405,36 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 34,05 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 09.12.2021-ci ıl tarixə 1405,36 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana 14.07.2009-cu il tarixdə SSS-15 markalı, ******* nömrəli sayğac quraşdırılmışdır. 29.11.2014-cü il tarixdə sayğacın qəbul plombu zədələndiyi üçün 06.12.2014-cü il tarixdə SSS-15 markalı, 354754 nömrəli sayğac ilə əvəz edilmişdir. Qeyd edir ki, cavabdehin isitifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri 06.12.2014-cü il tarixdən su sayğacının göstəricilərinə uyğun olaraq hesablanır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. "xxxx" ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 10.12.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakın cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 08.12.2021-ci il tarixli, **********000 saylı abonent kartına əsasən Cavabdeh ilə (abonent kodu **********000) İddiaçı ASC arasında bağlanmış 01.09.2007-ci il tarixli, 10212879 nömrəli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid, 13 saylı ev su təchizatı və çirkab sularının axıdılması xidmətləri ilə təmin edilmişdir. Cavabdehin əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 2014-cü ildən başlayaraq 2021-ci ilin sonuna 1405,36 manat borcu yaranmışdır. İş materiallarında olan Azərsu ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubuna əsasən İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh arasında su təchizatı və tullantı sularının axıdılması barədə müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı cavabdehi su ilə təmin etsə də, cavabdeh öhdəliyini pozaraq bunun əvəzində yaranmış borcu ödəməmişdir. Məhkəmə iş materiallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, iddiaçı 2014-cü ildən 2021-ci ilin sonuna qədər yaranmış 1405,36 manat məbləğində borcun tutulmasını tələb etsə də, cavabdehin 2017-ci ilə qədər olan borcun ödənilməsini tələb hüququ müddətin keçməsinə görə qüvvəsini itirmişdir. Belə olan halda cavabdehdən yalnız 2017-ci ildən etibarən istifadə etdiyi sərfiyyata görə pul, yəni 1030,1 manat tutulmalıdır. Mülki Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 551.2.1-ci maddsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Beləliklə iddia qismən təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1030,1 (bir min otuz manat on qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,3 (otuz manat otuz qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1030,1 (bir min otuz manat on qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,3 (otuz manat otuz qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar