Məhkəmə qərarları › İş №2(004)-1396/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1396/2021

12.01.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1396/2021 12.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilova Təhminə Cəmil qızı, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1946-cı il təvəllüdlü, ünvan 1 mənzil 32 ünvanında pasport qeydiyyatında olan anası Rəhimova (Qurbanova) Nərgiz Bilal qızının ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizədən görünür ki, ərizəçinin polis orqanlarına anasının tapılması üçün müraciət etməsini və onun axtarışının məhkəməyədək son beş il ərzində heç bir nəticə verməməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 9.5- ci bəndinə əsasən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hesab edirəm ki, ərizəçi anasının ölüm faktını təsdiq edən sənədləri məhkəmədən kənar ala bilməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən ərizə məhkəmənin icraatına götürülə bilməz və geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, ərizə verilərkən Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədiyi üçün həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən onun məhkəmə icraatı qeyri-mümkündür. Bu səbəbdən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmaqla ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar