Məhkəmə qərarları › İş №2(004)-1405/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1405/2022

29.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1405/2022 29.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə cavabdehlər "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsi və Cavabdeh ASC-yə qarşı “işə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsinə qarşı “işə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi ilə 31.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 117-k, 13.12.2021-ci il tarixli əmrinin ləğv edilməsi, cavabdehlə bağlanmış əmək müqaviləsinin bərpası, məcburi buraxılmış dövr üçün əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması, iddiaçıya dəymiş maddi ziyana görə 5000 manat, mənəvi zərərə görə 5000 manat, ödənilmiş mediyasiya xərcinin əvəzi olaraq 52 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil14.03.2022-ci il tarixdə ərizə verərək Cavabdeh ASC-nin mülki iş üzrə əlavə cavabdeh qismində cəlb olunmasını və iddianın hər iki cavabdehə qarşı təmin olunmasını xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 02.03.2022-ci il tarixdə etiraz ərizəsi verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, iddiaçı son on ildir ki, Cavabdeh ASC-nin müxtəlif struktur bölmələrində və ərazilərində müxtəlif vəzifələrdə çalışmışdır. Onun sonuncu iş yeri cavabdeh Yasamal Sukanal İdarəsində kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi vəzifəsi olmuşdur. Lakin İdarəyə yeni rəhbər gəldikdən sonra onun tərəfindən iddiaçıya qarşı kiçik təzyiqlər başlanılmışdır. İdarə daxilində keçirilmiş bir sıra toplantı görüşlərdə hər hansı bir səbəb göstərilmədən iddiaçı toplantıda iştirakdən əsassız olaraq kənarlaşdırılmışdır. Lakin bu davranış iddiaçının öz xahişi ilə işdən çıxmasına səbəb olmamış və İdarədə hər hansı bir ixtisar rəsmi olaraq aparılmadan iddiaçının çalışdığı müəssisədə təşkilati strukturda və ştat cədvəllərində dəyişikliklərin aparılmasından suiistifadə olunaraq ixtisar adı altında iddiaçı əsassız olaraq işdən azad olunmuşdur. Daha sonra İdarədə idarəetmə strukturunun təkmişləşdirilməsi istiqamətində işlər aparılmış və nəticədə, iddiaçının tutduğu vəzifə də bir ştat vahidi olaraq bir neçə ayrı-ayrı vəzifələrə ayrılmışdır. 13.12.2021-ci il tarixli əmr verilmiş və həmin Əmrə əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əsas tutularaq iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, bu əmr qanunsuzdur və ona görə də ləğv olunmalıdır. Çünki əvvəla qeyd etmək istəyir ki, bu ştat ixtisar edilməmişdir, o sadəcə ləğv olunaraq müxtəlif şöbələrə ayrılaraq bölünmüşdür. Amma cavabdehin əmrinə əsasən iddiaçının tutduğu ştat vahidinin guya ixtisar olunması səbəbi gətirilir. Yaranmış fərdi əmək mübahisəsinin məhkəmədənkənar qaydada həll olunması məqsədilə mediasiyanin keçirilməsi haqqında cavabdehə təklif göndərilmiş, lakin qanunda nəzərdə tutulmuş müddət ərzində hər hansı bir münasibət bildirilməmişdir. Bununla əlaqədar mediasiya prosessinin davam etdirilməsi məqsədilə Bakı 2 saylı Mediasiya Təşkilatına iddiaçı tərəfindən müraciət olunmuşdur, lakin ilkin mediayasiya sessiyasına cavabdehin nümayəndəsi iştirak etməmiş və iştirak etməməyin səbəbi bildirilməmişdir. Bu səbəbdən də mediasiya sessiyasının keçirilməsi mümkün olmamışdır. Lakin ilkin sessiyasının keçirilməsi üçün tələb olunan 52 manat xidmət haqqı mediatora iddiaçı tərəfindən ödənilmişdir. Əmrə əsasən iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi ixtisar olunması əsası gətirilmişdir. Amma həqiqətdə isə ştat vahidinin ixtisarı yox, İdarə üzrə idarəetmə strukturunun təkmiləşdirilməsi prosesi aparılmışdır. Buna səbəb isə, iddiaçının çalışdığı şöbənin bir neçə istiqamət və ixtisas üzrə fəaliyyət göstərməsi, iş yükünün artıq olmasına gətirib-çıxarırdı. Belə olduğu təqdirdə məhz bir neçə vəzifədən ibarət olan ştat vahidi ləğv olunaraq, onun əsasında bir neçə ştat vahidinin yaradılması nəzərdə tutulmuşdur. Ancaq buna baxmayaraq cavabdeh bu vəziyyətdə sui-istifadə edərək iddiaçının ştat vahidini ləğv edərək ayrılıqda yaranmış vəzifələr üzrə başqa bir iş ona təklif olunmamışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirir ki, iddianı əsassız hesab edir. İddiaçı öz iddia ərizəsində göstərdiyi kimi kargüzarlıq, təsərrüfat və kadrlarla iş aparan şöbənin rəisi olmuşdur. Həmin şöbə böyük həcmli olduğu üçün qarışıqlıq yaradırdı və onun bölünməsinə, işin tənzimlənməsinə zərurət yaranmışdır. Onlar belə hesab etmişlər. Əmək məcəlləsinin 11-ci maddəsinə əsasən onların işəgötürən olaraq, struktur dəyişikliyi etmək ixtiyarı var və buna istinad edilərək, həmin şöbə ləğv edilmişdir. Mövcud ştatlar şöbənin tərkibindən çıxarılmış və onun bazasında 2 müxtəlif şöbə yaradılmışdır. İddiaçının işdən azad edilməsində əmək məcəlləsinin tələblərinə riayət olunmuşdur. Əmrdən sonra işçiyə şöbənin ləğv edilməsi barədə xəbərdarlıq məktubu verilmişdir. İddiaçıya iş vaxtı xəbərdarlıq məktubu təqdim edildikdən sonra iddiaçı onun qəbulundan imtina etmiş və bu imtina barədə isə akt tərtib olunmuşdu. Həmin xəbərdarlıq məktubu və akt iş materiallarında mövcuddur. İş yerində işdə olan işçiyə təbii ki, xəbərdarlıq məktubu iş yerində təqdim edilməli idi və onlar da buna riayət etmişdir. Xəbərdarlıq verildikdən sonra əmək məcəlləsinin tələblərinə uyğun olunaraq, razılıq alınması üçün Həmkarlar İttifaqı Komitəsinə müraciət olunmuş və razılıq alınmışdır. Sonra isə əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. Göründüyü kimi, əmək məcəlləsinin bütün prosedur qaydalarına əməl edilmişdir. İddiaçı bildirir ki, burada ixtisar yoxdur, lakin əmrdə göstərilir ki, “şöbə ləğv edilsin və ştatlar çıxarılsın”. Bu isə ixtisar deməkdir. Onlar xəbərdarlığı ixtisarla bağlı vermişdir. Məzuniyyətlə bağlı isə iddiaçı olan işçi tərəfindən müraciət olmamışdır. Məzuniyyətə çıxmağı ilə bağlı iddiaçıya heç bir imtina cavabı verilməmişdir. İddiaçı yaşa görə pensiya yaşına çatmışdır. Əvvəl işlədiyi dövrdə əlilliyə görə pensiya almışdır. Bundan başqa iddiaçı şöbə rəisi olmasına baxmayaq xəstə olduğu üçün uzun müddət işdə olmamışdır. Hazırda da müalicə alır. İddiaçıya qarşı heç bir şəxsi qərəzlik olmamışdır. İddiaçının şöbəsi eyni zamanda kadr işi ilə məşğul olduğu halda onun əmək qanunvericiliyindən xəbəri yoxdur. Kadr sənədlərinin dövriyyəsini bilmək üçün kompüteri və “Word”, “Excel” kimi proqramları bilmir. Təsərrüfat işləri ilə bağlı mal-materialın giriş-çıxışının uçotu kompüterdə aparıldığından bu işləri də bacarmır. Eyni zamanda kargüzarlıq qaydalarını da bilmir. İddiaçıya qarşı heç bir qərəzlilik olmamışdır. İddiaçı işini bilmədiyi halda əvvəlki müdir onu yola verdiyi üçün bir neçə il işləməyinə baxmayaq, yeni müdir gələndə onunla işləmək istəməmişdir. Suala cavab olaraq bildirir ki, iddiaçının işinə səhlənkarlığının və biliklərə malik olmamasının sübutunu real kompüter arxasında göstərə bilər. Şöbəni ləğv edərək, 2 şöbə yaratmışlar. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsi ilə İddiaçı arasında bağlanmış 17.01.2017-ci il tarixli, 05 nömrəli əmək müqaviləsindən müəyyən edilir ki, İddiaçı 17.01.2017-ci il tarixdən "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsinin kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri sahəsinə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı ******* nömrəli əmək kitabçasının surətinə əsasən o, 17.01.2017-ci il tarixdə 17.01.2017-ci il tarixli, 11k nömrəli əmək müqaviləsin üzrə Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsində kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri sahəsinə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsinə təyin edilmiş, 14.06.2021-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 14.06.2021-ci il tarixli, 41k saylı əmrə əsasən kadrlar, əməyin təşkili, icraya nəzarət və təsərrüfat işləri şöbəsinə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsinə təyin edilmiş, 15.10.2021-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 74-k saylı, 15.10.2021-ci il tarixli əmrə əsasən kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri sahəsinə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsinə təyin edilmiş, 117-k saylı, 13.12.2021-ci il tarixli əmrə əsasən isə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsinin ştat cədvəlinə dəyişiklik eidlməsi barədə 12.11.2021-ci il tarixli, 110 nömrəli əmrinə əsasən 12.11.2021-ci il tarixdən Yasamal rayon Sukanal İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi ləğv edilmiş, bazasında Kadrlar şöbəsi və Kargüzarlıq və təsərrüfat işləri şöbəsi yaradılmışdır. İş materiallarında olan Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsinin 2021ci il üçün ştat cədvəlinə 14 nömrəli dəyişikliyə əsasən 14-cü dərəcə ilə şöbə rəisi və digər vəzifələri özündə ehtiva edən Yasamal rayon Sukanal İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi 12.11.2021-ci il tarixdən ləğv edilmiş, onun bazasında hər biri özündə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsi olmaqla Kadrlar şöbəsi və Kargüzarlıq və təsərrüfat işləri şöbəsi yaradılmışdır. İş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin 143a saylı, 29.11.2021-ci il tarixli məktubuna əsasən Komitə tərəfindən Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin ləğv edilməsi və İddiaçı müqaviləsinin ləğv edilməsinə etiraz edilməmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsinin əmək müqaviləsinin ləğv edilməsi barədə 117-k saylı, 13.12.2021-ci il tarixli əmrinə əsasən Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə 13.12.2021-ci il tarixdən ləğv edilmişdir. İş materiallarında olan 15.11.2021-ci il tarixli akta əsasən İddiaçı oğluna ixtisarla bağlı xəbərdarlıq məktubu təqdim edildi. Lakin o, məktubu qəbul etdikdən sonra qeydiyyat kitabına imza etməkdən imtina etdi. Beləliklə, işin müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsində 17.01.2017-ci il tarixdən şöbə rəisi vəzifəsində işləməyə başlamış, 13.12.2021ci ildə isə onun əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. 15.11.2021-ci il tarixli akta əsasən İddiaçı oğluna ixtisarla bağlı xəbərdarlıq məktubu təqdim edilmiş, lakin o, məktubu qəbul etdikdən sonra qeydiyyat kitabına imza etməkdən imtina etmişdir. 117-k saylı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrə əsasən İddiaçı oğluna Yasamal rayon su kanal idarəsindəki əmək stajı nəzərə alınmaqla ona aylıq əmək haqqının 1.4 misli miqdarında ışdən çıxama müavinəti verilməlidir. Hazırda iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsini, maddi və mənəvi zərər tələb edir. Cavabdeh Azərsu” ASC-nin nümayəndəsi isə iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin əsaslı və qanunauyğun olduğunu bildirərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi əmrin ləğv edilməsi hissəsində əsaslıdır. Belə ki, işdən azad edilmə barədə 13.12.2021-ci il tarixli əmrdən müəyyən olunur ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə işçi ilə əmək müqaviləsi ləğv edilmişdir. Qeyd edilən maddəyə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən ya işçilərin sayı ixtisar edildikdə, ya da ştatları ixtisar edildikdə ləğv edilə bilər. Sözügedən əmrdə ştat vahidinin ixtisarı əsası göstərilmişdir. Lakin iş materiallarında olan Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsinin 2021-ci il üçün ştat cədvəlinə 14 nömrəli dəyişikliyə əsasən 14-cü dərəcə ilə şöbə rəisi və digər vəzifələri özündə ehtiva edən Yasamal rayon Sukanal İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi 12.11.2021-ci il tarixdən ləğv edilmiş, onun bazasında hər biri özündə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsi olmaqla Kadrlar və Kargüzarlıq, təsərrüfat işləri şöbələri yaradılmışdır. Yəni sözügedən ştat cədvəlindən belə görünür ki, bir şöbə olmuş, onun 14 cü dərəcə ilə şöbə rəisi ştatı olmuşdur. Sonra həmin şöbə ləğv edilmiş, onun bazasında iki şöbə yaradılmış, 14-cü dərəcə ilə şöbə rəisi ştatından biri də əlavə olunmuşdur. Belə olan təqdirdə məhkəmə iddiaçının məhz ixtisar əsası ilə işdən azad edilməsini qanuni hesab etmir. Məhkəmə hesab edir ki, "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 117-k saylı, 13.12.2021-ci il tarixli əmri ləğv edilməli və iddiaçı işə bərpa olunmalıdır. İddiaçının əvvəlki iş yeri və vəzifəsi Yasamal rayon Sukanal İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsində şöbə rəisi olmuşdur. Lakin hazırda həmin şöbə ləğv edilmiş və onun bazasında yaradılmış iki ayrıca şöbə vardır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdeh "xxxx" ASCnin Yasamal Rayon Su Kanal İdarəsində əvvəlki iş yeri və vəzifəsinə uyğun işlə təmin edilməli, İddiaçı 13.12.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilməlidir. İddiaçının maddi və mənəvi zərər tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı işdən 13 dekabr 2021-ci il tarixdə azad edilmişdir. İddiaçı 31 yanvar 2022-ci il tarixdə işdən azad edilməsi barədə əmri mübahisələndirmişdir. Məhkəmə iddiaçını işə bərpa etməklə, ona işdən azad olunduğu vaxtdan işə bərpa olunduğu vaxtadək orta aylıq əmək haqqı ödənilməli olduğunu müəyyən etməklə iddiaçının zərərinin qarşılandığını hesab edir. Hazırki halda iddiaçının fiziki əzab çəkməsi də müəyyən olunmur. Ona görə də məhkəmə iddia tələbini qalan hissədə təmin etmir. Məhkəmə onu da qeyd edir ki, "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsi işəgötürən olsa da hüquqi şəxs statusuna malik deyil, "xxxx" ASC-nin struktur vahididir. "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsinin rəisi idarənin idarəetmə aparatının struktur bölmələrinin rəhbərlərini, işçilərini "xxxx" ASC ilə razılaşdırmaqla vəzifəyə təyin və işdən azad edir. "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsinin nizamnaməsinin 2.1-ci bəndinə əsasən idarə hüquqi şəxs statusuna malik olmayan qurum kimi "xxxx" ASC-nin struktur vahidi kimi fəaliyyət göstərir. Həmin nizamnamənin 6.2-ci bəndinə əsasən idarənin strukturu və idarəetmə aparatının ştat cədvəli "xxxx" ASC-nin sədri tərəfindən təsdiq edilir. Həmin nizamnamənin 6.5.3-cü bəndinə əsasən idarənin rəisi idarənin idarəetmə aparatının struktur bölmələrinin rəhbərlərini, işçilərini "xxxx" ASC ilə razılaşdırmaqla vəzifəyə təyin və işdən azad edir. Azərbaycan Respublikası Əmək Məcələsinin 2-ci maddəsinin üçüncü bəndinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11.1-ci maddəsinin “ə” bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin maddənin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin məcəllənin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmə həmçinin qeyd edir ki, işəgötürən-cavabdeh tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin tələbi pozmaqla əmək müqaviləsinə xitam verildiyindən və işçi işdən azad edilməsi barədə əmr ləğv edilərək işə bərpa olunduğundan işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 117-k saylı, 13.12.2021-ci il tarixli əmri ləğv edilməli, İddiaçı işdən çıxarıldığı 13.12.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilməklə "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsində əvvəlki iş yeri və vəzifəsinə uyğun işlə təmin edilməli, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, tələb qismən təmin edildiyindən Cavabdeh ASC-dən 50 (əlli) manat məbləğində pul dövlət nəfinə tutulmalı, mediasiya xərci isə iddiaçının özünə aid edilməlidir. “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci bəndinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” qanunun 9.1.1-ci bəndinə əsasən məhkəmədə verilən iddialara görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 117-k saylı, 13.12.2021-ci il tarixli əmri ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsində əvvəlki iş yeri və vəzifəsinə uyğun işlə təmin edilsin. İddiaçı 13.12.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ASC-dən 50 (əlli) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar