Məhkəmə qərarları › İş №2(004)-1406/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1406/2021

12.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1406/2021 12.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilova Təhminə Cəmil qızı, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, özünün yəni X2 X1 əmisi nəvəsi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “iddianın verilməsi haqqında” 12-ci fəslinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Ərizəçi ərizədə maraqlı şəxsi göstərməmişdir, bununla da qanunvericiliklə müəyyən olunmuş ərizənin forma və məzmununa riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.1-i maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi onun X1 qohumu olması faktını təsdiq edən sənədlərin alınması üçün arxiv idarələrinə müraciət etməsi və həmin idarələrdə həmin sənədlərin verilməsindən imtinaya dair sübutu ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, ərizə verilərkən Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədiyi üçün həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən onun məhkəmə icraatı qeyri-mümkündür. Bu səbəbdən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmaqla ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar