Məhkəmə qərarları › İş №2(004)-1425/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1425/2021

29.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1425/2021 29.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 Fı̇ rudı̇ n qızının iştirakları ilə, İddaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə köçürülmə tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə köçürülmə tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə köçürlməsi və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, doğulduğu gündən ata evi olan ünvan 2 ünvanında qeydiyyatda olaraq yaşamışdır. Ailə qurandan sonra həmin ünvandan köçmüş, lakin 2010-cu ildə boşanmış və uşaqları 28.09.2008-ci il təvəllüdlü X2 və 28.03.2007-ci il təvəllüdlü X1 ilə mənzilə geri qayıtmışdır. Mübahisə də onun uşaqları ilə birlikdə ata evinə qayıtmasından sonra başlamışdır. Belə ki, cavabdehlər, bacısı Cavabdeh1 və anası Cavabdeh2 onun həmin evdə yaşamasına müəyyən problemlər yaratmışlar. Bundan əlavə həmin evdə keçmiş həyat yoldaşı daimı yaşadığına görə əlavə problemlər də olur və sözsöhbət yaranır. “xxxx” MMC-də tibb bacısı vəzifəsində çalışır və “koronovirus pandemiyası ilə mübarizə gücləndirməsi sahəsində əlavə tədbirlər haqqında” AR Prezidentinin 07.04.2020-ci il tarixli Sərəncamı əsasında inşa edilmiş və AR Fövqaladə Hallar Nazirliyinin tərkibinə verilmiş modul tipli xəstəxanada fəaliyyət göstərir. Bu fakta görə cavabdehlər onun evə gəlməsinə imkan vermirlər və bildirirlər ki, evə gəlib onları xəstələndirə bilər. Dəfələrlə olan müraciətlərinə baxmayaraq cavabdehlər onu evə qoymurlar və artıq bir aydır ki, öz azyaşlı uşaqlarını görə bilmir, onlarla yalnız telefonla danışır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində qeydiyyatda olduğu və ömrü boyü yaşadığı mənzildən istifadə edə bilmir. Bütün şəxsi əşyaları həmin mənzildə qaldığına görə onlardan istifadə edə bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə AR Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, İddiaçı ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə köçürlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Fı̇ rudı̇ n qızı iddia tələbini qəbul edərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, iddianı etiraf edir və iddiaçının ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə köçürülməyinə etiraz etmir. Məhkəmədən bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 213.2-ci maddəsinə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdi ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********46 saylı, 23.04.2021-ci il tarixli arayışından göründüyü kimi, 12 saylı DNK-nın 29 iyul 2006-cı il tarixli 4Ə-04-660 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 45, 33 saylı mənzilin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh1 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Hazırda iddiaçı paylı mülkiyyət üzrə ona məxsus olan mənzilə köçürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, Cavabdeh1 Fı̇ rudı̇ n qızı iddia tələbini qəbul edərək, iddianı etiraf edir. Mülki Prosessual qanunvericiliyinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Habelə, həmin məcəllənin 220.4-cü maddəsinə əsasən “...cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.” Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə cavabdeh iddianı qəbul etdiklərindən və bu etiraf məhkəmə tərəfindən təsdiq edildiyindən hazırki tələb əsaslı və qanuni bilinib təmin edilməli, iddiaçı müvafiq mənzilə köçürülməlidir. İş materiallarına əlavə edilmiş 23.12.2020-cı il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 20 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə köçürlsün. İddia tələbi təmin edildiyindən dövlət rüsumu olaraq, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar