Məhkəmə qərarları › İş №2(004)-1426/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1426/2025

08.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1426/2025 08.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə miras əmlaka pay hüququnun müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı il tarixli vəsiyyətnamə əsasında Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanda yerləşən daşınmaz miras əmlakından ona, yəni Ərizəçi ½ pay (mülkiyyət) hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli vəsiyyətnamə ilə 027030 nömrəli qeydiyyat vəsiqəsi ilə X1 adına olan Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanda yerləşən daşınmaz əmlak X4 və Ərizəçi miras qoyulmuşdur. Dövlət Notariat Arxivinin 3-16-5/6-14-1148/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan da göründüyü kimi, vəsiyyətnamə qüvvədədir və vəsiyyətnamənin dəyişdirilməsi və ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Vəsiyyətnaməyə əsasən Bakı şəhəri 12 saylı notariat ofisinə müraciət edilmiş, xx.xx.2003-cü il tarixində vəfat etmiş X1 xx.xx.1996-cı il tarixində 2V-1-336 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməsinə əsasən miras qalmış əmlakdan olan paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin Ərizəçi verilməsi xahiş edilmişdir. Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusunun xx.xx.2024-cü il tarixli Qərarı ilə notariat hərəkətlərinin aparılmasından imtina edilməklə, Qərardan məhkəməyə şikayət verilməsi izah edilmişdir. Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu Qərarını onunla əsaslandırmışdır ki, X3 vəfat etdikdən sonra X4 xx.xx.2003-cü il tarixində notariat ofisinə vərəsəliyin qəbul ərizəsi ilə müraciət etmiş və X1 tək vərəsəsi kimi tanınmışdır. Bununla yanaşı miras qoyanın əmlakının qəbulu ilə əlaqədar qanunla müəyyənləşdirilmiş müddət buraxılmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ərizəçinin babası 1996-cı ildə sağlığında ərizəçi üçün vəsiyyət yazıb və 2003-cü ildə vəfat etmişdir. Vəsiyyətnaməyə əsasən əmlak yarıbayarı həm yoldaşının, həm də ərizəçi üçün verilir. Təqdim etdiyi sübuta əsasən həmin vəsiyyətnamə hələ də qüvvədədir. Həmin miras əmlak evdir. Daha sonra mərhumun həyat yoldaşı 2024-cü ildə vəfat etmişdir. Mərhumun həyat yoldaşı vəfat etməmişdən qabaq, vəsiyyətnaməni gizlədərək, həmin miras əmlaka tam pay hüququnu əldə etmişdir. Mərhumun həyat yoldaşı keçən il vəfat etdikdən sonra ərizəçi miras əmlaka tam pay hüququnun nənəsinə keçdiyini öyrənmişdir. Pay hüququnun tanınması üçün notariat kontoruna müraciət etsə də, notariat kontoru müddət keçdiyindən müraciəti rədd etmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 29 iyun 1996-cı il tarixli vəsiyyətnaməyə əsasən X5 ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakı X4 və Ərizəçi vəsiyyət etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin AZ-İ № 071540 saylı, 17 sentyabr 2003-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 09 sentyabr 2003-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri 12 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli “Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” qərara əsasən Ərizəçi vəfat etmiş babası X3 vəfat etdikdən sonra X4 xx.xx.2003-cü il tarixdə notariat ofisinə vərəsəliyin qəbul ərizəsi ilə müraciət etmiş və X1 tək vərəsəsi kimi tanınmışdır. Miras qoyanın əmlakının qəbulu ilə əlaqədar qanunla müəyyənləşdirilmiş müddət buraxıldığı, həmçinin hazırda miras əmlakın hüquqmüəyyənedici sənədini təqdim edə bilmədiyi üçün notariat hərəkətlərinin aparılması qanunvericiliyin tələblərinə ziddir. İş materiallarında olan X4 (hədiyyə verən) ilə Maraqlı şəxs (hədiyyə alan) ilə arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 35 saylı mənzili Maraqlı şəxs hədiyyə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş seriya RX, ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 35 saylı mənzil xx.xx.2017-ci il tarixdə **********75-05101-093034 saylı reyestr nömrəsi və ********** saylı qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 306.4-ci maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.5-ci bəndinə əsasən, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Göründüyü kimi, qanunvericilik birmənalı şəkildə xüsusi icraat qaydasında baxılan işlərdə hüquq haqqında mübahisənin yarandığı zaman ərizənin baxılmamış saxlanmalı olmasını müəyyən etmişdir. Hazırki mülki iş üzrə isə Ərizəçi X2 maraqlı şəxs qismində cəlb edilməklə miras əmlaka pay hüququnun müəyyən edilməsi tələbi barədə mübahisə yaranmışdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 4 ünvanda yerləşən mənzilin mülkiyyətçisi X3 xx.xx.1996-cı il tarixdə həmin mənzili X4 və Ərizəçi vəsiyyət etmişdir. 09 sentyabr 2003-cü il tarixdə X3 Bakı şəhərində vəfat etmişdir. X4 xx.xx.2003-cü il tarixdə notariat ofisinə vərəsəliyin qəbul ərizəsi ilə müraciət etmiş və X1 tək vərəsəsi kimi tanınmış, daha sonra o, mənzili xx.xx.2017-ci il tarixdə Maraqlı şəxs bağışlamış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən mübahisəli mənzil xx.xx.2017-ci il tarixdə Maraqlı şəxs adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi, mübahisəli ünvan 4 ünvanda yerləşən mənzilin mülkiyyətçisi halhazırda Maraqlı şəxsdur. Belə olan halda miras əmlak bağışlanmış əmlak statusuna keçmiş və artıq hüquq haqqında mübahisə yaranır ki, sözügedən ərizəyə də xüsusi icraat qaydasında baxılması mümkün deyildir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi X2 maraqlı şəxs qismində cəlb edilməklə miras əmlaka pay hüququnun müəyyən edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edildiyindən ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə ümumi əsaslarla məhkəməyə iddia vermək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi X2 maraqlı şəxs qismində cəlb edilməklə miras əmlaka pay hüququnun müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə ümumi əsaslarla məhkəməyə iddia vermək hüququ izah olunur. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar