Məhkəmə qərarları › İş №2(004)-143/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-143/2022

06.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-143/2022 06.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X6 və Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 17.07.2003-cü il tarixli müqavilə əsasında hazırda mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilin 15.8 kv.m sahəsi olan bir otağını Cavabdeh1 qardaşı X1 almış və hazırda da həmin otaq 28.08.2003-cü il tarixli Qeydiyyat Vəsiqəsilə mülkiyyətindədir və ona məxsusdur. Qeyd edir ki, mübahisəli mənzili o aldıqdan sonra bir müddət özü yaşamış, daha sonra bir müddət anası Nümayəndə və qardaşı X3 yaşamışlar. 2017-2019-cu illər ərzində mənzilini kirayə vermişdir. 2019-cu il tarixdən mənzilində yenidən anası Nümayəndə və qardaşı X3 yaşayırmışlar. Lakin qardaşı 2020-ci ildə hərbi xidmətə gedərkən anası həmin mənzildə tək qalmamaq üçün və mənzil biraz yararsız hala düşdüyü üçün müvəqqəti başqa ünvana çıxmışdır. 2020-ci ilin sonlarında anası mənzilinə baxmağa getmiş və gördükləri ilə dəhşətə gəlmişdir. Qapını açıb içəri daxil olan zaman cavabdehlərin ona aid olan otağın bir divarından qapı açıb otağına daxil olmağının və bir tərəfdən də qapı açıb başqa bir qonşunun otağına gediş-gəliş edərək bütün otaqlardan qanunsuz zəbt edərək istifadə etdiklərinin şahidi olmuşdur. Bu səbəbdən də cavabdehlərə otağında açdıqları qapıları öz vəsaitləri hesabına bağlanması və otağında olan özlərinə məxsus əşyaları götürərək mənzili ona təhvil verilməsini bildirsələrdə, cavabdehlər buna məhəl qoymadan mənzildən çıxmırlar və istifadə edəcəklərini israrla bildirirlər. Cavabdehlərin mənzilində qanunsuz açılmış qapıların bərpa edilərək cavabdehlərin vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməməsi və mənzilindən çıxmamaları isə həm ona ciddi şəkildə maddi ziyan vurur, həmdə ki, kobud şəkildə hüquqlarının pozulmasına gətirib çıxarır. Bütün bu səbəblərdən də məcbur olaraq cavabdehlərin qanunsuz zəbt edilmiş mənzilində qanunsuz açılmış qapıları öz vəsaitləri hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi, mənzilindən öz əşyaları ilə birlikdə çıxarılması və mənzilinin ona təhvil verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göründüyü kimi o, faktiki olaraq öz mənzilindən, mülkiyyətindən məhrum olunmuşdur. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və X2 (azyaşlı olan övladları X4 ilə birlikdə) öz vəsaitləri hesabına ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzilin 15.8 kv.m sahəsi olan bir otaqdan ibarət mənzilin divarlarından açılmış hər iki qapının hörülüb bağlanaraq əvvəlki vəziyyətə gətirilməsi, özlərinə məxsus əşyaları ilə birlikdə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzilin 15.8 kv.m sahəsi olan bir otaqdan ibarət olan mənzilindən çıxarılmaları və ona məxsus olan ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzilin 15.8 kv.m sahəsi olan bir otaqdan ibarət olan mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 iddia tələbini etiraf edərək bildirdi ki, düzdür sözü gedən mənzilin iddiaçıya məxsus olduğundan xəbərdardır. Belə ki, mübahisəli mənzil əvvəllər onun qaynatısının mülkü olmuşdur. Onun yoldaşı və dörd qardaşı da həmin mənzillərdə yaşamışlar. Sonradan isə yoldaşı və qardaşları narkotik aludəçisi olduğundan həbs olunmuşdur. Bu müddət ərzində də o və uşaqları müxtəlif yerlərdə yaşamışlar. Həyat yoldaşının qardaşı X5 onun yoldaşı və qardaşları təcridxanada olan zaman saxta sənədlər düzəldərək sözü gedən ünvanda yerləşən mənzilləri öz adına keçirmiş və sonradan müxtəlif şəxslərə satmışdır. Sonradan yoldaşı həbsdən çıxdıqdan sonra Xaliq Bağırovun yanına gedərək onun ata evində payının olduğunu bildirmiş və sözü gedən ünvanda məskunlaşmışlar. O, özü mənzil istismar sahəsində süpürgəçi işləyir. İşlədiyi idarədən otağın kimə məxsus olması barədə məlumat əldə etmək istəmiş və ona bildirmişlər ki, həmin otaq hazırki iddiaçıya məxsusdur, lakin iddiaçı uzun müddətdir ki, həmin otaqdan istifadə etmir. O, dəfələrlə iddiaçını tapmağa və ona məxsus otağdan yaşamaq üçün istifadə etmək istəyinin olmasını bildirməyə çalışsa da, buna nail ola bilməmişdir. Bundan sonra evləri kiçik olduğundan məcbur olaraq qonşuluqda yerləşən və iddiaçıya məxsus olan və başqa bir otağa evlərindən qapı açmışlar. Hazırda iddiaçıya məxsus otağın da iddiaçı razılaşarsa kirayə haqqını ödəyərək qalmağa razıdırlar və iddiaçı tələb etdiyi zamanda oradan çıxa bilərlər. Onsuzda həmin ərazi söküntü zonasına düşdüyündən onları məcbur olaraq həmin ərazidən çıxaracaqlar. Odur ki, qətnamə çıxarılarkən qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə, eyni zamanda məhkəmə tərəfindən cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə bildiriş göndərilmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, satıcı X5 Bakı şəhəri, M.A.Əliyev küçəsi, Dalan 1, ev 2-də yerləşən 15.8 kv.m sahədən ibarət 1 otağını alıcı (iddiaçı) İddiaçı 17.07.2003-cü il tarixli 198635 nömrəli alqı-satqı müqaviləsi əsasında satmış və Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı, 022345 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, sözü gedən ünvan 3 ünvanında yerləşən 2 saylə fərdi yaşayış evinin 15.8 kv.m sahədən ibarət 1 otağı xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdehlər uşaqları ilə birlikdə iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus mübahisə predmeti olan mənzilə, otağa divardan əlavə qapı açmaq yolu ilə daxil olaraq orada qanunsuz məskunlaşmış və hazırda da, orada yaşamaqdadırlar. Cavabdeh iddianı etiraf edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək eləcədə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər X6 və Cavabdeh1 (azyaşlı övladları ilə birlikdə) ünvan 3 ünvanında yerləşən 2 saylı evin İddiaçı məxsus 15.8 kv.m sahədən ibarət 1 otağından çıxarılmalı və sözü gedən yaşayış sahəsi iddiaçıya təhvil verilməli; ünvan 3 ünvanında yerləşən 2 saylı evin İddiaçı məxsus 15.8 kv.m sahədən ibarət 1 otağında cavabdehlər tərəfindən açılmış qapı (qapılar) cavabdehlərin öz hesabına bağlanaraq əvvəlki vəziyyətinə gətirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X6 və Cavabdeh1 (azyaşlı övladları ilə birlikdə) ünvan 3 ünvanında yerləşən 2 saylı evin İddiaçı məxsus 15.8 kv.m sahədən ibarət 1 otağından çıxarılsınlar və sözü gedən yaşayış sahəsi iddiaçıya təhvil verilsin. ünvan 3 ünvanında yerləşən 2 saylı evin İddiaçı məxsus 15.8 kv.m sahədən ibarət 1 otağında cavabdehlər tərəfindən açılmış qapı (qapılar) cavabdehlərin öz hesabına bağlanaraq əvvəlki vəziyyətinə gətirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar