Məhkəmə qərarları › İş №2(004)-1442/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1442/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1442/2024 19.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 1750 manatın və ödənilmiş 38 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə qonşu olmuş və yaxın əlaqələri olmuşdur. Cavabdeh uşağının kirayə haqqını itirdiyi və bunu yoldaşına deyə bilmədiyi üçün iddiaçıdan 600 manat almışdır. Daha sonra hər dəfə 100 manat, 150 manat olmaqla borc almışdır. Həmin borcları 2023-cü ilin avqust ayında almışdır və həmin ayda qaytarmalı olduğu halda bu günədək qaytarmamışdır. Ümumilikdə iddiaçı 2000 manat borc vermişdir. Cavabdeh həmin borcdan 250 manat qaytarmışdır. Lakin qalan hissə yəni 1750 manat qaytarılmamışdır. Hər dəfə müxtəlif bəhanələrlə cavabdeh borcu qaytarmaqdan yayınmışdır. İddiaçı bununla bağlı 28-ci Polis Bölməsinə şikayət etmiş, ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Polis bölməsində cavabdeh izahatında borcunu etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, cavabdehin ona 1500 manat məbləğində borcu var, lakin cavabdeh və onun anası ilə arasında olan mübahisəyə görə barəsində inzibati protokol tərtib edilmiş və 250 manat cərimə ödəmişdir. Odur ki, həmin pulun da cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə qismən razı olduğunu, 1500 manat borcunun olduğunu etiraf edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki iş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-53-4/2-2-16910/2023 saylı məktubuna əsasən araşdırma zamanı X1 əməlində xırda xuliqanlıq hərəkətləri olduğuna görə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür. X2 ilə İddiaçı ilə aralarında olan borc məsələsi ilə bağlı aidiyyəti üzrə mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Cavabdeh Yasamal Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən cavabdeh tələbdə göstərilən 1500 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən 1500 manat məbləğində pul vəsaiti borc olaraq Cavabdeh verildiyindən və cavabdeh həmin məbləğdə borcunun olduğunu etiraf etdiyindən, iddiaçı cavabdehdən həmin borc məbləğini tələb etməkdə haqlıdır. Lakin iddiaçı barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi ilə əlaqədar 250 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlı olmadığından, bu hissədə tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 106.3-cü və 106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı iddianın cavabdeh tərəfindən etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etirafını qəbul edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddia tələbi qismən təmin edilməli, Cavabdeh 1500 (min beş yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 35 (otuz beş) manat hissəsi tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 35 (otuz beş) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar