Məhkəmə qərarları › İş №2(004)-1462/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1462/2022

21.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1462/2022 21.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və 4 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzinin Notariat Ofisinə qarşı “notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi, miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsinin notariusa həvalə edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və 4 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzinin Notariat Ofisinə qarşı “notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi, miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsinin notariusa həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzinin Notariat Ofisinin notariusu Sidqi Həbibbəylinin hərəkətlərinin qanunsuz hesab edilməsi, 28.02.2007-ci il tarixdə vəfat etmiş X2 miras qalan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti ev 57/24 ünvanında yerləşən 84 saylı mənzil və Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 b/m 883 torpaq sahəsinin faktiki olaraq onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və qeyd olunan miras əmlaka dair tam pay üzrə ona qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinin notariusa həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 4 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzinin Notariat Ofisinin notariusu Sidqi Həbibbəylinin hərəkətlərinin qanunsuz hesab edilməsi, 28.02.2007-ci il tarixdə vəfat etmiş X3 miras qalan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 57/24 ünvanında yerləşən 84 saylı mənzilin və Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 b/m 883 torpaq sahəsinin miras əmlak kimi faktiki İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və qeyd olunan miras əmlaklara dair tam pay üzrə iddiaçıya qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinin notariusa həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, valideynləri ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır. Eyni zamanda atasına məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 b/m 883 ünvanında torpaq sahələri olub. Boş vaxtlarında atası ilə birlikdə orada təsərrüfat işləri ilə məşğul olmuşlar. Bacısı Cavabdeh valideynləri ilə münasibəti yaxşı olmadığı üçün 2003-cü ildə ailə qurmuş və demək olar ki, valideynləri ilə maraqlanmamışdır. 2007-ci ilin yanvar ayında anası X14, 2007-ci ilin fevral ayında atası X6 vəfat etmişdir. Cavabdeh ailə qurduqdan sonra heç vaxt onlarla birlikdə yaşamayıb və valideynlərindən qalmış miras əmlakla bağlı bu günə qədər heç vaxt maraqlanmamış və heç bir tələbi olmamışdır. Bacısı valideynləri ilə yaxşı münasibətdə olmamış, ata və anası ondan incik vəfat etmişlər. Hər kəs bunu təsdiq edə bilər ki, hətta məzar daşında onun adının qeyd olunmasını istəmədikləri üçün məzar daşında "oğlundan xatirə" sözləri qeyd edilmişdir. O da bir qardaş olaraq, bacısının valideynlərinə qarşı olan bu hərəkətlərindən dolayı onunla incik olmuşdur. Yəni onlar mehriban münasibətdə olmamışlar. Əgər cavabdehin, əmlaka tələbi olsaydı, mütləq indiyə kimi, bununla bağlı iddia tələbi irəli sürmüş olardı. Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti ev 57/24 ünvanında yerləşən 84 saylı mənzili və Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 b/m 883 torpaq sahəsini miras əmlak kimi faktiki o, qəbul etmiş və həmişə onun istifadəsində olmuşdur. Kommunal xərcləri, təsərrüfat, vergi ödənişləri onun tərəfindən aparılmış və yaşadığı dövrdə mənzili əsaslı təmir etmişdir. Valideynlərinin dəfni onun tərəfindən aparılmış, hətta ölüm haqqında şəhadətnamə alınmasına dair məhkəmədə iddia qaldıraraq, məhkəmə qətnaməsi ilə ölüm faktının təsdiq edilməsinə məhkəmə qətnaməsini o əldə etmişdir. Lakin bunlara baxmayaraq, 27.01.2022-ci il tarixdə 4 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzinin Notariat Ofisinin notariusu Sidqi Həbibbəyli tərəfindən təqdim edilmiş məktubla ona müraciət edərək, 15.02.2021-ci il tarixdə Cavabdehnm müraciəti əsasında vəfat etmiş atasının adma vərəsəlik işi açıldığını və Cavabdeh vərəsə kimi tanıyacağını bildirmişdir. Cavabdeh nikaha daxil olduqdan sonra heç vaxt miras əmlaklarda yaşamamış, həmin əmlaklardan istifadə etməmiş, qeydiyyatı formal xarakter daşımışdır. Cavabdeh miras əmlakla bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi qətnaməni ləğv edərək, iddia ərizəsini baxılmamış saxlanması barədə qərardad qəbul etmişdir. Məhkəmə iclasında Cavabdeh ərindən boşandığı üçün mirasdan pay tələb etmək fikrinə düşdüyünü bildirmişdir. Cavabdeh mülki hüquq normalarında miras qəbuluna dair göstərilmiş üsulların heç birindən istifadə etməmişdir. Lakin onun 30.01.2008-ci il tarixli, "Telekommunikasiya xidmətlərinin göstərilməsi üçün" bağlanmış müqavilə, 16.05.2008-ci il tarixli "Məişət istehlakçılarının sayğaclarının dəyişdirilməsi, yoxlanması və quraşdırılması haqqında" Protokol, kommunal xidmətlərə dair ödəniş qəbzləri, vergi ödənişləri bağlı sənədlər, şahidlər və s. sübut edir ki, əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bütün sübutlar təsdiq edir ki, o atasından qalan əmlaka sahiblik etmək, əmlakı saxlamaq, orada təsərrüfat aparmaq yolu ilə mirası faktiki idarə etmək üsulu ilə qəbul etmişdir. Göründüyü kimi, həm mülki hüquq normaları, həm də Konstitusiya Məhkəməsinin Qərarı vərəslər arasında miras əmlakla bağlı mübahisə olduqda, həmin mübahisənin məhkəmədə baxılmasını diqtə edir. 4 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzinin Notariat Ofisinə Cavabdeh ilə aramızda mübahisə olduğunu bildirdiyim halda, notarius Sidqi Həbibbəylinin Cavabdeh qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verəcəyinə dair hərəkətləri qanunsuzdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatının iddia ərizəsinin məzmununa uyğun olduğunu bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, 2003-cü ildə ailə qurmuş və ərinin evində yaşamışdır. Lakin, atasının evinə gəlib-getmiş və hətta orada qalmışdır. 2019-cu ildə nikahları pozulmuşdur. Qardaşı ona kirayəyə çıxmağını və ev verəcəyini bildirmişdir. İki uşağı ilə birlikdə kirayədə yaşayır və ona kirayədə yaşamaq çətindir. Hesab edir ki, atasından qalmış miras əmlak onunla qardaşı arasında bərabər payda bölünməlidir. Ona görə də, 2021-ci ildə vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət etmişdir. Cavabdeh 4 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzinin Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən edilməlidir. Belə ki, iş materiallarında 25.07.1975-ci il tarixdə verilmiş İİİ-ЖГ seriyalı 462655 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında Feyzullayeva AynaYusif qızı göstərilmişdir. İş materiallarında 24.11.1973-cü il tarixdə verilmiş İİ-ЖГ seriyalı 327464 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında Feyzullayeva AynaYusif qızı göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2007-ci il tarixli, 2-1515/2007 nömrəli qətnaməsinin surətindən görünür ki, müvafiq qətnamə ilə ərizəçi İddiaçı ərizəsinin təmin edilmiş və 23 yanvar 1945-ci il tarixdə anadan olmuş X4 28 fevral 2007-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan 20.06.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 249731 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28 fevral 2007-ci il tarixdə Bakı şəhərində ölməsi barədə ölüm haqqında akt qeydləri kitabında 20.06.2007-ci ildə 814 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 21.07.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 104628 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 13.01.2007-ci il tarixdə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 19.01.2007-ci ildə 93 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan MH seriyalı 169228 nömrəli qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 57/24 nömrəli evin 84 saylı mənzili X4 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə 1011 nömrəli reyestr kitabında 28 yanvar 1999-cu il tarixdə 30/151819 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan BM seriyalı 002566 nömrəli qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Vişnevka-2 qəsəbəsində yerləşən 883 nömrəli bağ evi X4 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə 24 nömrəli reyestr kitabında 06 iyul 2001-ci il tarixdə 30/3289 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 15.02.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh müvafiq ərizə ilə 4 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzinin Notariat Ofisinə müraciət edərək, 28.02.2007-ci il tarixdə vəfat etmiş atası X3 miras qalan Yasamal rayonu, Nəriman Nərimanov prospekti 57/24 nömrəli evin 84 saylı mənzilindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında 02.02.2021-ci il tarixli ******* nömrəli arayışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 57/24 nömrəli evin 84 saylı mənzilində İddiaçı və Cavabdeh qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli, 2(004)-2830/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, müvafiq qətnamə ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “mirasda payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 16.12.2021-ci il tarixli, 2(103)- 10429/2021 nömrəli qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh üzrə vərəsəlik şəhadətnaməsini əldə etməsi üçün müvafiq notariat kontoruna müraciət etməyərək,mübahisənin qabaqcadan məhkəmədən kənar həlli qaydasına riayət etmədiyindən, iddiaçı Cavabdeh apelyasiya şikayətinin qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli, 2(004)-2830/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan, 4 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzinin Notariat X1 müraciətin cavab olaraq təqdim edilmiş 27 yanvar 2022-ci il tarixli 142 nömrəli məktubundan görünür ki, 15.02.2021-ci il tarixdə Cavabdeh müraciəti əsasında 28 fevral 2007-ci il tarixdə vəfat X4 adına vərəsəlik işi açılmışdır. "Azərbaycan Respublikasında notariat hərəkətlərinin apanlması qaydaları haqqında təlimat" ın 99-cu bəndinə əsasən vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut sayılır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən əldə edilmiş, 12.02.2021- d il tarixli, ******* saylı arayışa əsasən Cavabdeh ünvan 3 ünvanında 2004-cü ildən yaşayış yeri üzrə qeydiyyatdadır və o notarius tərəfindən mirası faktiki olaraq qəbul etmiş vərəsə kimi tanınır. Göstərilənlərə əsasən, Cavabdeh mirasın faktiki qəbulu ilə bağlı imtina verilməsi mümkün deyil. X4 müraciətinə əsasən "Notariat Haqqında" Azərbaycan Respublikası Qanununun 34- cü maddəsinə əsasən notariat hərəkətinin aparılması 10 gün müddətinə təxirə salınmışdır. Bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar ərizəçidən ərizə daxil olduğu haqqında məlumat alınmzasa, artıq notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmir. İş materiallarında olan 03.02.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı müvafiq ərizə ilə 4 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzinin Notariat Ofisinə müraciət edərək, hazırki mübahisəyə baxılması ilə əlaqədar 15.02.2021-ci il tarixdə Cavabdeh müraciəti ilə açılmış 28.02.2007-ci il tarixdə vəfat etmiş atası X4 vərəsəlik işi ilə bağlı notariat hərəkətinin aparılmasının dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 57/24 ünvanında yaşayan qonşular X30, X24, X37, X17, X15, X16, X12, X13 və X7 tərəfindən tərtib edilmiş aktdan görünür ki, 84 nömrəli mənzildə yaşayan İddiaçı həqiqətən 1983-cü ildə bu mənzilə köçdüyü vaxtdan daimi olaraq yaşayıb və hal-hazırda da yaşamağa davam edir. 2007-ci ildə valideynlərinin vəfatından sonra da həmin mənzildə yaşamağa davam edir. Cavabdeh isə 2003-cü ildə ailə həyatı qurduqdan sonra bu ünvanı yəni, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 57/24 nömrəli evin 84 nömrəli mənzilini tərk edib və bir daha qeyd olunan mənzildə yaşamayıb, hətta valideynlərinin vəfatından sonra da bu ünvana gəlib-getməyib və yaşamayıb. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı-2 bağ sahəsi istifadəsində olan qonşular X35 oğlu və X25 tərəfindən tərtib edilmiş aktdan görünür ki, X21 ğlunun adında olan 883 nömrəli bağ sahəsini onun 2007-ci il vəfatından sonra oğlu İddiaçı sahiblik edib. İddiaçı valideynlərinin vəfatından əvvəl və sonra daimi olaraq bu bağa gəlib-gedir, mütəmadi olaraq yay aylarinda öz ailəsi ilə birlikdə qalır. Bağ sahəsində olan torpağ və bütün meyvə ağaclarını qulluq etmişdir. Cavabdeh isə bu bağ sahəsinə heç zaman gəlməyib-getməyib və sahiblik etməyib. Valideynlərinin vəfatından sonra hətta onların sağlığında, həmçinin sonrakı illərdə onu burada ümumiyyətlə görən olmayıb. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.10.2019-cu il tarixli, 2(004)-6194/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, müvafiq qətnamə ilə X31 ilə X26 arasında 28.02.2003-cü il tarixdə bağlanmış nikahın pozulması, 16.04.2004cü il təvəllüdü X9, 11.05.2005-ci ıl təvəllüdlü X10 və 11.08.2007-ci il təvəllüdü X11 ataları X19 yanında qalması (saxlanılması) qət edilmişdir. İş materiallarında olan “Daxili qaz avadanlığına baxış və proflaktik xidmət işlərinin keçirilməsi haqqında” 10.06.2010-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 57/24 nömrəli evin 84 saylı mənzilində mənzildaxili qaz avadanlığına texniki baxış mənzildə yaşayan İddiaçı iştirakı ilə keçirilmişdir. İş materiallarında olan ”Uninet” MMC ilə İddiaçı arasında bağlanmış 12.03.2010-cu il tarixli 11278/10 nömrəli müqavilədən görünür ki, müvafiq müqavilə ilə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 57/24, 84 saylı mənzilə internet xidmətlərinin qoşulması razılaşdırılmışdır. İş materiallarında olan ”Uninet” MMC-nin 11.06.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 57/24, 84 saylı mənzilə İddiaçı adına 14.05.2013-cü il tarixli internet xidmətinin göstərilməsinə dair müqavilə bağlanmışdır və hal-hazırda abunəçinin istifadəsindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X37 ifadəsində bildirmişdir ki, İddiaçı onun qonşusudur. Onun mərhum ata və anasını da görmüşdür. İddiaçı və onlar bir-birinin evinə gedib-gəlirlər. O, Cavabdeh tanımır və onu heç vaxt görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti ev 57/24 ünvanında yaşayır və İddiaçı ilə eyni mərtəbədə qonşudur. Cavabdeh ailə qurmamışdan əvvəl görmüş, lakin ailə həyatı qurandan sonra görməmişdir. İddiaçı həmin mənzildə çoxdan yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində bildirmişdir ki, İddiaçı ilə Albalı qəsəbəsində qonşudur. Həmin evdə yaşayış yoxdur. Arada İddiaçı gəlib-gedir. İddiaçı orada işlədiyini, təsərrüfatla məşğul olduğunu gömüşdür. Cavabdeh tanımır, heç vaxt görməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sırasına daxildirlər. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Həmçinin həmin Qərarda qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması;hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması;hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. AR MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi brədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı və Cavabdeh doğma ataları X8 28.02.2007-ci ildə vəfat etmiş və onun ölümündən sonra Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti ev 57/24 ünvanında yerləşən 84 saylı mənzili və Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 b/m 883 torpaq sahəsi miras qalmışdır. X2 miras qalmış əmlakı onun qanun üzrə birinci növbə vərəsələrindən olan oğlu - İddiaçı faktiki olaraq qəbul etmiş və miras əmlakı hazırkı vaxta kimi idarə etməklə sahiblik edir. Cavabdeh isə 28.02.2003-cü il tarixdə ailə qurmuş, bundan sonra Yasamal rayonu, Nəriman Nərimanov prospekti ev 57/24 ünvanında yerləşən 84 saylı mənzilidə qeydiyyatda olsa da nə valideynlərinin sağlığında, nə də onlar vəfat edəndən sonra onlara məxsus evdə yaşamamış, miras əmlaka sahiblik etməmiş və həmin əmlakı faktik olaraq idarə etməmişdir. Yalnız 15.02.2021-ci ildə 4 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzinin Notariat Ofisinə mirası qəbul etməsi barədə ərizə ilə müraciət etmiş, onun müraciəti əsasında 28.02.2007-ci ildə vəfat etmiş X5 adına vərəsəlik işi açılmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla X2 Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti ev 57/24 ünvanında yerləşən 84 saylı mənzil və Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 b/m 883 torpaq sahəsinin miras qalması, onun ölümündən sonra həmin mənzilin və bağ sahəsinin oğlu İddiaçı tərəfindən faktiki qəbul edərək idarə edilməsi faktı təsdiq edildiyindən iddia qismən təmin edilməli, X3 miras qalan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 57/24 ünvanında yerləşən 84 saylı mənzilin və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 b/m 883 torpaq sahəsinin miras əmlak kimi faktiki olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi üşün əsaslar mövcud olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə iddiaçının iddiasının qanun üzrə vərəsəlik üzrə şəhadətnamənin verilməsinə dair hissəsinə münasibətdə qeyd edir, həmin hissədə hər hansı nəticə verilməsi yolverilən hesab edilə bilməz. Həmin məsələ hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra icra mərhələsində həll olunmalı olan məsələdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı qismən təmin edilməli, X3 miras qalan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 57/24 ünvanında yerləşən 84 saylı mənzilin və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 b/m 883 torpaq sahəsinin miras əmlak kimi faktiki olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qismən təmin edilsin. X3 miras qalan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 57/24 ünvanında yerləşən 84 saylı mənzilin və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 b/m 883 torpaq sahəsinin miras əmlak kimi faktiki olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 57/24 ünvanında yerləşən 84 saylı mənzilə və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 b/m 883 torpaq sahəsinə dair İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar