Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1468/2025 07.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “sənədlərin təqdim olunması” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: mirasdan məcburi pay) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “sənədlərin təqdim olunması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “sənədlərin təqdim olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, 1061-ci məhəllədə inşa edilən 11-ci Korpusda 77 nömrəli mənzilin qeydiyyat çıxarışının əldə olunması məqsədilə Cavabdeh MMC-dən tələb olunan sıbıdkırub təqdim olunması üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddia iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, 1061-ci məhəllədə inşa edilən 11-ci korpusda 77 nömrəli mənzilin qeydiyyat çıxarışının əldə olunması məqsədilə cavabdeh tərəfindən maliyyə arayışı və ümumi yığıncağın protokolunun ona təqdim olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixi Cavabdeh MMC və o iddiaçı – İddiaçı arasında imzalanmış “Mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 11-ci korpusundakı, ümumi sahəsi 89,21 kv.metr olan iki otaqlı mənzilin 50850 ABŞ dollarının manat kursu ilə dəyərini tam ödəmişdir. Bu barədə Cavabdeh MMC tərəfindən ona rəsmi olaraq xx.xx.2014-cü il tarixli, 574 nömrəli arayış verilmişdir. Qeyd olunan mənzilin tərəfindən qeydiyyat sənədinin alınması üçün lazımi sənədlərin təqdim olunması üçün Cavabdeh MMC ofisinə yaxınlaşaraq və həmçinin yazılı şəkildə dəfələrlə müraciət etmişdir. Qeyd olunan tarixli yazılı müraciəti cavabsız qaldığına görə yenidən sifarişli məktub göndərmişdir. İstədiyi sənədlərin təqdim olunmaması səbəbi olaraq, kommunal borcun mövcud olduğunu yalnız şifahi qaydada cavab verilmişdir. Təqdim olunmasını istədiyi mənzilə aid maliyyə arayışı və digər lazımi sənədləri verməyə imtina edirlər. Həmçinin adı çəkilən cavabdeh dəfələrlə hüquqi ünvanını dəyişdirərək və digər firma adları vasitəsi ilə fəaliyyət göstərmişdir. Hal-hazırda "xxxx" MTK və daha öncə isə “ Avropa Servis” adından istifadə edib. Lakin eyni şəxslərlə və rəhbərliyə tabe olaraq xidmət göstərir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış müraciətə əsasən müəyyən olunur ki, xx.xx.2014-cü və xx.xx.2024-cü il tarixli “Mənzil tikintisi haqqında” müqaviləyə sasən tərəflərindən ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 11-ci korpusundakı, ümumi sahəsi 89,21 kv.metr olan iki otaqlı 77 nömrəli mənzilin 50850 ABŞ dollarının manat kursu ilə dəyərini tam ödəmişdir. Bu barədə Cavabdeh MMC tərəfindən ona rəsmi olaraq xx.xx.2014-cü il tarixli, 574 nömrəli arayış verilmişdir. O, qeyd olunan mənzilə uzun müddət ərzində gəlməmişdir. Yalnız 2020-ci ilin mart ayından etibarən mənzilin təmirinə başlamış, təmir işlərini həmin ilin avqust ayında tamamlayaraaq mənzilə köçmüşdür. Müqavilə üzrə əldə etdiyi daşınmaz əmlak üzərində sərəncam vermək hüququnu təsdiq edən sənədin əldə edilməsi məqsədilə aidiyyəti sənədlərin verilməsini xahiş edilmişdir.
8. Cavabdeh MMC-nin xx.xx.2014-cü il tarixli, 574 nömrəli arayışına əsasən müəyyən edilir ki, İddiaçı ünvan 3də inşa edilən yaşayış binalarının Xİ korpusundakı 77 №-li 2 otaqlı mənzilin haqqı tam ödənilib.
9. X1 tərəfindən Cavabdeh MMC-yə verilmiş xx.xx.2014-cü il tarixli ərizəyə əsasən müəyyən olunmuşdur ki, onunla MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin ləğv edilməsi və onun adına olan ünvan 3 ünvanda inşa olunan yaşayış binalarının Xİ korpusunda ümumi sahəsi 89,21 kv.m olan 2 otaqlı 77 saylı məzilin ünvan 4 ünvanda qeydiyyatda olan İddiaçı adına rəsmiləşdirilməsi xahiş olunmuşdur. Göstərilən mənzil İddiaçı adına rəsmiləşdirildikdən sonra, onun adına olan 2 otaqlı 77 saylı mənzilpaydan imtina edir və Cavabdeh MMC-yə heç bir iddiası yoxdur.
10. Cavabdeh MMC ilə İddiaçı araslında xx.xx.2014-cü il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqaviləyə əsasən Cavabdeh MMC ünvan 3 ünvanda inşa etdiyi yaşayış binalarının Xİ korpusundakı 77 №-li, 2 otaqlı, 89,21 kv.metr, yaşayış sahəsi 46,84 kv.metr olan mənzili İddiaçı verməyi, İddiaçı isə həmin mənzili almağı və qabaqcadan müəyyənləşdirilmiş qaydada mənzilin dəyərinin vaxtında ödənilməsini öhdəsinə götürür. Göstərilən mənzilin ümumi dəyəri 50850 ABŞ dollarının manat kursu məbləğində müəyyən olunur.
11. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, İddiaçı Cavabdeh MMC-nin inşa etdiyi Nəsimi rayonu, Ak. H.Əliyev küçəsi 1061-ci məhəllə ünvanda yerləşən yaşayış binalarının Xİ korpusunun 77 nömrəli mənzilin sahibidir, 2014cü il tarixdən bugünki tarixə qədər kommunal xidmət haqqı borcu 2422,72 manat təşkil edir.
12. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməlidir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
15. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
19. Həmin Məcəllənin 112.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir.
20. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir.
21. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: Məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.
23. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır.
24. Beləliklə də, qanunun, həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarına istinad edərək məhkəmə qeyd edir ki, iddiaçının müqavilə əsasında aldığı mənzilə münasibətdə “gözlənilən mülkiyyət hüququ” yaranmışdır.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən, müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.
26. Həmin Məcəllənin 152.1-152.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
27. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
28. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
29. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
30. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.
31. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh MMC ilə bağladığı xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, əsasən Cavabdeh MMC ünvan 3 ünvanda inşa etdiyi yaşayış binalarının Xİ korpusundakı 77 №-li, 2 otaqlı, 89,21 kv.metr, yaşayış sahəsi 46,84 kv.metr olan mənzili İddiaçı verməyi, İddiaçı isə həmin mənzili almağı və qabaqcadan müəyyənləşdirilmiş qaydada mənzilin dəyərinin vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi, müqavilə üzrə alınmış mənzilin dəyəri alıcı tərəfindən ödənilmiş və bu, mülki iş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli arayışla öz təsdiqini tapmışdır. Mənzilin alıcıya təhvil verilməsi öhdəliyi cavabdeh tərəfindən yerinə yetirilmiş olsa da, həmin mənzilə dair iddiaçının borcunun olmamasına dair maliyyə arayışının və həmin mənzilə çıxarış alınması üçün ümumi yığıncağın qərarının təhvil verilməsi öhdəliyi yerinə yetirilməmişdir. Bu səbəbdən də, iddiaçı müqavilə əsasında aldığı və hazırda, faktiki sahiblik və istifadəsində olan ünvan 3 ünvanda inşa etdiyi yaşayış binalarının Xİ korpusundakı 77 №-li mənzilə dair çıxarış ala bilmir və bununla bağlı maliyyə arayışının və ümumi yığıncağın protokolunun ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
32. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddia təmin olunmalı, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, 1061-ci məhəllədə inşa edilən 11-ci korpusda 77 nömrəli mənzilə çıxarışın alınması üçün həmin mənzilin dəyərinin ödənilməsini təsdiq edən maliyyə arayışının və pay haqqının ödənilməsi ilə bağlı ümumi yığıncağın protokolunun İddiaçı təqdim edilməsi öhdəliyi Cavabdeh MMC-yə həvalə edilməlidir.
33. Habelə, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir.
34. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, 1061-ci məhəllədə inşa edilən 11-ci korpusda 77 nömrəli mənzilə çıxarış alınması üçün həmin mənzilin dəyərinin ödənilməsini təsdiq edən maliyyə arayışının və pay haqqının ödənilməsi ilə bağlı ümumi yığıncağın protokolunun İddiaçı təqdim edilməsi öhdəliyi Cavabdeh MMC-yə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil