Məhkəmə qərarları › İş №2(004)-1482/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1482/2023

31.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1482/2023 31.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti 3-cü şəxs qismində cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC 3-cü şəxs qismində cəlb olunmaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, hazırki mülki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində əvəz olunmasını, həmçinin Cavabdeh MMC-nin cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, O, əvvəllər turizm fəaliyyəti ilə məşğul olmuşdur. Bu fəaliyyətinin gedişatı zamanı 2019-cu ilin avqust ayında Pakistan vətandaşı xx.xx.1986-cı il təvəllüdlü X5 adlı şəxslə tanış olmuşdur. Qarşılıqlı söhbət zamanı o bildirmişdir ki, Pakistanla Azərbaycan arasında turizm fəaliyyətini təşkil etmək üçün Məhdud Məsuliyyətli Cəmiyyət yaratmış və ona həmin cəmiyyətdə menecer vəzifəsində işləməyi təklif etmişdir. Öz razılığı ilə Cavabdeh MMC ilə aralarında əmək müqaviləsi bağlanmış və həmin cəmiyyətə işə qəbul olmuşdur. X3 Xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna və ona əlavə olunmuş məlumata əsəsən onun adına əmək müqaviləsi bildirişi xx.xx.2019-cu ildə “Əmək və Məşğulluq” alt sistemində qeydə alınmışdır. Onlar ilkin olaraq, cəmiyyətin fəaliyyətini təmin etmək üçün müəyyən təşkilatı işlərlə məşğul olmuşdurlar. 2019-cu ilin dekabr ayında cəmiyyətin rəhbəri X5 10 gün adı ilə Pakistana getdi və bir daha Azərbaycana qayıtmadı. Onun Azərbaycanda olmaması səbəbindən cəmiyyət fəaliyyətə başlaya bilmədi və indiyə qədər də cəmiyyət fəaliyət göstərmir, ona isə təşkilatı işlərlə məşğul olduğu dövrlər üçün heç bir əmək haqqı ödənilməmişdir. Onun sorğusuna Dövlət Sosial Müdafiə Fondunundan xx.xx.2022-ci il tarixdə verilən cavaba əsasən, Cavabdeh MMC tərəfindən onun adına məcburi dövlət sığorta haqqı ödənilməmişdir. Onun “WhatsApp” vasitəsi ilə (+**********52) müraciətlərinə hər dəfə cəmiyyətin rəhbəri X5 bildirirdi ki, Azərbaycana qayıdıb cəmiyyətin fəaliyyətini təşkil edəcəkdir. Son zamanlar hiss etmişdir ki, o, Azərbaycana qayıda bilməyəcək və buna görə özünə başqa yerdə iş axtarıb tapmışdır. Lakin müqavilə bağlanarkən onun adı “Əmək və Məşğulluq” alt sistemində işçi kimi qeydiyyatda olduğu üçün, onu işə götürməkdən imtina etmişlər. Bununla bağlı cəmiyyətin rəhbəri ilə apardığı son “WhatsApp” danışıqları zamanı o, qəti olaraq Azərbaycana qayıda bilməyəcəyini və adını “Əmək və Məşğulluq” alt sistemindən çıxarmaq imkanı olmadığını bildirdi. Hazırda o, bu səbəbdən heç yerdə işə girə bilmir. Ona görə də X3 Xidmətinə müraciət edərək adının bir işçi kimi “Əmək və Məşğulluq” alt sistemindən çıxarılmasını xahiş etmişdir. Həmin xidmətdən verilən cavabda xahişinin yerinə yetirilməsindən imtina edilməsi bildirilmiş və məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi X2 izahat verərək bildirdi ki, cavabdeh xarici vətəndaşdır. İddiaçı ilə yazışmaları mövcuddur. Konkret olaraq Azərbaycana gəlməyəcəyini bildirmişdir. Cavabdehi bura gətirmək mümkün deyildir. İddia tələbinin təmin olunmasına və işin icrasının X3 Xidmətinə həvalə olunmasına etiraz etmir. Cavabdehnə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin X3 Xidməti səlahiyyətləri xaricində olduğu bildirilmiş, bununla bağlı işəgötürənə müraciət olunmalı olduğu qeyd olunmuş və əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada məhkəməyə müraciət edilməli olduğu vurğulanmışdır. “taxes.gov.az” saytından əldə olunmuş kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Cavabdeh MMC (VÖEN:**********) xx.xx.2019-cu il tarixdə dövət qeydiyyatına alınmış, qanuni təmsilçisi olaraq Pakistan İslam Respublikasının vətəndaşı X6 Muhammad qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əlavə olunmuş vətəndaş İddiaçı adına “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişi barədə məlumatlardan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdehnə işə qəbul olunmuşdur. Əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə sistemə daxil edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdehnə işə qəbul olunmuşdur. Sonradan Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı qanuni təmsilçisi Pakistan İslam Respublikasının vətəndaşı X6 Muhammad ölkəni tərk etmişdir. Məhkəmə hesab edir ki, hazırda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi icra edilmir və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpa edilməsini xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 68-ci maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməli, qətnamənin icrası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilsin. Qətnamənin icrası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar