Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1492/2024 18.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müalicə üçün ödənilmiş 450 manat məbləğində pul vəsaitinin, səhhəti ilə əlaqədar olaraq müalicənin gecikdirilməsi və sair hallara görə vurulmuş zərərin əvəzi kimi 450 manat məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin, ümumilikdə 930 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, dişlərinin müalicəsi üçün bir müddət əvvəl xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh müraciət etmiş və müalicə üçün ümumilikdə ona 450 manat məbləğində tərəfindən pul ödənilmişdir. Müalicə üçün tərəfindən pul ödənilsə də, o, heç bir iş görməmiş, nəticədə pulunu boşu-boşuna almışdır. Pulunun qaytarması barədə ona dəfələrlə xəbərdarlıqlar etsə də, onun tərəfindən tələblərinə məhəl qoyulmadı və tərəfindən ödənilmiş 450 manat məbləğində pul vəsaiti bu günədək ona geri qaytarılmamışdır. Onun əməllərindən xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis şöbəsinə şikayət etmişdir. Şikayətinə cavab olaraq xx.xx.2023-cü il tarixli, 3- 13-52-2/2-M-23646 saylı məktubla cavab olaraq bildirildi ki, “X2 Nazirliyinin «102» Xidməti- Zəng mərkəzi sisteminə telefonla vermiş olduğunuz məlumat və həmin məlumatla bağlı Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə ünvanladığınız xx.xx.2023-cü il tarixli ərizənizə baxılmışdır. Müraciətinizdə göstərilən xüsusatlar mülki xarakterli mübahisə olduğundan həmin mübahisənin həlli üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 25-ci maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməyiniz məqdəsə müvafiqdir”. Hal-hazırda hesab edir ki, tərəfindən ona ödənilmiş 450 manat məbləğində pul və vurulmuş zərərin əvəzi ondan tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, dişlərinin müalicəsi üçün cavabdehə 27 sentyabr 2023-cü il tarixdə müraciət etmiş və 09 dekabr 2023-cü il tarixə kimi dişlərinin müalicəsi ilə məşqul olmuşdur. Cavabdeh “Aristokrat” tibb mərkəzində çalışmış, o, pulu ona 3 gün ərzində ödəmişdir, iki dəfə 100 manat, bir dəfə də 250 manat. Cavabdeh yalnız dişlərini təmizləmiş, plomb qoymuş və digər dişlərinin ölçüsünü götürmüşdür. Lakin bundan sonra cavabdeh heç bir iş görməmiş və artıq onun zənglərinə də cavab verməmişdir. Buna görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş (həmçinin məhkəmə elektron SMS bildiriş) göndərilmiş və eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduqları yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyb, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin vətəndaş İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən onun xx.xx.2023-cü il tarixdə idarəyə daxil olmuş ərizəsinə baxılmışdır. Bildirmişlər ki, müraciətində göstərilən xüsusatlar mülki xarakterli mübahisə olduğundan həmin mübahisənin həlli üçün Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 25-ci maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiqdir. - Sms yazışmalarından və səs mesajlarından görünür ki, İddiaçı Cavabdeh dişlərini müalicə etmədiyi üçün pulunun qaytarılmasını bildirmiş, lakin Cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmış, hər dəfə qısa müddət ərzində pulu ödəyəcəyi ilə bağlı vədlər vermişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında xidmətin göstərilməsi barədə müqavilə mövcud olmasa da, cavabdeh bu xidmətlər müqabilində iddiaçıdan 450 manat məbləğində pulu götürmüş, lakin iddiaçının dişlərini müalicə etməmiş, iddiaçı öz öhdəliyini icra edərək cavabdehin pulunu ödəsə də, cavabdeh öz üzərinə düşən öhdəliyi icra etməmiş və hal-hazırda iddiaçıya pulunu qaytarmamışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi 450 manat tutulması hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, iddiaçı 27 sentyabr 2023-cü il tarixdə dişlərinin müalicəsi üçün diş həkimi Cavabdeh müraciət etmiş və ona dişlərinin müalicəsi üçün 450 (dörd yüz əlli) manat məbləğində pul ödəmiş, lakin cavabdeh heç bir iş görməmiş və iddiaçının pulunu qaytarmamışdır. Belə ki, bu hal məhkəmə iclasında iddiaçının izahatı və iş materiallarında olan iddia ərizəsi ilə və sms yazışmaları ilə öz əksini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “səhhəti ilə əlaqədar olaraq müalicənin gecikdirilməsi və sair hallara görə vurulmuş zərərin əvəzi kimi 450 manat məbləğində pul vəsaitinin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Belə ki, iddiaçı səhhəti ilə əlaqədar olaraq müalicənin gecikdirilməsi və sair hallara görə vurulmuş zərərin əvəzi kimi 450 manat məbləğində pul vəsaitinin ödənilməsini xahiş etsə də, bununla bağlı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olmuş həqiqi və tədqiq olunmuş hallar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Yəni, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 450 (dörd yüz əlli) manat və hüquqi xidmətə görə ödənilmiş 50 (əlli) manat, cəmi 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı iddiaçıya aid edilməli, qalan 15 (on beş) manatı və eləcə də, məhkəmə məsrəfi olan hüquqi xidmətə görə iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan 401350 saylı kassa mədaxil orderinin surətindən görünür ki, hüquqi xidmətə görə (iddia ərizəsinin tərtib edilməsi və hüquqi məsləhətə görə) iddiaçı tərəfindən "xxxx" MMC-yə 50 (əlli) manat məbləğində pul vəsaiti ödənilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat və hüquqi xidmətə görə ödənilmiş 50 (əlli) manat, cəmi 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı iddiaçıya aid edilsin, qalan 15 (on beş) manatı isə Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1492/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1492/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver