Məhkəmə qərarları › İş №2(004)-1542/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1542/2021

01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1542/2021 01.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Yasamal rayon Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə 90 nömrəli akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək iddia tələbini etiraf etdiyini bildirərək Yasamal rayon Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə 90 nömrəli akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə 90 nömrəli akt qeydi ilə nikaha daxil olmuşdur. Valideynlərinin təkidi ilə nikaha daxil olsalar da, heç vaxt faktiki ailə münasibətlərində olmamışlar. O, bu nikaha qarşı olduğundan əvvəldən cavabdehlə ailə qurmaq niyyəti olmamışdır. Nikah formal xarakter daşıyır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahat verərək bildirir ki, tərəflər arasında olan münasibətlər formal xarakter daşıyır. Onların toyu olmamış, İddiaçı gəlin kimi Cavabdeh evinə gəlməmişdir. Ümumiyyətlə onlar arasında ər-arvad münasibətləri olmamışdır. Onların ailə qurmaq niyyətləri olmamışdır. Nikahları sadəcə sənəd üzərində olmuşdur. Nikahın etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 315723 nömrəli, xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Babayeva Firuzə Rövşən qızı arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 90 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.3.-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə görə nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa – nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 27.3-cü maddəsinə görə saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləlikə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra tərəflər birgə təsərrüfat idarə etməmiş, bir yerdə yaşamamış, ər-arvad münasibətləri olmamışdır. Tərəflər rəsmi nikaha girsələr də, onların nikahı formal olmuşdur. Bu hal məhkəmə iclasında iddiaçının izahatı və cavabdehin etiraf edici ərizəsi ilə də, öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, tərəflərin əslində ailə qurmaq niyyəti olmadığından tərəflər arasında bağlanılmış nikah saxta hesab edilməlidir. Belə ki, işin hallarından da göründüyü kimi, tərəflərin nikah bağlamasındakı məqsədi ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək olmamışdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İsmayılova (Babayeva) Firuzə Rövşən qızı ilə Cavabdeh arasında Yasamal rayon Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə 90 nömrəli akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İsmayılova (Babayeva) Firuzə Rövşən qızı ilə Cavabdeh arasında Yasamal rayon Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə 90 nömrəli akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar