Məhkəmə qərarları › İş №2(004)-1543/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1543/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1543/2023 16.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Cavabdeh MMC-yə qarşı “reklam məhsullarının yayımlanması haqqındakı müqavilənin şərtlərinin pozulması nəticəsində yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İctimai Televiziya və Radio Yayımları Şirkəti Cavabdeh MMC-yə qarşı “reklam məhsullarının yayımlanması haqqındakı müqavilənin şərtlərinin pozulması nəticəsində yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ödəməli olacağı 17241,80 manat maddi ziyan iddiaçının xeyrinə tutulması və iddiaçı tərəfindən ödənilmiş 141,73 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə və Vahid Məhkəmə Portalı vasitəsilə elektron sistemin vergi ödəyicilərinin məlumatları ilə təsdiq edilir ki, tərəflər - iddiaçı İctimai Televiziya və Radio Yayımları Şirkəti (VÖEN: **********, hüquqi ünvanı AZ1012, Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi ev 241) və Cavabdeh MMC (VÖEN: **********, hüquqi ünvanı AZ1092, ünvan 2 hüquqi şəxsdirlər. Göründüyü kimi, yaranmış mübahisə hüquqi şəxslər arasındadır. Həmçinin mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müqavilə öhdəliyinin yerinə yetirilməməsi ilə bağlı yaranmış borcla əlaqədar mübahisədir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Odur ki, iddiaçı hazırkı iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarının pozulması ilə verdiyinə görə, məhkəmə aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, cavabdehin hüquqi ünvanına görə məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 151, 152, 152.1.3, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Cavabdeh MMC-yə qarşı “reklam məhsullarının yayımlanması haqqındakı müqavilənin şərtlərinin pozulması nəticəsində yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli 14888876 nömrəli sənədə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 141,73 (yüz qırx bir manat yetmiş üç qəpik) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinə (VÖEN: **********) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar