Məhkəmə qərarları › İş №2(004)-1548/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1548/2023

17.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1548/2023 17.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, Ərizəçi Ağarəfi oğlunun Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Ağarəfi oğlu Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində dünyasını dəyişmiş mərhum anası xx.xx.1935-ci il tarixdə Bakı şəhərində anadan olmasını, ata qrafasında X3, milliyyəti azərbaycanlı, ana qrafasında ----- Püstə Canmirzə qızı, milliyyəti azərbaycanlı kimi qeyd olunaraq doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1, 307.2.3-cü maddəsinə əsasən məhkəmə Xüsusi icraat qaydasında həmdə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, ərizəçi doğum faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə birbaşa məhkəməyə müraciət etməklə haqlı olmamışdır. Həmçinin ərizəçi mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət etməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Oktyabr rayonu Qeydiyyat Şöbəsinin ЖГ № 378788 saylı, 30 may 1972-ci il tarixli doğum haqqında şəhadətnamədə Ərizəçi Ağarəfi oğlunun ana qrafasında X2 qeyd edilmiş, həmçinin Bakı şəhəri Yasamal rayonu Qeydiyyat Şöbəsinin AZ №007610 saylı, xx.xx.1998-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X1 23 noyabr 1998-ci il tarixdə Bakı şəhərində ölməsi qeyd edilmişdir. İş materialları ilə Ərizəçi Ağarəfi oğlunun anası X1 doğumu haqqında akt qeydləri ilə bağlı Maraqlı şəxsnə müraciət etməsi müəyyən edilsə də, ərizəçi tərəfindən X1 doğumu haqqında akt qeydləri ilə bağlı nə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə nə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat Və Notariat Baş İdarəsinə (X6 Xidməti) müraciət edilməmişdir. Ərizəçi Ağarəfi oğlu qeyd olunan orqanlardan müvafiq sənədləri aldığı təqdirdə isə doğum faktının müəyyən edilməsi ilə bağlı deyil, akt qeydinin bərpası və ya qeydiyyat şöbəsindən “doğumun bərpa edilməsi”ndən əsassız imtina edildikdə isə, həmin doğum akt qeydini bərpa etməli olan qeydiyyat şöbəsinə qarşı inzibati icraat qaydasında iddia qaldırmalı idi. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi Ağarəfi oğlunun doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçinin işin baxılması üçün ödədiyi dövlət rüsumu özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268 -ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Ağarəfi oğlunun Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. xx.xx.2023-cü il tarixli (Qəbz nömrəsi:**********) qəbzi üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhər Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi Ağarəfi oğluna qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar