Məhkəmə qərarları › İş №2(004)-1550/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1550/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1550/2023 27.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1170 manat əsas borc, 426 manat dəbbə pulu olmaqla, cəmi 1596 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, 6 aprel 2022-ci il tarixli 10121892 saylı Nisyə satış müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh2 2100 manat dəyəri olan “ Tufan CUB 50 S ” markalı “MOTOSİKL”-i nisyə satmağı, cavabdeh isə satılmış əşyaya görə 900 manat ilkin ödəniş edərək “MOTOSİKL”-i qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətə və qaydada faizsiz hissə- hissə ödəmək şərtilə 2100 (iki min yüz ) manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlər Cavabdeh2 və Hacıyev X1 müaviləsinə Əlavə №1-də (ödəniş cədvəli üzrə) 12 ay müddətinə mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, nisyə satış müqavilə obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərinin 2.4.4 bəndini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, nisyə satış müqavilə obyektini geri qaytarmaqdan imtina etmişdir. Hazırda öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixdə iddiaçıya iddia qaldırılan günə 1170 manat əsas borcu, 426 manat penya borcu, cəmi 1596 manat məbləğində borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə, həmçinin “AZEMİS” vasitəsilə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir. (Cavabdehlər məhkəmə bildirişini sifarişli poçt xəbərnaməsinə imza etməklə qəbul etmişlər) Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 10121892 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müvafiq müqaviləyə əsasən İddiaçı MMC ümumi dəyəri 2100 manat təşkil edən TUFAN CUB50S markalı motosikili 900 manat ilkin ödəniş olmaqla 12 ay müddətində hər ay 100 manat ödəmək şərtilə Cavabdeh2 satmışdır. Müqavilənin 4.7.6-cı bəndinə əsasən, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, satıcı nisyə satış obyektinin cari dəyərinin 1 (bir) faizi məbləğində dəbbə pulunu tələb edə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 10121892 nömrəli alqı-satqı müqaviləsinə Əlavə №2-dən görünür ki, İddiaçı MMC tərəfindən TUFAN CUB50S texniki qüsrlar və çatışmazlıqlar olmadan Cavabdeh2 təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 10121892/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icrası üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İş materiallarında olan 10 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixli alqı-sataqı müqaviləsi üzrə 930 manat ödəniş edilmiş, onun müqavilə üzrə 1170 manat əsas borc və 426 manat dəbbu pulu olmaqla, cəmi 1596 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi, əks təqdirdə müqavilə obyektinin geri alınacağı və ya borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. Mülki Məcəllənin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında əşyaların nisyə alqısatqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı (satıcı) əşyanı alıcıya vermiş, lakin cavabdeh (alıcı) Cavabdeh2 nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 10121892 nömrəli alqı-satqı müqaviləsinin 4.7.6-cı bəndinə əsasən, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, satıcı nisyə satış obyektinin cari dəyərinin 1 (bir) faizi məbləğində dəbbə pulunu tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə hesablanmış 426 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, hesablanmış cərimənin məbləğinin azaldılaraq 70 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməsinə görə zamin olduğundan, həmin müqavilə üzrə yaranmış borcun ödənilməsi üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1170 (bir min yüz yetmiş) manat əsas borc və 70 (yetmiş) manat dəbbə pulu olmaqla, cəmi 1240 (bir min iki yüz qırx) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 27,97 (iyirmi yeddi manat doxsan yeddi qəpik) manat pul alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş 27,97 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı MMC-yə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 8,03 manat (36-27,97=8,03) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1170 (bir min yüz yetmiş) manat əsas borc və 70 (yetmiş) manat dəbbə pulu olmaqla, cəmi 1240 (bir min iki yüz qırx) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 27,97 (iyirmi yeddi manat doxsan yeddi qəpik) manat pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 8,03 (səkkiz manat üç qəpik) manat (36- 27,97=8,03) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar