Məhkəmə qərarları › İş №2(004)-1551/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1551/2021

05.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1551/2021 05.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə 1542 nömrəli akt qeydi ilə bağlanmış nikah etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, “İELTS” ingilis dili kursuna gedərkən X2 ilə tanış olmuş, onların tanışlığı dostluğa çevrilmişdir. O, sevdiyi qızı qısqandırmaq üçün X1 nikah bağlamağı təklif etmişdir. X2 onunla formal nikah bağlamağı razılaşmışdır. Onlar evlənmək niyyəti olmadan nikah bağlamaq üçün qeydiyyat orqanına müraciət etmişlər. X2 ilə onun arasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Nikahı rəsmiləşdirəndən sonra səhv etdiklərini anlamışlar, çınki onların arasında sevgi yoxdur, evlənmək niyyətləri olmamışdır. Nikah bağlanandan əvvəl və sonra ər-arvad olmamışlar, birlikdə yaşamamış və birgə təsərrüfat aparmamışlar. Onun və cavabdehin ailə qurmaq niyyətlər olmamış və hazırda da yoxdur. Bu səbəbdən hesab edir ki, nikah etibarsızdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. İddiaçı onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, tərəflərin rəsmi nikah bağlayana qədər və bundan sonra ailə qurmaq, evlənmək niyyətləri olmamışdır. Bu səbəbdən tərəfləri arasında xx.xx.2020-ci il tarixdə bağlanmış nikahın etibarsız hesab olunmasını xahiş edir. Cavabdeh oğlu məhkəmə iclasında iddianı qəbul etdi və izahatından bildirdi ki, “İELTS” ingilis dili kursuna gedərkən İddiaçı ilə tanış olmuş və dost olmuşlar. İddiaçı sevdiyi qızı qısqandırmaq üçün ona nikah bağlamağı təklif etmişdir. O, iddiaçı ilə formal nikah bağlamağı razılaşmışdır. Onların evlənmək niyyəti olmamışdır və hazırda da yoxdur. İddiaçı ilə onun arasında xx.xx.2020-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Nikahı rəsmiləşdirəndən sonra səhv etdiklərini anlamışlar. İddiaçının valideynləri ona elçi gəlməmiş, nişan, xına, toy və sair şənlik mərasimləri olmamışdır. Nikah bağlanandan sonra anasına məlumat vermiş və səhv etdiyini bildirmişdir. Atasının isə hələ də məlumatı yoxdur. Onların arasında sevgi yoxdur, evlənmək niyyətləri yoxdur. İddiaçı başqa qızı sevir. Nikah bağlanandan əvvəl və sonra onlar ər-arvad olmamışlar, birlikdə yaşamamış və birgə təsərrüfat aparmamışlar. O, daima öz valideynləri ilə birlikdə yaşamışdır. Hazırda da iddiaçı ilə ailə qurmaq niyyəti yoxdur, nikahın etibarsız sayılmasını xahiş edir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Bu barədə məhkəməyə yazılı ərizə təqdim edir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ № 402212 seriyalı nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.2001-cı ildə Cəlilabad şəhərində doğulmuş İddiaçı və xx.xx.2002-ci ildə Bakı şəhərində doğulmuş X2 xx.xx.2020-ci ildə 1542 saylı akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Eynullayeva” soyadı verilmişdir. Tərəflər xx.xx.2020-ci il tarixdə rəsmi nikah bağlasalar da, toy mərasimi olmamış, tərəflər faktiki olaraq ər-arvad kimi yaşamış, ümumi təsərrüfat aparmamış və ailə qurmamışlar. Tərəflərin nikah bağlanarkən və bundan sonra ailə qurmaq niyyətləri olmamışdır. Nikah formal bağlanmışdır. Tərəflər rəsmi nikah bağlamaqda yanıldıqlarını bildirirlər. Hazırda da tərəflərin hər ikisi ailə qurmaq niyyətlərinin olmadığını bildirirlər. Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Ailə Məcəlləsinin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 25.1-ci maddəsinə görə tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah etibarsız sayılır. Göründüyü kimi, bu maddədə “niyyət” ifadəsindən istifadə olunub, niyyət isə zamana görə qüvvəsi baxımından iki yerə bölünür: 1) indiki zaman üçün qüvvəsi olan niyyət; 2) gələcək zaman üçün qüvvəsi olan niyyət. Nikahın qeydiyyatı zamanı indiki zaman (qeydiyyat anı) üçün qüvvəsi olan niyyət tələb olunur, çünki nikah indi bağlanır. Lakin gənclər nikah haqqında akt qeydləri kitabını imzalayarkən gələcək zaman üçün (toyun təyin olunduğu tarix üçün) qüvvəsi olan niyyət ifadə edirlər, yəni ailəni gələcəkdə qurmaq istəyirlər, bu isə baş tutmur. Ona görə də nikah “ailə qurmaq niyyəti olmadan bağlanan nikah” kimi etibarsızdır. Bu zaman sual yarana bilər ki, əgər ailənin qurulması baş tutsaydı, eyni məntiqlə bu halda həmin nikah etibarsız sayılırmı? Xeyr, çünki bu halda “niyyətlə” bağlı qanunvericinin qarşıya qoyduğu məqsəd təmin olunmuş olur. Müqayisə üçün qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 27-ci maddəsində nikahın etibarsız sayılmasını aradan qaldıran halları müəyyən edilib. Ailə Məcəlləsinin 27.3-cü maddədə həmin hallardan biri belə göstərilib: “Saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz”. Eyni məntiqlə demək olar ki, nikah bağlanan zaman (toydan əvvəl) həmin an üçün ailə qurmaq niyyəti olmayan şəxslər, sonradan (toy günü) ailə qururlarsa, bu nikah (toydan əvvəl qeydə alınan nikah) etibarsız sayıla bilməz. Bəziləri nikahın qeydə alınmasını ailənin qurulması kimi təqdim edə bilər, lakin “ailə” və “nikah” anlayışları eyniləşdirilməli deyildir. Ailə - nikaha və ya qan qohumluğuna əsaslanan, məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir. Nikah ailə deyil, ailənin birləşdirici əsaslarından biridir. Ailənin iki birləşdirici əsası var: 1) nikah (ər-arvad arasında); 2) qan qohumluğu (valideyn və övlad arasında, qardaş və bacı, baba və nənə arasında və sair). Ailənin yaranması üçün bu birləşdirici əsaslardan heç olmasa biri mövcud olmalıdır. Əgər həmin birləşdirici əsaslardan heç biri mövcud deyildirsə, məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bir-birinə bağlı olan iki və ya daha çox insanın yaratdığı kiçik sosial birlik ailə hesab olunmur. Nikahın etibarsızlığı barədə belə iddiaların düzgün həll edilməsi üçün həm də “nikah nədir?” sualına cavab verilməlidir. Nikahın anlayışı Ailə Məcəlləsinin 2.3-cü maddəsində belə müəyyən edilib: nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Anlayışdan göründüyü kimi, nikah ittifaqdır, ittifaqın əlamətləri isə aşağıdakı kimidir: 1) ittifaq kişi ilə qadının arasında olmalıdır; 2) ittifaq ailə qurmaq məqsədilə olmalıdır; 3) ittifaq könüllü olmalıdır; 4) ittifaq qeydiyyata alınmalıdır. Göründüyü kimi, toydan əvvəl akt qeydləri kitabında aparılan qeydiyyat ittifaqın özü deyil, onun əlamətlərindən biridir. İttifaq - sözün ən ümumi mənasında insanların birləşməsidir. Cəmiyyətdə insanlar arasında müxtəlif birləşmələr mövcuddur: əmək kollektivi (iş üçün yaradılan birləşmə), sinif (təhsil üçün yaradılan biləşmə), komanda (idman üçün yaradılan biləşmə), nikah (ailə üçün yaradılan birləşmə) və s. Əgər ittifaq (insanların birləşməsi) mövcud deyildirsə, nikah haqqında akt qeydləri kitabında aparılan qeydiyyat etibarsız sayılır. Çünki, qeydiyyat ittifaqın (insanların birləşməsinin) özü deyil, onun əlamətlərindən biridir, ittifaqın (insanların birləşməsinin) özü yoxdursa, onun əlaməti əhəmiyyətsizdir. Məhkəmə qeyd edir ki, tərəflərin nikahı rəsmi qeydə alınsa da, onlar arasında ittifaq (insanların birləşməsi) mövcud olmamışdır. Belə ki, nikah haqqında akt qeydləri kitabı imzalanarkən və bundan sonra tərəflərin ailə qurmaq niyyətləri olmamışdır. İttifaq (insanların birləşməsi) baş tutmadığına görə ailə (nikaha əsaslanan, məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan kiçik sosial birlik) mövcud deyildir. Nikah qeydə alınarkən qeydiyyat şöbəsi tərəfindən qanun pozuntusuna yol verilməyib, nikahın etibarsızlığına səbəb tərəflərin öz davranışları olmuşdur. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli, İddiaçı və Cavabdeh arasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə 1542 nömrəli akt qeydi ilə bağlanmış nikah etibarsız sayılmalıdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və Cavabdeh arasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə 1542 nömrəli akt qeydi ilə bağlanmış nikah etibarsız sayılsın. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar