Məhkəmə qərarları › İş №2(004)-1579/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1579/2021

26.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1579/2021 26.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının vəkili Vəkil Cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə qaydalarının təyin edilməsi” tələbinə dair mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə qaydalarının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin 20 kv.m. yaşayış sahəsindən ayrıca çıxışı olan bir otağın onun istifadəsində və həmin mənzilin 41,5 kv.m. köməkçi sahəsinin cavabdehlə ümumi istifadədə saxlanılmaqla istifadə qaydalarının təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, köçürülmə barədə qətnamə olsa da istifadə üçün bölgü müəyyən olunmayıb. Ümumi istifadədə olan sahələr var, lakin şəxsi istifadə üçün də sahə olmalıdır. Cavabdeh qıfılı dəyişir. Mənzil 2 otaqdır, iddiaçı şəxsi əşyalarını ora yığmalıdır. Yaşayış sahəsindən istifadə qaydaları müəyyən olunmadığı üçün tərəflər arasında mübahisə yaranır. Ayrı-ayrı giriş-çıxış var, həyətə girmək mümkün deyildir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 iddia tələbinin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, Yasamal rayon məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(004)-2258/2020 saylı qətnaməsi ilə hazırki iş üzrə İddiaçı 10.000 (on min) manat məbləğində kompensasiya ödənilməklə, iddiaçı Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 3142-ci məhəllə, Mirəli Seyidov küçəsi, ev 19A, 65 saylı mənzilə istifadə hüququna xitam verilmiş, cavabdeh İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 3142- ci məhəllə, Mirəli Seyidov küçəsi, ev 19A, 65 saylı mənzildən çıxarılması qət edilmişdir. Bu məsələlər bir-biri ilə əlaqədardır. Xanım cehiz əşyalarını da tələb edir. Mülkiyyətçinin hüququları pozulur. Yaşayış yerinini müəyyən olunduğu qətnamədə icra problemi varsa icra məmuru həll etməlidir. Əgər iddia tələbi təmin olunarsa 1 mənzil 2 mülkiyyətə bölünmüş olar. Ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 84,4 kv.m olan 65 saylı mənzil 05.03.2013-cü il tarixdə Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır və Cavabdeh1 mənzil üzərində tam paya malikdir. İş materialarında olan Yasamal Rayon Məhkəməsinin 14.03.2019-cu il tarixli 2(004)-1724/2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 3142-ci məhəllə, Mirəli Seyidov küçəsi, ev 19A, 65 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli 2(004)-2258/2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 10.000 (on min) manat məbləğində kompensasiya ödənilməklə, iddiaçı Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 3142-ci məhəllə, Mirəli Seyidov küçəsi, ev 19A, 65 saylı mənzilə istifadə hüququna xitam verilmiş, cavabdeh İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 3142- ci məhəllə, Mirəli Seyidov küçəsi, ev 19A, 65 saylı mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli 2(004)-2258/2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçının qeyd edilən mənzildən istifadə hüququnun tanınması barədə Yasamal Rayon Məhkəməsinin qətnaməsi mövcüddur. Lakin iddiaçı iddia tələbində mənzilin 20 kv.m. yaşayış sahəsindən ayrıca çıxışı olan bir otağın onun istifadəsində və həmin mənzilin 41,5 kv.m. köməkçi sahəsinin cavabdehlə ümumi istifadədə saxlanılmaqla istifadə qaydalarının təyin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin təmin edilməsi mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnə bilər. Mülki Məcəllənin tələbinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İddiaçı iddia ərizəsində qeyd edilən mənzilə istifadə hüququ tanınmış və qətnamə icraya yönəldilmişdir. İddiaçının, mülkiyyətçi ilə birlikdə, qeyd edilən mənzilin həm yaşayış, həm də köməkçi sahəsindən istifadəyə dair hüququ artıq mövcuddur, lakin iddiaçının iddia ərizəsində qeyd edilən formada istifadə qaydası istəməsi artıq mülkiyyətçinin mülkiyyət hüququnun məhdudlaşması və mülkiyyətçinin əmlakdan öz istədiyi kimi istifadə və sərəncam hüququnun pozulması ilə nəticələnə bilər. Məhkəmə xüsusilə qeyd edir ki, istər mülkiyyətçinin, istərsə də şəxsi servitut hüququna malik olan şəxsin daşınmaz əmlakla bağlı istifadə hüquqları bərabərdir. Belə yanaşmanı Mənzil Məcəlləsinin 30.2-ci maddəsindən də görmək olar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Bakı şəhəri, Yasamal rayonu, Mİrəli Seyidov küçəsi, məhəllə 3142, ev 19a ünvanda yerləşən 65 saylı mənzilin 20 kv.m. yaşayış sahəsindən ayrıca çıxışı olan bir otağın iddiaçının istifadəsində və həmin mənzilin 41,5 kv.m. köməkçi sahəsinin cavabdehlə ümumi istifadəsində saxlanılmaqla istifadə qaydalarının təyin edilməsi barədə İddiaçı iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar