Məhkəmə qərarları › İş №2(004)-158/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-158/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-158/2023 18.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı “öhdəliyin icrasının yerinə yetirilməsi” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK və "xxxx" MTK-ya qarşı “öhdəliyin icrasının yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh1 MTK və "xxxx" MTK-dan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsi, 8-ci blokunda yerləşən, sahəsi 145 m2 olan, 3 otaqlı 779 saylı mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28 iyun 2008-ci il tarixdə Bakı şəhər, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivində inşa edilən çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsi, 8-ci blokunda, ümumi sahəsi 145 m2 təşkil edən, 3 otaqlı 779 saylı mənzilin dəyəri olan 87.000 manat ödəməklə ona verilməsi barədə “Vedi" MMC ilə müqavilə imzalamışdır. Müqavilənin əlavəsi olaraq öhdəlik üzrə maliyyə arayışına əsasən mənzilin dəyəri olan 87.000 manat pul vəsaitini tam olaraq iddiaçı tərəfindən ödənilmişdir. Hətta maliyyə arayışında qeyd edilmişdir ki, tikilməkdə olan yaşayış binası “Vedi" MMC və cavabdeh “Safari-N" MTK-ya məxsusdur. Mübahisə predmeti olan mənzilin yerləşdiyi yaşayış binasının 7-ci mərtəbəsinə kimi tikinti işləri cavabdehlər "xxxx" MMC və “Safari-N" MTK tərəfindən aparılmış, lakin sonradan “Vedi" MMC-nin direktoru Nümayəndə2 barəsində cinayət işi açılmış və o, həbs olunmuşdur. Həmin binanın inşasını isə sonradan “Safari-N" MTK və “Vedi" MMC-nin hüquqi varisi olan "xxxx" MTK aparmış və başa çatdırmışdır. Bu səbəbdən də iddiaçı binanın tikintisi başa çatdıqdan sonra “Safari-N" MTK və “Şərur" MTK-ya dəfələrlə müraciət edərək mənzilinin verilməsini tələb etmiş, lakin heç bir nəticə verməmişdir. Bu isə onun hüquqlarının pozulması deməkdir. Hətta yaşayış binasının “Şərur" MTK tərəfindən tikilib başa çatdığını xx.xx.2019-cu il tarixdə öyrənib dərhal onlara məktub ünvanlamışdır. Beləliklə, iddiaçı qeyd etmişdir ki, o, müqaviləyə əsasən onun üzərinə düşən öhdəliyi yerinə yetirərək mənzilə görə razılaşdırılmış dəyəri olan 87.000 manat məbləğində pul vəsaitini ödəmiş və bu barədə ona maliyyə arayışı verilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MTK-nın əsl Cavabdeh2 MMC ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin verdiyi sorğulara əsasən, mübahisə predmeti olan mənzilin yerləşdiyi yaşayış binasının "xxxx" MTK ilə hər hansı əlaqəsinin olmadığı müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən ərizə təmin edilmişdir. İlkin məhkəmə baxışı zamanı iş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişlər. İddiaçının vəkilinin ərizəsi əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyd edilən mülki işə qiyabi icraat qaydasında baxılmış, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MTK tərəfindən qiyabi qətnamənin ləğv edilməsinə dair məhkəməyə ərizə daxil olmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən qiyabi qətnaməsinin ləğv edilməsi haqqında tərəfindən verilmiş həmin ərizə təmin edilərək xx.xx.2023-cü il tarixli qiyabi qətnamə ləğv edilmiş və işə yenidən mahiyyəti üzrə baxılması qərara alınmışdır. Yeni məhkəmə baxışı zamanı məhkəmə tərəfindən keçirilən yerli baxış gedişatında aşkar edilmiş xüsusatlarla əlaqədar olaraq yaranmış zərurətlə bağlı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə təkrar iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-dən xx.xx.2008-ci il tarixli müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş və hazırda Cavabdeh1 MTK-nın istifadəsində olan binanın 8-ci mərtəbəsi, 8-ci blokunda yerləşən sahəsi 145 m2 olan, 3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin qeyd edir ki, cavabdehlər tərəfindən hüquqlarını müdafiə etdiyi İddiaçı ilə bağlanmış müqavilə mübahisələndirilməmişdir. Bundan başqa Cavabdeh2 MMC-nin rəhbəri Nümayəndə2 Azərbaycan Respublikası CMnin 308.2-ci maddəsilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq edilən cinayət işi üzrə ona görə şikayət ərizəsi ilə müraciət olunmamışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsə satılmış mənzil başqa digər şəxsə satılmamış, onun mənafeyinə toxunan hal olmamışdır. Həmçinin onda olan şifahi məlumata görə mənzil digər şəxsə təhvil verilməmişdir. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişlər. Odur ki, məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə2 Gülməmmməd oğlu izahatında bildirmişdir ki, Cavabdeh2 MMC-nin qanuni təmsilçisidir. Mübahisəli mənzilin yerləşdiyi yaşayış binasının sahibi "xxxx" MMC-dir. O, İddiaçı ilə bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin onun tərəfindən imzalanmasını mübahisələndirmir. Müqaviləni "xxxx" MMC-nin göstərişi əsasında imzalamışdır. Lakin İddiaçı tanımır. Belə ki, "xxxx" MMC ilə onun arasında bağlanmış podrat müqaviləsinə əsasən gördüyü işin yarısı dəyərində, yəni payına düşən hissəsinin 25%-i həcmində öz möhürü və imzası ilə satışı aparmaq səlahiyyəti olmuşdur. Lakin o, rəsmiləşdirmə işlərini "xxxx" MMC-nin razılığı ilə aparmışdır. İddiaçı ilə bağlanmış müqavilə əsasında "xxxx" MMC-nin pul alıb-almamasını isə bilmir. "xxxx" MMC ona nə deyibsə onu yazmış, nə olubsa onların göstərişi ilə olmuşdur. “Safari-N" MMC-nin göstərişinə əsasən də müqavilə bağlanmışdır. O isə bu cür sənədlər verdiyinə görə məhkəmənin hökmü ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda isə cəzasını çəkib bitirmişdir. Verilmiş suallara əsasən Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə2 Gülməmmməd oğlu əlavə olaraq bildirmişdir ki, məhkəmədən ona sms bildiriş gəldikdən sonra o, mənzillərin satışı ilə bağlı qeydiyyat kitabına baxmış və İddiaçı xatırlamamışdır. O, göstəriş əsasında müqavilə vermiş və müqavilədəki imzanın ona məxsus olmasını təsdiq edir. Hazırda mübahisəli mənzilin istifadəyə verilib-verilməməsi barədə məlumatı yoxdur. Çünki, o, 2009-cu ildən binanın inşasından uzaqlaşdırılmışdır. 2016-cı ilə qədər o, Cavabdeh2 MMC-nin qanuni təmsilçi olmuşdur. 2016-cı ildə isə o, həbs edilən zaman şirkətin fəaliyyəti dayandırılmışdır. O, binanı və müvafiq bütün zəruri hüquqi sənədləri "xxxx" MMC-yə təhvil vermişdir. Həmin sənədlər isə barəsində istintaq olunmuş cinayət işinə əlavə edilərək məhkəməyə təqdim edilmişdir. "xxxx" MMC-nin "xxxx" MTK ilə qeyri-rəsmi bağlılığı ondan ibarətdir ki, "xxxx" MMC-nin direktoru "xxxx" MTK-nın sədri İsfəndiyar Axundovun qardaşıdır. Hazırda bina "xxxx" MMC-yə məxsusdur və ona görə də hesab edir ki, mənzilin təhvil verilməsi öhdəliyi "xxxx" MMC-yə aiddir. Onlar podratçı olmuş, tikintini aparmışlar. İddiaçı ilə müqaviləni o, Safari-N" MMC-nin razılığı əsasında bağlamışdır. Çünki qaydalara görə "xxxx" MMC podratçılara razılıq verməsə idi nə o, nədə digər podratçılar mənzilin satışı ilə bağlı müqavilə bağlaya bilməzdi. Onun mənzilin satışı ilə bağlı səlahiyyətinin olması isə Cavabdeh2 MMC ilə "xxxx" MMC arasında bağlanmış “Birgə təsərrüfat fəaliyyəti haqqında” xx.xx.2007-ci il tarixli müqavilədə öz əksini tapmışdır. Mənzillərin satışı ilə bağlı İlkin sənəd müqavilə olmuş, yekunda protokoldan çıxarış "xxxx" MMC tərəfindən verilmişdir. Mənzilin iddiaçıya təhvil verilməsinə etiazı yoxdur, hesab edir ki, bu məsələni “Safari-N" MTK ilə iddiaçı öz aralarında həll edə bilər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh “Safari-N" MTK-nın vəkili və nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, binanın sahibi “Safari-N" MTK-dır. Cavabdeh2 MMC ilə "xxxx" MMC arasında podrat müqaviləsi, yəni “Birgə təsərrüfat fəaliyyəti haqqında” xx.xx.2007-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1.5-ci bəndinə əsasən həmin müqavilə imzalandığı tarixdən tərəflər yaşayış və qeyriyaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış alqı-satqı müqavilələri və digər əqdlər əsasında 1-ci tərəf olan "xxxx" MMC-nin adında rəsmiləşdirilməli idi. Əgər satışı 2ci tərəf olan Cavabdeh2 MMC öz adında rəsmiləşdirəcəyi təqdirdə onun öz əmlakı ilə məsuliyyət daşıması nəzərdə tutulmuşdur. Ona görə hesab edir ki, mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi ilə bağlı "xxxx" MMC-nin heç bir öhdəliyi yoxdur. Çünki müqavilə digər Cavabdeh2 MMC tərəfindən bağlanılmaqla onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və həmin Cəmiyyətin öz möhürü ilə təsdiq edilmişdir. Bu səbəbdən iddianın "xxxx" MMC-yə münasibətdə hüquqi əsası yoxdur. Belə ki, müqavilə 2008-ci ildə bağlanılmaqla iddiaçı ilə alğı-satqı olubdur. Bunu maliyyə arayışı da təsdiq edir. Müqavilənin sonundakı imza və möhür də Cavabdeh2 MMC-yə məxsusdur. "xxxx" MMC isə binanı 2009-cu ildə təhvil almışdır. Binanı təhvil alanda "xxxx" MMC müəyyən öhdəlikləri götürməsinə baxmayaraq, təhvil alınmazdan öncə satılmış mənzillərin öhdəliyini öz üzərinə götürməyib. Verilmiş suallara əsasən o, iddiaçı ilə bağlanmış müqavilədə yekun sənədləşdirmə işlərinin "xxxx" MMC tərəfindən həyata keçiriləcəyinin qeyd olunmasını onunla izah etmişdir ki, bu "xxxx" MMC ilə Cavabdeh2 MMC arasında şəxsi və biznes əlaqələri bağlı ola bilər. Lakin həmin müqavilə üzrə "xxxx" MMC tərəfindən öhdəlik götürülməmişdir. Cavabdeh2 MMC-nin rəhbəri Nümayəndə2 Gülməmmməd oğlunun barəsində olan cinayət işi üzrə zərərçəkmişlərə vurulmuş zərərin "xxxx" MMC tərəfindən ödəməsinin səbəbi ilə bağlı isə bildirir ki, həmin epizodlar üzrə fərqli hallar ola bilərdi. Hazırkı işin faktiki halı isə odur ki, mənzil iddiaçıya Cavabdeh2 MMC tərəfindən satılıbdır. Mübahisə edilən mənzilin digər şəxsə təhvil verilməsi barədə, mənzilin hazırda boş olması barədə, 2009-cu ilə qədər hüquqlarını təmsil etdiyi Cəmiyyətlə digər cavabdeh “Vedi-“E MMC arasında xx.xx.2007-ci il tarixli müqavilədən başqa hər hansı bir digər müqavilənin olması barədə və mənzillə bağlı digər şəxslə müqavilə bağlanması barədə məlumatı yoxdur. Məhkəmə iddiaçı tərəfindən izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “İcraçı” Cavabdeh2 MMC-nin direktoru Nümayəndə2 ilə “Alıcı” İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən yaşayış binasının 8-ci blok, 8ci mərtəbəsində yerləşən, ümumi sahəsi 145 m2 olan, 3 otaqlı, 779 nömrəli mənzil 87.000 manat müqabilində İddiaçı mülkiyyətinə verilmişdir. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən müəyyən edilir ki, yekun sənədləşmə kompleks tikinti olduğu üçün Cavabdeh1 MMC tərəfindən həyata keçiriləcəkdir. - Cavabdeh2 MMC tərəfindən tərtib edilmiş və MMC-nin adından direktor Nümayəndə2 tərəfindən imzalanmış xx.xx.2008-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən yaşayış binası Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə məxsusdur. Həmin binanın 8-ci girişinin, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 145 m2 olan, 3 otaqlı, 779 nömrəli mənzilin ümumi məbləği 87.000 (səksən yeddi min) manat pul vəsaiti İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Maliyyə arayışı Cavabdeh2 MMC-nin möhürü ilə təsdiqlənmişdir. - Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 203 saylı Sərəncamının surətindən müəyyən edilir ki, Cavabdeh1 MMC-nin xx.xx.2005-ci il tarixli, 05 saylı müraciətinə əsasən Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal yaşayış massivində 1,0 ha torpaq sahəsi yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün həmin MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. - məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Aparatının xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktublarından müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2018-ci il tarixli Fərmanı ilə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən və idarəyə aid arxiv sənədləri müvafiq qurumda saxlanılır. Həmçinin Bakı şəhərinin inzibati ərazisində obyektlərin tikintisinə və istismarına icazələrin verilməsi AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. - məhkəmənin sorğusuna əsasən AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binaları üçün tikintiyə icazə sənədi Komitənin arxivində aşkar edilməmişdir. Lakin həmin ünvanda yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 saylı Fərmanına uyğun olaraq verilmiş AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli 318 nömrəli istismara icazə sənədinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Məktubda əlavə olaraq bildirilmişdir ki, "xxxx" MTK, Cavabdeh1 MMC və Cavabdeh2 MMC-nin qeyd olunan yaşayış binasında inşaat işlərinin aparılması və ya binanın təhviltəslimində həmin kooperativlərin nə kimi iştiraklarının olmasına dair Komitədə heç bir məlumat aşkar edilməmişdir. Həmin məktubla məhkəməyə təqdim edilmiş AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli 318 nömrəli yaşayış binasının istismara icazə sənədinin təsdiq olunmuş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 3 girişli, 2 səviyyə zirzəmili 14 mərtəbəli yaşayış binasından ibarət olan tikinti obyektinin sahibi "xxxx" MMC-dir (6-cı bənd). Sənəddən həmçinin müəyyən edilir ki, AR Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən xx.xx.2019-cu il tarixdən mübahisə predmeti olan mənzilin yerləşdiyi yaşayış binasının istismarına icazə verilmişdir. - məhkəmənin sorğusuna əsasən AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan müəyyən edilir ki, Cavabdeh1 MTK (VÖEN **********) xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin bildirilmişdir ki, xx.xx.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən Cavabdeh1 MTK-nın fəaliyyəti xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. - məhkəmənin sorğusuna əsasən AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, Cavabdeh2 MMC xx.xx.2006cı il tarixdə vergi uçotuna alınmış, xx.xx.2007-ci il tarixdən hazıradək Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Nümayəndə2 Gülməmmməd oğludur. Cəmiyyətin fəaliyyyəti xx.xx.2016cı il tarixdən xx.xx.2021-ci il tarixıədək dayandırılmış, hazırda isə fəaliyyəti aktivdir. -məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş, "xxxx" MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən müəyyən edilir ki, "xxxx" MMC özünə məxsus Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 203 saylı Sərəncamı ilə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində ayrılmış torpaq sahəsini və 2 bloklu yarımçıq qalmış binaları bu müqavilənin şərtlərinə uyğun olaraq tikinti işlərinin davam etdirilməsi üçün Cavabdeh2 MMC-yə həvalə etmişdir. Cavabdeh2 MMC isə öz növbəsində öna təqdim edilmiş yarımçıq yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz vəsaiti hesabına tam yerinə yetirilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.5-ci bəndindən müəyyən edilir ki, həmin müqavilə imzalandığı tarixdən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış alqı-satqı müqavilələri və digər əqdlər əsasında "xxxx" MMC-nin adından rəsmiləşdirilməli, əgər satış Cavabdeh2 MMC öz adında rəsmiləşdirəcəyi təqdirdə o, payçılar və rəsmi dövlət orqanları, alıcılar qarşısında özü, öz əmlakı ilə məsuliyyət daşımalıdır. Cavabdeh2 MMC gördüyü işin yarısının dəyərində yəni payına düşən hissəsinin 25%-i həcmində "xxxx" MMC-nin möhürü və imzası ilə satış apara bilər. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin predmetinə uyğun olaraq yarımçıq tikinti başa çatdıqdan sonra yarımçıq qalmış 2 bloklu binanın qalmış hissəsinin qarşılıqlı razılaşmaya əsasən zirzəmiləri, 1-ci və 2-ci mərtəbədəki qeyri-yaşayış sahələri və binanın mansard hissəsi tərəflər arasında 50% nisbətində, yaşayış sahələrinin isə bərabər pay şəklində yəni, mərtəbə-mərtəbə 2 hissəyə ayrılmaqla bölüşdürülməsi razılaşdırılmışdır. Həmçinin müqavilənin 4.2-ci bəndinə əsasən Cavabdeh2 MMC yarımçıq qalmış 2 bloklu binalara "xxxx" MMC-nin müqavilə bağlanan günədək xərclədiyi 1.308.300 (bir milyon üç yüz səkkiz min üç yüz) ABŞ dollarının, 100.000 ABŞ dollarını müqavilə bağlanan gün ilkin ödəniş kimi nəğd ödəyərək, 400.000 ABŞ dollarını 4 ay müddətində ödəyəcəyi, qalan 808.300 ABŞ dollarının əvəzinə isə hər bir kvadratmetri 500 ABŞ dollardan hesablanmaqla mənzillə əvəzləşdirəcəyini öhdəsinə götürməklə qalan sahələri bərabər nisbətdə bölüşdürəcəyini razılaşmışdır. Müqavilənin 3-cü bəndinə əsasən hər iki tərəfin qarşılıqlı razılaşmaya əsasən onlara çatası mənfəəti tələb etmək, birgə fəaliyyət dövründə maliyyə fəaliyyətinə nəzarət etmək, onlara çatası mənfəətin dəyərində yaşayış və qeyri-yaşayış sahəsi əldə etmək hüquqları vardır. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)-410/2016 saylı hökmündən müəyyən edilir ki, Cavabdeh2 MMC-nin direktoru Nümayəndə2 AR CM-nin 308.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin müəyyən edilir ki, Nümayəndə2 Cavabdeh2 MMCnin direktoru vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, həmin MMC-nin xx.xx.2005-ci il tarixli Nizamnaməsinin 9-cu bəndinə əsasən Cəmiyyətin mülkiyyətinə cari rəhbərlik etməklə icraedici orqanı və qanuni təmsilçilik funksiyasını yerinə yetirmək, Cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərmək və əqdlər bağlamaq, üçüncü şəxslərlə münasibətdə Cəmiyyəti təmsil etmək və operativ idarə edilməsini həyata keçirmək, rəsmi sənədləri imzalamaq və s. bu kimi səlahiyyətlərə malik məsul şəxs olmasına, eləcə də Cavabdeh1 MMC ilə bağlanmış xx.xx.2007-ci il və xx.xx.2007-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqavilələr, müqaviləyə əlavə və dəyişikliklər edilməsi haqqında xx.xx.2009-cu il tarixli müqavilənin tələblərinə əsasən Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2005-ci il tarixli 203 saylı Sərəncamı ilə sonuncu Cəmiyyətə ayrılmış Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal yaşayış massivində yerləşən torpaq sahəsində yarımçıq tikilmiş 2 bloklu hündürmərtəbəli yaşayış binalarının tikinti işlərini davam etdirməyi, işləri öz vəsaiti və ya öz payına düşən mənzillərin 30 faizinin satışından əldə olunan vəsait hesabına 36 ay müddətində layihə və tikinti sahələrinə uyğun başa çatdırmağı, tikinti başa çatdırıldıqdan sonra əldə ediləcək mənfəətin tərəflər arasında 50 faiz nisbətində bölünəcəyi, müqavilə imzalandığı tarixdən etibarən yaşayış və qeyriyaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, bu əməliyyatın Cavabdeh1 MMC-nin adından rəsmiləşdiriləcəyi, satışı öz adından aparacağı təqdirdə payçılar və alıcılar qarşısında öz əmlakı ilə məsuliyyət daşıyacağını öhdəsinə götürməsinə baxmayaraq, həmin tələblərə əməl etməməklə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib mənzillərin satışını həyata keçirib qazanc əldə etmək, torpaq sahəsi və ya tikintidə istifadə olunan materiallarla dəyişməklə satışı Cavabdeh1 MMC-nin adından deyil, direktoru olduğu Cavabdeh2 MMC-nin adından və möhürü ilə təsdiq edib, müqavilələrdə yekun sənədləşdirmə işlərinin həmin Cəmiyyət tərəfindən aparılacağını qeyd edərək rəsmiləşdirməklə və əksər hallarda sənədlərdə alıcılar tərəfindən ödənilmiş pul vəsaitinin məbləğinin fərqli göstərilməsi ilə ayrı-ayrı şəxslərə satmışdır. - məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 8-ci blokunun, 8-ci mərtəbəsində yerləşən 145 kv.metr sahəsi olan, 3 otaqdan ibarət 779 saylı mənzil mövcud deyildir. Ümumiyyətlə isə həmin yaşayış kompleksində 779 saylı mənzil mövcud deyildir. Həmçinin yerli baxış zamanı müəyyən edilmişdir ki, yaşayış kompleksində ümumilikdə 9 bina vardır, hər binanın isə bir bloku vardır. Binalardan üçündə hazırda yaşayış olmaqla, mənzillər təhvil verilmişdir. Digər 6 binada isə yaşayış yoxdur. Yaşayış olmayan binalarda yerləşən mənzillər isə tam təmirli vəziyyətdə olmaqla, binanın fasadında tamamlama işləri aparılıb, mərtəbələr üzrə döşəmələrin qurulması, liftlərin quraşdırılması və işə buraxılması, mərtəbələr üzrə daxili tamamlama-bəzək işləri, abadlıq işləri həyata keçirilib yekunlaşdırılmışdır. Yaşayış kompleksinin həyətinə daxil olduqda soldan sağa doğru saat əqrəbi istiqamətində 9 yaşayış binası yerləşir. Yaşayış üçün nəzərdə tutulan binalar aşağıdakı kimi layihələndirilmişdir: Soldan 1-ci bina bir bloklu olmaqla, 13 mərtəbədən ibarətdir, hər mərtəbədə 6 mənzil (1 ədəd – bir otaqlı, 1 ədəd dörd otaqlı, 1 ədəd üç otaqlı, 3 ədəd iki otaqlı) olmaqla cəmi 72 mənzil sahəsi mövcuddur, mənzillər pilləkanlardan soldan-sağa doğru ardıcıl olaraq sıra ilə 1-72 sıra sayı ilə nömrələnmişdir; 2-ci binada 1-ci bina bir bloklu olmaqla, 13 mərtəbədən ibarətdir, 1-ci mərtəbədə qeyri-yaşayış sahəsi, 2- 13-cü mərtəbələrdə mənzillər yerləşmişdir, hər mərtəbədə 8 mənzil (3 ədəd üç otaqlı, 4 ədəd iki otaqlı, 1 ədəd bir otaqlı) olmaqla cəmi 96 mənzil sahəsi mövcuddur, mənzillər pilləkanlardan soldan-sağa doğru ardıcıl olaraq sıra ilə 1-96 sıra sayı ilə nömrələnmişdir; 3-cü binada 1-ci bina bir bloklu olmaqla, 13 mərtəbədən ibarətdir, 1-ci mərtəbədə 3 mənzil sahəsi sahəsi, 2-13-cü mərtəbələrdə isə hər birində 8 mənzil (1 ədəd bir otaqlı, 4 ədəd iki otaqlı, 3 ədəd üç otaqlı) olmaqla cəmi 99 mənzil sahəsi mövcuddur, mənzillər pilləkanlardan soldan-sağa doğru ardıcıl olaraq sıra ilə 1-99 sıra sayı ilə nömrələnmişdir. Soldan sağa doğru yerləşən 4-5-6-cı binalarda yaşayış vardır və yuxarıda qeyd edildiyi kimi mənzillər təhvil verilmişdir. Həmin binalardan birində 15 mərtəbə var, 15 mərtəbədən 14-ündə yaşayış vardır. Yaşayış olan mənzillər 2-ci mərtəbədən başlayır. Həmin blokda ümumilikdə 86 mənzil vardır. 2-ci və 3-cü mərtəbələrdə 7 mənzil, digər mərtəbələrdə 6 mənzil mövcuddur. 1-7 saylı mənzillər 2-ci mərtəbədə yerləşir. Hazırda yaşayış olan digər binada isə mənzillər 87-170 aralığında sıra ilə nömrələnmişdir. Hazırda yaşayış olan binanın 3-cü binada isə mənzillər 171-242 aralığında sıra ilə nömrələnmişdir. Yaşayış mənzilləri 4-cü mərtəbədən başlayır. Hər mərtəbədə 6 mənzil mövcuddur. Kompleksin həyətində soldan sağa doğru saat istiqamətində yerləşən 7-ci bina bir bloklu olmaqla, 13 mərtəbədən ibarətdir, 1-ci mərtəbədə 4 mənzil sahəsi sahəsi, 2-13-cü mərtəbələrdə isə hər birində 8 mənzil (5 ədəd iki otaqlı, 2 ədəd üç otaqlı, 1 ədəd bir otaqlı) olmaqla cəmi 100 mənzil sahəsi mövcuddur, mənzillər pilləkanlardan soldan-sağa doğru ardıcıl olaraq sıra ilə 1-100 sıra sayı ilə nömrələnmişdir; 8-ci bina bir bloklu olmaqla, 13 mərtəbədən ibarətdir, hər mərtəbədə isə hər birində 6 mənzil (1 ədəd bir otaqlı, 1 ədəd üç otaqlı, 1 ədəd dörd otaqlı, 3 ədəd iki otaqlı) olmaqla cəmi 72 mənzil sahəsi mövcuddur, mənzillər pilləkanlardan soldan-sağa doğru ardıcıl olaraq sıra ilə 1-72 sıra sayı ilə nömrələnmişdir; 9-cu bina bir bloklu olmaqla, 13 mərtəbədən ibarətdir, 1-ci mərtəbədə qeyri-yaşayış sahəsi, 2-13-cü mərtəbələrdə isə hər birində 8 mənzil (3 ədəd üç otaqlı, 4 ədəd iki otaqlı, 1 ədəd bir otaqlı) olmaqla cəmi 96 mənzil sahəsi mövcuddur, mənzillər pilləkanlardan soldan-sağa doğru ardıcıl olaraq sıra ilə 1-96 sıra sayı ilə nömrələnmişdir. Göstərilənlərlə yanaşı yerli baxış zamanı müəyyən edildi ki, 6 yaşayış binasındakı mənzillərdə yaşayış yoxdur, Cəmiyyətin nümayəndəsi bildirmişdir ki, həmin məzillərə dair alqı-satqı müqavilələrinin olub-olmaması və mənzillərin sahiblərinə təhvil verilib-verilməməsi barədə məlumatı yoxdur. Beləliklə, məhkəmə araşdırması ilə işin müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisəli mənzilin aid olduğu Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal yaşayış massivinin yerləşdiyi 1,0 ha torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 203 saylı Sərəncamına əsasən yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün icarə əsasında Safari-N” MTK-nın istifadəsinə verilmişdir. Daha sonra AR Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən xx.xx.2019-cu il tarixdən mübahisə predmeti olan mənzilin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 3 girişli, 2 səviyyə zirzəmili 14 mərtəbəli yaşayış binasının istismarına AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə verilmişdir. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq icazə sənədi ilə təsdiq olunur ki, yaşayış binasının sahibi "xxxx" MTK-dır. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 MMC direktoru vəzifəsində işləyən Nümayəndə2 Cavabdeh1 MTK ilə onun arasında bağlanmış xx.xx.2007-ci il və xx.xx.2007-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqavilələr, müqaviləyə əlavə və dəyişikliklər edilməsi haqqında xx.xx.2009-cu il tarixli müqavilənin tələblərinə əsasən Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2005-ci il tarixli, 203 saylı Sərəncamı ilə Cavabdeh1 MTK-ya ayrılmış Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal yaşayış massivində yerləşən torpaq sahəsində yarımçıq tikilmiş 2 bloklu hündürmərtəbəli yaşayış binalarının tikinti işlərini davam etdirməyi, işləri öz vəsaiti və ya öz payına düşən mənzillərin 30 faizinin satışından əldə olunan vəsait hesabına 36 ay müddətində layihə və tikinti sahələrinə uyğun başa çatdırmağı, tikinti başa çatdırıldıqdan sonra əldə ediləcək mənfəətin tərəflər arasında 50 faiz nisbətində bölünəcəyi, müqavilə imzalandığı tarixdən etibarən yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, bu əməliyyatların Cavabdeh1 MTK-nın adından rəsmiləşdiriləcəyi, satışı öz adından aparacağı təqdirdə payçılar və alıcılar qarşısında öz əmlakı ilə məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Bu hallar Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)-410/2016 saylı hökmü ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)-410/2016 saylı hökmünü sübut olaraq qəbul edir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 MMC-nin direktoru Nümayəndə2 ilə “Alıcı” İddiaçı arasında Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən yaşayış binasının 8-ci girişinin, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 145 m2 olan, 3 otaqlı, 779 nömrəli mənzilin alğı-satqısına dair xx.xx.2008-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilədə mənzilin dəyəri 87.000 manat müəyyən edilmişdir. Eləcə də müqavilədə yekun sənədləşmə işlərinin Cavabdeh1 MTK tərəfindən aparılacağı qeyd edilərək rəsmiləşdirilmişdir. Həmçinin iddiaçının mənzilin dəyərini tam ödəməsini təsdiq edən və Cavabdeh2 MMC tərəfindən verilmiş maliyyə arayışında həmin yaşayış binasının Cavabdeh2 MMC və Cavabdeh1 MTK-ya məxsus olduğu qeyd edilmişdir. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək şirkətə 87.000 manat məbləğində ödəniş etmişdir. Lakin müqavilə üzrə öhdəlik götürmüş Cavabdeh2 MMC və yaşayış binasını sahibi olan Cavabdeh1 MTK xx.xx.2008-ci il tarixli müqavilə üzrə öhdəliklərini pozaraq bugünədək müqavilənin predmeti olan mənzili iddiaçıya təhvil verməmişdir. Hazırda iddiaçı dəyərini ödədiyi mənzilin cavabdehlər tərəfindən ona təhvil verilməsini tələb edir. Cavabdehlərin nümayəndələri isə məhkəmə iclaslarında bir-birinin ziddinə ifadə vermişdir. Belə ki, cavabdeh Safari-N" MTK-nın vəkili və nümayəndəsi Vəkil2 izahatında məsələnin "xxxx" MTK ilə heç bir əlaqəsi olmadığını, qeyd olunan müqavilənin sonundakı imza və möhürün Cavabdeh2 MMC-yə məxsus olduğunu, buna görə də həmin müqavilə üzrə Cavabdeh2 MMC-nin məsuliyyət daşıdığını bildirmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə2 Gülməmmməd oğlu isə izahatında qeyd olunan müqavilənin “Safari-N" MMC-nin göstərişinə əsasən bağlandığını, mənzili satmaq səlahiyyətinin “Safari-N" MTK tərəfindən verildiyini və buna görə də hazırkı mübahisə ilə bağlı “Safari-N" MTK məsuliyyət daşıdığından bu məsələni “Safari-N" MTK ilə iddiaçı aralarında həll edə biləcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzil iddiaçının əmlakı olduğundan, müqavilə üzrə öhdəlik lazımi qaydada və vaxtında icra edilmədiyindən müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 8-ci girişinin, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 145 m2 olan, 3 otaqlı, 779 nömrəli mənzil İddiaçı təhvil verilməlidir. Lakin hazırkı halda qeyd olunan yaşayış binasına yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 8-ci girişinin, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 145 m2 olan, 3 otaqlı, 779 nömrəli mənzil mövcud deyildir. Müqavilədə qeyd olunan 779 nömrəli mənzilin mövcud olmaması isə tərəfləri məsuliyyətdən azad etmir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, müqavilədən irəli gələn tələblər onun tərəflərinə qarşı irəli sürülə bilər. Bu ümumi hüququn təməl prinsiplərindən biridir. Cavabdehlər “Safari-N" MTK və Cavabdeh2 MMC arasında işgüzar əlaqələrdən irəli gələrək birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə bağlamaqla öz aralarında müəyyən edilmiş səlahiyyət bölgüsündə, üzərilərinə götürdükləri öhdəliklərin həcmindən asılı olmayaraq MM-nin 359-cu maddəsinin tələbinə əsasən Cavabdeh2 MMC-nin təmsilçilik səlahiyyətinin olması işin faktiki hallarından da göründüyü kimi mövcud olan şəraitə əsasən müəyyən edilir. Nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir, subyektlərin şəxsi mənafelərini həyata keçirməsi üçün şərait yaratmaqdır. Bunun üçün isə ən ümdə şərt hüququn müəyyənliyi və hüquqi etimaddır. Dolayısı ilə mülki hüquq subyektləri mülki hüquq münasibətlərinə girərkən qarşı tərəfin bununla bağlı hərəkət etməkdə səlahiyyətli olmasını güman etməyə haqlıdırsa, o zaman bununla bağlı hərəkət edən tərəf vicdanlı hesab olunmalıdır. Hazırki işin faktiki hallarından da göründüyü kimi iddiaçı binada sifarişçi “Safari-N" MMC-nin göstərişi ilə podrat müqaviləsinə əsasən mənzil inşa edən Cavabdeh2 MMC-nin mənzili satmaq səlahiyyətinin olmasını güman etməkdə haqlı olmuşdur. Çünki mövcud şərait bunu bilavasitə diktə etmişdir. Cavabdeh “Safari-N" MMC isə bunun əksini dəlalət edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Hətta məhkəmə hökmündə də müəyyən edilir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərə münasibətdə vurulmuş zərər məhz “Safari- N" MMC tərəfindən ödənilmişdir. Məhkəmə tərəflərin hüquq və mənafeyini nəzərə alaraq qeyd edir ki, Cavabdeh2 MMC-nin direktoru Nümayəndə2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli alğısatqı müqaviləsinə əsasən İddiaçı təhvil verilməli olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 8-ci girişinin, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 145 m2 olan, 3 otaqlı, 779 nömrəli mənzil həmin binada aşkar edilmədiyindən, cavabdehlərin üzərinə eyni xüsusiyyətlərə malik, lakin mənzil nömrəsi müəyyən edilməyən - Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 8-ci girişinin, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 145 m2 olan, 3 otaqlı mənzilin təhvil verilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə qeyd edir ki, qeyd olunan yaşayış binası, dolayısı ilə həmin binada yerləşən və mübahisə predmeti olan mənzil cavabdehlər Cavabdeh1 MMC-yə məxsus olduğundan, onun sifarişi ilə mənzilin inşası Cavabdeh2 MMC-yə həvalə edilməklə, mövcud şəraitə görə onun mənzilin satışı ilə bağlı səlahiyyətli olması müəyyən edildiyindən, həmçinin xx.xx.2008-ci il tarixli müqavilə üzrə tərəf olan Cavabdeh2 MMC-nin mənzilin təhvil verilməsi barədə öhdəliyi yarandığından mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyi hər iki cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MTK-nın üzərinə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsi, 8-ci blokunda yerləşən, sahəsi 145 m2 olan, 3 otaqlı mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddiaçı ərizəsində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulmasını tələb etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçınin özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan və yuxarıda qeyd olunan müəyyən sənədlərdə cavabdehin adı Cavabdeh1 MMC, digər sənədlərdə isə Cavabdeh1 MTK kimi əks olunsa da, elektron portal çıxarış məlumatlarına əsasən cavabdehin adının Cavabdeh1 MTK olduğu müəyyən olunduğundan, məhkəmə qeyd olunan sənədlərdə texniki yanlışlıq olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehin adı Cavabdeh1 MTK kimi qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MTK-nın üzərinə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsi, 8-ci blokunda yerləşən, sahəsi 145 m2 olan, 3 otaqlı mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar