Məhkəmə qərarları › İş №2(004)-1591/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1591/2022

13.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1591/2022 13.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X4 oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1956-cı ildə mübahisəli evdə anadan olmuşdur. Həmçinin həmin ünvanda pasport qeydiyyatındadır. Bir müddət övladları ilə birlikdə yaşamışdır. Hazırda isə öz ata-baba evinə köçüb yaşamaq istəyir. Lakin qardaşı Cavabdehağa Məmmədəli oğlu vəfat etdikdən sonra onun oğlu hazırkı iş üzrə cavabdeh evə təkbaşına sahiblik edərək iddiaçının ata-baba evinə köçüb yaşamasına icazə vermir. İddiaçı övladları ilə birlikdə yaşamağa başlayarkən, doğulub boya-başa çatdığı və atababa yurdu olan mübahisəli evə baxması üçün mərhum qardaşı Cavabdehağa Məmmədəli oğluna 5000 manat pul vermişdir. Buna digər qardaşları da şahiddir. Cavabdeh hər vəchlə iddiaçının həmin evdə yaşamasına mane olur. Onun da cavabdeh qədər həmin evdə yaşamaq hüququ vardır. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı təxminən 4-5 ildir ki, mübahisəli evdə səhhəti ilə bağlı yaşamır, oğullarının yanında yaşayır. Mübahisəli evə dair hüquqmüəyyənedici sənədlər yoxdur. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək izahatında göstərmişdir ki, 1946-cı ildən atası Cavabdehağa Məmmədəli oğlu, anası X2 və daha sonra o, mübahisəli evdə yaşamışlar. Mənzilin kommunal xərcləri valideynləri, daha sonra isə onun tərəfindən ödənilmişdir. O, iddiaçıın həmin evdə yaşamasını görməmişdir. Atası 01.09.2021-ci il tarixdə vəfat etdikdən sonra iddiaçı atasına guya 5000 manat məbləğində pul verdiyini iddia edir. Lakin bunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etmir. İddiaçı ailə quraraq daimi yaşamaq üçün ərinə məxsus evə köçmüş və hal-hazırda da ərinə məxsus Şüvəlan qəsəbəsində yerləşən evdə yaşayır. Mübahisəli ev dövlət qeydiyyatına alınmamış, evə dair hüquqmüəyyənedici sənədlər yoxdur. Onun yaşadığı evin yalnız Yasamal rayon MKTB-nin 40 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib və təsdiq edilmiş planı vardır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, tərəflər mübahisəli evdə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəməyə evin hüquqi rejimi, yəni dövlət və ya xüsusi mülkiyyətdə olmasına dair sübut təqdim edilməmişdir. Tərəflərin izahatına əsasən ev özbaşına tikilidir. Cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC-nin və Mənzil Kommunal Təsərrüfat Birliyinin 2010-2022-ci illərə dair ödəniş qəbzlərində mübahisəli evin sahibi kimi cavabdehin atası Qurbanov Əzizağa göstərilmişdir. Tərəflərin izahatına əsasən cavabdehin atası 2021-ci ildə vəfat etmişdir. Yasamal rayon MKTB-nin 40 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi tərəfindən 23.12.2021-ci il tarixdə çəkilmiş və MKİS-nin möhürü ilə təsdiq edilmiş mübahisəli mənzilin planından görünür ki, mənzil ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşir, ümumi sahəsi 11,8 kv.metrdir. Mənzilin cavabdehin anası X1 məxsus olması qeyd olunmuşdur. İddiaçının nümayəndəsinin izahatına əsasən iddiaçı 4-5 ildir ki, övladları ilə yaşayır, cavabdehin izahatına əsasən iddiaçı ailə quraraq daimi olaraq mübahisəli evdən köçüb getmiş və cavabdeh doğulduğu gündən iddiaçını həmin evdə yaşadığını görməmişdir. İddiaçı onun cavabdeh tərəfindən mübahisəli evdə yaşamasına maneçilik törətməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən icarədarı müvəqqəti başqa yerə getmiş yaşayış sahəsində yaşayan ailə üzvləri qaldıqları bütün sahədən əvvəlki şərtlərlə istifadə etmək ixtiyarına malikdirlər; həm də onlar bu sahənin icarə müqaviləsinə əsasən bütün hüquqları həyata keçirir və bütün vəzifələri daşıyırlar. İstifadə hüququ müvəqqəti başqa yerə getmiş vətəndaş üçün saxlanan mənzil sahəsi artıq mənzil sahəsi sayılmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ailə quraraq daimi olaraq ərinə məxsus evə köçdüyündən, son 4-5 ildə də övladlarına məxsus evdə yaşadığından mübahisə evə istifadə hüququnu itirmişdir. Odur ki, onun mübahisəli evə köçürülməsi iddiası əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar