Məhkəmə qərarları › İş №2(004)-1599/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1599/2020

24.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1599/2020 24.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxx” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının yazılı müraciətlərinə cavab verməməsini qanunsuz hesab etməyi, İddiaçı şəxsi işində olan bütün sənədlərin, o cümlədən iddiaçının işə qəbul olunması barədə sənədlərin (müsabiqə və onun nəticələrinin əks olunduğu sənədlərin) habelə xx xxxxxx 2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli Əlavəsinin təsdiq olnmuş surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şəxsi işdə saxlanılan bütün sənədlərin, o cümlədən işə qəbul olunmağı barədə sənədlərin (müsabiqə və onun nəticələrinin əks olunduğu sənədlərin) təsdiq olunmuş surətlərinin ona təqdim edilməsi üçün cavabdehə yazılı müraciət etmişdir. Mövcudluğu cavabdeh tərəfindən iddia edilən xx xxxxxx 2014-cü il tarixli əmək müqaviləsinin 01 saylı Əlavəsinin də təqdim edilməsi üçün müraciət etmiş, lakin ona cavabdeh tərəfindən yazılı müraciətlərə cavab verilməmişdir. Cavabdeh tərəfindən ona xx.xx.2014-cü il tarixdə əmək müqaviləsinin 1 nömrəli əlavəsi adı altında bir sənəd təqdim edilmiş, lakin təqdim edilən sənəddə, onun məhz xx.xx.2014cü il tarixli əmək müqaviləsinə aid olmasını təsdiq edən heç bir qeyd müəyyən edilməmişdir. Belə ki, ona təqdim edilən sənəddə ümumiyyətlə tarix göstərilməmiş, həmin sənəd blank formasında olmaqla, hər səhifəsi cavabdeh Cəmiyyətin ştampı ilə və onun əməkdaşının imzası ilə təsdiq edilmişdir. Həmçinin təqdim edilən blankın vəzifə öhdəlikləri əsas öhdəliklər və əsas rəhbərlik öhdəlikləri qeyd olunan səhifələrində onun imzası da olmamışdır. Təkrarən yazılı müraciət etməyinə baxmayaraq cavabdeh tərəfindən ona heç bir cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirdi ki, o, 2014-cü ilin iyun ayında vakant yer barədə məlumat aldıqdan sonra Azercell-ə müraciət etmişdir. Azercelldə ilk dəfə olaraq yüksək vəzifəyə yerli, yəni Azərbaycanlı mütəxəssisin, korporativ müştərilər üzrə biznes bölməsinin rəhbərinin (qısa səkildə - B2B Direktor) təyin olunması barədə qərar verilmişdir. Bu qərar eyni zamanda TeliaSoneranın bütün törəmələrinə də aid idi. Qeyd etmək lazımdır ki, yeni yaradılacaq korporativ müştərilər üzrə biznes bölmənin rəhbər vəzifəsi birbaşa yalnız Azercell-in prezidentinə tabe olunması nəzərdə tutulurdu. Dolayısı ilə, eyni zamanda, korporativ müştərilər üzrə biznes bölmənin rəhbərlərinin işini İstanbuldakı ofisdə oturan kommersiya məsələləri üzrə Vitse-Prezident və B2B direktoru koordinasiya edirdilər. TeliaSonera rəhbərliyi korrupsiya qalmaqalı və Azercell-dəki qeyrisağlam vəziyyəti nəzərə alaraq korporativ müştərilər üzrə biznes bölmənin rəhbəri vəzifəsi üçün namizədləri Azercell şirkətinin xaricində axtarışa başlamışdır. Namizədlərə əsas tələblər bunlar idi: korporativ biznes təcrübəsi, mənəvi dəyərlərin yüksək olması, rəhbər vəzifələrdə iş təcrübəsi, Azərbaycanda böyük biznes çevrəsinin olması və mükəmməl ingilis dilinin bilməsi. Bu vəzifənin məsuliyyətini və ilk dəfə yerli kadrın təyin olunması nəzərə alaraq TeliaSonera rəhbərliyi daxili prosedur və qaydalara uyğun olaraq namizədlər ücün çox mərhələli müsabiqə elan etmişdir. İlkin mərhələdə namizədlərin əsas tələblərə uyğun olub-olmamasını müəyyənləşdirilikdən sonra İstanbulda TeliaSoneranın və TeliaSonera Yevraziya ofisinin rəhbərlərinin iştirakı ilə müsahibə keçirilməsi planlaşdırılırdı. Bu müsahibədən uğurla keçənyalnız bir neçə finalistlər TeliaSonera tərəfindən cəlb olunan müstəqil şirkətin (KornFerry) təşkil etdiyi çox mərhələli qiymətləndirmə testlərə və biznes simulyasiyalara dəvət alırdılar. Son mərhələdə namizədlərin yüksək rəhbər vəzifəsinə uyğun olaraq təhlükəsizik baxımından yoxlanılması nəzərdə tutulurdu. Çox mərhələli müsabiqə birinci mərhələ tərcümeyi hal və İstanbulda müsahibə, ikinci mərhələ onlayn biznes simulyasiya, canlı interaktiv simulyasiya, təkbətək kouçla canlı görüş, üçüncü mərhələ isə təhlükəsizliyin yoxlanılması və iş təklifindən ibarət idi. Birinci mərhələ 2 hissədən ibarət idi: 1) B2B direktoru vəzifəsi vakansiyasının əsas tələblərinə uyğun olan namizədlərin müəyyənləşdirilməsi (tərcümeyi-hal əsasında); 2) TeliaSonera Yevraziya ofisində seçilmiş namizədlərlə müsahibə. Bu vəzifəyə vakansiya elan olunduqdan sonra iddiaçı öz tərcümeyi-halını 2014-cü il iyun ayının 9-u Azercell-in əvvəlki prezidenti cənab Kiril Qaburiçiyə e-mail vasitəsi ilə göndərmişdir. Həmin gün cənab Kiril Qaburiçi onun sözügedən məktubunu Azercell-in kadrlar idarəsinin direktoru xanım Ziba Mustafayevaya ötürmüşdür. Birinci mərhələnin birinci hissəsini uğurla keçdiyi üçün 2014-cü il 26 avqust tarixində Azercell-in kadrlar idarəsinin direktoru xanım Ziba Mustafayeva müsahibədən keçmək üçün onu TeliaSoneranın İstanbuldakı Yevraziya ofisinə dəvət etmişdir. Müsahibə 2014-cü il 28 avqust tarixində saat 10:00-da təyin olunmuşdur. Qeyd olunan tarix və vaxtda bu ofisdə müsahibədən keçmişdir. Müsahibədə TeliaSoneranın və TeliaSonera Yevraziya ofisinin rəhbərləri iştirak edirdilər. Müsahibədən uğurla keçdiyi ücün o, ikinci mərhələyə dəvət olunmuşdur.İkinci mərhələni keçirilməsi məqsədilə TeliaSonera Azercell-lə birlikdə Stokholmda yerləşən kadrların idarə olunması üzrə nüfuzlu beynəlxalq məsləhətçi KornFerry şirkətini dəvət etmişdir. İkinci mərhələ bir neçə hissələrə bölünmüş və onlayn biznes simulyasiyalardan, qiymətləndirmə testlərindən və müsahibədən ibarət idi. KornFerry tərəfindən hazırlanmış bu mərhələ şirkətin xüsusi qiymətləndirmə alətindən – Dahi Lider GPS (Great Leader GPS) - istifadə olunurdu. Bu qiymətləndirmə aləti yüksək rəhbər vəzifə tutan şəxslər ücün nəzərdə tutulmuşdur. Azercell-in kadrlar idarəsinin direktoru Ziba Mustafayeva 2014-cü il 12 sentyabrda növbəti ikinci mərhələ haqqında məlumat vermişdir. X7 biznes simulyasiyalar və müsahibə üçün 2014-cü il sentyabr ayında keçirilməsi məqsədilə 2 variant təklif edirdi. Lakin onun xaricdə əvvəlcədən planlaşdırılmış işgüzar görüşlərə görə simuliyasiyalar oktyabr ayına keçirilmişdir. Bununla bağlı Azercell-in kadrlar idarəsinin direktoru Ziba Mustafayeva 2014cü ilin 14 sentyabr tarixli məktubunda biznes simulyasiyaları və müsahibəni oktyabrın 6 və 7-də keçirilməsini təklif etdi. Eyni zamanda, KornFerry şirkətinin nümayəndəsi layihə koordinatoru xanım Teresa BejaranoDel Rio 2014-cü il sentyabrın 15-də və sonra oktyabrın 1-də ikinci mərhələnin bütün hissələrini açıqlamış və təyin olunmuş günlər haqqında ətraflı məlumat vermişdir Məlumata əsasən aşağıda göstərilən tədbirlər planlaşdırılmışdır: onlayn hissələr (ümumi 8 saat): - Biznesin təhlili və hazırlıq tapşırıq oktyabrın 3, 2014 (1 saat); onlayn biznes simulyasiyası - oktyabrın 3, 2014 (3 saat); onlayn inventory simulyasiyası - oktyabrın 3, 2014 (3 saat); interaktiv tapşırıqlar (ümumi 4.5 saat),Virtual simulyasiya - oktyabrın 6, 2014 (4.5 saat), müsahibə (ümumi 1.5 saat), təkbətək kouçla müsahibə - oktyabrın 7, 2014 (1.5 saat). İkinci mərhələni də uğurla keçdiyim ücün mən növbəti mərhələyə dəvət olundum. Üçüncü mərhələdə TeliaSonera və Azercell tərəfindən təhlükəsizlik yoxlama prosesi başlamalı idi və bu TeliaSoneranın bütün yüksək vəzifə tutan rəhbərləri üçün nəzərdə tutulan ümumi və qlobal bir prosesidir. Bu proses tam məxfi şəkildə keçirilir. Sınaq imtahanlarından və qiymətləndirmə testlərindən müvəffəqiyyətlə keçdikdən sonra 2014-cü il oktyabrın 24-də Azercell-in kadrlar idarəsinin direktoru Ziba Mustafayeva tərəfindən bildirilmişdir ki, onun haqqında TeliaSoneranın bütün yüksək vəzifə tutan rəhbərləri ücün nəzərdə tutulan təhlükəsizlik yoxlama prosesi məxfi şəkildə başlanacaq. Təhlükəsizlik yoxlaması başa çatdıkdan sonra və paralel şəkildə namizədlərə iş təklifi göndərilir və onunla təklifdəki müavinatlar və şərtlər ətrafında danışıqlar aparılır. Yoxlama prosesini uğurla bitirdikdən sonra 2014-cü il oktyabrın 29-da Azercell tərəfindən X3 başçısı vəzifəsi üçün iş təklifi almışdır. Azercell şirkətinin yeni təşkilat strukturuna və X4 uyğun olaraq tutduğu vəzifəyə görə o birbaşa şirkətin prezidentinə və dolayısı ilə İstanbulda yerləşən TeliaSoneranın Yevraziva ofisinin kommersiya məzələləri üzrə Vitse-Prezidentə tabe olurdu. O, Azercell tərəfindən imzalanmaya təqdim olunan Əmək Müqaviləsi ilə tanış olarkən sözügedən müqavilənin sınaq haqqında maddəsinin çıxarılmasını təklif etmişdir. Buna səbəb olaraq, onun müsabiqədən uğurla keçməyini və rəhbər vəzifəsinə təyin olunmağını vurğulamışdır. Lakin Azercell-in kadrlar idarəsinin direktoru Ziba Mustafayeva bildirdi ki, bu formal və standart bir müqavilə formasıdır və hamıya şamil olunur. Azercell-dən gələn iş təklifini xx xxxxxxx 2014-cü il tarixində qəbul etmişdir. Azercell B2B direktoru vəzifəsi ilə bağlı iş təklifini qəbul etdikdən sonra Azercell bütün öz əməkdaşları arasında şirkət daxilində 6 noyabr, 2014-cü il tarixində Azərbaycan və ingilis dillərində müvafiq duyuru yaymışdır. Duyuruda bildirilirdi ki, "İddiaçı yeni yaradılacaq Korporativ X6 Rəhbəri vəzifəsinə təyin edilərək, xx xxxxxx 2014-cü il tarixindən etibarən işə başlayacaq". Beləliklə, 2014-cü il dekabrın 1-də o, Azercell-də Korporativ X6 Rəhbəri vəzifəsinə başlamışdır. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçınınnümayəndəsi və vəkili nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, şəxsi işdə olan sənəd kimi İddiaçı CV-si, kadr uçot vərəqi ilə yanaşı həmçinin TeliaSoneranın İstanbul ofisinin məktubu və Cavabdeh MMC ilə İddiaçı yazışmaları təqdim edilirsə və TeliaSoneranın İstanbul ofisi ilə İddiaçı işə qəbulu və işdən azad edilməsi razılaşdırılırsa, İddiaçı ilə müsabiqənin keçirilməsinə dair sənədlər də şəxsi işə əlavə edilməli və həmin sənədlər onlara təqdim olunmalıdır. Hətta İddiaçı məhkəməyə təqdim etdiyi email yazışmalarından aydın olur ki, Cavabdeh MMC-nin vəzifəli şəxsi Ziba Mustafayevanın testlərin keçirilməsindən xəbəri olmuş və testlərin keçirilməsi vaxtları Ziba Mustafayev ilə razılaşdırılmışdır. Bu onu göstərir ki, İddiaçı müsabiqə ilə işə qəbul olunmuşdur. Əgər İddiaçı müsabiqədən keçərək işə qəbul olunubsa iddiaçı da həmin müsabiqəyə dair sənədləri istəyir, hansı ki şəxsi işdə olmalıdır. Cavabdehin nümayəndəsi isə müsabiqənin keçirilmədiyini, keçirilibsə də Cavabdeh MMC bu müsabiqədə iştirak etmədiyini qeyd edir. Lakin müsabiqənin keçirilməsi və Cavabdeh MMC-nin biləvasitə həmin müsabiqədə iştirak etməsini sübut olunur. Həmin sənədlərin təqdim edilməsi iddiaçı üçün xarici şirkətlərə müraciət olunması və digər səbəblərə görə vacibdir. TeliaSoneranın İstanbul ofisi İddiaçı işə qəbulu və işdən azad edilməsi razılaşdırılması barədə məktub təqdim edib. Onlar, həmin razılaşdırmanın protokolunun və razılaşdırmanın hansı qaydada aparılması barədə sənəd təqdim edilməsini cavabdehin nümayəndəsindən xahiş etmiş, bəlkə də razılaşdırma dedikdə müsabiqə nəzərdə tutulur? Həmçinin bildirdi ki, tərəf daxili fəaliyyətini tənzim edən və müsabiqənin keçirilməsi qaydasını tənzim edən nizamnaməsini və ya əsasnaməsini məhkəməyə təqdim etməmişdir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia əsassızdır. İddiaçının məhz hansı sənədləri tələb etdiyi aydın deyildir. Belə ki, 2015-ci ildə 2(004)-6466/2015 saylı iş çərçivəsində tərəflər arasında əmək mübahisəsinə baxılarkən həmin sənədlər məhkəməyə təqdim edilmişdi. İddiaçının özü əmək kitabçasının surətini, əmək müqaviləsinin surətini, yazılı xəbərdarlıq və email yazışmalarını, cavabdeh isə xx xxxxxx 2014-cü il və xx xxxx 2015-ci il tarixli əmək müqavilələrinin, o cümlədən də həmin müqavilələrə 01 və 02 saylı əlavələrin, K- 170, K-26\a, K-26\b və K-51 saylı əmrlərin, xx xxxxxx 2015-ci il tarixli 4844 saylı məktubun, xx xxx 2015-ci il tarixli 11182 saylı məktubun surəti və alınmasını təsdiq edən email məhkəməyə təqdim etmişdir və əmək mübahisəsi çərçivəsində həmin sənədlər araşdırılmışdır. xx xxxxxx 2014-cü il tarixli müqaviləyə 01 saylı Əlavənin təsdiqlənmiş surəti iddiaçının xx xxxxxx 2019-cu il tarixli məktubuna cavab olaraq da ona göndərilmiş və çatdırılmışdır. İddiaçının nümayəndəsinin həm 2015-ci ildə məhkəməyə təqdim edilmiş, həm də 2019-cu ildə onlara göndərilmiş 01 saylı Əlavə barəsində Əlavədə tarixin olmaması və bütün səhifələrinin iddiaçı tərəfindən imzalanmaması barədə fikrinə cavab olaraq cavabdehin nümayəndəsi bildirdi ki, 1 nömrəli əlavə əmək müqaviləsinin ayrılmaz tərkib hissəsidir və müqavilədən ayrı şəkildə nəzərdən keçirilə bilməz. Müqavilənin tarixi həm də Əlavənin tarixidir. Müsabiqə ilə bağlı sənədlərin niyə verilmədiyinə aydınlıq gətirən cavabdehin nümayəndəsi bildirdi ki, iddiaçının işə qəbulu ilə bağlı müsabiqə elan edilməmiş və keçirilməmişdir. Bunu iddiaçının özü də dolayı yolla etiraf edərək işə götürülərkən doldurduğu şəxsi anketdə şirkətə necə gəlməsi barədə suala “şirkət prezidentinin tövsiyəsi ilə” cavabını vermişdir. Cavabdeh MMC şirkətində müsabiqənin keçirilməsini tənzimləyən hər hansı qaydalar və Müsabiqə Komissiyası mövcud olmadığından, onun hər hansı qərarı da mövcud deyil yəni iddiaçı müsabiqə yolu ilə vəzifə tutmadığından, keçirilməmiş müsabiqə ilə bağlı hər hansı sənəd verilməsi qeyrimümkündür. Əmək Məcəlləsinin 50-ci maddəsinin ona aid olmaması qənaətinə gələrək işə qəbul zamanı bu mexanizmdən istifadə etmir. Əmək Məcəlləsinin 2014-cü ildə qüvvədə olduğu redaksiyasında 50.2-ci maddədə deyilirdi ki, müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması, bir qayda olaraq, elm, təhsil müəssisələrində elmi, elmipedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. Cavabdeh elm və təhsil müəssisəsi olmadığından, iddiaçının da vəzifəsi elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı olmamışdır. Buna görə də, qanunvericilik cavabdehin üzərinə həmin vəzifə ilə bağlı müsabiqə elan edilməsi vəzifəsini qoymamışdır. Eyni zamanda, müsabiqə keçirməli olmayan şirkətin və ya onun sərmayəçisinin hər hansı vəzifəyə iddia edən namizədin həmin vəzifəyə uyğunluğunun yoxlaması üsulları (o cümlədən, müsahibə, simulyasiyalar, test və s) qanunvericiliklə məhdudlaşdırılmamışdır və bu hüquq istənilən sektorda fəaliyyət göstərən istənilən kommersiya təşkilatının azad sahibkarlıq fəaliyyətinin tərkib hissəsidir. İddiaçının namizədliyi cavabdehin o dövrki sərmayəçisi olan TeliaSonera Eurasia şirkəti tərəfindən dəyərləndirilmiş, o müxtəlif testlərdən keçirilmişdir. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, K-170 saylı X11 işə qəbul olunması haqqında əmrdən görünür ki, Vüqar İkram oğlu X9 X5 X6 rəhbəri vəzifəsinə xx.xx.2014-cü il tarixindən başlayaraq 3 aylıq sınaq müddəti ilə maaşı ştat cədvəlinə əsasən təyin edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, K-51 saylı X11 əmək müqaviləsinə xitam verilməsi haqqında Əmrdən görünür ki, korporativ X6 rəhbəri İddiaçı cari əmək müqaviləsinə xx.xx.2015-ci il tarixindən AR Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli məktubun tərcümə edilmiş surətindən görünür ki, Cavabdeh tərəfindən cənab İddiaçı əmək müqaviləsinin xitam edilməsinə TeliaSonera Eurasia rəhbərliyinin yanaşması Azercelin yanaşması ilə üst-üstə düşür. xx.xx.2014-cü il tarixdə cənab İddiaçı xxxxxxxxxxxxxxxx MMC tərəfindən X10 rəhbəri vəzifəsinə təyin edilmidir. 02.03,2015-ci il tarixdə sınaq müddətini keçməməsi səbəbindən onun müqaviləsinə xitam verilmiş və eyni tarixli üç aylıq müddətli müqavilə imzalanmışdır. xx.xx.2015-ci il tarixində müqavilə müddəti bitmiş və müqavilə uzadılmışdır. Müddətsiz və sonrakı müddətli müqavilələrə xitam verilməsi qərarları qüvvəyə minməzdən öncə TeliaSonera Eurasiya ofisi ilə razılaşdırılmışdır. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsinə əvvəllər məhkəmələrdə baxılmış, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-6466 saylı qətnaməsi ilə tələb təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-6249/2015 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(102)-1705/16 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 7700 saylı məktubdan görünür ki, Cavabdeh MMC-yə xx xxxxxx 2019-cu il tarixində daxil olmuş ərizəyə cavab olaraq bildirilmişdir ki, onunla əmək müqaviləsi bağlanan zaman xx xxxxxx 2014-cü il tarixli əmək müqaviləsinin, ona 1 nömrəli əlavənin (vəzifə öhdəlikləri forması) və 2 nömrəli əlavənin (iş təklifi formu) işçiyə aid nüsxəsi təqdim edilmişdir. Həmçinin onun şəxsən iştirak etdiyi və əlavə olaraq nümayəndə ilə təmsil olunduğu Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olmuş 2(004)-6466/2015 saylı mülki iş üzrə nümayəndəsi tərəfindən yazılı vəsatətlə müvafiq sənədlər tələb edilmiş və bir sıra sənədlər o cümlədən xx xxxxxx 2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli əlavəsi (vəzifə öhdəlikləri forması) məhkəməyə təqdim edilmiş, iş materiallarına əlavə edilərək (iş vərəqi 47-50) onun və nümayəndəsinin həmin əlavə ilə tanış olmaq, surətlər çıxarmaq imkanı olmuşdur. xx xxxxxx 2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli əlavəsinin (vəzifə öhdəlikləri forması) müvafiq surəti təkrar olaraq onun diqqətinə çatdırılmışdır. Məktuba sənədlərin tələb edilməsinə dair vəsatətin surəti – 1 vərəqdə, xx xxxxxx 2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli əlavəsinin (vəzifə öhdəlikləri forması) surəti – 4 vərəqdə qoşulmuşdur. İddiaçının Cavabdeh MMC-yə xx xxxxxxxx 2019-cu il tarixində daxil olmuş ilkin müraciəti ilə eyni məzmunlu ərizəsi ilə təsdiq edilir ki, o xx.xx.2019-cu il tarixli 7700 saylı məktubu və qoşmalarını almışdır. Göstərilənlərə əsasən və o cümlədən 2019-cu ildə cavabdeh xx xxxxxx 2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli Əlavəsinin surətini iddiaçıya göndərdiyindən məhkəmə hesab edir ki, cavabdeh Əmək Məcəlləsinin 88.1-ci maddəsi ilə onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirmişdir, iddia tələbləri əsassızdır. İddiaçının müsabiqə və onun nəticələrinin təqdim edilməsi tələbinə gəldikdə isə, məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulmuş qaydada iddiaçı barəsində müsabiqənin keçirildiyi, iddiaçının həmin normanın nəzərdə tutduğu müsabiqə yolu ilə vəzifə tutması və bu barədə cavabdehin işəgötürən kimi sənədləşmə aparıması xüsusatı sübuta yetirilmir. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 2014-cü ildə qüvvədə olmuş redaksiyası elm və təhsil sektorundan kənarda olan işəgötürənlərin üzərinə müsabiqə keçirmək vəzifəsi qoymamış, o zaman və hal-hazırda da ümumiyyətlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 50-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş vəzifələrin müsabiqə yolu ilə tutulması qaydası və müsabiqənin keçirilməsi şərtləri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Həmçinin qanunun tələbinə əsasən iddia edilən müsabiqə açıq elan edilməli, bütün iddialı namizədlərin və işçilərin iştirakı təmin edilməli, müsabiqə komissiyasının qərarı ilə müsabiqənin qalibi olan namizəd ilə mütləq müqavilə bağlanmalıdır. Lakin məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən həmin vəzifənin müsabiqə yolu ilə tutulmasına heç bir istinad yoxdur, müsabiqənin qalibi kimi iddiaçı ilə müqavilə bağlanması tərəflərin təqdim etdiyi heç bir sənəddə qeyd edilməmiş, həmçinin hər hansı müsabiqənin məhz “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən keçirilməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hər hansı müsabiqənin keçirilməsi təsdiq edilmədiyindən, müsabiqə barədə sənədlərin təqdim olunması barədə iddiaçının tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin onun hüquqlarını pozduğunu sübut edə bilmədiyindən iddiaçının mövcud olmayan sənədlərin cavabdehdən alınması tələbi əsassızdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar