Məhkəmə qərarları › İş №2(004)-1619/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1619/2022

13.04.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1619/2022 13.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Mızı qızına qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna 369 saylı bağ sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2009-cu il tarixdə cavabdeh ilə şahidlərin iştirakı ilə 10 000 manat qarşılığında hazırda yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna 369 saylı bağ sahəsini cavabdehdən almışdır. Bununla bağlı qonşuların aktı və öz aralarında yazılı sübutlar var. Ancaq müəyyən vaxtdan sonra ona məlum olmuşdur ki, cavabdeh ona satdığı bağ sahəsini başqa şəxsə də satmaq istəyir. Tərəflər aralarında şifahi və yazılı şəkildə üzərilərinə öhdəlik götürmüşlər. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək aralarında razılaşdığı məbləği cavabdehə ödəyəcəkdir, cavabdeh isə bunun qarşılığında bağ sahəsinin sənədlərini hazırlayıb iddiaçının adına rəsmiləşdirəcəkdir. İddiaçı pulu ödədikdən sonra cavabdeh bağ sahəsini öz adına rəsmiləşdirmiş və ƏMDK yanında DƏDRX-nn Bakı ərazi idarəsindən bu barədə seriya RX ******* saylı 10.06.2017-ci il tarixli mülkiyyət hüququ haqqında çıxarış almışdır. Həmin çıxarış əsasında evi müllkiyətinə keçirmək üçün çıxarışın əslini və ona etibarnamə vermişdir. İddiaçı sənədləşmə üçün müvafiq quruma müraciət etdikdə bunun mümkün olmadığı və ona verilmiş etibarnamənin etibarsız, yəni ləğv olunduğu ona məlum olmuşdur. Cavabdeh onu inandırmaq üçün ona etibarnamə vermiş, ancaq həmin etibarnaməni dərhal ləğv etmişdir. Cavabdeh iddiaçını aldatmış və etibarından sui-istifadə etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Göründüyü kimi tərəflər arasında münasibətlər 2009-cu il tarixdə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə istinad etmişdir. 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllədən 335-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi: M a d d ə 3 3 5 . Əqdin notarial formasına riayət edilməməsinin nəticələri 335.1. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. 335.3. Əqdin notariat qaydasında təsdiqlənməsindən əsassız boyun qaçıran tərəf əqdin bağlanmasının ləngidilməsi nəticəsində dəyən zərərin əvəzini digər tərəfə ödəməlidir. Göründüyü kimi tərəflər arasında alqı-satqı münasibətləri 2009-cu il tarixdə yarandığından və dövrdə 335-ci maddəsi Mülki Məcəllədən çıxarıldığınıdan hazırkı mübahisəyə həmin maddə tətbiq edilə bilməz. Mülki Məcəllənin 646.1–ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir Mülki Məcəllənin 394-cü maddəsinini 09.02.2018-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi və notariat qaydasında təsdiq edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Beləliklə Mülki Məcəllənin 394-cü maddəsinə tərəflər arasında cavabdehə məxsus mübahisəli bağ sahəsi barəsində alqı-satqı müqaviləsi bağlanmış hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı (bu barədə sübutlar mövcud olduğu halda) cavabdehə qarşı onun tərəfindən mübahisəli torpaq sahəsinə görə ödənilmiş pulların tələbi və dəymiş maddi zərər tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya öədinilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar