Məhkəmə qərarları › İş №2(004)-1620/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1620/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1620/2022 21.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “beh müqaviləsinin bağlanmış hesab edilməsi və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “beh müqaviləsinin bağlanmış hesab edilməsi və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, beh müqaviləsinin bağlanmış hesab edilməsi, cavabdeh tərəfindən yerinə yetirilməmiş işlər üçün iddiaçı tərəfindən ödənilmiş 5300 manat beh məbləğinin 2 misli miqdarında, yəni 10600 manat pulun və 5300 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslnadırılmışdır ki, istehlakçı qismində onunla, cavabdeh-fərdi qaydada mebel düzəldərək icraçı qismində razılığa ğələrək, aralarında xx.xx.2020-cı il tarixli şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin şərtlərinə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonunda yerləşən mənzilə cavabdeh tərəfindən yeni mebel düzəldib quraşdırmalı; həmin işlərin ğörulməsinin ümumi dəyəri 13 000 manata razılaşdırılmış; müqavilə bağlandığı zaman ümumi dəyərin 50%-i miqdarında, yəni 6500 manat beh olaraq cavabdehə ödənilməli; cavabdeh tərəfindən öhdəliklər 1 ay ərzində tam olaraq yerinə yetirilməli və sonra qalan, yəni 6500 manat ona ödənilməli idi. Müqavilə bağlandığı zaman onun tərəfindən cavabdehə beh olaraq 6500 manat nağd pul vəsaiti ödənilmiş, lakin, müqavilə bağlandığı vaxtdan 7 ay keçməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı bir iş görülməmişdir. Mütəmadi olaraq cavabdehə edilmiş çoxsaylı müraciətlərdən sonra müəyyən olunmuşdur ki, ona ödənilmiş beh məbləğini özünün məsrəflərinə xərclədiyi üçün işə başlaya bilməmişdir. Odur ki, cavabdehlə aparılmış uzun danışıqlardan sonra ona bildirmişdir ki, əgər beh məbləğinə əlavə olaraq 1000 manat ödəsə, işləri vaxtında görüb qurtara bilər. O,cavabdehi çoxdan tanıdığı və ona inandığı üçün dekabr ayında, beh məbləğinə əlavə olaraq 1000 manat da nağd pul vermişdir. Həmin pulu verdikdən sonra cavabdeh evinə bir-iki qapı və plintuslar qoymuşdur. Bundan sonra, cavabdehə 500 manat, sonradan isə yenə də 300 manat pul vermişdir. Ümumilikdə 8300 manat beh versə də, onun evində gördüyü işlərin qiyməti 3000 manatdır. Cavabdeh öhdəliyini tam olaraq yerinə yetirmədiyinə ğörə, ona ödədiyi 8300 manat beh məbləğindən 3000 manat gördüyü işlərin dəyərini çıxılmaqla, qalan 5300 manatın ona qaytarılmasını tələb etmişdir. Cavabdeh pulun yaxın zamanlarda qaytaracağını vəd etsə də, hər dəfə müxtəlif bəhanələr gətirməklə, pulun qaytarılmasından yayınmışdır. Ona görə də, Abşeron rayon Polis idarəsinə müraciət etmişdir. Göstərilən faktlar, cavabdeh tərəfindən verilmiş izahatda demək olar ki, tam etiraf edilmişdir. Abşeron rayon Polis İdarəsinin 05 may 2021- ci il tarixli HK/1-3053 saylı qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüquqnun olması bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, əvvəl işlərin görülməsi 12000 manata razılaşdırılıb. Sonra əlavələr olduğu üçün məbləğ bir az artmışdır. İddiaçı tərəfindən 5000 manat əvvəlcə beh verilib. Həmin məbləğə cavabdeh iddiaçı üçün ev qapıları, plintuslar və mebel korpusları yığmışdır. Sonra 2500 manata yaxın yenidən beh verilib. Həmin məbləğə materiallar alınıb, doğranılıb və hal-hazırda Biləcəri qəsəbəsində yerləşən sexdədir. Yerdə qalan 5000 manatı iddiaçı verməyib və bildirmişdir ki, onda bu qədər pul yoxdur. Cavabdeh iddiaçıya bildirmişdir ki, qalan 5000 manatı hissə-hissə versin ki, işləri görüb qurtara bilsin. Lakin iddiaçı yerdə qalan pulu verməmişdir və iş yarımçıq qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmçə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin 05 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, o, mebel quraşdırma işləri ilə məşğul olur. İddiaçı onun qohumlarının evində iş görüdüyü vaxtdan, yəni 15 il olar ki tanıyır. 2020-ci ilin avqust ayında Vurğun ona Bakı şəhəri, Xətai rayonunda yerşələn evinə mebel işini görməsini dedikdə onun evinə baxmış və mebel işlərini 13000 manata razılaşmışlar. 2020-ci ilin avqust aylnda Abşeron rayonu, Mehdiabad qəsəbəsində Vurğun ilə görüşmüş və işə başlamaq üçün Vurğun ona 6500 manat pul vermişdir. Bundan ay yarım sonra işə başlaya bilməmiş, sonra işə başşlamışdır. Daha sonra 2020-ci ilin dekabr ayında Abşeron rayonu, Mehdiabad qəsəbəsində Vurğun ona yenidən 1000 manat vermiş, daha sonra 500 manat, sonradan isə 300 manat pul vermişdir. Ümumilikdə ona 8300 manat vermişdir. O da Vurğunun evinə mebel quraşdırmış, qalan pula da materiallar almışdır və hazırda materiallar sexdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında podrat münasibətləri olmuşdur. Belə ki, tərəflər arasında razılaşmaya əsasən cavabdeh iddiaçıya məxsus mənzilə mebel əşyası düzəldib quraşdırmalı idi. Həmin işlərin görulməsi 13000 manata razılaşdırılmışdır. İddiaçı cavabdehə bunun üçün əvvəl 6500 manat, sonra isə hissəhissə olmaqla, ümumilikdə 8300 manat ödəmişdir. Cavabdeh izahatında iddiaçıdan həm məbləğdə pul almasını qəbul etmişdir. Bununla belə tərəflər arasında yazılı formada beh haqqında razılaşma bağlanılmamışdır. Həmçinin, cavabdeh mebel əşyasını lazım olan materialı iddiaçıdan aldığı vəsait hesabına satın almaqla özünə məxsus sexdə hazırlamışdır. Bunun üçün də, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə pul vəsaiti verilmişdir. Verilmiş pul vəsaiti beh kimi deyil, əşyanın hazırlanması üçün lazım olan materialın alınması üçün verilmişdir. Bu hal həmçinin iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə pul vəsaiti verilməsi ilə də təsdiq edilir. Bu səbəbdən tərəflər arasında beh müqaviləsinin bağlanmış hesab edilə bilməz. Mülki Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Mülki Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Məhkəmə həmçinin qeyd edir ki, öhdəliyin cavabdehin təqsiri səbəbindən tam yerinə yetirilməməsi işin hallarına əsasən öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh mebel əşyasını lazım olan materialı iddiaçıdan aldığı vəsait hesabına satın almaqla özünə məxsus sexdə hazırlamış, bunun üçün də iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə pul vəsaiti verilmişdir. Cavabdeh iddiaçının mənzilində müəyyən işlər görmüş, iddiaçı qalan məbləği ödəmədiyi üçün cavabdeh razılaşdırılmış işi başa çatdıra bilməmişdir. İddiaçı cavabdehin onun mənzilində görüdüyü işlərinin dəyərinin 3000 manat təşkil etdiyini iddia etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “beh müqaviləsinin bağlanmış hesab edilməsi və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “beh müqaviləsinin bağlanmış hesab edilməsi və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar