Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1639/2024 04.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh cəmi 16000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Yasamal rayonu ərazisində təkər sexində təkər ustası kimi işləyir. Cavabdeh İsmayıl da onun işlədiyi yerə mütəmadi olaraq gəlmiş, beləliklə onların arasında səmimi münasibətlər yaranmışdır. Bir gün cavabdeh ona bildirmişdir ki, bir iş var, iş çox gəlirlidir. Əgər istəsə o da pul qoysun və ikiqat qazanc əldə etsin. Çox götür-qoy etdikdən sonra cavabdehə bildirmişdir ki, onun cəmi 15.000 ABŞ dolları pulu var, həmin pulu qoya bilər. Cavabdeh ona əminliklə bildirmişdir ki, pulu qoysa, 1 il ərzində həmin pulun ikiqat məbləğini alacaqdır. Lakin nə iş görəcəyindən, pulu necə qazanacağından heç bir artıq məlumat verməmişdir. 2022-ci ilin yay aylarında həmişəki kimi dost kimi görüşmüşlər və o, 15.000 ABŞ dolları pulu ona vermişdir. Daha sonra isə cavabdeh ondan 1000 manat borc pul istəmiş, həmin məbləğdə borc pulu da ona vermişdir. Lakin 1 ildən çox müddət keçdikdən sonra İsmayıldan 15.000 ABŞ dollar pulun və 1000 manat borcun aqibətini soruşmuş, İsmayıl isə hər dəfə ona müxtəlif bəhanələr uyduraraq yola vermişdir. Daha sonra çoxlu təkidləri nəticəsində 10.000 manat pulunu və borc kimi verdiyi puldan 500 manat pulu geri ala bilmişdir. Nəticə etibari ilə qalan pulunu geri ala bilməmişdir. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə şikayətlə müraciət etmiş, ona cavabdehlə aralarında olan məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin İddiaçı müraciətinin araşdırılmasına dair xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı ərizə ilə 19-cu PŞ-nə müraciət edərək bildirmişdir ki, təxminən il yarım əvvəl Səmədzadə İsmayıl adlı şəxsə borc olaraq 15000 ABŞ dolları pul vermişdir. Lakin 1 ildən sonra 10000 manat geri qaytarmış, pulun qalan hissəsini isə bugünədək ödəməmişdir. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. ərizəyə baxılarkən müəyyən olunmuşdur ki, müraciətdə göstərilən xüsusatlar mülki xarakterlidir və məhkəmə tərəfindən həll oluna bilər. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciətində qeyd edilmiş xüsusatlar araşdırılmış və müəyyən olunmuşdur ki, müraciətində göstərdiyi məsələ mülki xarakterlidir və bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan hazırki mülki iş üzrə iddiaçı və cavabdeh arasındakı watsapp yazışmalarına dair çıxarışlardan cavabdehin iddiaçıya pul qaytarmalı olduğu görünsə də, məbləğin nə qədər təşkil etdiyi müəyyən olunmur. Bununla yanaşı iş materiallarında olan flaskartda təqdim olunmuş watsapp səs yazılarından Cavabdeh İddiaçı 16000 manat məbləğində pul qaytarmalı olduğunu söyləməsi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Əsassız varlanma hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halında yaranır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan pul qoyaraq ikiqat qazanc əldə edəcəyi bəhanəsi ilə 2022-ci ilin yay aylarında 15000 ABŞ dolları məbləğində pul almışdır. Lakin bir müddət sonra iddiaçı cavabdehdən 15.000 ABŞ dollar pulun aqibətini soruşduqda, cavabdeh müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Lakin 1 ildən sonra 10000 manat geri qaytarmış, pulun qalan hissəsini isə bugünədək ödəməmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qalan 16000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, hazırki mülki iş üzrə iddiaçı və cavabdeh arasındakı watsapp yazışmalarına dair çıxarışlardan cavabdehin iddiaçıya pul qaytarmalı olduğu görünsə də, məbləğin nə qədər təşkil etdiyi müəyyən olunmur. Bununla yanaşı, iş materiallarında olan flaskartda təqdim olunmuş watsapp səs yazılarından Cavabdeh İddiaçı 16000 manat məbləğində pul qaytarmalı olduğunu söyləməsi müəyyən edilir. Buradan da cavabdehin iddiaçıya 16000 manat məbləğində pul qaytarmalı olduğu öz təsdiqini tapır. Odur ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh tərəfindən iddiaçıdan alınmış pul iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16000 (on altı min) manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 238, 244, 358 və 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16000 (on altı min) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1639/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-1639/2024
04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver