Məhkəmə qərarları › İş №2(004)-1649/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1649/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1649/2023 02.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC (Aivadesk Travel) cəlb olunmaqla Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 30/000 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 31 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh təxminən 1 ildir tanıyır, "xxxx" MMC turizm şirkətində bilet avia kassiri işlədiyi müddətdə tanış olmuşdur. Həmin vaxt Cavabdeh “Arkan Tur” turizm şirkətinin rəhbəri vəzifəsində çalışırdı. Onun şirkətinin birbaşa aviabilet satmağa icazəsi olmadığından Cavabdeh onun çalışdığı şirkət vasitəsilə öz müştərilərinə bilet satmışdır. Bir neçə dəfə uğurlu əməkdaşlıqları olduqdan sonra artıq aralarında inam yaranmış və onlar bu şəkildə işləməyə davam etmişlər. Cavabdeh müştərilərinin biletlərini o yazırmışdır. Belə ki, onun kompüteri vasitəsilə çalışdığı şirkətinin sisteminə qoşulmaq üçün şirkət tərəfindən icazəsi var idi və cavabdehin müştərilərinin biletlərini də həmin sistemə qoşularaq yazmışdır. Beləliklə çalışdıqları müddət ərzində biletləri yazır, hər ayın ilk 10 günündə yazmış olduğu biletlərin pullarına münasibətdə cavabdehdən bu məbləğləri almışdır. Bu fəaliyyətlərində isə heç vaxt problemlərlə rastlaşmamışlar. O, sonuncu dəfə 2021-ci ilin aprel ayı üçün 1-29 aprel tarixlərinə olan müddət ərzində cavabdehin sifarişi ilə onun müştəriləri üçün 100.000 (bir yüz min) manat dəyərində aviabilet yazmışdır. Həmin vaxtdan etibarən Tünzaləyə dəfələrlə borcunu ödəməyi desə də, o bu məbləğdən yalnız 70.000 (yetmiş min) manat məbləği ödəmişdir. Qalan 30.000 min manat məbləği isə hazıradək ödəməmişdir. Daha sonra cavabdehin bu əməllərinin qarşısını almaq üçün o, Nizami rayon polis idarəsinə müraciət edərək onun əməllərində cinayət tərkibinin olduğunu və onun barəsində Azərbaycan Respublikasının cinayət işi başlanmasını xahiş etmişdir. Nizami Rayon Polis İdarəsində müraciəti araşdırıldıqdan və hər iki tərəfin izahatı alındıqdan sonra qərar qəbul edilmişdir ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsin, qərarın surəti maraqlı tərəfə verilməklə mülki qaydada məhkəməyə müraciət etməsi ona bildirilsin. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hesab edir ki, iddia tələbi, qanunidir, əsaslıdır və cavabdeh tərəfindən aldığı biletlər müqabilində ödəməli olduğu 30000 manatlıq iddia tələbi təmin edilməlidir. İddiaçının ərizəsi əsasında Yasamal Rayon Məhkəməsinin 2(004)-5843/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə qeyd edilən mülki işə qiyabi icraat qaydasında baxılmış, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1649/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən məhkəmənin 2(004)-5843/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraat təzələnərək mahiyyəti üzrə yenidən baxılması qərara alınmışdır. Məhkəmənin təşəbbüsü ilə "xxxx" MMC (Aivadesk Travel) mülki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, avia şirkətdə işlədiyi müddətdə iddiaçı cavabdehi tanımışdır. Hətta iddiaçı əvvəllər cavabdehin özünü təqdim etməsinə görə “Sara” kimi tanımışdır. Lakin sonradan barəsində şikayət verdikdən sonra öyrənib bilmişdir ki, onun adı “Sara” deyil “Tünzalə”dir. Hətta televiziya verilişlərində Tünzalənin qanunsuz əməlləri barədə məlumat xarakterli reportaj olmuşdur ki, bir neçə travel şirkətlərinin etibarından sui-istifadə edərək pulları mənimsəmişdir. Pərviz də zərərçəkmişdir. Belə ki, o, Tünzaləyə 100.000 manat bileti nisyə satmış, 70.000 manat hissəsini ödəməsinə baxmayaraq, qalıq qalan 30.000 manatı ödəməkdən imtina edir. Tünzalə barəsində Pərvinin müraciəti əsasında Nizami RPİ-nin 24-cü PB-də aparılan araşdırma zamanı o, Pərvinə 30.000 borcunun olmasını etiraf etmiş və hissə-hissə ödəyəcəyini vəd etmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, cinayət tərkibi yoxdur və mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Verilmiş suallara əsasən o, qəbul etmişdir ki, Pərvin biletləri satanda əmək müqaviləsinə əsasən "xxxx" MMC-də kassir işləmişdir. Hazırda şirkət Pərvindən pulu tələb etməklə onun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdiyindən hesab edir ki, zərər məhz Pərvinə dəymiş buna görə də onun hazırki tələbi irəli sürməyə subyektiv hüququ vardır. Lakin qəbul edir ki, Pərvin tərəfindən şirkətə vurulmuş 30.000 manat vəsaitdən hər hansı ödəniş həyata keçirməmişdir. X1 ödəniş edəcəyi təqdirdə, o, da şirkətə pulu ödəyəcəkdir. Hesab edir ki, zərər iddiaçıya dəyib, çünki şirkət ondan pulu tələb edir. Tünzalə ilə mülki hüquq münasibətlərinə Pərvin daxil olmuşdur. Tələbin maddi hüquqi əsası tərəflər arasında olan razılıq və alğı-satqıdır. Şirkətin rəhbəri isə ümumiyyətlə cavabdehi tanımır və onunla hər hansı mülki hüquq münasibətlərinə daxil olmamışdır. Şirkət qarşısında Pərvin maddi məsuliyyət daşıyır. Şirkət qarşısında satıcı olaraq Pərvin öhdəlik daşıyır, müştəri olan Tünzələ isə şirkət qarşısında deyil Pərvin qarşısında öhdəlik daşıyır. Çünki, iddiaçı cavabdehi əvvəldən tanıyıb, iddiaçının hansı şirkətdə işləməsinin fərqi olmamışdır. Dolayısı ilə Pərvin hansı şirkətdə işləməsindən asılı olmayaraq cavabdeh bileti ondan alacaqdır. Şirkət isə bileti Pərvinə etibar edib, bilet üzərində sərəncam vermək hüququ Pərvində olubdur. Pərvin də həmin hüququndan istifadə edərək, biletləri Tünzaləyə satıbdır. Belə olan halda isə, Pərvin öz əmlakını satmış olur, hansı ki, bilet üzərində sərəncam vermək hüququ Pərvində olubdur. İddiaçının şirkət qarşısında borcu cavabdehə satdığı biletin pulunun geri qaytarılmamasına görə yaranan borcdur. Dəqiqləşdirici suallar əsasında o, əlavə olaraq qeyd edir ki, biletin sahibi birbaşa şirkətdir, iddiaçı bileti şirkətin adından satıbdır. Əgər cavabdeh pulu iddiaçıya ödəyərsə iddiaçı həmin pulu şirkətə ödəyəcəkdir. Pərvin əgər şirkətə həmin pulu ödəsə Pərvin zərərçəkmiş olacaqdır. Biletin iddiaçının imzası ilə və ya şirkətin imzası ilə satılması ilə bağlı heç bir məlumatı yoxdur. O, eyni zamanda məhkəmənin diqqətinə çatdırmışdır ki, Pərvin Tünzalənin törətdiyi əmələ görə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Belə olan halda, sübuta ehtiyac yoxdur ki, zərər Pərvinə dəyibdir. Dolayısı ilə Pərvin biletlər üzərində sərəncam vermək hüququna malik olub. Pərvin şirkət tərəfindən ona həvalə edilmiş, onun sərəncamına verilmiş biletləri satıbdır. Eləcə də şirkətlə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə münasibətdə qeyd edir ki, müqavilənin 5.2-ci bəndindən də görünür ki, icra riskinə görə iddiaçı məsuliyyət daşıyır. İşçinin funksiyalarından isə görünür ki, Pərvin yeni müştərilərin cəlb edilməsi və borc yığımına nəzarət funksiyasını həyata keçirmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, nümayəndəsi və vəkilinin izahatını təsdiq edir. Əlavə olaraq bildirir ki, cavabdeh bəzən ödənişləri onun hesabına, bəzən isə şirkətin kart hesabına ödəniş etmişdir. Hesab edir ki, şirkətin kart hesabına ödəniş olduqda həmin ödənişin Tünzalə tərəfindən həyata keçirilməsi aşkar olmuşdur. Bundan əlavə Tünzalə ilə aralarında olan şifahi işgüzar razılaşmaya əsasən hər biletə görə əlavə 10 manat ödəniş olmuş, həmin 10 manatın 5 manatı AZAL hava yollarının müəyyən etdiyi qaydaya görə şirkətə bonus olaraq, 5 manatı isə ona çatmışdır. Bu razılaşmadan isə şirkətin məlumatı olmuşdur. Tünzaləyə 2020-2021-ci illər üzrə avqust ayından aprel ayına qədər biletləri satışmış və təxminən 8-9 ay qarşılıqlı işləmişlər. Onun kiminlə işlədiyini şirkətin direktorunu bildirmişdir. "xxxx" MMC-də işləyərkən aylıq 800 manat əmək haqqı almışdır. Cavabdehi Aviadesk MMC-də işləməmişdən öncə tanımışdır. Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı "xxxx" MMC travel şirkətində əmək müqaviləsinə əsasən işləyib. İddiaçı şirkətin təmsilçisi olubdur. Bilet satışından əldə edilən gəlir isə iddiaçının deyil şirkətin mülkiyyətidir. Həmçinin iddiaçı şirkətə heç bir ödəniş etməyib ki, cavabdehdən də reqres qaydasında pul tələb etsin. Hesab edir ki, biletlər cavabdehə şirkətin adından Pərvin tərəfindən kassir kimi satılıb. Biletlər Pərvinin adından satılmayıb. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi kassa qəbzlərində də şirkətin adı yazılıb. Cavabdeh yalnız şirkətə münasibətdə borcunun olmasını qismən etiraf edir. Hazırda isə iddiaçı şirkət olmadığından mövcud borca dair məhkəməyə sübut təqdim etməkdən imtina edir. Buna görə də hesab edir ki, tələb hüququ şirkətə məxsus olduğundan, tələb hazırda iddiaçı olan Pərvinə münasibətdə güzəşt edilmədiyindən, buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən, həmçinin Pərvin tərəfindən şirkətə cavabdehin mövcud borcundan hər hansı məbləğdə vəsait ödənilmədiyindən Pərvinin hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Hüquqlarını təmsil etdiyi cavabedeh Nizami RPİ-də izahat verərkən Pərvinə qarşı borcunu etiraf etməsinə baxmayaraq, o, ifadəsinin təzyiq və təhdid altında vermişdir. Nizami Rayon Polis İdarəsində cinayət işinin başlanması rədd edilməsinə baxmayaraq, hazırkı faktla bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq gedir, həmin iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmasına baxmayaraq bu halla da razılaşmayaraq və bəraət verilməsi üzrə mövqelərini əsaslandırmışlar. Həmçinin məhkəməyə təqdim edilən zərərşəkmiş şəxs qismində tanınmaya dair qərarda tarix və qeydiyyat nömrəsi olmadığından sübut olaraq qəbul edilməməsini xahiş edir. Verilən suala əsasən qeyd edir ki, təzyiqlə bağlı hər hansı hüquq-mühafizə orqanına müraciət etməmişlər. Məhkəməyə təqdim edilmiş əmək müqaviləsinin 5-ci paraqrafından da görünür ki, işçi olaraq Pərvin satışla bağlı yaranmış zərərə görə məsuliyyət daşımır. Əmək müqaviləsi olması mübahisəyə aydınlıq gətirir ki, onlar arasında əmək münasibətləri olmuşdur. Burada iddiaçıya heç bir zərər dəyməmişdir. Bu hal, bir daha ona dəlalət edir ki, onun hazırki tələblə bağlı subyektiv hüququ yoxdur. Göstərilənlərə əsasən o, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Aviadesk Travel) nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, o, "xxxx" MMC-nin (Aviadesk Travel) qanuni təmsilçisi və direktorudur. O, cavabdeh olan Cavabdeh tanımır, yalnız mübahisə yarandıqdan sonra bir dəfə onunla görüşmüşdür. Həmin vaxt Cavabdeh borcunun olmasını etiraf edərək hissə-hissə ödəyəcəyini vəd etmişdir. İddiaçı isə şirkətin işçisi kimi tanımışdır. Belə ki, iddiaçı onun rəhbərlik etdiyi şirkətdə bilet satışı ilə məşğul olmaqla kassir vəzifəsində işləmişdir. Kassir kimi onun vəzifəsi bilet satmaqdan ibarət olmuşdur. Mübahisə ilə bağlı qeyd edir ki, iddiada göstərilən zərər şirkətə dəyibdir. Təxmini olaraq vurulmuş zərərin məbləği 30.000 manat təşkil edir. Şirkətdə mövcud qaydalara əsasən biletlər əsasən şirkətlərlə bağlanmış müqavilələrə əsasən satılır. Bilet satışı ilə bağlı müqaviləni şirkət rəhbərləri, turagentləri və s. ilə bağlayırlar. Onlar vətəndaşa birbaşa olaraq bilet satmır, ancaq şirkətlərə satırlar. Tanımadığı vətəndaş onlara müraciət edərkən nəğd şəkildə pulunu ödəyib biletini alır. Digər hallarda isə AZAL havayolları 10 gün ödəniş üçün möhlət verdiyindən, biletlər şirkətlərə müqavilə əsasında 10 gün möhlətlə nisyə satılır. Şirkətdə hesablar aparan zaman müəyyən etmişdir ki, İddiaçı satışı yüksəkdir. Bu barədə ondan soruşduqda ona bildirmişdir ki, Tünzalə adlı şəxsə nisyə satıbdır. O, isə Tünzaləni ümumiyyətlə tanımır və onunla müqavilə bağlamamışdır. Lakin Pərvin onu əmin etmişdir ki, heç bir qorxusu yoxdur, Tünzalə onun ailəvi dostudur və gələcəkdə problem yaranacağı təqdirdə cavabdeh şəxs özüdür. Cavabdehlə iddiaçı ünsiyyətdə olduğu üçün biletlərin konkret olaraq hansı müddətdən etibarən ona satıldığını bilmir. O, hesabatı yalnız iddiaçı ilə aparmışdır. Biletlər Pərvinin adına yazılmış, müştərinin kim olmasını maraqlanmamışdır. O, iddiaçı barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə rəsmi qaydada müraciət edib pulunu tələb etmiş və orada araşdırma aparılmışdır. Lakin araşdırma zamanı Pərvin məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra mübahisə mülki xarakterli olduğundan rədd edilmişdir. Hazıradək nə iddiaçı Pərvin, nədə cavabdeh Tünzalə tərəfindən ona 30000 manat borc məbləğindən ödəniş edilməmişdir. Əlavə olaraq bildirir ki, ona Tünzalə pul ödəsə də, həmin pulu Tünzalədən qəbul etməyəcəkdir, pulu Pərvindən istəyir. Biletlərin satışından əlavə gəlir olaraq hər biletdən 5 manatın Pərvinə çatmasından isə məlumatı olmuşdur. Əvvəl borc məbləği 70-100 min manat arası olubdur və 30 min manata qədər borc məbləği düşübdür. Hesab edir ki, işçinin bileti kimə satdığından asılı olmayaraq cavabdeh işçidir. Ona görə də iddiaçı Pərvinin bileti kimə satdığından asılı olmayaraq cavabdeh Pərvindir və o, pulunu Pərvindən tələb edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan - Nizami RPİ-nin 24-cü PŞ-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarına əsasən müəyyən edilir ki, aparılmış araşdırma zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, İddiaçı işlədiyi "xxxx" MMC agent olaraq bilətləri alaraq subagent kimi ona satmışdır.1-29 aprel tarixlərində İddiaçı 100.000 manat dəyərində bilet yazdırmış və həmin biletlərin dəyərini 70.000 manat həcmində ödəmişdir. Qalan 30.000 manat pulu isə uçuş biletlərinin əksəriyyətinin vaxtı çatmadığına və ödəniş edilmədiyinə görə ödəyə bilməmişdir. Araşdırma zamanı Cavabdeh "xxxx" MMC-də kassir vəzifəsində işləyən İddiaçı ilə aralarında olar işgüzar münasibətlər zəminində Cavabdeh sifarişi əsasında aviabiletlərin təxminən dəyərinin 30.000 manatlıq hissəsinin ödənilməməsi aşkar edilmişdir. - "xxxx" MMC ilə İddiaçı ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-də satış meneceri vəzifəsində işləməyə başlamışdır. Müqavilənin 5.1-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər istehsal və icra riski istiana olmaqla biri digərinə zərər vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətinə əsasən müəyyən edilir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən "xxxx" MMC-də satış meneceri vəzifəsində çalışmış və xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı MMC-də işlədiyi müddət ərzində cavabdehlə əməkdaşlıq edərək ona 100.000 manat dəyərində aviabilet satmışdır. Aviabiletlərin dəyəri cavabdeh tərəfindən 70.000 manat həcmində ödənilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən aviabiletlərin dəyərinin ödənilməmiş hissəsi olan 30.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh isə iddiaçının iddia üzrə pul tələb etməsi üçün subyektiv hüququnun olmadığını bildirərək iddianın rədd olunmasını xahiş edir. Cavabdeh həmçinin şirkət qarşısında borcunun olmasını qismən etiraf edərək, borcun 30000 manatdan az olmasını iddia edir. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, işin hallarından görünür ki, iddiaçı cavabdehlə "xxxx" MMC-nin işçisi olaraq bilet satışı ilə bağlı əməkdaşlıq etmiş, biletləri MMC vasitəsilə alaraq cavabdehə satmışdır. Cavabdeh isə aldığı biletlərin dəyərini ödəməyərək şirkətə ziyan vurmuşdur. Göründüyü kimi yaranan mülki hüquq münasibətləri nəticəsində zərər iddiaçıya deyil, "xxxx" MMC-yə dəymişdir. Bununla yanaşı, MMC-nin nümayəndəsi məhkəmə iclasında cavabdehə qarşı hər hansı pul tələbinin olmadığını bildirmiş, məhkəmə iclasında iddiaçının "xxxx" MMC ilə əvəz olunması müzakirə edilməsinə baxmayaraq, "xxxx" MMC-nin nümayəndəsi bununla razılaşmamışdır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, MMC-yə dəymiş zərərlə bağlı iddiaçı tərəfindən şirkətə hər hansı ödəniş edilməmişdir və iddiaçı hazırda MMC-nin işçisi olmadığı kimi, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdə də (xx.xx.2021) MMC-də olan vəzifəsindən azad edilmişdir. Bu halda o, şirkətin nümayəndəsi olmamaqla Cavabdeh və "xxxx" MMC arasında olan münasibətlərə əsasən "xxxx" MMC-yə dəymiş ziyanın əvəzinin öz xeyrinə tutulmasını tələb edə bilməz. Məhkəmə qeyd olunanları nəzərə alaraq qeyd edir ki, hazırkı halda iddiaçının aviabiletlərin dəyərinin ödənilməmiş hissəsi olan 30.000 manat məbləğində pulu cavabdehdən tələb etmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ olmadığından, qalıq borcun real məbləği ilə bağlı məsələyə hüquqi qiymət vermir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC (Aivadesk Travel) cəlb olunmaqla Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar