Məhkəmə qərarları › İş №2(004)-1650/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1650/2023

14.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1650/2023 14.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron məlumat bazasına yerləşdirilməsi öhdəliyinin cavabdehin və X3 Xidmətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi əsasında Cavabdeh MMC-də müddətsiz olaraq işə götürülmüşdür. 2022-ci ilin iyul ayına kimi Cavabdeh MMC-də işləmişdir. Daha sonra işəgötürən ona iş olmadığını və işə olan kimi işə çağıracaqlarını bildirmişdir. Həmin vaxtdan etibarən faktiki olaraq əmək münasibətlərinə xitam verilmişdir. Hüquqi cəhətdən əmək müqaviləsinə xitam verilməsi üçün Cavabdeh MMC-yə müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. Hazırda müvafiq elektron sistem üzrə qüvvədə olan əmək müqaviləm olduğundan yeni işəgötürənlə əmək müqaviləsi bağlaya bilmir. Dəfələrlə, cavabdehi axtarsa da, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizədə göstərilənləri müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan my.gov.az elektron informasiya sistemindən əldə olunmuş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı Cavabdeh MMC ilə xx.xx.2020-ci il tarixdən etibarən əmək münasibətlərindədir, vəzifəsi layihə rəhbəri kimi qeyd olunmuşdur, aylıq əmək haqqı 250 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞB/9-00039 nömrəli arayışdan görünür ki, Cavabdeh MMC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X3 Xidməti tərəfindən İddiaçı Ağəmməd oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mübahisə ilə bağlı məhkəmədə iddia qaldırılmalı, X3 Xidməti mülki iş üzrə müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməli, məhkəmə qərarı ilə əmək müqaviləsi xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin altsistemə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra: Əmək Məcəlləsi) 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1 və 2-ci bəndlərinin tələblərinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, müqavilə azadlığı prinsipi nəzərə alınmaqla müqavilə münasibətlərinin müstəqil tərəfi kimi işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini tələb edə bilər və bu işçinin fundamental, konstitusion hüququdur. Sözügedən hüququn məhdudlaşdırılması mülki hüququn, əmək hüququnun, demokratik cəmiyyət, hüquqi dövlətin fəaliyyət prinsiplərinə ziddir. Həmçinin, qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyyəti orqanı olan X3 Xidməti tərəfindən aparılır. Lakin, məhkəmə qeyd edir ki, mülki prosessual icraat çərçivəsində X3 Xidmətinin publik (inzibati, hakimiyyət xarakterli) funksiyaları ilə bağlı sonuncunun üzərinə hər hansı öhdəlik qoyulması yolverilməzdir. Sözügedən tələb yalnız inzibati məhkəmə icraatı çərçivəsində həyata keçirilə bilər. Çünki sözügedən orqan inzibati orqan olmaqla iddia tələbinin predmeti sırf həmin orqanın inzibati funksiyaları ilə bağlı münasibətlərə aiddir. Həmçinin, nəzərə almaq lazımdır ki, X3 Xidməti iddia tələbi üzrə cavabdeh qismində yox, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoyulmuşdur. İddia tələbi yalnız cavabdehə ünvanlandığından cavabdeh olmayan digər subyektlərin üzərinə hər hansı vəzifə, öhdəlik qoyulması yolverilməzdir. Buna baxmayaraq məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi X3 Xidmətinə münasibətdə əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması üçün hüquqi əsas kimi çıxış etməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə “layihə rəhbəri” vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC 2022-ci ilin iyul ayından etibarən öz fəaliyyətini faktiki olaraq dayandırmışdır. Lakin hazırki vaxtadək iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi qüvvədədir. Cavabdeh MMC 2022-ci ilin iyul ayından etibarən faktiki olaraq fəaliyyət göstərmədiyindən iddiaçının əmək münasibətlərinə xitam verilməsi barədə ərizə ilə işəgötürənə müraciət etməsi faktiki olaraq mümkün deyil və nəticədə, iddiaçı digər işəgötürən(lər)lə əmək münasibətlərinə hüquqi və faktiki cəhətdən daxil ola bilməməklə konstitusion əmək hüquqları pozulur. Nəticə etibarilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddiası təmin edilməlidir. “Əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi” vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Məhkəmə qətnaməsi X3 Xidmətinə münasibətdə əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması üçün hüquqi əsas kimi çıxış etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 14.2, 77.1, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Qətnamə İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X3 Xidmətinə münasibətdə hüquqi əsas təşkil etsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar