Məhkəmə qərarları › İş №2(004)-1666/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1666/2021

24.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1666/2021 24.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli isə 231/İÇ nömrəli əmrin qanunsuz hesab edilməsi, Cavabdeh MMC-də torpaqşünas vəzifəsinə işə bərpa olunması və işə bərpa olunduğu günə qədər məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi, dəymiş mənəvi zərərə görə 10000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildən etibarən Cavabdeh MMC-də çalışsa da, onunla rəsmi əmək müqaviləsi xx.xx.2017-ci il tarixdə bağlanmış və əmək müqaviləsində də qeyd edildiyi kimi torpaqşünas vəzifəsində çalışmışdır. xx.xx.2020-ci il tarixldə isə 231/İÇ nömrəli əmrlə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. Lakin, həmin əmr tamamilə qanunsuz və əsassızdır. Belə ki, həmin müəssisədə artıq 5 ildən çoxdur ki, çalışır. 2020-ci ildə Cavabdeh MMC ilə əmək münasibətləri fasiləsiz olaraq 5 ildən çox davam etdiyi üçün müddətsiz müqavilə hesab edilməli idi. Qeyd edilən fakta əsasən isə əmək nüqaviləsinə müddəti bitməsi əsası ilə xitam verilə bilməzdi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Digər tərəfdən işəgötürən əmək müqaviləsində göstərilən müddətlərə belə riayət etmədən əmək müqaviləsinə xitam vermişdir. Çünki xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin 3.3-cü bəndinə əsasən həmin əmək müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixədək olmuşdur. Yəni müqavilənin müddəti 10 ay 21 gün olmuşdur. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Qanunvericiliyin müddəasından da göründüyü kimi, onunla bağlanmış əmək müqaviləsi xx.xx.2017-ci il tarixində yenidən əvvəlki müddətə (10 ay 21 gün) uzanmışdır. Lakin işə götürən 28 dekabr tarixini əmək müqaviləsinə xitam verilməsi tarixi kimi rəhbər tutaraq, əmr verməsi tamamilə qanunsuz və absurdddur. Çünki aramızda bununla bağlı hər hansı əlavə razılaşma və ya yazılı imzalanmış sənəd yoxdur. Qeyd edilən halda isə nəyə görə xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi qeyrimüəyyən olmaqla bərabər, qanunvericiliyin tələblərinə də ziddir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədov Rövşən Əfsər oğlu ifadəsində göstərmişdir ki, iddiaçı ilə bir vaxtda əmək fəaliyyətinə başlamış və bir müddət əmək müqaviləsi olmadan çalışmış, əmək müqaviləsi isə onlarla 2017-ci ildə bağlanılmışdır. Məhkəmə araşdırması zamanı iş materiallarında olan işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi xx.xx.2017-ci il tarixdən işəgötürən tərəfindən torpaqşünas vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə edilmiş 3 nömrəli əlavənin surətindən görünür ki, əmək müqaviləsinə aşağıdakı dəyişikliklər və əlavələr olunaraq, həmin tarixdən etibarən işçinin əmək müqaviləsi 5 ay müddətinə, xx.xx.2020-ci il tarixi daxil olmaqla xx.xx.2020-ci il tarixinə kimi artırılmışdır. İşçi İddiaçı əlavə ilə tanış olaraq, etirazının olmamasını imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli isə 231/İÇ saylı əmrinin surətindən görünür ki, müəssisənin torpaqşünas vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci Maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Məhkəmə iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq hesab edir ki, İddiaçı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsinin f) bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. İddiaçı cavabdeh təşkilatda 2015-ci ildən etibarən əmək çalışıdığını iddia etsə də, məhkəmə qeyd edir ki, işçinin faktik və ya hər hansı mülki hüquqi əqd əsasında müəssisədə çalışması əmək məcəlləsinə əsasən əmək münasibətləri hesab edilə bilməz və əmək münasibətləri qanunvericiliyin tələbinə əsasən əmək müqaviləsinin dövlət qeydiyyatına əsasən yaranır. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi ilə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən tərəflərin qarşılıqlı razılığı ilə işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə edilmiş 3 nömrəli əlavəyə əsasən işçinin son iş günü xx.xx.2020-ci il olmasını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh” MMC-nin xx.xx.2020-ci il tarixli isə 231/İÇ saylı əmri əmək qanunvericiliyinin tələbləri əsas götürülməklə qəbul edilmişdir və onun qanunsuz hesab edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, iddia tələbi əsasız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli isə 231/İÇ nömrəli əmrinin qanunsuz hesab edilməsi, Cavabdeh MMC-də torpaqşünas vəzifəsinə işə bərpa olunması və işə bərpa olunduğu günə qədər məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi, dəymiş mənəvi zərərə görə 10000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə İddiaçı oğlnunu iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar