Məhkəmə qərarları › İş №2(004)-1683/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1683/2023

05.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1683/2023 05.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehna qarşı mirasın qəbul edilməsi müddətinin bərpası tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehna qarşı mirasın qəbul edilməsi müddətinin bərpası tələbinə dair iddia ərizəsi ilə xx.xx.2009-cu il tarixdə vəfat etmiş X6 qalmış miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması öhdəliyinin cavabdeh Bakı şəhəri 5 saylı Notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X17 8 fevral 2009-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhumun qanun üzrə birinci növbəli vərəsəsidir. İddiaçı Bakı şəhəri 5 saylı notariat ofisinə müraciət edərək mərhum X9 miras əmlakı üzərində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Bakı şəhəri 5 saylı notariat ofisinin notariusu tərəfindən 14 fevral 2023-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Bununla əlaqədar iddiaçı mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, anası 2009-cu ildə vəfat etməzdən öncə onun adına vəsiyyətnamə yazaraq ərizədə qeyd etdiyi əmlakın onun adına keçirilməsini vəsiyyət etmişdir. Həmin mülkdə 3 ailə məskunlaşır, qardaşının uşaqları da orada yaşayırlar. Mülkü adına keçirməyə çalışanda qardaş-bacılarından bəziləri razı oldu, bəziləri isə olmadı. Daha sonra ona bu barədə məhkəməyə müraciət etməyi tövsiyyə olundu. O isə qohum olduqları üçün bu addımı atmamışdır. Beləliklə uzun müddət keçdi. İndi isə nəvələri böyüyür, onlara ev lazımdır. Bundan əlavə bir qızı var və onun da evi yoxdur, bu səbəbdən onunla birlikdə yaşayır. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, yoldaşı yataq xəstəsi olub, ona baxmışdır. Bundan başqa başı nəvələrini böyütməyə qarışdığı üçün vaxtında müraciət edə bilməmişdir. Anasından ona həm şəhərdən, həm də kənddən bir ev miras qalmışdır. Şəhərdəki ev Yasamal rayonu ərazisində, həyət evi isə Görədil kəndində yerləşir. O yalnız anasından qalan şəhərdəki evdən bir otağı istəyir. İddiaçı Binəqədidə yaşayır. Yasamaldakı evdə iki ailə- qardaşının uşaqları yaşayır. Anasının otağı boşdur. Görədil kəndində yerləşən ev 4 otaqlıdır. İki bacısına o evi vermişdir. Bacısı, bacısının uşaqları yaşayırlar. O evi istəmir, onlara vermişdir. Qeyd edilən evlərdə o yaşamır, Binəqədidə yaşayır. Evlərin açarı da onda deyildir. Cavabdehna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdeh mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş İ-JQ 336701 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1975-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.1996-cı il tarixli vəsiyyatnamənin surətin görünür ki, X2, Moskva küçəsində yerləşən şəxsi yaşayış evini İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamənin sol küncündə qeyd hissəsində göstərilmişdir ki, müəyyən edilmişdir ki, X15 qeyd olunan vəsiyyətnamədən başqa 22 dekabr 1995-ci il tarixdə həmin dövlət notariat kontorunda 2B-2-578 reyestr nömrəsi ilə Bakı şəhəri İskra küçəsi ev 29-da yerləşən mülkünü X13 vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 96 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2013-cü il tarixdə mirasın qəbul edilməsi üçün müddətin buraxılması və vərəsələr arasında mübahisə olması səbəbindən mərhum X7 adına olan mirasa vərəsəlik şəhadətnaməsi verilməsindən imtina qərarı verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli qərardan görünür ki, vətəndaş İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan 1946-cı il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1946-cı il tarixdə anadan olmuşdur, atası X8, anası X10r. İş materiallarında olan AZ-İ 338257 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan notariat işinə əlavə edilmiş ərizələrdən görünür ki, X11 xx.xx.2012ci il tarixdə, X18 xx.xx.2012-ci il tarixdə, İddiaçı xx.xx.2012-ci il tarixdə, X19 xx.xx.2012-ci il tarixdə Bakı şəhər X1 qalan əmlaka görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. X14 xx.xx.2012-ci il tarixli ərizəsində xx.xx.2009-cu il tarixdə vəfat etmiş anası X7 miras qalmış vərəsəlik payını qəbul etmədiyini və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəyini qeyd etmişdir. Dövlət Notariat Arxivinin xx.xx.2010-cu il tarixli cavab məktubunda qeyd olunur ki, Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda 23 noyabr 1996-cı il tarixdə 2V-2-581 reyestr nömrəsi ilə İddiaçı adına təsdiq edilmiş vəsiyyatnamənin dəyişdirilməsinin və ya ləğv edilməsinin yoxlanılması barədə Dövlət Notariat arxivinə məlumat daxil olmamışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ X12 məxsusdur. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda miras qoyma hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi, qanunverici mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasını yalnız gecikmənin səbəbi üzrlü olduğu halda mümkün hesab etmişdir. Lakin, qanunverici mirasın qəbul edilməsi müddətinin uzadılması üçün hansı səbəbin üzrlü hesab olunmasını konkret göstərməyərək, həmin səbəblərin müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Odur ki, məhkəmə hazırkı məqamda iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəb(lər)dən ötürülüb-ötürülməməsi məsələsini araşdırarkən, bu xüsusatın hüquqi həlli ilə bağlı Konstitusiya Məhkəməsinin təcrübəsinə istinadı zəruri sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş 3 ay ərzində mirası qəbul etməmişdir, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş 6 aylıq müddəti üzürlü səbəblərdən ötürməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyinə görə, buraxılmış müddət uzadıla bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Belə ki, X15 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. İddiaçı mərhum X7 qızıdır. X15 xx.xx.1996-cı il tarixdə Göradil kəndi, Moskva küçəsində yerləşən şəxsi yaşayış evini İddiaçı vəsiyyət etmişdir. Eyni zamanda X15 qeyd olunan vəsiyyətnamədən başqa 22 dekabr 1995-ci il tarixdə həmin dövlət notariat kontorunda 2B-2-578 reyestr nömrəsi ilə Bakı şəhəri İskra küçəsi ev 29-da yerləşən mülkünü X13 vəsiyyət etmişdir. Ərizəçi iddia ərizəsi ilə xx.xx.2009-cu il tarixdə vəfat etmiş X6 qalmış miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması öhdəliyinin cavabdeh Bakı şəhəri 5 saylı Notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçı həmin tarixdən etibarən mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduğunu artıq həmin vaxtdan başlayaraq bəyan etməmişdir. Yalnız xx.xx.2012-ci il tarixdə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat kontoruna müraciət etmişdir. İddiaçı mərhum anasının ölümündən sonra miras əmlakı qəbulu üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürməsini qeyd etsə də, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə 2012-ci ildə notariusa müraciət etdikdən 10 ildən çox müddət keçdikdən sonra isə məhkəməyə müraciət etmişdir. Sədrlik edənin sualına cavab olaraq isə məhkəməyə gec nüraciət etmə səbəbi kimi nəvələrini böyütməsini, eyni zamanda qohumlar arasında münasibətlərin pozulmaması səbəbini göstərmişdir. Məhkəmə araşdırması zamanı və iş materialları ilə müəyyən olunmuşdur ki, mərhum Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi üçün iddiaçı tərəfindən müddət buraxılmışdır, iddiaçı irəli sürdüyü tələblə əlaqədar heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddiaçı mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddət ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə ilə müraciət etməmiş, miras əmlaka sahiblik etməmiş və həmin əmlakı faktik olaraq idarə etməmişdir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehna qarşı xx.xx.2009-cu il tarixdə vəfat etmiş X6 qalmış miras əmlakın qəbul edilməsi müddətinin bərpası tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar