Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1690/2021 25.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 232, 136 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və çıxarılacaq qətnamənin onun yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək izahatında bildirir ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 232, 136 saylı mənzil ona məxsusdur. Həmin mənzil xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinə əsasən əldə edilmişdir. Mənzilin alğı-satqısı müqaviləsinin bağlanmasından bir müddət keçməsinə baxmayaraq hələ də keçmiş mülkiyyətçi X1 valideynləri, hazırkı iddia üzrə cavabdehlər, yəni atası Cavabdeh2 və anası Cavabdeh1 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 232, m. 136 qeydiyyatdadırlar. Cavabdehlər artıq uzun müddətdir ki, Türkiyə Respublikasında yaşayırlar. Onların hazırda Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən evlə hər hansı bağlılığı yoxdur, həmin evdə hər hansı əmlakı və ya əşyası yoxdur, həmin evdən istifadə etmir və özlərinin başqa daimi yaşayış yerləri vardır. Həmin mənzil iddiaçı tərəfindən alınarkən cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının saxlanılması ilə bağlı hər hansı razılaşma olmamışdır. Cavabdehlər mənzilin alğı-satqısı ilə bağlı notariat qaydada razılıq vermişlər və bununla da həmin mənzilə olan istifadə hüquqlarından imtina etmişlər. Bu səbəbdən cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. İddianın təmin olunmasını xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməmələrin səbəbi barəsində məhkəməyə məlumat verməmişdilər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrin səbəbi barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, AN-İ № ******* №-li alğı-satqı müqaviləsinə əsasən X3 Bakı şəhəri Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 232, 136 saylı mənzili İddiaçı satmışdr. Satıcı həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı X4 xx.xx.2020-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli ərizələrdən müəyyən olunur ki, Cavabdeh1 və Məmmədov Cavabdeh2 Aytən Məzahir qızına məxsus olan Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 232, 136 saylı mənzilin satılmasına etiraz etmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi, ev 232, 136 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Türkiyə Cümhuriyyəti, 6 saylı Batman Notariat ofisi tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, 01828 №-li notarial qaydada təsdiq olunmuş razılığa əsasən Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi, ev 232, 136 saylı mənzildən qeydiyyatdan çıxarılmalarına razıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, mənzilə mülkiyyət hüququ iddiaçıya məxsusdur və cavabdehlərin həmin mənzilə olan qeydiyyatı isə formal xarakter daşıyır. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cvabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 232, 136 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tdutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 232, 136 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 232, 136 saylı mənzilə qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1690/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1690/2021
25.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver