Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-170/2023 19.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ, həmin PHŞ-nin Sosial Sığorta və X4 Mərkəzi Filialı, Nazirlik yanında X3 Xidməti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "xxxx" ASC cəlb edilməklə cavabdeh "X1 "xxxx" ASC-yə qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "X1 Evrascon" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək "X1 "xxxx" ASC tərəfindən Dövlət Sosial Sığorta Şəhadətnaməsinin hesabına köçürmədiyi 15.015 manat pul vəsaitin onun **********755 saylı Dövlət Sosial Sığorta şəhadətnaməsinin hesabına köçürülməsi və ya həmin vəsaitin pensiya şəklində ona ödəniləcəyi 25% olan 3.754 manat məbləğində pulun nəğd şəkildə ödənilməsi, "X1 "xxxx" ASC-də işlədiyi dövrdə ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 15.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "X1 "xxxx" ASC-də işlədiyi xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək, yəni 46 ay ərzində 1-ci ay 450 manat, 2, 3, 4 və 5-ci aylar 500 manat, 6-46-cı aylar isə sabit olaraq 750 manat maaş almaqla işləmişdir. 46 ay ərzində "X1 "xxxx" ASC tərəfindən ona cəmi 33200 manat maaş ödənilmişdir. “DOST” Agentliyi tərəfindən ona verilmiş sosial arayışdan müəyyən olmuşdur ki, "X1 "xxxx" ASC onun dövlət sosial sığorta şəhadətnaməsinin hesabına (pensiya fonduna) aldığı aylıq maaşdan aylar üzrə 150, 200, 250, 350 manat və sair kimi ödəmələr etməklə ona külli miqdarda ziyan vurulmuşdur. Müvafiq qanunvericiliyə görə işlədiyi yerdən işçinin aylıq əmək haqqından 3% tutularaq onun dövlət sosial sığorta şəhadətnaməsinin hesabına (pensiya fonduna) pul köçürülür. Hesablama göstərmişdir ki, "X1 "xxxx" ASC onun maaşlarını az göstərməklə pensiya fonduna 18.185 manat pul köçürmüşdür. Yəni aldığı maaşların cəmi olan 33.200 manatdan 15.015 manat az olmaqla 18.185 manat pul vəsaiti köçürmüşdür. Bundan başqa Korporasiya onun dövlət sosial sığorta şəhadətnaməsinin hesabına 2015-ci ilin oktyabr, noyabr, dekabr, 2016-cı ilin yanvar, fevral, mart və aprel ayları üçün heç bir köçürmələr etməmişdir. Beləliklə Korporasiya ona ziyan vurmaqla yanaşı dövlət vergisindən də yayınmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək tələbin iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, o, keçmiş hərbiçi olmuşdur və müharibə veteranıdır. Cavabdeh təşkilatda işləyən zaman veteran olduğu barədə sənəd təqdim etmişdir. Buna görə onun əmək haqqından vergi tutulmamalı olsa da, cavabdeh ondan vergi tutmuşdur. O heç bunu iddia ərizəsinə daxil etməmişdir. Bu qanun pozuntusudur. 2012-ci ilin iyul ayından 2016-cı ilin aprel ayınadək cavabdeh təşkilatda işləmişdir. Ona 48 ay ərzində 33.200 manat məbləğində maaş verilmişdir. Əvvəlki 5 ay 450-500 manat olmaqla, 6-cı aydan 46-cı aya qədər ona 750 manat maaş verilmişdir. 2005-ci ildən hərbiçi olduğu üçün pensiya alır. 2012-ci ildən isə cavabdeh təşkilatda işə qəbul edilmişdir. 750 manat əmək haqqı aldığı halda sosial sığorta şəhadətnaməsində göstərildiyi kimi hər ay 200, 300, 400 manat maaşından əskik göstərilməklə DSMF hesabına az pul köçürmüşlər. Bunu da dövlətə də vergi ödəməmək üçün, daha doğrusu az vergi ödəmək üçün etmişlər. Ona da, dövlətə də külli miqdarda ziyan vurmuşlar. Onun DSMF hesabına 15.015 manat az pul köçürmüşlər. Bu məlumatı öyrəndikdən sonra cavabdeh təşkilata müraciət etsə də problemi həll etməmişlər, məktubu da cavabsız qalmışdır. Bundan sonra cavabdehin nümayəndəsi ilə görüşmüş və müəyyən miqdarda məbləğin ona verilməsi ilə bağlı söz verilsə də sonradan buna əməl edilməmişdir. Ona aid DSMF hesabına köçürülməyən 15.015 manat pulu tələb edir ki, DSMF hesabına köçürsünlər. Həmçinin, vurulan fiziki, mənəvi, psixoloji ziyana görə 15 min manat təzminat tələb edir. 2014-cü ilin sentyabr-oktyabr aylarına baxdıqda görünür ki, ona 684 manat maaş yazılmışdır. Necə olur ki, 450 manat maaşı olduğu halda 684 manat maaş göstərilir? Bundan başqa 566; 542; 560; 543 manat maaş da göstərilmişdir. Halbuki maaşı 450 manat olmuşdur. Suala cavab olaraq bildirir ki, pensiyaya 2005-ci ildə çıxmışdır. Hərbiçi olmuş və hərbiçi statusuna uyğun pensiyaya çıxmışdır. Onun əmək haqqı vaxtlı-vaxtında ödənilmişdir, bundan şikayəti yoxdur. 750 manat əmək haqqını daimi almışdır. 750 manat alsa da, cavabdeh 500 manat, 650 manat kimi yazmışdır. Ərazi olaraq işlədiyi yer Taxta-Körpü su anbarının ərazisi olmuşdur. İddia müddəti ilə bağlı bildirir ki, “Dost” Xitmətindən ona verilən sənəddə məlumat aldığı gündən 1 il ərzində müraciət edə biləcəyi qeyd edilmişdir. 2005-ci ildən pensiya alır. Cavabdeh təşkilatda işləyərkən pensiya alırdı. Mənəvi, psixoloji ziyan odur ki, 1 ildən çoxdur ki, məhkəməyə gəlib-gedir. O, polkovnik rütbəsində olduğu halda cavabdeh təşkilatda olarkən onu itələyərək binadan çölə çıxarmışlar, məktublarına cavab verməmişlər. Nümayəndə binada olduğu halda onun orada olmadığını bildirmişlər. Cavabdehin nümayəndəsi onu aldadaraq sözlərinə əməl etmir. Bunlar hamısı mənəvi ziyandır. Həmçinin verdiyi şikayətlərlə bağlı onu digər dövlət orqanlarına da çağırmışlar. O, şirkətdə heç kəsi tanımadığından heç kim ilə ələqədə olaraq bu iddianı qaldırmamışdır. Hərbi fəaliyyəti ilə bağlı aldığı pensiyanın bu məsələyə aidiyyəti yoxdur. O, cavabdeh təşkilatda 2012-2016-cı illər aralığında işləmişdir. Məhkəməyə gec müraciət etməsinin səbəbi odur ki, xx.xx.2022-ci ildə Konstitusiya Məhkəməsi hərbi qulluqçulara istefaya çıxdıqdan sonra işlədikləri təşkilatlarda onların dövlət sosial şəhadətnaməsinin hesabına köçürülən pulların ödənilməsinə icazə vermişdir. 2022-ci ilin fevral ayının 2-də qərar çıxmış və 1 ay sonra icra olunmağa başlamışdır, bundan sonra hamı həmin pulları öz hesablarına keçirmək üçün müraciət etmişdir. O da DSMF-yə getmiş və sənəd almışdır. Orada hansı şirkətin nə qədər pul ödədiyi qeyd edilmişdir. O isə cavabdehə müraciət etmiş, lakin ona cavab verilməmişdir. Sonra da məhkəməyə müraciət etmişdir. DSMF-yə nə vaxt müraciət etməyi yadında deyil. Konstitusiya Məhkəməsi xx.xx.2022-ci il tarixdən istefada olan hərbi qulluqçuların işlədiyi vaxtda yığdıqları pulların onlara verilməsi barədə qərar qəbul etmişdir. 2006-cı ildə maaşdan pensiya fonduna pul tutmağa başlanılmış, bu günə qədər də tutulur. 5-6 ildən sonra mütəmadi olaraq bu qədər tutulan pulların aqibəti və nə vaxt qaytaracağı barədə maraqlanmışdır. Bu zaman ona belə bir qanunun hələ mövcud olmadığı bildirilmişdir. Qanun da 2022-ci ildə çıxmışdır. Bu məsələyə xx.xx.2022-ci il tarixdə Konstitusiya Məhkəməsinin qərarında aydınlıq gətirilmişdir. Hərbi qulluqda xüsusi xidmətdə olmuşdur. Universitet olaraq isə Texniki Universiteti bitirmişdir. Amma xüsusi xidmətlər üzrə Türkiyə və Rusiyada oxumuşdur. Həmin ixtisas ilə də pensiyaya çıxana qədər işləmişdir. Ona vurulmuş ziyanın cavabdehdən tutulmasını xahiş edir, vergi ödəmələri ilə bağlı dövlətə vurulmuş zərərə münasibət bildirilməsini isə məhkəmənin mülahizəsinə buraxır. 15015 manat dövlət sosial sığorta şəhadətnaməsinin hesabına pul köçürülməsi təmin olunmalıdır. 15 min manat isə ona vurulan maddi, mənəvi, psixoloji ziyana görə təzminat tələb edir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 izahat verərək iddianın təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, iddia əsassızdır və iddia müddəti ötürülmüşdür. Hesab edir ki, Silahlı Qüvvələrdə xidmət etmiş, polkovnik rütbəli şəxsin pensiyanın hesablanması ilə bağlı onun DSMF hesabına köçürülən məbləğləri bilməməsi və bunun hesablanma qaydasını bilməməsi mövqeyində olması inandırıcı deyil. İddiaçı özü də bildirmişdir ki, 2005-ci ildən pensiya alır. O, həmin vaxtdan artıq pensiya münasibətlərinə daxil olmuş şəxs olmuşdur. İddiaçı pensiya münasibətlərinə daxil olan zaman onun aldığı əmək haqqının hesablanması, pensiyaya təsiri ilə bağlı məsələrlə əlaqəsi olmuş şəxsdir. Hərbçilərin pensiyası artan zaman iddiaçının da pensiyası artmış və iddiaçı daim bu münasibətlərdə olmuşdur. İddiaçı özü də bildirdi ki, əmək haqqı məbləğini hər ay almışdır. Cavabdeh şirkət əvvəl Xırdalan ərazisində yerləşmiş, sonra orada yanğın olmuş və arxiv yanmışdır. Sonra Yasamal rayonu 529-cu məhəllədə fəaliyyət göstərmişdir. 2019-cu ildən isə onun təşəbbüsü ilə hüquqi ünvan ilə faktiki ünvan eyniləşdirilmişdir. Bunu ona görə bildirir ki, iş sahələri həmişə şirkətin yerləşdiyi yerdən kənarda olmuşdur, göstərilən məbləğlər isə ezamiyyət pulu kimi şəxsin əmək haqqı kartına köçürülmüşdür. İddiaçı iddiası ilə bağlı hər hansı sübut və sənəd təqdim edə bilmir. İddiaçının 2005-ci ildən pensiya münasibətlərindən məlumatı olmuşdur. Suala cavab olaraq bildirir ki, arxiv yandığı üçün əmək müqaviləsini təqdim edə bilmir. İddiaçının qeyd etdiyi vergi ödənişinin yayınması ilə bağlı bildirir ki, şirkətdə 1 il 2 ay səyyar vergi yoxlaması olmuş, həmin məsələlər həllini tapmışdır. İddia müddəti keçdiyindən tələbin təmin edilməməsini xahiş edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında cavabdeh tərəfin üzrlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olmadan keçirilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan - işəgötürən qismində “X1 "xxxx"” ASC ilə işçi qismində İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2291/3 nömrəli əmək müqaviləsinin surətinə əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək işə qəbul edilmişdir. Müqaviləyə əsasən əmək haqqı 462 manat müəyyən edilmişdir. - İddiaçı məxsus AT-İİİ seriyalı ******* nömrəli əmək kitabçısının surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.2012-ci il tarixdə həmin tarixli, İQ-İ saylı əmrə əsasən “X1 "xxxx"” ASC-də 30-cü dərəcəli fəhlə peşəsinə qəbul edilmiş, xx.xx.2014-cü il tarixli əmrə əsasən texniki təhlükəsizlik mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixli əmrə əsasən 5-ci dərəcəli qəlibçi vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixli, 69 nömrəli əmrə əsasən AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. - “X1 "xxxx"” ASC-nin xx.xx.2016-cı il tarixli, 69 nömrəli əmrindən çıxarışın surətinə əsasən müəyyən olunur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdən etibarən AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən – xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən işçinin öz xahişi ilə xitam verilmişdir. - AR ƏƏSMN-in tabeliyində DSMF-nin vətəndaşların qəbulu ilə bağlı elektron sistemdən çıxarışına əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə fonda müraciət etmiş və ona sığortaolunan qismində fərdi şəxsi hesabı barədə müvafiq məlumat verilmişdir. - "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktuba və ona əlavə edilmiş eyni tarixli hesabdan çıxarışa əsasən İddiaçı xx.xx.2015-xx.xx.2016-cı il dövrü ərzində “X1 "xxxx"” ASC tərəfindən köçürülmüş pul vəsaitlərinin məbləği müəyyən edilir. Məktubda bildirilir ki, 2015-ci ildən əvvəl mövcud olmuş məlumatlara dair sənədlərin əldə edilməsi mümkün olmamışdır. Arayışa əsasən 2015-ci ilin fevral ayı üzrə 887,78 manat, mart ayı üzrə 537,79 manat, may ayı üzrə 1509,14 manat, iyul ayı üzrə 1535,81 manat, avqust ayı üzrə 753,81 manat, sentyabr ayı üzrə 418,39 manat, oktyabr ayı üzrə 915 manat, dekabr ayı üzrə 1056,39 manat, 2016-cı ilin yanvar ayı üzrə 129 manat, fevral ayı üzrə 990,8 manat, mart ayı üzrə 383,79 manat, aprel ayı üzrə 1880,45 manat ödənilmişdir. - AR ƏƏSMN-in tabeliyində DSMF-nin xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubuna əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixli müraciəti əsasında ona sığorta edən “X1 "xxxx"” ASC tərəfindən 2016-cı il üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da sığortaolunan kimi onun adı qeyd edilməmişdir. - “X1 "xxxx"” ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən olunur ki, İddiaçı 2015-ci ilin yanvar ayı üzrə 650,35 manat, fevral ayı üzrə 623,79 manat, mart ayı üzrə 504,64 manat, aprel ayı üzrə 682,17 manat, may ayı üzrə 599,81 manat, iyun ayı üzrə 621,39 manat, iyul ayı üzrə 675 manat, avqust ayı üzrə 675 manat, sentyabr ayı üzrə 621,39 manat, oktyabr ayı üzrə 750,8 manat, noyabr ayı üzrə 623,79 manat, dekabr ayı üzrə 945,77 manat, 2016-cı ilin yanvar ayı üzrə 97,55 manat, aprel ayı üzrə 182,13 manat məbləğində əlavə ödənişlər də daxil olmaqla əmək haqqı ödənilmişdir. - AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatında qeyd edilmişdir ki, qərardadda ekspert qarşısında qoyulmuş sualların həlli üçün iş materiallarında kifayət qədər məlumatlar öz əksini tapmamışdır. Belə ki, təqdim edilmiş iş materiallarında tərəflər arasında bağlanmış əmək müqaviləsi üzrə İddiaçı ilə cavabdeh "xxxx" ASC-də 2012-2016-cı illər üzrə işlədiyi dövr ərzində hansı vəzifədə işləməsi, tutduğu vəzifə üzrə aylıq əmək haqqına dair məlumat, ştat cədvəli, əmək haqqı hesablanmasına dair cədvəllər, əmək haqqı üzrə bank hesabından çıxarış, tabel uçot vərəqələri, məzuniyyət əmrləri, son haqq-hesab barədə məlumat təmin edilmədiyindən məhkəmə-mühasibat ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı xx.xx.2012-ci ildən xx.xx.2016-cı il tarixədək cavabdeh ASC-də işləmiş, tərəflər arasında əmək münasibətləri yaranmışdır. xx.xx.2016-cı ildə öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda idddiaçı işlədiyi dövr ərzində işəgötürən tərəfindən məcburi sığorta məbləğlərinin müvafiq fonda düzgün hesablanaraq köçürülmədiyini, buna görə də pensiyasının əmək fəaliyyəti ilə məşğul olduğu müddətə münasibətdə az hesablandığını bildirərək cavabdehdən həmin dövr üçün məcburi sosial sığorta ödənişinin hesablanaraq fonda köçürülməsini tələb edir. Cavabdeh isə iddiaçınıın qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyünü bildirərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iş üzrə mübahisəli halların araşdırılması üçün ilk öncə iddia müddətinin ötürülməsi məsələsi aydınlaşdırılmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırkı halda iddia müddəti ötürülməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı onun barəsində məcburi dövlət sosial sığorta haqqında məlumatları DSMF-yə xx.xx.2022-ci il tarixli müraciəti zamanı əldə etmişdir. Məhkəmə qeyd edir ki, işçinin sığorta olunan qismində məcburi dövlət sosial sığorta haqlarının hesablanması və müvafiq qaydada köçürülməsinin təmin edilməsinə nəzarət etmək kimi bir vəzifəsi qanunvericikdə müəyyən edilmir. İşçi istədiyi vaxt bu barədə müvafiq orqana müraciət edərək məlumat əldə edə bilər. Hansı ki, bu barədə müraciət etmək işçinin hüququ olmaqla onun bu hüququndan istifadə edilməsi də qanunvericiklə müəyyən müddətə məhdudlaşdırılmır. Deməli, iddiaçı sosial sığorta haqları ilə bağlı işəgötürənə və bu əməliyyatları həyata keçirən müvafiq icra hakimiyyəti orqanına mütəmadi olaraq müraciət etməli deyildir. Bu halda onun Əmək Məcəlləsinin tələbinə əsasən hüququnun pozulduğunu aşkar etdiyi andan etibarən 1 il müddətində məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı isə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən iddia müddətini ötürməmişdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hazırda iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin olması işin mübahisəsiz halıdır. Qanunvericiliyin tələbinə əsasən işəgötürən qanunla müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Lakin işin hallarından göründüyü kimi hazırkı mübahisə üzrə işəgötürən – cavabdeh tərəfindən məcburi sosial sığorta ödənişlərinin köçürülməsi zamanı məbləğin əskik köçürülməsinə yol vermiş, dolayısı ilə də iddiaçının hüquqları pozulmuşdur. Belə ki, ilk növbədə AR ƏƏSMN-in tabeliyində DSMF-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “X1 "xxxx"” ASC tərəfindən 2016-cı il üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da sığortaolunan kimi onun adı qeyd edilməmişdir. Bundan başqa DSMF tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışda əks olunan məlumatlarla elektron sistemdən çıxarılmış sosial arayış məlumatları uyğun gəlməməklə bir-birini təkzib edir. Həmçinin DSMF tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, İddiaçı müəyyən aylar üzrə ümumiyyətlə sığorta ödənişi köçürülməmişdir. Bu halda cavabdeh tərəfindən məcburi dövlət sosial sığorta ödənişləri hesablanaraq sığortaolunanın DSMF hesabına köçürülməlidir. Bilindiyi kimi işçinin sosial sığorta ödənişləri onun əmək haqqına münasibətdə hesablanır. Hazırda isə işin mübahisəli hallarından biri də iddiaçının əmək haqqı məbləğinin müəyyən edilməsidir. Belə ki, iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək, yəni 46 ay ərzində 1-ci ay 450 manat, 2, 3, 4 və 5-ci aylar 500 manat, 6-46-cı aylar isə sabit olaraq 750 manat əmək haqqı aldığını bildirir. Buna baxmayaraq iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətinə əsasən işçinin əmək haqqısının 462 manat olması göstərilmiş, sonradan əmək müqaviləsinə dəyişiklik və ya əlavə edilməsi, əmək haqqının hansı məbləğdə dəyişdirilməsinə dair sübut əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışla bank tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayış arasında ciddi məbləğ fərqləri mövcuddur. Bu halda bank tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli arayış əsas götürülməlidir. Buna baxmayaraq bank tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən də iddiaçının əmək haqqısının konkret məbləğinin, həmçinin ödənişlər üzrə hansı məbləğin əmək haqqı, hansı məbləğin əlavə ödənişlərə aid edilməsinin müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, arayışa əsasən İddiaçı 2015-ci ilin fevral ayından 2016-cı ilin aprel ayına kimi müxtəlif məbləğlərdə köçürmələr edilmiş, hətta müəyyən aylarda ümumiyyətlə hesaba pul köçürülməmişdir. Bununla yanaşı bank tərəfindən qeyd olunan məbləğlərin təyinatının müəyyən edilməsinin mümkün olmadığı, işəgötürən tərəfindən banka bu barədə hər hansı məlumat verilmədiyi bildirilmişdir. Məhkəmə bütün bu halları nəzərə alaraq qeyd edir ki, nə qədər ki, hazırkı halda işçiyə ödənilən əmək haqqı məbləğinin müəyyən edilməsi vəzifəsi işəgötürənin – cavabdehin vəzifəsidir və cavabdeh bununla bağlı sənədləri və digər sübutları məhkəməyə təqdim etməkdən imtina edir, bu halda işçiyə ödənilməli olan əmək haqqı məbləğinin müəyyən edilməsi və buna əsasən də müvafiq məcburi dövlət sosial sığorta ödənişlərinin hesablanması vəzifəsi də işəgötürənin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 304-cü maddəsinə əsasən sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin - əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. Həmin Məcəllənin 306-cı maddəsinə əsasən işçilərin sosial sığortası məcburi dövlət sığortası, onların özləri tərəfindən könüllü sığortalanması və işəgötürən tərəfindən aparılan əlavə sığorta formalarında həyata keçirilir. İşçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli qanunun 1.0.1-ci bəndinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin qanunun 10.4-cü məndinə əsasən yaşa görə əmək pensiyasının məbləği yaşa görə əmək pensiyasının sığorta hissəsi və yaşa görə əmək pensiyasının yığım hissəsinin cəmindən ibarətdir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı “X1 "xxxx"” ASC-də işlədiyi xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində əmək haqqı məbləğləri nəzərə alınmaqla ödənilməli olan, lakin hazıradək ödənilməmiş sosial sığorta ödənişləri qanuna müvafiq qaydada hesablanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nə ödənilməsi öhdəliyi cavabdeh “X1 "xxxx"” ASC-nin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, tələb təmin edildiyindən cavabdeh “X1 "xxxx"” ASC-dən dövlət rüsumu olaraq 100 (yüz) manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci bəndinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” qanunun 9.1.1-ci bəndinə əsasən məhkəmədə verilən iddialara görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-14.2, 77.1, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı “X1 "xxxx"” ASC-də işlədiyi xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində əmək haqqı məbləğləri nəzərə alınmaqla ödənilməli olan, lakin hazıradək ödənilməmiş sosial sığorta ödənişləri qanuna müvafiq qaydada hesablanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nə ödənilməsi öhdəliyi cavabdeh “X1 "xxxx"” ASC-nin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh “X1 "xxxx"” ASC-dən dövlət rüsumu olaraq 100 (yüz) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-170/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-170/2023
19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver