Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1701/2022 26.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 65.000 manat borcun və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun alınıb onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 əvvəllər tanımışlar, onunla yaxşı münasibətləri olmuşdur. O, onlara müraciət edərək işi ilə bağlı təcili 65.000 manat pul lazım olduğunu və ona borc verməklərini xahiş etmişdir. Əks təqdirdə tutulacağını bildirmişdir. Onlar ona pullarının olmadığını dedikdə o bankdan götürüb ona pul vermələrİni xahiş etmiş və bankın pulunu özü ödəyəcəyinə söz vermişdir. Onlar onunla birlikdə “Güvən” Lombarda gedib, bütün qızıl-zinət əşyalarını girov qoyaraq oradan bir neçə dəfəyə cəmi 65.000 manat götürüb ona vermişlər. O, krediti təxminən bir neçə ay ödədikdən sonra ödənişi dayandırıb ödəməmişdir. Belə olduqda “Güvən” Lombarddan onları çağıraraq qızıl-zinət əşyalarının satılaraq borcun ödənilməsinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. Onlar isə onlardan qızıl-zinət əşyalarının satılmamasını xahiş etmiş və ödəyəcəklərinə söz vermişlər. Həmin puldan bugünə lombarda 7300 manat ödəyə bilmişlər. Onlar onun ödənişi dayandırdığını və qızıl-zinət əşyalarının satılaraq dəyərinin borc əvəzinə ödənilmə təhlükəsinin olduğunu biləndə dərhal ona müraciət etmişlər. Əvəzində isə o onlara narahat olmamalarını krediti hər ay vaxtında ödəyəcəyini bildirmişdir. Lakin onları aldadaraq ödənişləri etməmişdir. Onlar məcbur olub onu Şəmkir rayon Polis Şöbəsinə və 102 xidmətinə şikayət etmişlər. Lakin şikayətlərinə baxılmadığını görüb Şəmkir rayon Prokurorluğuna şikayət etmişlər. Prokurorluq ərizələrini aidiyyatı üzrə Şəmkir rayon Polis Şöbəsinə göndərdikdən sonra Şəmkir rayon X8 Bölməsinin təhqiqatçısı, polis leytenantı X10 tərəfindən araşdırılma aparılmışdır. Şəmkir RPŞ TB-si tərəfindən o, polisə çağırıldıqda özünü bilərəkdən bacısı qızı Nurlana həkimə əməliyyat etdirmişdir. Həmin vaxtı Nurlana həkim onun ona borclu olduğunu bilirdi. Əməliyyat olunduğu gün isə Nüşabə həkim ölmüşdür. Odur ki, 14 noyabr 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarı ilə X6 barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Onların qızıl-zinəət əşyaları hazırda “Güvən” Lombarddadır. O, Nüşabənin qızı Cavabdeh bütün bu olanları söyləmiş və onun vərəsəsi kimi krediti ödəməsini xahiş etmişdir, əks halda qızıl-zinət əşyalarının satılacağını və dəyərinin lombarda ödəniləcəyini demişdir. Lakin o bundan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, Nigarın anası Hüseynova Nüşabə göz həkimi işləyir. O, borcuna görə tutulacağından qorxaraq ondan pul verilməsini xahiş etmişdir. İddiaçı isə bütün yaxınlarının qızılını götürüb Güvən lombarda qoyub pul götürmüş və pulu Nüşabə xanıma vermişdir. Sonra o pulu ödəməmiş və aralarında mübahisələr başlamışdır. O isə bununla bağlı polisə müraciətlər etmişdir. Beləliklə aralarında böyük mübahisələr başlamışdır. Hətta Nüşabə xanımın otağında olanda onun ona borcu olduğunu etiraf etmiş və evini satıb borcunu bağlayacağını bildirmişdir. Bu sözlərin hamısını isə video diskə yazmış və məhkəməyə də təqdim etmişdir. Onların yaxşı imkanı var. Nigar xanım 80.000 manatlıq avtomobil sürür. Qohum-əqrəbalarının imkanı da yaxşıdır. Lakin buna baxmayaraq pulunu vermirlər və verməkdən imtina edirlər. Onu da qeyd edir ki, Nüşabə xanım ölməmişdir. Sadəcə özünü ölü kimi qələmə verdirmişdir. Yalandan əməliyyat olunduğunu və əməliyyatdan sağ çıxmadığını bildirmişlər. Ona görə də məhkəmədən qəbirin açılmasında köməklik göstərilməsini xahiş edir. Həmçinin o, 65000 manat Nüşabə xanıma pul vermiş, lombarda pul ödənilmədiyi üçün faiz borcu ilə bir yerdə 100000 manatı keçib borc. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı2 bildirmişdir ki, İddiaçı1 ilə ana bir ata ayrı olmaqla ögey bacıdırlar. Bacısı ilə o, bütün qohum əqrabaların qızılını lombarda qoyub pul götürdülər və pulu X4 vermişlər. Lakin sonuncu pulu qaytarmadı. Hazırda lombard pulun üstünə faiz hesablayır. X6 isə özünü ölü göstərib yoxa çıxıb. Məhkəmədən onlara köməklik göstərilməsini xahiş edir. Özü şəhid qızıdır, 80 yaşı var və ağır şəkər xəstəsidir. Onun bu həyatda sayılı günləri qalıb amma bu günlərini xoşbəxt yaşaya bilmir. Evdə gəlini qızıllarını istəyir. Evdə kiminsə üzünə baxa bilmir. Prokurorluğa qədər şikayətlər edilib, lakin heç bir nəticə verməyib. Sonda məcbur qalıb məhkəməyə müraciət ediblər. Ona görə də iddia ərizəsinin tam təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddia tələbini əsassız olduğu üçün qəbul etmir. Cavabdeh Nigar xanım borcdan xəbərdar olmamış və anası ilə də ümumiyyətlə münasibəti olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan 11.01.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Şəmkir RPŞ-nın TB-nın qərarının surətindən görünür ki, X5 və X2 əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı1 X1 pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. İş materiallarında olan 14.11.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Şəmkir RPŞ-nın TB-nın qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X6 barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı 06.05.2022-ci il tarixli, 05/3483-11 saylı sorğuya cavab məktubunda qeyd edilmişdir ki, “Elektron Notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən X2 adına vərəsəlik işinin açılmadığı bildirilmişdir. Məhkəmə hazırki mülki işin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Həmin Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Hazırki iş üzrə cavabdeh qismində qeyd olunmuş Cavabdeh iddiaçıların tələbinin yönəldilməli olduğu şəxs deyil, belə ki, iddiaçılar iddia etdikləri pulu Cavabdeh anası X4 vermişlər. Həmin şəxs isə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı 06.05.2022-ci il tarixli, 05/3483-11 saylı sorğuya cavab məktubuna əsasən müəyyən olunmuşdur ki, X2 adına vərəsəlik işi açılmamışdır. Bu baxımdan Cavabdeh vərəsə olmadığından hazırki borc üzrə də tələb ona yönəldilə bilməz. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1701/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1701/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver