Məhkəmə qərarları › İş №2(004)-1712/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1712/2023

27.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1712/2023 27.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 3203/22/K nömrəli əmrinin ləğv olunaraq İddiaçı işə bərpa olunması və məcburi iş buraxılma müddəti üçün əmək haqqının ödənilməsi və ödənilmiş 50 manat mediasiya xərcinin cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 3203/22/K nömrəli əmrinin ləğv olunaraq İddiaçı işə bərpa olunması və məcburi iş buraxılma müddəti üçün əmək haqqının ödənilməsi, həmçinin son haqq-hesabın təkrar hesablanaraq qalan pulun ödənilməsi və ödənilmiş 50 manat mediasiya xərcinin cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixdən "xxxx" ASC ilə bağlanmış müddətli əmək müqaviləsinə əsasən işə qəbul edilmişdir. Onun "xxxx" ASC-də bağlanmış müddətli əmək müqaviləsi müddətsiz əmək müqaviləsinə çevrilməsin deyə xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-dən işdən azad olunaraq, xx.xx.2016-cı il tarixdə təkrar "xxxx" ASC-də işə qəbul edilmişdir. "xxxx" ASC-fə beşgünlük iş həftəsidir. Onun işdən çıxarıldığı xx.xx.2016-cı il tarixi həftənin sonuncu iş günü olduğundan xx.xx.2016-cı il tarixində, yəni həftənin birinci günü təkrar "xxxx" ASC-yə işə qəbul edilmişdir. O, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 3203/22/K nömrəli əmri ilə xx.xx.2022-ci il tarixdən Azərabaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (bağlanmış əmək müqaviləsinin müddətin qurtarmasına görə) tutduğu vəzifədən azad edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 3203/22/K nömrəli əmri qanunsuz və əsasız olduğundan ləğv olunmalıdır. Belə ki, ona əmək müqaviləsinin müddətinin bitməsi və müqavilənin müddətinin uzadılmayacağı barədə bildiriş gəlməmişdir. O, həmin bildirişi almadığından "xxxx" ASC ilə bağladığı əmək müqaviləsinin müddətinin uzadıldığını və müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə çevrildiyini hesab etmişdir. Əlavə olaraq o, xx.xx.2012-ci il tarixdən "xxxx" ASC-də əmək müqaviləsi ilə işlədiyindən, onunla bağlanmış müddətli əmək müqaviləsi Azərabaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən (müddətli əmək müqaviləsi (müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir) müddətsiz əmək müqaviləsi olduğundan "xxxx" ASCnin xx.xx.2022-ci il tarixli, 3203/22/K nömrəli əmri ləğv olunaraq İddiaçı "xxxx" ASC-yə işə bərpa olunmalı və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.Həmçinin, ona son haqq-hesab düzgün hesablanmayaraq ödənilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məmununa uyğun izahat verərək bildirmişdir ki, 2016-cı ilin mart ayında əmək müqaviləsinin 5 ili çatdığına görə iddiaçıya təzyiq edərək, işdən çıxma barədə ərizə yazdırılmış və yenidən işə bərpa edilmişdir. 2022-ci ildə işə qayıdarkən iddiaçıya bildirilmişdir ki, əmək müqaviləsinin müddəti bitdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilir. Lakin, ona heç bir bildiriş gəlməmişdir. İddiaçı əmək müqaviləsi bağlayarkən Bakıxanov qəsəbəsində yaşamış, daha sonra başqa evə köçmüşdür. Hər iki ünvana da bildiriş gəlməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərə əsasən, guya iddiaçının Bakıxnov qəsəbəsində yerləşən ünvanına xəbərdarlıq göndərilmiş, iddiaçı mənzildə yaşamadığı üçün təqdim edilməmişdir. Lakin, həmin evdə iddiaçının xalası yaşayır və daimi evdə olur. Əgər bildiriş göndərilsəydi onun tərəfindən qəbul edilərdi. Qeyd edilən əsaslara görə hesab edir ki, əmək müqaviləsi müddətli yox müddətsiz olmalı idi. Çünki, iddiaçı 2012-ci ildən etibarən həmin müəssisədə işləyir və onun işlədiyi iş daimi xarakterlidir Odur ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlana bilməzdi. Hesab edir ki, işdən çıxarılma barədə əmr qanunsuzdur. Həmin əmr ləğv edilməlidir və iddiaçı işə bərpa edilməlidir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 24 fevral 2021-ci il tarixdə iddiaçıya onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi və əmək müqaviləsinə xitam veriləcəyi barədə onun əmək müqaviləsində, həmçinin iddia ərizəsində də göstərmiş olduğu ünvana bildiriş göndərilmişdir. Həmçinin, bildiriş Watsapp vasitəsilə də iddiaçıya gdərilmişdir. İddiaçı işə çıxdığı xx.xx.2022-ci il tarixdə işdən azad edilməsinə dair sənədlərlə tanış olmuş, lakin imzalamaqdan və əmək kitabçasını qəbul etməkdən imtina etmişdir. Bununla bağlı akt tərtib edilmişdir. İddiaçı ilə 2012-ci ildə əmək müqaviləsi bağlanmış və öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.2016-cı ildə isə digər vəzifəyə işə qəbul edilmişdir. İddiaçı əmək müqaviləsinin müddətinin bitdiyi vaxt sosial məzuniyyətdə olmuş və ona bildiriş göndərilmişdir. İşə çıxdığı gün ona əmək müaviləsinə xitam verilməsi barədə ona bildirilmişdir. Hesab edir ki, iddia tamamilə əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi dvd diskə məhkəmə iclasında baxış keçirilmiş və iddiaçının işə çıxdığı xx.xx.2022-ci il tarixdə işdən çıxarılmasına dair sənədlərə tanış olduğu müəyyən edilmişdir. İddiaçının nümayəndəsi bu halı mübahisələndirmədiklərini bildirmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Qənbərova (Gören) Xəyalə Cavanşir qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə əsasən Qənbərova (Gören) Xəyalə Cavanşir qızı "xxxx" ASC-də X3 Departamentində mütəxəssis vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığına əsasən, 3 ay müddətinə bağlanmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xx.xx.2014-cü il tarixli dəyişikliyə əsasən tərəflər aralarında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin 2.4-cü bəndinə dəyişiklik edilərək, müqavilənin bir il müddətinə bağlanması barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xx.xx.2016-cı il tarixli dəyişikliyə Qənbərova (Gören) Xəyalə Cavanşir qızı "xxxx" ASC-də Təhlükəsizlik Departamentinin Monitorinq şöbəsində mütəxəssis vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, müvafiq ərizə ilə Qənbərova (Gören) Xəyalə Cavanşir xx.xx.2016-cı il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC–nin xx.xx.2016-cı il tarixli 1421/16/K nömrəli əmrinin surətindən görünür ki, Cavabdeh ASC-nin Monitorinq şöbəsinin mütəxəssisi X2 04 mart 2016-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən əsasən (öz təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Qənbərova(Gören) Xəyalə Cavanşir qızının xx.xx.2016-cı il tarixli ərizəsinin surətindən görünür ki, müvafiq ərizə ilə Qənbərova(Gören) Xəyalə Cavanşir qızı "xxxx" ASC-nin Bakı Regionları iş şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Qənbərova(Gören) Xəyalə Cavanşir qızı arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən, Qənbərova(Gören) X1 iş şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı 600 manat müəyyən edilmiş, əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 2519/17/M nömrəli əmrə əsasən, İddiaçı xx.xx.2017-ci il tarixli ərizəsi əsasında xx.xx.2016-xx.xx.2017-ci il iş dövrü üçün istifadə etmədiyi 32 təqvim günü müddətində növbəti əsas və əlavə əmək məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 3184/18/M nömrəli əmrə əsasən, İddiaçı xx.xx.2018-ci il tarixli ərizəsi əsasında xx.xx.2017-xx.xx.2018-ci il iş dövrü üçün istifadə etmədiyi 32 təqvim günü müddətində növbəti əsas və əlavə əmək məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 3031/18/M nömrəli əmrə əsasən, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixdədək analıq məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 3183/18/M nömrəli əmrə əsasən, İddiaçı doğuşdan sonrakı sosial məzuniyyətinin müddəti xx.xx.2018-ci il tarixindən təqvim günü müddətində uzadılmışdır. İşə bağlama vaxtı xx.xx.2018-ci il tarixi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 3307/18/M nömrəli əmrə əsasən, İddiaçı xx.xx.2018-ci il tarixli ərizəsi əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 3782/19/M nömrəli əmrə əsasən, İddiaçı SN00006№441158 saylı xəstəlik vərəqəsi əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək analıq məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 3922/20/M nömrəli əmrə əsasən, İddiaçı SN00006№669433 saylı xəstəlik vərəqəsi əsasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək analıq məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 3932/20/M nömrəli əmrə əsasən, İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsi əsasında xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır. İş materiallarında olan 24 fevral 2021-ci il tarixli xəvərdarİq bildirişinin və qaimələrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsində, xx.xx.2016-cı il tarixli ərizəsində qeyd edilən və məlum olan digər ünvanlara, onunla 07 mart 2016-ci il tarixində bağlanmış 715/15 saylı əmək müqaviləsinin müddətinin 07 mart 2021-ci il tarixində bitməsi və bununla əlaqədar olaraq Cavabdeh ASC ilə arasında bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən əmək müqaviləsinin müddəti uzadılmayacağı və həmin müqaviləyə uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyəti bitdikdən sonra işə çıxacağı ilk iş günü tarixindən etibarən xitam veriləcəyi barədə bildiriş göndərilmişdir, lakin bildirişin təqdim edilməsi mümkün olmamışdır. Həmçinin iş materiallarından görünür ki, qeyd edilən bildiriş Watsapp vasitətilə İddiaçı göndərilmişdir. İş materiallarında olan "xxxx" ASC –nin 23 noyabr 2022-ci il tarixli 3203/22/K nömrəli əmrin surətindən görünür ki, AZSİĞORTA» ASC-nin Sığorta Hadisələri xidmətində Hadisələrin tənzimlənməsi üzrə mütəxəssis vəzifəsində çalışan İddiaçı 28 noyabr 2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan hesablama-ödəmə cədvəlindən və ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı 65,66 manat son haqq hesablanmış və ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin maddənin 4-cü hissəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Qeyd edilən maddənin 5-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsini “f” bəndlərinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68 maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinə 1-ci hissəsinə əsasən, Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 73-cü maddəsinə 2-ci hissəsinə əsasən, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi müqavilə növü olmaqla mülki hüququn ümumi prinsiplərindən olan müqavilə azadlığı prinsipi rəhbər tutulmaqla tərəflərin iradəsini ifadə edən əmək münasibətlərinin yaranma əsasıdır. Müqavilə üzrə işçi və işəgötürən müqavilə azadlığı əsas götürülməklə mülki hüququn subyektləri qismində öz iradə və razılıqları əsasında hüquq və vəzifələr qəbul etməklə müqavilə münasibətlərinə daxil olurlar. Əmək Məcəlləsinin 47-ci maddəsi həm işçi və işəgötürən arasında bağlanan müddətli əmək müqaviləsi ilə münasibətləri müfəssəl, xüsusi olaraq tənzimlədiyindən, həm də rəqəm olaraq “sonrakı” hüquq norması olduğundan sözügedən maddə həmin Məcəllənin 45-ci maddəsinə münasibətdə xüsusi hüquq norması kimi çıxış etməklə üstün hüquqi qüvvəyə malikdir. Nəzərə almaq lazımdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli formada razılaşdırılmışdır. Məhkəmə onu da qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Belə ki, nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi qüvvədədir, aşkar və müəyyən normadır, Əmək Məcəlləsinin 45-ci maddəsinə münasibətdə xüsusi hüquq norma kimi çıxış edir və qeyd olunan norma şərtsiz tətbiq edilməlidir. Mülki hüquq münasibətlərinin subyektləri (hazırki iş üzrə müqavilə subyekti olan iddiaçının ali təhsilli, savadlı və təcrübəli şəxs olması nəzərə alınmaqla) müqavilə münasibətləri üzrə hüquq və öhdəliklərini dərk etməklə müvafiq hüquq münasibətlərinə daxil olmalı və müqavilə azadlığı prinsipini nəzərdə saxlamaqla müqavilə bağlamalıdırlar. Bundan əlavə, cavabdeh kommersiya hüquqi şəxsi olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.5-ci maddəsinə əsasən hüquqi şəxsin bir növüdür. Hüquq münasibətlərin müstəqil növü olan kommersiya hüquqi şəxsin digər subyektlərlə müstəqil formada, iradə sərbəstliyi və müqavilə azadlığı prinsip rəhbər tutulmaqla müqavilə münasibətlərinə daxil olmaq və müqavilə şərtlərini müəyyən etmək hüququ vardır. Subyektin üzərinə müqavilə şərtlərindən əlavə digər vəzifələr qoymaq qanuni hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, mülki hüquq münasibətləri publik (inzibati) hüquq münasibətlərindən fərqli olaraq tərəflərin bərabərliyinə əsaslanır. Bu səbəbdən, qanuna əsasən bərabər olan tərəflərin birinin hüquqlarını hər hansı bir formada məhdudlaşdırmaq, çərçivəyə salmaq yolverilməz olmaqla qanunçuluq və hüquqi müəyyənlik prinsipinə ziddir. Beləliklə, müəyyən olunur ki, iddia tələbi üzrə İddiaçı işçi qismində cavabdeh "xxxx" ASC işəgötürən qismində sərbəst formada öz iradələrini ifadə etməklə müqavilə azadlığı prinsipinə əsasən müqavilə münasibətlərinə daxil olmuşlar və etibarlı müqavilə şərtlərini qəbul etməklə imzalamışlar. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərin heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab edilməsi müəyyən olunmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 07 mart 2021-ci il tarixdə bitmişdir. Həmin dövrdə iddiaçı uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətə olmuş, ona əmək müqaviləsinin müddəti uzadılmayacağı və müqaviləyə uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyəti bitdikdən sonra işə çıxacağı ilk iş günü tarixindən etibarən xitam veriləcəyi barədə bildiriş göndərilmişdir. "xxxx" ASC –nin 23 noyabr 2022-ci il tarixli 3203/22/K nömrəli əmrinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 28 noyabr 2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddəimin qurtarması) xitam verilmişdir. Belə ki, müqavilənin müddətinin idiaçının qismən ödənişli sosial məzuniyyəti müqavilənin müddətinin 07 mart 2021-ci il tarixdə bitməsi və həmin dövrdə qismən ödənişli sosial məzuniyyəti olması nəzərə alınmaqla, işə çıxdığl ilk gün işəgötürən müddətin bitməsi əsası ilə müqaviləyə qanuni formada xitam vermişdir. İddiaçı iddia ərizəsində və iddiaçının nümayəndəsi isə izahatında iddiaçının işəgötürənin təzyiqi ilə işdən ərizəsi əsasında çıxdığını və yeni əmək müqaviləsini bağladığını qeyd etsə də, MPM-in 77.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin xüsusatları sübut edə bilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində son haqq hesabın düzgün hesablanmadığını bildirsə də, ümumiyətlə həmin hal prosessual tərəf olaraq iddiaçı tərəfdən ( iddiaçı və ya nümayəndəsi) məhkəmə iclasında səsləndirilməmiş, bu barədə hər hansı mövqe ifadə edilməmişdir. Bununla belə qeyd edilməlidir ki, iddiaçı işlədiyi xx.xx.2016-xx.xx.2017-ci və xx.xx.2017-xx.xx.2018-ci iş ili üzrə əsas və əlavə məzuniyyətə çıxmış, xx.xx.2018-ci ildən sonrakı dövrdə isə analıq və qismən ödənişli məzmuniyyətdə olmuşdur. Belə olan halda, əmək haqqının məbləği də nəzərə alınmaqla ona ödənilən son haqq hesab ağlabatan məbləğ qəbul edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinin tələbləri əsas götürülməklə, məhkəmə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında qanuni və əsaslı qərar qəbul etməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh müəssisə tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması barədə dəlilləri əsassızdır. Bu səbəbdən, iddiaçının işə bərpa edilməsi ilə bağlı tələbi təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün, prosessual qənaət prinsipinə əsasən, digər, yəni, işə bərpa edilmə, məcburi işburaxma müddətinə görə əmək haqqın tutulması hissəsi üzrə araşdırma aparılmasına və bu tələbə hüquqi qiymət verilməsinə zərurət yoxdur. İddia tələbi həmin hissədə də təmin edilə bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası rədd edilməli, mediasiya xərcinin əvəzi kimi ödənilmiş 50 (əlli) manat pul İddiaçı aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar