Məhkəmə qərarları › İş №2(004)-1725/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1725/2023

18.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1725/2023 18.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi (əri) Nümayəndə1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məvburi iş buraxmaya görə əmək haqqının, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi, işəgötürənlə müqavilənin müddətsiz bağlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məvburi iş buraxmaya görə əmək haqqının, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi, işəgötürənlə müqavilənin müddətsiz bağlanması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə və 179-cu maddələrinə əsaslanan xx.xx.2022-ci il tarixli X-75 nömrəli əmrin və bu əmrə əsasən İddiaçı məxsus əmək kitabçasında 8-ci qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılaraq ləğv edilməsi, məhkəmə qətnaməsi qəbul olunub icra edilənə qədər işləmədiyi günlərə görə orta aylıq əmək haqqının ödənilməsi; işə bərpa olunduqdan sonra onunla müqavilənin müddətsiz bağlanması; dəymiş 2.000 manat maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1725/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məvburi iş buraxmaya görə əmək haqqının, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi, işəgötürənlə müqavilənin müddətsiz bağlanması” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1725/2023 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1725/2023 nömrəli qərardadı ilə vəsatət təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1725/2023 nömrəli qərardadı ləğv edilmiş, işin məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə saat 11:30-a təyin edilmişdir. İddiaçı nümayəndəsi (əri) Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, nümayəndəsi olduğu İddiaçı xx.xx.2018-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən "xxxx" MMC-yə ingilis dili müəllimi kimi işə qəbul edilmişdir. Əmək fəaliyyəti dövründə heç bir intizam məsuliyyətinə cəlb olunmamış və vəzifəsini vicdanla yerinə yetirmişdir. İddiaçı 2021-ci ilin iyul ayında analıq məzuniyyətinə çıxmış, 2022-ci ilin avqust ayında işə çıxmaq istəyi ilə bağlı məktəbin İnsan resursları şöbəsinə məlumat vermiş və xx.xx.2022-ci il tarixdə işə çıxmağı ilə bağlı telefonla təsdiq almışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə işə çıxmış və bir gün dərs keçmişdir. xx.xx.2022-ci il tarixdə məktəbin rəhbərliyi İddiaçı bildirmişdir ki, əmək müqaviləsinin müddəti bitdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. Daha sonra xx.xx.2022-ci il tarixdə İddiaçı məktəbin İnsan resursları şöbəsindən zəng vurularaq xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi və gəlib əmək kitabçasını götürülməsini bildirmişlər. Əmək kitabçası və işdən çıxarılmasına dair xx.xx.2022-ci il tarixli əmrin surəti İddiaçı xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Əmək kitabçasında ağardığı ilə düzəliş edilmiş və “düzəliş etibarlıdır” sözləri yazılmışdır. Düzəliş olunduqdan sonra əmək kitabçasında Əmək Məcəlləsinin 73.2-ci maddəsi ilə əmək müqaviləsinə xitam verildiyi göstərilmişdir. Bununla əlaqədar bildirir ki, İddiaçı Avropa Azərbaycan məktəbi tərəfindən qanunsuz olaraq işdən azad olunmuşdur. İddiaçı 2022-ci ilin avqust ayında digər bir məktəbdən daha artıq maaşla işə qəbulla bağlı təklif almış, lakin Avropa Azərbaycan məktəbindən işə çıxmaqla bağlı razılıq alındığı üçün, köhnə məktəb kollektivi və kontingenti ilə münasibətlərin yaxşı olması səbəbindən həmin təklifdən imtina etmişdir. Məktəb rəhbərliyi İddiaçı Əmək Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya əsasən işdən azad etmək fikirinin olmasını bildirməmiş, “aldadaraq” işə dəvət edib bir gün sonra əmək müqaviləsinə xitam vermişdir. Bu da 4 il 8 ay işçisi olduğu müəllimə qarşı həm hüquqi, həm də vicdanlı davranış və etik davranış qaydalarına zidd hərəkətdir. İddiaçı isə bu hadisədən sonra iş təklifi aldığı məktəbə işə qəbul olunmaqla bağlı razılıq verdikdə isə artıq tədris ilinin başlandığı və başqa namizədin götürüldüyü bildirilmişdir. İddiaçı işdən çıxarılması onun və ailəsinin maddi vəziyyətini pisləşdirmiş, İddiaçı adına olan "xxxx" ASC ilə kredit müqaviləsində gecikmələrə səbəb olmuş, hər ay öz maaşından ödədiyi kredit məbləğini ödəməkdə çətinliklər yaratmış, ailənin ümumi rifahına mənfi təsir etməklə ailənin kredit borcunu, alınmış 2.000 manat borclarla ödənilməsinə səbəb olmuş və olmaqdadır. Cavabdeh tərəfindən əmək kitabçasında aparılan qeydlərdən görünür ki, əmək kitabçasında əvvəlcə yazılmış sözlər “ağardıcı” (düzəliş edən ağ boya) ilə düzəlişlər edilmiş və öz mülahizələrinə əsasən “düzəliş etibarlıdır” sözləri yazılmışdır. Bundan əlavə, əmək kitabçasında olan 4-cü hissədə, yəni, “Qeyd nəyin əsasında yazılmışdır, (sənəd, onun tarixi və nömrəsi)” hissəsində “Əmr № X-75” sözləri yazılsa da, İddiaçı işdən X-05 nömrəli əmrlə kənarlaşdırılmışdır. Bununla da cavabdeh tərəfindən əmək münasibətlərinə xitam düzgün aparılmamışdır ki, bu da öz növbəsində İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Əlavə olaraq bildirir ki, cavabdeh tərəfindən İddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən əsas olaraq Əmək Məcəlləsinin 73.2-ci maddəsi götürülmüş, halbuki Əmək Məcəlləsinin 73-cü maddəsi xitam verilmə qaydasını nəzərdə tutur. Cavabdeh iddiaçı ilə əmək münasibətlərinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndində göstərilən əsasla xitam verməli olduğu halda, həmin Məcəllənin 73.2-ci maddəsi əsas kimi qəbul edilərək xitam vermiş və qanunsuzluğa yol vermişdir. Digər bir hal kimi qeyd edilməlidir ki, Məcəllənin 73.2ci maddəsi qayda deyil, əsas hesab olunsaydı belə, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli X-05 nömrəli əmrin qəbul edilməsinə əsas olaraq, Əmək Məcəlləsinin 73.2 və 179-cu maddələri qeyd edilmişdir ki, bu da öz növbəsində 2 əsasla ləğv olunmaqla Məcəllənin 76.2-ci maddəsinin tələblərinin pozulması kimi hesab edilməlidir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, Əmək Məcəlləsinin 47-ci maddəsi əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bildiyi konkret halların dairəsini müəyyən etmişdir. Maddənin “f bəndi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanmasını mümkün hesab edir. Sonuncu bəndlə bağlı nəzərə alınmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. (İstinad: Ali Məhkəmənin xx.xx.2021 tarixli İş № 2(102)-2974/2021). Nəzərə alınsa ki, cavabdeh məktəbdir və hər bir məktəbdə tədrisin həyata seçirilməsi üçün müəllim olmalıdır və bu da göstərilən xidmətin daimi xarakterə malik oduğunu təsdiq edir. Belə olan halda cavabdeh tərəfindən məktəb müəllimləri ilə bilərəkdən müddətli müqavilə bağlaması, sonuncuları istənilən vaxt işdən öz mülahizələrinə əsasən çıxarmağa yönəlmiş addım hesab edilməlidir. Bu hal özünü digər bir məsələ ilə də göstərir. Belə ki, N. Rzayeva xx.xx.2018-ci il tarixdən etibarən cavabdeh "xxxx" MMC-də fəaliyyət göstərir və xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verməsəydi, Əmək Məcəlləsinin tələbinə əsasən 5 il daimi işlədiyi üçün artıq müddətsiz müqaviləyə keçəcəyi üçün bu addımın atılması işəgötürənin niyyətini bir daha sübut etməkdədir. Cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi əsassız və qanunsuzdur. Cavabdehin hərəkətləri nəticəsində İddiaçı iş yerindən məhrum olmaqla, xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək əmək haqlarından məhrum olmuş və işsiz qaldığına görə ona 2.000 manat maddi ziyan dəymişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdeh "xxxx" MMC-yə analıq məzuniyyətində olan işçini əvəz etmək üçün ingilis dili müəllimi vəzifəsinə qəbul edilmişdir. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə qanunvericiliyin tələbləri əsasında xitam verilmişdir. İddia ərizəsi ilə tanış olduqda aydın olur ki, iddiaçı tərəf əmək müqaviləsinə xitam verilməsinin maddi hissəsinin deyil, prosessual hissəsinin qanunvericiliyə uyğun olmadığını bildirir. Dolayısı ilə iddiaçı əmək müqaviləsinə xitam verilmə əsasını, yəni müqavilə müddətinin bitməsi ilə ehtiva olunan maddi əsası qanuni hesab edir. Lakin qeyd edir ki, əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilməsi zamanı prosedur pozuntuya yol verilmişdir, yəni iddiaçının əmək kitabçasına müqaviləyə xitam verilməsi əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi yazılmalı olduğu halda, əsas kimi Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin yazılması yanlışdır, çünki sonuncu maddə əmək müqaviləsinə xitam verilməsi üçün əsas yox, qaydanı müəyyən edir. Hesab edir ki, iddiaçının bu mövqeyi əsassızdır. Bildirmək vacibdir ki, iddiaçı eyni əsaslarla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 şikayət ərizəsi ilə müraciət etmişdir. İddiaçının bu şikayəti aidiyyatı qurum tərəfindən araşdırılmış, X2nin məsul şəxsləri tərəfindən cəmiyyətdən zəruri sənədlər tələb edilərək götürülmüş və iddiaçının şikayətində göstərdiyi əsaslar hüquqi təsdiqini tapmadığından cavabdeh hər hansı inzibati məsuliyyətə cəlb edilməmişdir. Bundan əlavə qeyd etmək vacibdir ki, iddiaçı çalışdığı müddətdə dəfələrlə məktəbin daxili qaydalarının pozuntularına yol verilmişdir. Yəni, iddiaçı geyim qaydalarını pozmuş, dərslərə gecikməsi, dərslərə gəlməməsi halları dəfələrlə təkrarlanmışdır. Bu hallar da işəgötürənə işçi ilə aralarında olan müddəti bitmiş əmək müqaviləsinin müddətini uzatmamağa əsas olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya sözügedən pozuntularla bağlı elektron poçt vasitəsilə xəbərdarlıqlar göndərilmişdir və həmin elektron poçt yazışmalarının bir nüsxəsi məhkəməyə təqdim edilmişdir. İddiaçının vaxtında işə gəlməməsi və ya dərsə gecikməsi cavabdeh "xxxx" MMC-də ödənişli əsaslarla təhsil alan şagirdlərin və onların valideynlərinin hüquqlarının pozulmasına səbəb olur. Bu isə cavabdeh "xxxx" MMC-nin valideynlərin qarşısında öz öhdəliklərini lazımınca yerinə yetirməməsinə səbəb olur. Bu səbəblərdən cavabdeh "xxxx" MMC işəgötürən kimi öz hüququndan istifadə edərək iddiaçı ilə aralarında olan müddəti bitmiş müqaviləni yeniləməkdən imtina etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə işə çıxmış və işəgötürən iddiaçının işə başlamasından bir həftə ərzində, yəni xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. İddiaçı analıq məzuniyyətində olduğuna görə işəgötürən onunla bağlanmış əmək müqaviləsinə yalnız işçi işə çıxdıqdan sonra xitam verə bilərdi. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Bu səbəbdən işəgötürən işçinin analıq məzuniyyətindən qayıtmasını gözləmiş və işə çıxdıqdan sonra xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin tələblərinə əməl etməklə müqavilə müddəti bitdiyinə görə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi haqqında bildiriş elektron imza ilə portala yerləşdirilmişdir. Cavabdeh iddiaçıya hər hansı maddi ziyan vurmamışdır. Çünki, işçi bildirdi ki, onunla bağlanmış əmək müqaviləsi müddətlidir və müddət bitdikdə işəgötürənin həmin müqaviləyə xitam vermək hüququ vardır. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, qanunvericiliyin tələblərinə əməl etmişdir. Cavabdeh "xxxx" MMC dövlət müəssisəsi deyil, hən zaman öz fəaliyyətini dayandırmağa hüququ vardır. Bu səbəbdən məktəbdə olan iş yerləri daimi xarakterli iş sayıla bilməz. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, iş materiallarında olan rəsmi sənədlərlə və işin həqiqi halları ilə müəyyən edildi ki, "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli 79 nömrəli əmri ilə İddiaçı "xxxx" MMC məktəbə Əmək Məcəlləsinin 47-ci maddəsinin “a” bəndinə əsasən analıq məzuniyyətində olan işçini əvəz etmək üçün xx.xx.2018-ci il tarixdən ingilis dili müəllimi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2018-ci il tarixli müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2018-ci il tarixdə elektron sistemə daxil edilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. İddiaçı 2021-ci ilin iyul ayında analıq məzuniyyətinə çıxmış və xx.xx.2022-ci il tarixdə işə çıxmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli X-05 nömrəli əmri ilə "xxxx" MMC Məktəbin ingilis dili müəllimi İddiaçı Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən (iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığına görə) xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2018-ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2022-ci il tarixdə elektron sistemə daxil edilmişdir. Göründüyü kimi, İşəgötürənin xx.xx.2022-ci il tarixli əmri ilə (işçinin işə çıxdığı xx.xx.2022-ci il tarixdən bir təqvim həftəsi keçməmiş) Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən müddətli müqavilə əsasında çalışan iddiaçı əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla xx.xx.2018-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68, 73-cü maddələrinin tələblərinə əməl edilmişdir. Burada əsas rolu işəgötürən tərəfindən verilən əmrin məzmunu oynayır. Əmrin məzmunundan isə aydın olur ki, müqavilənin müddəti bitdiyinə görə işəgötürən işçi ilə yeni müqavilə bağlamamış və müddəti bitmiş müqaviləyə işçi işə çıxdığı gündən bir təqvim həftəsi ərzində xitam vermişdir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə və 179-cu maddələrinə əsaslanan xx.xx.2022-ci il tarixli X-75 nömrəli əmrin və bu əmrə əsasən İddiaçı məxsus əmək kitabçasında 8-ci qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılaraq ləğv edilməsi, məhkəmə qətnaməsi qəbul olunub icra edilənə qədər işləmədiyi günlərə görə orta aylıq əmək haqqının ödənilməsi; işə bərpa olunduqdan sonra onunla müqavilənin müddətsiz bağlanması; dəymiş 2.000 manat maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar