Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1727/2024 27.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlərin nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X10 qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və X10 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 6500 Azərbaycan manatı və ödəniş günü dolların manata qarşı məzənnəsi nəzərə alınaraq 1850 ABŞ dolları məbləğində borc pulun ona verilməsi, vurulmuş zərərin əldən çıxmış faydanın əvəzi olaraq isə 1500 manat məbləğində pul vəsaitinin ümumilikdə 8000 manat və 1850 ABŞ dolları məbləğində pul vəsaitinin həmçinin ödənilmiş rüsumun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bunula əsaslandırmışdır ki, bir neçə il öncə Əzizovlar ailəsinə ailə başçısı X11 və onun zamini kimi çıxış edən Cavabdeh2 və Cavabdeh1 6500 manat və 2.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Lakin, bu günədək həmin pul vəsaitləri ona geri qaytarılmamışdır. Dəfərlərə cavabdehlərin ailəsinə xəbər göndərsə də xəbərdarlıqlarına əhəmiyyət verməmişlər. Qanunsuz olaraq onun pul vəsaitlərini mənimsəyib nə haqq nə hüquq tanımamaqla bərabər borcunu istədikdə də təhqirlərə məruz qalmışdır. Məcbur qalaraq müvafiq şikayət ərizələri ilə səlahiyyətli orqanlara müraciət etmişdir. Səlahiyyətli Orqanların sırasında Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi və Xətai Rayon Polis İdarəsi vardır. Həmin orqanlar tərəfindən cavabdehlər izahatları alınması üçün dəvət edilmiş və borclarının olduğunu da etiraf etmişlər. Polis İdarəsi isə ona tövsiyyə etmişdir ki, aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər, çünki bu iş mülki xarakterlidir. Sonradan 2024-cü ilin yanvar ayında tərəfindən polis idarəsinə müraciət edilərək sənədlər tələb edildikdə ona bildirilmişdir ki, sənədləri yalnız məhkəmə sorğusu ilə təqdim edilə bilinər. Nəzərə çatdırır ki, cavabdehlər tərəfindən o, uzun müddətdir ki, aldadılır. İlk əvvəl ona müxtəlif ərazilərdə yerləşən torpaq sahələrinin sənədləri təqdim edilərək guya həmin torpaqlar satılarkən pulunun qaytarılacağı və başqa yalan vədlər vermişlər. Sonradan isə başqa bəhanələrlə onu aldatmışlar. Borc puldan 2021-ci ilin sonlarında onlar cəmi 150 dollar ödəniş etmişlər. Nəticədə qərar vermişdir ki, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etsin. Qeyd edir ki, o, özü müharibə veteranıdır. Veteran kimi Dövlətin və Hakimiyyətin əsas priotetlərindən birinin hüquqlarının pozulmasına yönələn addımlara son verilməsidir. Qeyd edilənlərə əsasən hesab edir ki, müvafiq köməklik göstəriləcəkdir. Qeyd edilənlərə əsasən Cavabdeh2 və Cavabdeh1 6500 Azərbaycan manatı və 1850 ABŞ Dolları məbləğində borc pulun, ödəniş günü dolların manata qarşı məzənnəsi nəzərə alınaraq ona verilməsi, vurulmuş zərərin əldən çıxmış faydanın əvəzi olaraq isə 1500 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsi zəruridir. Cavabdehlərin nümayəndəsi və vəkili X6 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaya münasibətdə bildirir ki, iddia əsassızdır və iddianı qəbul etmirlər. Belə ki, qeyd olunan iddia ərizəsində, iddiaçı, əsassız olaraq bildirir ki, kuya mərhum ataları X14 ondan borc pul almış və qaytarmamış, həmən borc pul alınarkən güya onlar cavabdehlər zamin olmuşlar, həmin borc puldan 2021-ci ilin sonlarında güya onlar ona 150 dollar pul qaytarmışlar və nəticə etibarı ilə güya onu aldadmışlar. İddia ərizəsində, tərəf, bilərəkdən alınan borcun tarixini, borcun hansı müddətə verilməsini, harda alınmasını, atalarının vəfat etməsini və sair iddia üçün əhəmiyyət kəsb edən halları göstərməmiş və buna səbəb odur ki, iddiaçının qeyri-səmimi iddiası uydurmadır, bu uydurmanı o, başqa şəxsə olan borcunu qaytarmadığından, özünü qorumaq ücün gündəmə qətirmiş və bu uydurma iddiasını təsdiqləyən faktlar mövcud deyildir. Bundan başqa iddiaçı, onları, ərizəsində zamin kimi göstərir və bunuda əsaslandırmayaraq ümumi sözlər və dolayısı yol ilə onları öhdəliyi olan şəxslər kimi qələmə verməyə çalışır. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə, AR DİNnin Mütəşəkkil cinayətkarlıqla mübarizə İdarəsinə, Nərimanov rayon Polis idarəsinə, Xətai rayon Polis idarəsinə qərəzli olaraq şikayətlər etmiş və Cavabdeh2 qarşı şikayətlərində biri-birindən fərqli mövqey və tələblər göstərmişdir. İddiaçının qohumu və ya tanışı X7, Cavabdeh1 iş yerinə gələrək, onun müfuzuna xələl yetirməyə çalışmış və nəticə etibarı ilə Cavabdeh1 iddiaçının qohumunun bu qanunsuz hərəkətlərdən Yasamal rayon Polis İdarəsinə şikayət yazmışdır. Yeri gəlmişkən, iddiaçının qeyri-obyektivliyini təsdiq edən faktlardan biridə odur ki, Səadət xanımın şikayəti üzrə material araşdırılarkən, İddiaçıda 27-ci Polis Bölməsində, xx.xx.2022-ci il tarixdə izahat vermiş və orada göstərmişdir ki, atamız vəfat etdikdən sonra güya onlardan pul istəmiş və onlar ödəməyə razılıq vermişlər, və beləlik ilə ümumi borc deyilən məbləğdən mərhum Ədalət müəllimin övladları olaraq ona hissə-hissə 2000 ABŞ dolları pul qaytarmışlar. Bundan başqa X7 həmən tarixdə izahat verərkən İddiaçı 2010-cu ilin fevral ayında 6500 manat pul verdiyini söyləmiş, və Gülhüseynin sözlərinin düz olub-olmamasını yoxlamaq məqsədi ilə Səadət xanımın iş yerinə getdiyini göstərmişdir və atalarının vəfatından çox öncə Gülhüseyndən pulunun ödənilməsini tələb etdiyini bildirmiş. Polis idarəsində iddiaçı verdiyi izahatda təsdiqləyir ki, Sevil adlı şəxsdən 6500 manat pul alıb, yəni belə çıxır ki, iddia etdiyi pulda heç onun deyil. İddiaçı ərizəsində qeyd edir ki, güya ona cavabdehlər tərəfindən torpaq sahələrinə dair mülkiyyət sənədləri verilmiş və həmin torpaqlar satılarkən ona pul qaytarılacağını vəd etmişlər. Eyniylə bildirirlər ki, İddiaçı tərəflərindən sənəd verilməmiş, Gülhüseyn bildiklərinə görə daşınmaz əmlaklara dair makler kimi çalışırmış, həmən əmlaklar ilə əlaqədar ola bilər ki, atalarının onunla məsləhətləşmələri olub və bu sənədlər o yol ilə əlinə keçib. Qeyd edir ki, həmin sənədlərdə olan əmlaklar iddiaçının tələb etdiyi puldan yüz dəfələrlə dəyərlidir və onun biri belə ona təqdim olunsaydı idddia etdiyi borcdan, dəyəri cox artıq edərdi. İddiacının, iddia ərizəsində, güya onların polis orqanlarında ona olan borcu etiraf etmələri barədə yazdıqlarıda həqiqətə uyğun deyildir. Hesab edirlər ki, iddia tam əsassızdır və tələbə dair iddia müddəti belə ötürülmüş hesab olunmalıdır. X14, yüksək vəzifələrdə çalışmış nüfuzlu şəxs olmuşdur, onun maddi vəziyyəti daim əla olmuş, heç nəyə ehtiyacı olmamış, cavabdehlər ayrı-ayrılıqda nüfüz və iş sahibidir və maddi ehtiyacları yoxdur. Onların iddiaçıya borclu olmaları mümkünsüzdür, iddiaçı sadəcə atalarının vəfat etdiyindən, istifadə edərək, onların rifahlarına bələd olub, öz problemlərini həll etmək məqsədi ilə ondan pul istəyir. İddiaçı tərəfindən təqdim edilən, mənşəyi, vaxtı bilinməyən yazılarıda mötəbər saymırlar, qanunsuz yol ilə əldə olunan yazılardır və hesab edirlər ki, sübut kimi qəbul olunmamalıdır. Odur ki, İddiaçı iddiası təmin olunmamasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili X6 iddia tələbi ilə razı olmadığını bildirərək və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahatında bildirmişdir ki, o, Gülhüseynin həm qohumudur, həm də yaxın dostudur. Eyni zamanda qarşı tərəflə də qohumluq əlaqələri vardır. X1 borc pul verdiyini ona bildirmişdir. Pula təminat kimi torpaq sahələrinin sənədlərini Gülhüseynə vermişdir. Gülhüseyn bildirmişdi ki, Ədalət Əzizov torpaqları satacaq və iddiaçının pulunu verəcəkdi. Verilən suala cavab olaraq bildirmişdir ki, danışıqlar olanda və ya pul veriləndə onların yanında olmamışdır. Gülhüseynin danışıqlarından Əzizov Ədalətin ona borclu olması barədə məlumatı olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, 093-146237 saylı məktubundan görünür ki, X2 müraciətində qeyd olunan məsələ mülki xarakterlidir və bununla əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. AZ-İ seriyalı, 857502 nömrəli 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X14 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 205 nömrə ilə qeyd edilmişdir. 22 aprel 2024-cü il tarixdə Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsindən məhkəmə sorğusuna cavab məktubunda Cavabdeh1 müraciəti əsasında toplanmış materialın surəti məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə olunmuş Cavabdeh1 xx.xx.2022-c il tarixli izahatından görünür ki, 7 ilə yaxındır ki, Anarla ailə qurmuşdur. 2017-ci ildə atası Ədalət müəllim dünyasını dəyişmişdir. Dünyasının dəyişməsindən öncə yüksək vəzifədə işləmiş və ətrafında çoxlu tanıdığı adamlar olub və qızı olaraq dəqiq bilri ki, atası heç kimdən borc ala bilməz və almayıb, ürəyitəmiz və sülhsevər insan olduğu üçün çox insanlara yardım et edib və özü borc vermişdir. xx.xx.2022-ci ildə iş yoldaşları telefonla ona məlumat veriblər ki, iş yeri Asan 3 xidmətinə onu soruşaraq axtarmışlar. Daha sonra ***-***-**-** mobil nömrəsindən dəfələrlə zənglər gəlməyə başlamışdır. Məlum olmuşdur ki, bu nömrədən ona öncədən dəfələrlə zəng gəlib. Tanımadığı nömrə olduğu üçün yoldaşı zəng vurub araşdırmışdır. Həmin nömrəli abonentlə danışıqdan məlub olub ki, dəstəyi qaldıran xanım Sevil adlı şəxsdir və güya o Masallı rayonu 7 Oymaq kənd sakini Gülhüseyn adlı şəxsin həyat yoldaşının xalasıdır. Sevil xanım telefonda öz fikirlərini yüksək səs tonu və çox emosianal şəkildə bildirərək dəfələrlə həyat yoldaşının sözünü kəsirmiş. Lakin buna baxmayaraq yoldaşı xanımla çox səbrlə və etik qaydalara uyğun danışmışdır. Söhbət əsnasında məlum olmuşdur ki, güya atası Əzizov Ədalət bir neçə il öncə həmin Gülhüseyndən 6500 manat və 2000 ABŞ dolları borc pul alıb. Bu barədə heç bir məlumatı yoxdur və nə Sevil nə də Gülhüseyn adlı şəxsləri tanımır. Bu məlumatı Sevil xanıma dedikdə, o “Səadəti müdürünün otağına çağırtdıraraq ,” “Qardaşı Zauru bilirik harada işləyir və hara lazım olsa ora çağırarıq,” gətizdirərək, “Siz baxarsız yaxşı” sözləri və şantaj edirdi və adlarında mülklərinin, əmlaklarının əllərindən məhkəmə vasitəsi ilə alınması barədə təhdid etmişdir. Onlar borcu hər hansı bir sənəd üzərindən təsdiqi olması barədə soruşduqda, olmaması aşkarlanmışdır. Xanım “eybi yox”, baxarsız ifadələri ilə yoldaşı Anarın sözünü kəsərək dəstəyi kobudcasına atmışdır. əlavə olaraq onu da qeyd edir ki, Sevil adlı qadın ilk dəfə tanımaqlarına baxmayaraq, onun danışığından sonra səhhətində problemlər yaşanır və psixaloji durumu pis vəziyyətdədir. Onun tənqidi və söylədikləri sözlər onun ölüm həddinə çatdıra bilər. Xahiş edir ki, qeyd edilənləri nəzərə alaraq onun atasının borcu varsa qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etsinlər və onu ailə üzvləri ilə birlikdə narahat etməsinlər. İddiaçı xx.xx.2022-ci il tarixli izahatından görünür ki, Səadətin şikayəti ilə tanış olmuşdur. Səadətin atası ondan 2010-cu ildə 6500 manat və 2000 ABŞ dolları borc almışdır. Dəfələrlə atasına pulu qaytarmasını bildirmişdir amma qaytarmamışdır. O da qohumu Sevil xanımdan götürmüşdür. Atası 2017-ci il yanvar ayının 27-də vəfat etmişdir. Ondan sonra qızı və oğlu Səadət və Zaur pulu qaytaracaqlarını bildirdilər. 2000 ABŞ dollarını hissə-hissə qaytardılar, qalan 6500 manat pulu vermək istəmədiklərini bildiriblər. Ondan sonra o, dəfələrlə böyüklərdən, ağsaqallardan xahiş ediblər ki, onlarla danışsınlar və pulu qaytarsınlar. Ondan sonra da qaytarmayıblar. 25 iyulda Sevil xanım Asan xidmətdə nəvəsinin sənədini almaq istədiyini deyəndə Səadət xanımı soruşub, lakin işdə olmadığını bildiriblər. Məhrum atasından istifadə edərək, güya onun sübutu yoxdur. Lakin, onda dəlil və sübutlar vardır. Qohum olduğu üçün o addım atmamışdır. X5 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, xx.xx.2022-ci ildə Yasamal rayon Asan xidmətə nəvəsi İbrahim Aslanova doğuç şəhadətnaməsini almaq üçün getmişdir. Bu vaxt qohumu İddiaçıi yoxlamaq üçün ABB-də işləyən Səadət xanımın yanına qalxmışdır, həmin günü onun işdə olmadığını, istirahət günü olduğunu bildiriblər. 2010-cu ilin fevral ayında Gülhüseyn adlı qohumuna 6500 manat pul vermişdir, o da həmin pulu Əzizov Ədalətə verəcəyini qeyd etmişdir. Nə vaxt pulunu istədikdə “bibi pulu mən qaytaracağam, narahat olma” demişdir. Sonradan bilmişdir ki, Ədalət deyilən şəxs 27 yanvar 2017-ci ildə vəfat etmişdir. Ondan sonra isə Gülhüseyn müəllim onlardan pulu ala bilmirmiş (özünün dediyinə görə), bunları o yoxlamaq üçün, elə Asan xidmətə gəlmişkən Səadət xanımı görmək istəmişdir lakin, təəssüf ki, görməmişdir. Həmin gün ona zəng gəlmişdir, özünü Səadət xanımın həyat yoldaşı kimi qələmə verən Anar adlı şəxs onun oraya getməsinin səbəbini soruşmuşdur, o da Səadət xanımın atasına, ondan aldığı 6500 pulu, həmin pulu isə qohumu Gülhüseyn müəllim vermişdir, bunu aydınlaşdırmaq üçün və Gülhüseyn müəllimin nə qədər düzgün olmasını yoxlamaq üçün Səadət xanıma müraciət etmək istəmişdir, xanım isə işdə olmamışdır. Sadəcə olaraq,o telefonda Anar adlı şəxslə danışmışdır. Gülhüseyn müəllimə o pulu faizə verməmişdir, özünün halal puludur və müalicəyə getmək üçün ona təcili pul lazım olduğu üçün, ona yəni, Səadət xanımdan işin nə yerdə olduğunu öyrənmək istəmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili X4 iddia müddətinin tətbiq edilməsi barədə ərizədən görünür ki, İş üzrə cavabdehlərin nümayəndəsi olaraq bildirir ki, iddia və sənədlər ilə tanış olmuşdur və tələb üzrə iddia müddətinin keçdiyi qənayətindədir. Bu səbəbdən, ARMM-nin 377.1, 354.1 və 375.2 maddəsinə əsaslanaraq iddiaçı X3, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı, pul tələbinə dair iddiasına, iddia müddətini tətbiq edərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X9 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. İddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş diskə məhkəmə iclasında baxış keçirilmişdir, müəyyən olunmuşdur ki, onunla kişi cinsindən bir nəfərin borc pulun qaytarılması ilə bağlı telefon danışıqları olmuşdur. İddiaçı həmin səs yazısının X11 məxsus olduğunu bildirsə də, telefon danışıqlarının nə vaxt aparılması, həqiqətən də Ədalət Əzizova məxsus olması müəyyən etmək mümkün olmamışdır. Məhkəmə təqdim olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan sənədlərlə iddiaçının cavabdehlərə borc pul verməsi öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X10 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1727/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1727/2024
27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver