Məhkəmə qərarları › İş №2(004)-1738/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1738/2022

13.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1738/2022 13.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X9”inin 05.10.2021-ci il tarixli işdən çıxarılma əmrinin ləğv edilməsi, onunla cavabdeh arasındakı əmək müqaviləsinin müddətsiz hesab olunmaqla DOST X6 Departamentinin Mühasibat uçotu və hesabatlar Şöbəsinə baş mütəxəssis vəzifəsinə işə bərpa edilməyi və məcburi işburaxma müddəti üçün əmək haqqının və əmək haqqına əlavələrin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla X8 arasında 11.03.2020-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq Mərkəzin Maliyyə Departamentinin Mühasibat Uçotu və Hesabatlar Şöbəsinə baş mütəxəssis vəzifəsinə keçirilmişdir. 1 aylıq əmək məzuniyyətindən qayıtdığı günün səhəri - 05.10.2021-ci il tarixdə əvvəlcədən xəbərdarlıq edilmədən əmək müqaviləsinin müddətinin bitdiyi əsas gətirilərək 10 dəqiqə ərzində ƏMnin 68-ci maddəsinin 2b bəndinə əsasən müqaviləyə xitam verilmişdir. X8ndə işlədiyi müddətdə nə töhmət, nə də xəbərdarlıq almışdır, cənab nazir Sahil Babayevin göstərişi əsasında işçilərin biliklərinin yoxlanılması məqsədilə keçirilən imtahanda şöbə üzrə yüksək bal yığmışdır. Əmək müqaviləsinə xitam verildiyi şifahi olaraq ona bildirilsə də, işdən çıxarılma əmri ona təqdim olunmamışdır. Bundan sonra öyrənmişdir ki, onunla X8 arasındakı 11.03.2020-ci il tarixli əmək müqaviləsi 3 ay müddətinə bağlanılmış və Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq hər dəfə eyni müddətə uzadılmışdır. Cavabdeh X8 İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsinə etiraz təqdim etmişdir. Həmin etirazda qeyd edilmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi əsassızdır. İddiaçı iddia ərizəsində əmək müqaviləsinin müddətli olmağını işdən çıxarkən öyrəndiyini bildirmişdir. İddiaçı 11.03.2020-ci il tarixində ərizə yazaraq Mərkəzdə işə düzəlmək istədiyini bildirmiş və həmin ərizə nəzərə alınaraq onunla 11.03.2020-ci il tarixində əmək müqaviləsi bağlanılmış və o, Maliyyə departamentinin Mühasibat uçotu və hesabatlar şöbəsində işə qəbul olunmuşdur. Həmin müqaviləyə İddiaçı şəxsən özü imza etmişdir. Onunla bağlanılmış əmək müqaviləsinin 2-ci bəndində müqavilənin müddəti göstərilmişdir. Həmin əmək müqaviləsinin 2.2-ci bəndində müqavilənin 3 ay müddətində bağlandığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsində müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası göstərilmişdir. Əmək Məcəlləsinin 73.1-ci maddəsində qeyd edilmişdir ki, müddətli əmək müqaviləsinin müddəti qutardıqda xitam verilir. İddiaçı əmək müqaviləsinin müddəti 11.09.2021-ci il tarixində bitməli idi. Lakin İddiaçı 01.09.2021-ci il tarixindən 03.10.2021-ci il tarixədək əmək məzuniyyətində olmuşdur. İşə çıxma tarixi 04.10.2021-ci il tarixi qeyd edilmişdir. Bu səbəbdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 73-cü maddəsinin 2-ci bəndi əsas götürülərək həmin məcəllənin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qutarması) bəndinə uyğun olaraq 05.10.2021-ci il tarixində xitam verilmiş və son haqq-hesab olaraq 311,89 manat onun bank hesabına köçürülmüşdür. Əlavə olaraq qeyd olunmuşdur ki, İddiaçı işsiz kimi qeydiyyata alınması ilə bağlı etdiyi müraciətə əsasən “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq 5 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi tərəfindən göndəriş verilmiş və onunla X8 arasında 22.10.2021-ci il tarixdə yenidən əmək müqaviləsi bağlanılaraq Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinə sosial işçi vəzifəsinə təhkim edilmişdir. İddiaçı ilə X8 arasında bağlanılmış 22.10.2021-ci il tarixli əmək müqaviləsi hal-hazırda qüvvədədir. Əlavə olaraq yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd etdiyi məzmunda izahat verərək bildirdi ki, cavabdehin nümayəndəsi etiraz ərizəsində bildirmişdir ki, müqavilə bağlanılıb və müqavilə 47-ci maddənin f bəndinə əsasən tam qanunidir və iddiaçı buna razı olmuşdur. Lakin bu müqavilə 47-ci maddənin f bəndinə əsaslandırılmamışdır. Həmçinin ona əmək müqaviləsi verilməmişdir. Mart ayının 11-də aralarında əmək münasibəti yaradılsa da, X8 tərəfindən onunla Əmək Məcəlləsinin 44-cü maddəsi pozularaq kağız daşıyıcıda əmək müqavilə bağlanılmamışdır. Dəfələrlə əmək müqaviləsini X7 istəsə də ona nüsxə təqdim edilməmişdir. Nəhayət 10 aydan sonra ona bir müqavilə gətiriblər və məzmunu ilə də tanış olmağa icazə verməmişlər. O, məhkəmədən sonra dəfələrlə əmək müqaviləsinin, əmrin və digər sənədlərin verilməsi ilə bağlı şifahi və yazılı şəkildə müraciət etsə də Əmək Məcəlləsinin 88-ci maddəsinə əsasən hüquqları pozularaq heç bir sənəd təqdim edilməmişdir. Məhkəmədən sonra qarşı tərəfin onun imzaladığını iddia etdiyi əmək müqaviləsini götürmüş və ilk dəfə 10 martdan sonra müqavilə ilə tanış olmuşdur. Orada bəndlərdə göstərilmişdir ki, əmək müqaviləsi Əmək Məcəlləsinin əlavəsində göstərilən formada tərtib olunub və müqavilənin müddətləri göstərilməlidir. Əmək müqaviləsinin 2.3-cü bəndi sırf müqavilənin müddətinin göstərilməsinə aiddir. Lakin bu müqavilədə müddət göstərilməyib. Orada qeyd olunmuşdur ki, müqavilə 1-ci ay sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanılır. Lakin bu müqavilənin başlama-bitmə, sınağın başlama-bitmə vaxtları qeyd olunmamışdır. Əmək Məcəlləsinə əsasən, müqavilədə müddəti göstərilməyən əmək müqaviləsi müddətsiz hesab edilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında qeyd etdi ki, xanıma əmək müqaviləsinə xitam verilməsi ilə bağlı şifahi qaydada xəbərdarlıq edilmişdir. Əmək müqaviləsində isə müqavilənin 3 ay müddətinə bağlandığı qeyd olunmuşdur və həmin müqavilə onun özü tərəfindən imzalanmışdır. Müddət bitdikdə isə əmək müqaviləsinə tam qanun çərçivəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndi və 73-cü maddəsinin 2-ci bəndi rəhbər tutularaq əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən xitam verilmişdir. İşçinin əmək müqaviləsinin müddətindən xəbərdar olmamasına gəldikdə isə sistemə daxil olaraq hər bir kəs əmək müqaviləsi bildirişindən məlumatları öyrənə bilər. Orada müqavilənin müddətli və ya müddətsiz bağlandığı, hansı müddətə bağlandığı və s. kimi lazım olan hər bir məlumat aşkar şəkildə qeyd olunmuşdur. İzahatına əlavə olaraq məhkəmədən tələbin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin digər nümayəndəsi X3 izahatında qeyd etdi ki, iddiaçı ilə əmək müqaviləsi bağlanmışdır və 11 mart müqaviləsini xanımın özü imzalamışdır. Lakin xanım ziddiyətli ifadələr verir. Bu da onu göstərir ki, bunlar sadəcə özünü haqlı göstərmək üçün edilir. Əvvəldən məhkəməyə yalan ifadələr verir ki, müqaviləni o imzalamamışdır. Bu şəkildə ifadə verən və ali təhsilli olan xanımın müqaviləni oxumadan imza çəkməsi inandırıcı deyil. Hətta az öncə müqavilənin tarixini özü oxuduğu halda müqavilədə müddətin göstərilmədiyinə istinad edir. Bundan əlavə iddia ərizəsində əmək müqaviləsini imzaladığını qeyd etsə də, izahatında aralarında əmək müqaviləsi olmadığını söyləmişdir. Xanım dövlətdən maaş almış, işə gəlib-getmişdir. Bu baxımdan əmək müqaviləsinin bağlanılmadığından söhbət gedə bilməz. Əmək müqaviləsi ilk dəfə 3 ay müddətinə bağlanılmış və bu müddət müqavilədə əks olunmuşdur. Müqavilənin müddəti bitdikdən sonra avtomatik olaraq hər dəfə müddət 3 ay olmaqla artırılmışdır. Xanım iş yerində işçilərin səsini yazdığına və video lentə aldığına görə rəhbərlik tərəfindən ona dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin xanım buna məhəl qoymayaraq nizam-intizam qaydalarını pozmuşdur və müqavilənin müddəti də bitdikdən sonra, müddət uzadılmamış, xanım işdən azad olunmuşdur. İzahatına əlavə olaraq məhkəmədən tələbin rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan əmək kitabçasının surətinə əsasən İddiaçı **********3 nömrəli, 11.03.2020-ci il tarixli əmrə əsasən Cavabdeh MMC-nin Maliyyə departamentinin Mühasibat uçotu və hesabatlar şöbəsinin böyük mütəxəssis vəzifəsinə təyin edilmişdir. **********4 nömrəli, 10.12.2020-ci il tarixli əmrə əsasən Cavabdeh MMC-nin Maliyyə departamentinin Mühasibat uçotu və hesabatlar şöbəsinin baş mütəxəssis vəzifəsinə keçirilmişdir. **********3 nömrəli, 05.10.2021-ci il tarixli əmrə əsasən işçi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə əsasən tutuduğu vəzifədən azad edilmişdir. İş materaillarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan 11.03.2020-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 11 mart 2020-ci il tarixdən tərəflərin qarşılıqlı razılığı ilə Cavabdeh MMC-nin Maliyyə departamentinin Mühasibat uçotu və hesabatlar şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. İş materiallarında olan **********3 nömrəli, 11.03.2020-ci il tarixli əmrə əsasən İddiaçı 11 mart 2020-ci il tarixdən tərəflərin qarşılıqlı razılığı ilə Cavabdeh MMC-nin Maliyyə departamentinin Mühasibat uçotu və hesabatlar şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Əmrin əsası kimi İddiaçı 11.03.2020-ci il tarixli ərizəsi və 11.03.2020-ci il tarixli əmək müqaviləsi göstərilmişdir. İş materiallarında olan **********3 nömrəli, 05.10.2021-ci il tarixli əmrə əsasən müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Cavabdeh MMC-nin Maliyyə departamentinin Mühasibat uçotu və hesabatlar şöbəsinin baş mütəxəssis vəzifəsində çalışan İddiaçı ilə 11 mart 2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndi və 73-cü maddəsinin 2ci bəndi rəhbər tutularaq əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən 5 oktyabr 2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı ilə X8 MMC arasında olan 11.03.2020-ci il tarixli əmək müqaviləsinə **********3 saylı əmrlə 05.10.2021-ci il tarixdə AR ƏM-nin 68.2-ci maddəsinin b bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İş materiallarında olan **********9 nömrəli, 26.08.2021-ci il tarixli əmrə əsasən Cavabdeh MMC-nin Maliyyə departamentinin Mühasibat uçotu və hesabatlar şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışan İddiaçı 11.03.2020-11.03.2021-ci iş ili üçün nəzərdə tutulmuş qalıq 19 təqvim günü əmək məzuniyyətindən 19 təqvim günü, 11.03.2021- 11.03.2022-ci iş ili üçün nəzərdə tutulmuş 36 təqvim günü əmək məzuniyyətindən 14 təqvim günü müddətinə məzuniyyət verilmiş, məzuniyyətin başlama tarixi 1 sentyabr 2021ci il, bitmə tarixi 3 oktyabr 2021-ci il, işə çıxma tarixi 4 oktyabr 2021-ci il müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan 22.10.2021-ci il tarixli əmək müqaviləsinə əsasən işçi (İddiaçı) haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsində qeyd edilmişdir ki,

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndində qeyd edilmişdir ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 73.1-ci və 73.2-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, 05.10.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Hazırda İddiaçı “X8 MMC”-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.10.2021-ci il tarixli işdən çıxarılma əmrinin ləğv edilməsi, onunla cavabdeh arasındakı əmək müqaviləsinin müddətsiz hesab olunmaqla DOST X6 Departamentinin Mühasibat uçotu və hesabatlar Şöbəsinə baş mütəxəssis vəzifəsinə işə bərpa edilməyi və məcburi işburaxma müddəti üçün əmək haqqının və əmək haqqına əlavələrin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, ilk növbədə iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan 11.03.2020-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 11 mart 2020-ci il tarixdən tərəflərin qarşılıqlı razılığı ilə Cavabdeh MMC-nin Maliyyə departamentinin Mühasibat uçotu və hesabatlar şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir və müqavilədə əmək müqaviləsinin 3 ay müddətinə yəni müddətli bağlandığı qeyd olunmuşdur. Həmin müqavilə İddiaçı tərəfindən imzalanmışdır. İddiaçı imzası onun müddətli əmək müqaviləsinin bağlanılmasına razılığının ifadəsidir. Bundan sonra **********3 nömrəli, 05.10.2021-ci il tarixli əmrə əsasən müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Cavabdeh MMC-nin Maliyyə departamentinin Mühasibat uçotu və hesabatlar şöbəsinin baş mütəxəssis vəzifəsində çalışan İddiaçı ilə 11 mart 2020ci il tarixində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndi və 73-cü maddəsinin 2-ci bəndi rəhbər tutularaq əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən 5 oktyabr 2021-ci il tarixdə xitam verilmişdir. Sözügedən əmək münasibətlərinə gəldikdə isə İddiaçı Cavabdeh MMC-də 11.03.2020-ci ildə işə qəbul olunmuş və 05.10.2021-ci il tarixdə isə əmək münasibətlərinə xitam verilmişdir. Cavabdehin nümayəndələrinin verdiyi izahatlardan da görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 11.03.2020-ci il tarixli müqavilə hər dəfə 3 ay müddət tamam olduqda yenilənmişdir. Belə ki, AR ƏM-nin Məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin normaya əsasən 11.03.2020-ci il tarixli müqavilə ilə müddət 3 ay müəyyən edildiyindən müqavilə hər dəfə 3 ay müddətinə uzadılmışdır. Buradan görünür ki, işçinin əmək müqaviləsinin bitdiyi vaxt yəni, 11.09.2021-ci il tarix onun məzuniyyətdə olduğu dövrə təsadüf edir. Bu baxımdan işəgötürən qanuni olaraq işçinin əmək müqaviləsinə AR ƏM-nin 73.2-ci maddəsinə əsaslanmaqla işçi işə çıxdıqdan sonra 05.10.2021-ci il tarixdə onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam vermişdir. İddia tələbindəki iddiaçı ilə cavabdeh arasındakı əmək müqaviləsinin müddətsiz hesab olunması hissəsinə gəldikdə isə qeyd olunmalıdır ki, AR ƏM-nin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar