Məhkəmə qərarları › İş №2(004)-1741/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1741/2022

05.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1741/2022 05.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı “mənzildə yaşamaq hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanındakı yaşayış evində yaşamaq hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh evlənməmişdən əvvəl X3 ilə kirayədə yaşamışdır. Cavabdeh 2011-ci ilin sentyabr ayında evləndikdən sonra arvadı ilə birlikdə kirayədə yaşamışdır. Bir daha nə iddiaçı onların yaşadığı mənzilə getməmiş, nə də oğlu ailəsi ilə birlikdə onu ziyarət etmişdir. 2017-ci ilin iyun ayında o, insult keçirmiş və əziyyət çəkdiyi xəstəliyi ilə bağlı 1-ci qrup əlillik dərəcəsi almışdır. Bu müddət ərzində oğlu qaynatası Zirəddin İsgəndərovun yaşadığı evə köçmüş və plana düşən evdən iki mənzil almışdır. Mənzillərdən biri cavabdehin arvadı X1 adına verilsə də, lakin həmin mənzil faktiki olaraq təhvil verilməmişdir. Bu hadisədən sonra cavabdeh onunla əlaqə saxlamış, pandemiya ilə bağlı olaraq maddi vəziyyətinin çətin olmasını və kirayə haqqını ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. O, isə cavabdehə mənzilinin kiçik bir hissəsindən istifadə etməsinə icazə vermişdir. Beləliklə, 2021-ci ilin fevral ayından etibarən cavabdeh onun mülkiyyətində olan mənzildən istifadə etməyə başlamışdır. Bundan sonra cavabdeh mənzildə olmadığı vaxtlarda onun arvadı səs ucaldacı qurğusundan istifadə edərək onu narahat etməyə başlamışdır. Hətta onun mənzilinə keçən qaz xəttini kəsmiş və nəticədə onun mənzildəki həyat şəraiti pisləşmişdir. O, bununla bağlı bir neçə dəfə polis idarəsinə şikayət etmişdir. Göstərilənlərlə yanaşı cavabdeh onun mülkiyyətində olan mənzilə daxil olduğu zaman qapıya zərər vurmuş, həmçinin ona qarşı nalayiq ifadələrdən istifadə edərək təhqir etmişdir. Cavabdeh onu təhdid edərək yaşamağa qoymacağını bildirmişdir. Baxmayaraq ki, cavabdeh ona məxsus evdə yaşadığı 10 ay müddətində Qəbələ rayonundan 2 mənzil almış, lakin mənzili tərk etməmişdir. Hətta Cavabdeh Təbriz oğlu təkidlə mənzilin yarısının cavabdehə, qalan hissəsinin isə ona məxsus olması qeyd edilmiş müqaviləyə imza etdirmiş və bu halı videogörüntüyə qeydə almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh və iddiaçı məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddələrinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı X4 iddia ərizəsinə oxşar məzmunlu izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. O, həmçinin verilmiş suallar əsasında bildirmişdir ki, Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə küçəsi ev 19-da yerləşən 6 saylı mübahisəli evi 29 mart 1999-cu il tarixdə alqı-satqı müqaviləsinə əsasən əldə etmiş və həmin vaxtdan iki övladı, yəni hazırda cavabdeh olan Cavabdeh Təbriz oğlu ilə həmin evə köçmüşdür. 2011-ci ildə cavabdeh ailə quraraq evi tərk etmiş və ailə üzvləri ilə birlikdə kirayə köçmüşdür. Daha sonra 2020-ci ilin fevral ayında cavabdeh maddi vəziyyətinin ağır olmasını əsas gətirək evə ailə üzvləri ilə birlikdə geri qayıtmışdır. Lakin birgə yaşamaları çətinlik yaratdığında o, cavabdehə evin həyətyanı sahəsinə daxil olan ərazidə yaşaması üçün kiçik otaq tikməsinə icazə vermişdir. Həmin vaxtdan cavabdeh ailə üzvləri birlikdə həmin tikilidə yaşayır. Bundan sonra onun evinin suqızqıdırıcı oğlunun tikdiyi tikilinin daxilində qalmışdır. Həmçinin onun vanna otağının nəfəsliyinin qarşısını kəsmişdir ki, bu səbəbdən iradını bildirdikdə oğluna onlar arasında mübahislər yaranmış və hazırda münasibətləri daha da pisləşdiyindən onların birgə yaşamaları mümkünsüz olmuşdur. Odur ki, göstərilənlərə əsasən iddiaçı X4 iddia tələbinin təmin edilməsini və cavabdehin ailə üzvləri ilə birlikdə ona məxsus evdən çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbini dəqiqləşdirilməsi təklif edilməsinə baxmayaraq, o, hazırki tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı tələbində cavabdehin mənzildə yaşamaq hüququna xitam verilməsini xahiş etməsinə baxmayaraq, iddia tələbi mahiyyəti etibarı ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi kimi qəbul edilməlidir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh Təbriz oğlu iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, anası X2 mülkiyyətində olan mübahisəli evdə 1999-cu ildən 2013cü il tarixədək fasiləsiz olaraq yaşamışdır. 2011-ci ildə o, arvadı Ramilə İsgəndərova ilə nikaha daxil olmuş, bir neçə ay həmin mənzildə yaşamış, lakin sonradan anası ilə arvadının münasibətləri kəskinləşdiyindən ailə üzvləri ilə birlikdə kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Lakin COVİD-19 virusu ilə bağlı ölkə ərazisində elan edilmiş pandemiya dövründə, yəni 2020-ci ilin fevral ayında onun maddi vəziyyəti çətinləşdiyindən və kirayə haqqını ödəməkdə çətinlik çəkdiyindən anasının razılığı ilə evin həyətində öz vəsaiti hesabına bir otaqdan ibarət tikili inşa etmişdir. Baxmayaraq ki, otağın şəraiti yoxdur, o, ailə üzvləri ilə birlikdə çətinliklə həmin evdə yaşamağa davam etmişdir. Cavabdeh Təbriz oğlu həmçinin qeyd etmişdir ki, mübahisəli evdə 1999-cu ildən qeydiyyatdadır, yalnız 2013-cü ildə evi anasının təkidi ilə tərk etmiş, 2020-ci ilin fevral ayından isə evin həyətindəki tikilidə arvadı və övladları ilə birlikdə faktiki olaraq yaşayır. Halbuki qeyd olunan tikili hazırki iş üzrə iddiaçının xüsusi mülkiyyətində olan sahəyə daxil deyildir. Onun qeyd olunan evə qanuni istifadə hüququ vardır. Ona görə də cavabdeh iddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhər İcra Hakimiyyəti texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilən ÖM seriyalı 004253 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 19 ünvanında 32,9 kv.m sahəsi olan 3 otaqlı mənzilin 8,9 kv.m sahəsi olan 1 yaşayış otağı X2 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər nazirliyi tərəfindən verilən ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. -Məhkəmə tərəfindən mənzilə yerli baxış keçirilən zaman müəyyən edildi ki, mənzil ikimərtəbəli evin birinci mərtəbəsində yerləşməklə yaşayış otaqlarının girişləri ayrıayrılıqdadır. Yerli baxış zamanı eyni zamanda müəyyən edildi ki, X2 mülkiyyətində olan yaşayış otağının qarşısı hasarlanmaqla sahəsi genişləndirilmişdir. Həmçinin yerli baxış zamanı müəyyən edildi ki, cavabdehin inşa etdi mübahisəli bir otaqdan ibarət tikilinin də girişi iddiaçının yaşayış sahəsinin girişindən ayrılıqda yerləşir. Yerli baxış zamanı iddiaçı bildirmişdir ki, cavadbehin yaşadığı bir otaqdan ibarət tikilinin yerləşdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətində deyildir. Yalnız iddiaçının yaşayış sahəsinin həyətinə daxildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, hazırki iş üzrə Cavabdeh iddiaçı X2 mülkiyyətində olmayan tikilidə ailə üzvləri ilə birlikdə yaşayır. Belə olan halda isə iddiaçı X2 qeyd olunan tikili ilə bağlı cavabdehin istifadə hüququna xitam verilməsi ilə bağlı iddia tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçı X2 Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia tələbi rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 Cavabdeh qarşı "mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia tələbi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar