Məhkəmə qərarları › İş №2(004)-1741/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1741/2025

29.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1741/2025 29.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 984 k/d nömrəli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki iş yerinə və əvvəlki vəzifəsinə uyğun vəzifəyə bərpa edilməsi və xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh "xxxx" QSC tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Televiziya və X11 Səhmdar Cəmiyyətinin strukturuna daxil olan Azərbaycan radiosunun “Ədəbi dram və folklor” verilişləri baş redaksiyasında yarımştat redaktor vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə Azərbaycan Televiziya və X11 Səhmdar Cəmiyyətinin strukturuna daxil olan Azərbaycan Radiosuna Azərbaycan Radiosu/Rv X13 Redaksiyasının “Əsas, RV X13” redaksiyasının yarımştat müxbiri vəzifəsinə təyin edilmişdir. İddiaçı məzuniyyətdə olduğu vaxtda təxminən 2024-cü ilin avqustun sonu sentyabrın əvvəlində Azərbaycan Televiziya və X11 Səhmdar Cəmiyyətinin strukturuna daxil olan və müxbir işlədiyi Azərbaycan Radiosunda bir sıra verilişlərin hazırlanması və efirə buraxılması dayandırılmışdır. O, məzuniyyətdən qayıdarkən radioda verilişlərin dayandırılmasının şahidi olmuş, buna baxmayaraq o və digər işçilər işlərini davam etdirmişdirlər. Verilişlərin dayandırılması, bunun səbəbləri barədə iddiaçıya hər hansı rəsmi məlumat (bildiriş) verilməmişdir. Buna baxmayaraq iddiaçı 2024-cü ilin sentyabr ayında əmək haqqı (nə minimum əmək haqqı, nə də quruluş və ya qonorar haqqı) almamışdır. İddiaçı əmək müqaviləsi ilə işləyirdi, əmək haqqı 360 manat müəyyən edilmişdir, verilişlərin hazırlanması və efirə verilməsi, yaxud hər hansı reportajın hazırlanmasına görə əlavə olaraq quruluş haqqı və ya qonorar ödənilirdi. Belə ki, onun əmək haqqı minimum əmək haqqı və radioda gördüyü işlərə görə qonorardan və quruluş haqqından ibarət olmuşdur. Təxminən hər ay 1000-dan 1500 manat məbləğində əmək haqqı almışdır. 28 sentyabr 2024-cü il tarixdə qeyri iş günü (altıncı gün) evdə olarkən cavabdeh hüquqi şəxsin sədrinin köməkçisi Rüstəm müəllim şəhər nömrəsi ilə zəng edərək 27 sentyabrda Azərbaycan Televiziya və X11 Səhmdar Cəmiyyətində departament direktoru işləyən Həmidağa Əsədzadənin uşağının vəfat etməsinə görə Facebook profilində sevincini bildirən status yazdığına görə sədrin onunla əmək müqaviləsini dayandırmasını bildirib. Həmidağa Əsədzadənin həyat yoldaşı Aysel Əsədzadə cavabdeh müəssisədə maliyyə şöbəsinin rəisi vəzifəsində işləyir. İddiaçı sədrə vatsapla yazıb statusun Həmidağaya aid olmadığını izah etməsinə baxmayaraq o, izahı qəbul etməyərək buna görə onun barəsində mənfi rəyini bildirib, eyni zamanda ona "bu iblislikdir" demişdir, bundan sonra isə vatsap sosial şəbəkəsində nömrəsini bloka etmişdir. Bu arada cavabdehin Kadrlar İdarəsindən Orxan müəllim zəng edərək sədrin göstərişi ilə zəng etdiyini demiş və bildirmişdir ki, onunla əmək müqaviləsi dayandırılcaq. Ona narazılığını bildirdikdə Kadrlar İdarəsinin rəisi İlhamə xanımla danışmalı olduğunu bildirib. Növbəti iş günü 30 sentyabr 2024-cü il tarixində iddiaçı Azərbaycan Televiziya və X11 Səhmdar Cəmiyyətinin inzibati binasına həmişəki kimi avtomobili ilə daxil olmaq istədikdə, polis əməkdaşı xidməti vəsiqəni alıb sədrin iddiaçını idarəyə buraxmamaq barədə göstəriş verdiyini və vəsiqəni geri almağı tapşırdığını bildirib. Bu barədə narazılığını bildirdikdə polis əməkdaşı onun bilmədiyi şəxslərlə danışıb vəsiqəni qaytarmadan və avtomobili inzibati binanın həyətinə daxil olmağa icazə vermədən iddiaçıya içəri keçməyi bildirib. İddiaçı inzibati binaya daxil olub Kadrlar İdarəsinin rəisi İlhamə xanıma nə üçün vəsiqəsinin alınmasını və idarəyə buraxılmamasını soruşduqda, o, sədrlə gedib danışmağı məsləhət görmüşdür. Həmin vaxt sədrin köməkçisi Cavid müəllimə sədrlə görüşmək istədiyini bildirmiş, o isə öz növbəsində qeyd edib ki, sədr dedi: "Mən onu haqqında qərarımı vermişəm və onu qəbul etməyəcəm." Həmin gün İlhamə xanımdan işdən azad olunması barədə sənəd verməyi xahiş etmişdi ki, Prezident Administrasiyasına müraciət etsin. İlhamə xanım onları hədələməməyi bildirmişdir. İddiaçı isə göstərib ki, hədələmir, Prezident mükafatçısı olduğu üçün buna haqqı çatır. Bundan sonra İlhamə xanım işdən azad olunacağı barədə sənədi verəcəklərini və bu barədə iddiaçıya məlumat verəcəyini bildirib evə getməyi xahiş etmişdir. Eyni zamanda vəsiqəni də qaytaracaqlarını söyləmişdir. Səhəri gün 01 oktyabrda idarəyə getmiş, İlhamə xanım tapşırdığı üçün polis vəsiqəsiz onu içəri buraxıb. Həmin günü İlhamə xanım ilə əlaqə saxladıqda bildirib ki, 02 oktyabr 2024-cü ildə sənədi və vəsiqəni ona verəcək. 02 oktyabr 2024-cü ildə iddiaçıya bildirib ki, gəlib sənədi göturə bilər. Həmin günü gedib İlhamə xanımdan sənədi alıb və həmin sənəd işlədiyi müxbir vəzifəsinin ixtisarı ilə bağlı 29 oktyabrda işdən azad olunmağı barədə İlhamə xanımın adından bildiriş olmuşdur. 03 oktyabr 2024-cü ildə işə gedərkən qapıdan keçmək problemi olduğunu İlhamə xanıma vatsap vasitəsi ilə yazaraq bildirmişdir. İlhamə xanım: "gəlin vəsiqənizi götürün" deyib. Həmin günü Zemfira xanımdan xidməti vəsiqəsini götürmüşdür. Beləliklə 29 oktyabr 2024- cü ilədək iddiaçı işə getməli idi. 17 oktyabr 2024-ci il tarixdə iddiaçı işə gedərkən polis xidməti vəsiqəni alıb 20 dəqiqə ərzində onu işə buraxmayıb. Etiraz etdikdə sonda vəsiqəni geri qaytarıb işə buraxıb. İnzibati binaya daxil olarkən sədrin radionun binasından çıxdığını görüb. Bu barədə İlhamə xanım ilə vatsap danışığı qeydə alınıb.. Sonda, yəni, 29 oktyabr 2024-cü ildə səhər saatlarında çağıraraq işdən azad olunma barədə yalnız Sədrin adından imzasız olan əmri və əmək kitabçasını imza atırıb ona təqdim ediblər. Son haqq-hesabı isə 01 noyabr 2024-cü ildə təqdim ediblər. Həmin vaxtdan başlayaq bir ay ərzində Mediasiya təşkilatına müraciət edib, Azərbaycan Televiziya və X11 Səhmdar Cəmiyyəti öz nümayəndəsini Mediasiya sessiyasına göndərməmişdir. Mediasiya sessiyasının baş tutmaması barədə arayış aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, İddiaçı 2021-ci ilin iyun ayından etibarən AzTV-nin RV “Ədəbi-Dram və Folklor Verilişləri” baş redaksiyasında yarımştat redaktor kimi əmək fəaliyyətinə başlamışdır, 2023-cü ildən qurumun “Səhər” musiqi verilişləri redaksiyasında yarımştat müxbir vəzifəsində fəaliyyətini davam etdirmişdir. xx.xx.2024-cü il tarixində "xxxx" QSC-nin sədrinə Radionun “Səhər” musiqi verilişləri redaksiyasından iddiaçının tutduğu müxbir vəzifəsinin (ştatının) ixtisar edilməsi ilə əlaqədar müvafiq təqdimat daxil olmuşdur. Həmin təqdimat Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən baxılması üçün "xxxx" QSC-nin Həmkarlar İttifaqına göndərilmişdir. Həmkarlar İttifaqı bununla bağlı iclas keçirmiş və QSC-də aparılan islahatlarla əlaqədar, habelə qanunvericiliyin tələblərinə müvafiq olaraq İddiaçı tutduğu vəzifəsinin ixtisara düşməsi ilə əlaqədar Əmək müqaviləsinin ləğv olunmasına etiraz etmədiyini göstərmişdir. "xxxx" QSC-nin İdarə Heyətinin xx.xx.2024-cü il tarixli qərarından göründüyü kimi Cəmiyyətin ştat cədvəlində bir sıra dəyişikliklərin edilməsinə zərurət yaranıb və iclas protokolunda ştat cədvəlində bir çox ştat vahidləri ləğv olunub. İddiaçı xx.xx.2024-cü il tarixli İxtisar əmri ilə tanış olub və imzalayıb. Bundan sonra o, 29 oktyabr 2024-cü il tarixli 984 №-li əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70- ci maddəsinin “b” bəndinə əsasən (işçilərin ixtisarı) işdən azad edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbi əsassızdır. İşəgötürən tərəfindən verilmiş əmr qanuni əsaslara söykənir. Cəmiyyət daxilində strukturun optimallaşdırma aparılması, idarəçiliyin səmərəliliyinin artırılması məqsədi ilə ştat ixtisar edilmişdir. Palata yoxlamalar aparmış, Nazirlər Kabinetinə hesabat vermiş və Nazirlər Kabineti tərəfindən optimallaşdırma, ştat sayının azaldılması ilə bağlı göstəriş verilmişdir. Cavabdehin nümayəndəsi sədrlik edənin sualına cavab olaraq, radioda müxbir ştatının olmadığını, müxbirin vəzifələrinin aparıcı və redaktor tərəfindən həyata keçirildiyini bildirmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməmişdən əvvəl rəsmi şəkildə xəbərdar edilmişdir. Ştatın ləğvi işəgötürənin iqtisadi və təşkilatı müstəqilliyinə əsaslanır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 4546 nömrəli xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı"xxxx" QSC-nin radionun “Ədəbi Dram və Folklor Verilişləri” baş redaksiyasına yarımştata redaktor vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli 218 k/d saylı əmrinə əsasən İddiaçı xx.xx.2021-ci ildən radionun “Ədəbi Dram və Folklor Verilişləri” baş redaksiyasına yarımştata redaktor vəzifəsinə işə qəbul edilməsi, əmək haqqının işəmuzd qaydada ödənilməsi əmr edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 193 k/d saylı əmrinə əsasən radionun “ RV Ədəbi Dram və Folklor Verilişləri” baş redaksiyasına yarımştata işləyən redaktoru İddiaçı xx.xx.20232-cü ildən radionun “Səhər” “Səhər” musiqi verlişləri redaksiyasına yarımştat müxbir vəzifəsinə keçirilməsi, əmək haqqının işəmuzd qaydada ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Radionun direktoru Rövşən Ramazanlı tərəfindən "xxxx" QSC-nin sədri Rövşən Məmmədova ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimata əsasən Ştat sayının optimallaşdırılması ilə əlaqədar olaraq, eyni zamanda saxlanılmasına zərurət qalmadığı üçün Radionun "Səhər" musiqi verilişləri redaksiyasında bir redaktor (boş ştat) və iki müxbir (bir boş), digərinin yarımştatında işləyən müxbir İddiaçı ştat vahidinin ləğv edilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" QSC-nin sədri Rövşən Məmmədov tərəfindən "xxxx" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri N.osmanlıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 13-6/2- 04/01-642/2024 nömrəli məktuba əsasən radionun "Səhər" musiqi verilişləri redaksiyasının yarımıştatda işləyən müxbiri İddiaçı Novruzgulu qızının tutduğu vəzifə üzrə (və ya stat) stat vahidinin ixtisar edilməsi ilə əlaqədar müvafiq təqdimat daxil olmuşdur.Təqdimatda həmin vəzifənin (və ya ştatin) saxlanılmasına zərurət qalmadığı üçün vazifənin (və ya ştatın) lağv edilməsi məsələsinə baxılması xahiş edilir.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi İşəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasan bu Macallanin 70-ci maddəsinin "b" ve "c" bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən Həmkarlar İttifaqı Komitəsinin üzvü olan işçinin əmək müqaviləsi müessisəde fəaliyyət göstərən Həmkarlar İttifaqı Komitəsi təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılığın bildirilməsi xahiş edilir. İş materiallarında olan "xxxx" QSC-nin Kadrlar və Xüsusi İşlər Departamentinin xx.xx.2024-cü il tarixli 13-6/-229/2024 nömrəli radionun “Səhər” musiqi verlişləri redaksiyasının (yarımştat) müxbiri İddiaçı ünvanlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıqdan müəyyən edilir ki, Azərbaycan Televiziya və X11 Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən tutduğu müxbir vəzifəsinin ixtisara düşməsi barədə xəbərdar edir. Bununla əlaqədar olaraq bildirilir ki, onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv ediləcək. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 17-ci maddesinin 2-ci hissəsinə uyğun olaraq xəbərdarlıq müddəti dörd həftə ərzində hər iş haftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə Siz bir iş günü əmək funksiyanızın icrasından azad olunursunuz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdənçıxarma müavinəti ödənilir.Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq ərizə ilə razılığınızbildirdiyi təqdirdə, xəbərdarlıq müddəti əvizinə orta aylıq əmək haqqının 0,9 misli bir dəfəyə ödənilməklə əmək müqavilənisinə dərhal xitam verilə bilər. İş materiallarında olan "xxxx" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədova ünvanladığı xx.xx.2024-cü il tarixli məktuba əsasən xx.xx.2024-cü il tarixində Həmkarlar İttifaqı Komitəsinə daxil olan № 13-6/2- 04/01-642/2024 maktub üzrə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1ci bəndinə əsasən xx.xx.2024-cü il tarixində X2 ürlərinin iclası keçirilmiş, məktubda bildirilən radionun "Səhər" musiqi verilişləri redaksiyasının yarımştat müxbir vəzifəsində işləyən İddiaçı ştat vahidinin ixtisar edilməsinə dair müvafiq qərar qəbul etmisdir. Göstərilənləri nəzərə alaraq Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsi və 70-ci maddəsinin "b" va "c" bəndlərində göstərilənlərə əsasən X7 təşkilatının qabaqcadan razılığı alınmaqla, radionun "Səhər” musiqi verilişləri redaksiyasının yarımştat müxbir vəzifəsində işləyən İddiaçı ştat vahidinin ixtisar edilməsi və işdən azad olunmasına etiraz edilmir. İş materiallarında olan Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İdarə Heyətinin xx.xx.2024-cü il tarixli iclas protokolundan çıxarışa əsasən Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin ştat cədvəlində Xüsusi layihələr studiyasında 1 ştat vahidi böyük redaktor:Telefilm studiyasının istehsalat qrupunda 1 ştat vahidi 2-ci kateqoriyalı kinorejissor; Kinoproqramlar redaksiyasında 1 ştat vahidi ali kateqoriyalı rejissor;Dublyaj redaksiyasında 1 ştat vahidi inzibatçı; RV Xüsusi Layihələr redaksiyasında 1 ştat vahidi böyük redaktor; RV X12 redaksiyasında 1 ştat vahidi redaktor;RV X13 redaksiyasında 2 ştat vahidi müxbir ştat vahidləri ləğv olunması qərara alınmışdır. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 984 k/d nömrəli əmrinə əsasən radionun “Səhər” musiqi verlişləri redaksiyasının (yarımştat) müxbiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən (ştat ixtisarı) xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Maliyye ve Mühasibat uçotu departamentinin rəisi X4 işçiyə Azerbaycan Respublikasının CM-nin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının 1.4 misli miqdarında isdənçıxarma müavinəti və xx.xx.2021-ci ildən xx.xx.2024-00 tarixine qədər məzuniyyət gününün son haqq-hesabını istifade edilməmiş 12 (on iki) məzuniyyət gününün son haqq-hesabını qanunverciliyə uyğun şəkildə hesablanıb ödənilməsinin təmin edilməsi, Əmrin icrasına nəzarət Kadrlar və Xüsusi İşlər departamentinin rəisi X5 həvalə edilməsi əmr edilmişdir. İş materiallarında olan Bakı Slavyan Universitetinin YF-12006 nömrəli xx.xx.2012-ci il tarixli şəhadətnamədən müəyyən edilir ki, İddiaçı 2010-cu ildı Virtual Yaradıcılıq fakültəsinə qəbul olmuş, 2012-ci ildə həmin fakültənin ədəbi işçi ixtisası üzrə bitirmişdir. İş materiallarında olan Azərbaycan Yazıçıların Birliyinin xx.xx.2025-ci il tarixli K-22/04 nömrəli arayışına əsasən Azərbaycan Yazıçıların Birliyinin üzvü Günay Novruz (İddiaçı) Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Yazıçıların Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında “ xx.xx.2007-ci il tarixli 2025 nömrəli sərəncamına uyğun olaraq 2014-cü ildə birillik xüsusi təqaüdə layiq görülmüşdür. İş materiallarında olan ƏƏSMN yanında DƏMX-nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və məşğulluq"xxxx"Azərbaycan Televiziya və Radio Verilişləri QSC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 91 nəfər şəxsin "müxbir vəzifəsi üzrə işə cəlb olunduğu, həmin vəzifə üzrə 1 nəfərə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verildiyi və ümumilikdə qeyd olunan tarix aralığında 5 nəfərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bendinə əsasən xitam verildiyi müəyyən edilmişdir. Eyni zamanda "Əmək və məşğulluq altsistemində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" QSC-nin strukturuna daxil olan Azərbaycan Radiosuna 1 nəfərin "Azərbaycan Radiosunun direktoru vəzifəsi üzrə və 1 nəfərin də "Azərbaycan Radiosunun direktor müavini vəzifə üzrə işə cəlb olunduğu və qeyd olunan tarix aralığında Azərbaycan Radiosunda əmək müqaviləsi xitam verilən işçilərin olmadığı müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, müxbir vəzifəsi üzrə əmək funksiyası barədə məlumatlar X14 Xidmətində mövcud deyildir. İş materiallarında olan ƏƏSMN yanında DƏMX-nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Əmək Macallesinin 57-c maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işəgötürən işçinin əmək funksiyasının amak müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerine yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq va birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tarafindan tasdiq edilmiş Vahid X1 əsasən və ya işəgötürən tarafindan müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir.Həmin Məcəllənin 156-cı maddəsinin 2-ci hissəsinə əsasən yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tant (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalanına uyğun olaraq həyata keçirilir.Eyni zamanda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2005-ci il 28 noyabr tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş "Televiziya və radio proqramları sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X6"nın İİ "Mütəxəssislər bölməsində "Xüsusi müxbir" vəzifəsinin əmək funksiyaları müəyyən edilmişdir.Qeyd olunanları nəzərə alaraq "müxbir vəzifəsi üzrə əmək funksiyalarının Kitabçada "Xüsusi müxbir vəzifəsi üzrə əmək funksiyalarına uyğunlaşdırmaqla və ya Məcəllənin 57-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin özü tərəfindən müəyyənləşdirilməklə əmək müqaviləsində nəzərdə tutulması qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Televiziya və X11 Səhmdar Cəmiyyətinin strukturuna daxil olan Azərbaycan radiosunun “Ədəbi dram və folklor” verilişləri baş redaksiyasında yarımştat redaktor vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə Azərbaycan Televiziya və X11 Səhmdar Cəmiyyətinin strukturuna daxil olan Azərbaycan Radiosuna Azərbaycan Radiosu/Rv X13 Redaksiyasının “Əsas, RV X13” redaksiyasının yarımştat müxbiri vəzifəsinə təyin edilmişdir. "xxxx" QSC-nin İdarə Heyətinin xx.xx.2024-cü il tarixli qərarı ilə Cəmiyyətin ştat cədvəlində bir sıra dəyişikliklərin edilməsinə zərurət yaranmış və iclas protokolunda ştat cədvəlində bir çox ştat vahidləri ləğv olunmuşdur. İddiaçı 29 oktyabr 2024-cü il tarixli 984 №-li əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70- ci maddəsinin “b” bəndinə əsasən (işçilərin ixtisarı) işdən azad edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 984 k/d nömrəli əmrinin ləğv edilməsi, "xxxx" QSC-də əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 76.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Əmək Məcəlləsinin 77.4-cü maddəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Əmək Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 294.3-cü maddəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar İttifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.Əmək Məcəlləsinin 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul edildiyi gündən başlanır. Göründüyü kimi kollektiv müqavilədə ixtisarla işdən azad etmə halı ilə əlaqədar olaraq müqavilə ləğv edilərkən bu barədə mübahisəyə həmkarlar ittifaqı orqanın nəzdində yaradılmış məhkəməyə qədər baxan orqan baxmalı idi. X8 iclası keçirilsə də, İddiaçı həmin iclasda iştirakı təmin edilməmişdir. Bununla da qanun pozuntusuna yol verilmişdir. Həmçinin, Həmkarlar İttifaqının iclası keçirilməli, həmin iclas qərar müəyyən edildikdən sonra şəxsə ştat və ya işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam veriləcəyi ilə əlaqədar xəbərdarlıq göndərilməlidir. Lakin cavabdeh təşkilat ilk öncə iddiaçıya xx.xx.2024-cü il tarixdə işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam veriləcəyi ilə əlaqədar xəbərdarlıq göndərmiş, bundan sonra xx.xx.2024-cü il tarixdə Həmkarlar İttifaqının iclası keçirilmişdir. Göründüyü kimi, bununla da qanun pozuntusuna yol verilmişdir. Həmçinin, Məhkəməyə təqdim edilən cavabdeh təşkilatın xx.xx.2023-cü il tarixli əmri ilə təsdiq edilmiş 2024-cü il üçün ştat cədvəlinda 1061 va 1062 kodlarla 3 müxbir vəzifəsi görünür, onlardan biri yarımştat olmaqla iddiaçının vəzifəsinə aiddir, digər ikisi biri yarımştat, digəri isə tamştat olmaqla boş vəzifələrdir. Həmin cədvəldə bu vəzifələrin cavabdehin sturkturuna daxil olan Azərbaycan Radisonun "RV X13" redaksiyasına aid olması göstərilib. Bu cədvəldə Azərbaycan Radiosunun digər redaksiyası olan "RV İnformasiya proqramları" redaksiyasında müxbir vəzifəsi nəzərdə tutulmamışdır. 2024-cü ilin stat cədvəlində "RV X13" redaksiyasına aid 18 ştat vahidi və bu ştatlarda 12 işçinin işləməsi göstərilib. Bu işçilərdan 3 nəfəri yarımştat işçi olmuşdur. Məhkəməyə təqdim edilən cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş 2025-ci il üçün ştat cədvəlinə əsasən "RV X13" redaksiyasına aid 14 ştat vahidi və 11 işçinin işləməsi göstərilib. Bu işçilərdən isə 2 nəfər yarımştat işçidir. 2024-cü ilin ştat cədvəlində "RV İnformasiya proqramları" redaksiyasında 8 ştat nəzərdə tutulduğu halda, 2025-ci ilin ştat cədvəlində 10 ştat nəzərdə tutulub. Ştat cədvəlinə əsasən "RV İnformasiya proqramları" redaksiyasında 2024-cü il üzrə 5 nəfər işlədiyi hala, 2025-ci ildə həmin redaksiyada 7 nəfər işləyir. Azərbaycan Radiosunda aparılan ixtisarla bir redaksiyada ştat sayı azaldıldığı halda digər redaksiyada 2 ştat vahidi artırılmışdır. Azərbaycan Radiosunun direktorunun xx.xx.2024cü il tarixli təqdimatı ilə ştat sayının optimallaşdırılması ilə əlaqədar olaraq, eyni zamanda saxlanılmasına zərurət olmadığı üçün iddiaçının vəzifəsinin ixtisar olunması xahiş edilir. Cavabdehin sədrinin həmkarlar komitəsinə yazdığı xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının vəzifəsinin saxlanılmasına zərurət qalmadığı üçün ixtisar edilməsi nəzərdə tutulur. Göstərilən sənədlərdən belə anlaşılır ki, radioda "müxbir" vəzifəsini görməyə zərurət yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş aşağıdakı linklərdə göstərilən verilişlər cavabdehin strukturuna daxil olan Azərbaycan radiosunda gedən verilişlərdir. Həmin verilişlərin qeyd olunan dəqiqələrində müxbirlər tərəfindən reportaj və məlumatların hazırlanması görünür. Belə çıxır ki, radioda "müxbir" vəzifəsinin ixtisara düşməsinə baxmayaraq həmin vəzifəyə olan zərurət aradan qalxmamışdır. https://www.youtube.com/watch?v=Oo4Nf2dQwEs Bu linkdə "RV sahar musiqi verilislari redaksiyasının "gəl, Səhərim” verilişinin xx.xx.2025-ci il tarixinda efirinda radionun əməkdaşının aşıq yaradıcılığı barədə sujeti verilir, hamin sujet verilisin 1:09:22 saniyasindan başlayaraq 1:14-06 dəqiqəyədək davam edir. Göründüyü kimi, əməkdaş bədii material hazırlamış, aşıq ədəbiyyatı barədə əlumatla radio proqramı təmin etmişdir. https://www.youtube.com/watch?v=24qM2ODkw bu linkdə "RV X13" redaksiyasının "GƏL, SƏHƏRİM" verilişinin xx.xx.2025-ci il tarixində gedən efirində radionun əməkdaşı rəssamdan aldığı və hazırladığı müsahibə verilir, həmin müsahibə 45:20 saniyadan başlayaraq 47.50-ci saniyəyə qədər davam edir. Bu sujet də müxbirin vəzifə funksiyasına aiddir, belə ki, müsahibə almaq və efirə vermək üçün hazırlamaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2005-ci il 28 noyabr tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş "Televiziya ve radio proqramları sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X6nın İİ "Mütəxəssislər" bölməsində "Xüsusi müxbir" vəzifəsinin əmək funksiyalarına uyğun gəlir.https://www.youtube.com/watch?v=NHFpnwFR19Y&1-299s bu linkdə "RV X13" redaksiyasının “GƏL, SƏHƏRİM" verilişinin xx.xx.2024-cü il tarixli efirində radionun əməkdaşı Nəbatət Bağı ilə bağlı süjet hazırlayıb, bu sujet 42:22 saniyədən başlayaraq 46-cı dəqiqəyədək davam edir, sujetdə Nəbabət bağı, onun təmir olunması barədə toplanılmış məlumatlar və bağda istirahət edən şəxslərin təəssüratları verilir. Bu məlumatların əldə edilməsi, müsahibə götürülməsi müxbir vəzifəsinin əmək funksiyasına aiddir. "Gəl səhərim" verilişi radionun daimi verilişidir, onun bütün efirlərində müxbirlərin topladığı məlumatlar əsasında onların hazırladıqları süjetlər verilir. Radionun efirə gedən verilişlərində əməkdaşların göstərilən qaydada hazırladıqları xeyli sujetlər var, demək olar ki, hər verilişdə belə süjetlər var. Bu süjetləri radionun əməkdaşları hazırlayır, yəni material toplayır, müsahibə götürür, verilişi bu məlumatlarla təmin edirlər. Bu işlər isə "müxbir" vəzifəsinin əmək funksiyasına daxildir. Belə çıxır ki, radioda müxbir işlərinə zərurət aradan qalxmamışdır, əksinə bu davam edir. Belə olduğu təqdirdə, cavabdeh İddiaçı işdən çıxarılmağının qanuni olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh tərəf həmin faktı təsdiq edə biləcək sübutunu məhkəməyə təqdim edə bilmədiyindən, habelə əmək müqaviləsinə əsassız olaraq ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilərkən AR ƏM-nin 71.3-cü maddəsinin tələbi ciddi şəkildə pozulduğundan "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 984 k/d nömrəli əmri ləğv edilməli ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və əvvəlki vəzifəsinə uyğun vəzifəyə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh "xxxx" QSC tərəfindən İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin olunmalı, "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 984 k/d nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və əvvəlki vəzifəsinə uyğun vəzifəyə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh "xxxx" QSC tərəfindən İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 984 k/d nömrəli əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə və əvvəlki vəzifəsinə uyğun vəzifəyə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh "xxxx" QSC tərəfindən İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar