Məhkəmə qərarları › İş №2(004)-1742/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1742/2025

17.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1742/2025 17.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X7 cəlb edilməklə “mənzilə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinə qarşı “mənzilə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iş üzrə cavabdeh olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin balansında olan ünvan 1 ünvanda yerləşən xidməti yaşayış sahəsinə tərəflərindən çəkilmiş xərclərin birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2002-ci ildə X8 (keçmiş hərbçi) ilə nikaha daxil olmaqla ailə qurmuşdur. Nikahlarından 2003-cü il təvəllüdlü Fərhad və 2011-ci il təvəllüdlü Qəmzə adlı iki uşaqları anadan olmuşdur. X8 hərbiçi olduğu üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 92-ci maddəsinə və Azərbaycan Respublikasının Müdafiə Nazirinin 05 aprel 2014-cü il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində Xüsusi təyinatlı yaşayış sahələri ilə təmin olunma qaydaları haqqında Əsasnaməyə əsasən onlara, yəni keçmiş həyat yoldaşı X6 xx.xx.2003-cı il tarixində ünvan 1 ünvanda yerləşən xidməti yaşayış sahəsi verilmişdir. Həmin vaxtdan həmin mənzildə yaşamışlar. Həmin mənzil onlara verilərkən ailə üzvləri kimi onlar nəzərə alınmış və qarşılıqlı razılıqla həmin evdə təmin tikinti işləri aparmış, razılığa əsasən artırmalar, əlavələr etmişlər. Uşaqları həmin evdə anadan olmuş, təhsil almış və hazırda da həmin evdə yaşayırlar. Həyat yoldaşı X8 onunla nikahda ola-ola başqa bir qadınla ailə qurmuşdur. Hərbi xidmətdən ehtiyata tərxis olunandan sonra onunla olan nikahın pozulması üçün məhkəməyə müraciət etmiş və xx.xx.2020-ci il tarixində Bakı şəhəri Xətai rayon məhkəməsinin qətnaməsinə əsasən keçmiş həyat yoldaşı X8 ilə aralarında olan nikah pozulmuşdur. Keçmiş həyat yoldaşı X8 nikahları pozulduqdan sonra yeni ailə qurmuş və əlbirliyi ilə onları xx.xx.2003-cü il tarixindən yaşadıqları ünvan 1 ünvanda yerləşən xidməti yaşayış sahəsindən çıxarmaq tələbi qoymuşlar. Həmin vaxtdan həmin mənzildə evdən çıxarmaqla öz yeni münasibətdə olduğu xanımı ilə həmin evə köçmək niyyətindədir. 2023-cü ildə keçmiş həyat yoldaşı X8 Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, əlbirliyi ilə onu və biri azyaşlı olmaqla iki uşağı ilə birlikdə həmin evdən çıxarmaq niyyətinə düşmüşdür. Bununla əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Bakı şəhər Xətai rayon məhkəməsinə müraciət edərək onu və biri azyaşlı olmaqla iki uşağı ilə birlikdə həmin evdən çıxarmaq barədə iddia vermiş və məhkəmə qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Ailə qurmuş, iki uşaq anası olmuşdur. İllər ərzində bütün zəhmətini ünvan 1 ünvanda yerləşən xidməti yaşayış sahəsinə sərf etmişdir. Verilmiş bir otaqdan ibarət olan, heç bir şəraiti olmayan mənzili minbir əziyyətlə uşaqlarından artıra bildiyi qəpik-quruşla yaşamaq şəraitinə gətirmək istəmişdir. Mənzilin bugünkü vəziyyəti ilə bağlı şəkilləri müraciətinə əlavə edərək vəziyyətlərinin necə vəziyyətdə olmasını təqdim etmişdir. Qızı 2011-ci il təvəllüdlü olmaqla orta məktəb şagirdidir. Oğlu 2003-cü il olmaqla Azərbaycan əsgəridir. Qeyd etdiyi kimi mənzilin otaqlarını artırmaqla (təbii ki, razılıqla) həmin mənzili təmir işləri görərək bütün gəlirlərini həmin evə sərf etmişlər. Bunun üçün illər ərzində tərəflərindən 30000 (otuz min) manatdan artıq pul xərclənmişdir və davamlı olaraq xərclənməkdədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9657/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinə qarşı “mənzilə çəkilmiş xərclərin ödənilməsi” barədə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin təşəbbüsü ilə X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, təyin olunmuş vaxtda iclasda iştirak edə bilməyəcəyini, məhkəmə iclasının vaxtının günün ikinci yarısına keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X7 məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermməmişdir. İş materiallarında olan N saylı Hərbi hissənin mənzil komissiyasının iclasının qərarının xx.xx.2006-cı il tarixli, 1 nömrəli protokoluna əsasən sahəsi 59,94 kv.m olan ünvan 2 ünvanında yerləşən 2 (iki) otaqlı yaşayış mənzili xidməti order verməklə N saylı hərbi hissənin hərbi qulluqçusu X3na bölüşdürülməsi qərara alınmışdır. Ailə tərkibi: özü (X8), arvadı (İddiaçı) və oğlu (X9). İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, **********823 nömrəli vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışa əsasən Baş X3, həqiqətən xx.xx.1999-xx.xx.2000, xx.xx.2000-xx.xx.2020 tarixlərində həqiqi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Xətai Rayon İcra Hakimiyyətinin Başçısının müavini cənab Ə.Baloğlanzadəyə ünvanladığı xx.xx.2009-cu il tarixli, İ4-261 nömrəli məktuba əsasən Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri MTT-nin rəisi S.Hüseynovun Xətai rayon İcra Hakimiyyətinə ünvanladığı məktub baxılması üçün Birliyə göndərilmişdir. Məlum olmuşdur ki, Hərbi Dəniz Qüvvələrinin Hərbi qulluqçularının sosialməişət problemlərinin həll edilməsi məqsədi ilə «Neva» birmərtəbəli ailəvi yataqxana binasında yenidənqurma işlərinin aparılması planlaşdırılır. Təmir-Tikinti işlərinin hərbi şəhərciyin mövcud sərhədləri daxilində aparılmasına müdaxilə edilməməsi haqqında dərkənara müvafiq olaraq, aidiyyatı MKİS-ə göstəriş verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin MTT rəisi S.Hüseynov tərəfindən Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısı cənab İ.Mehdiyevə ünvanlanmış məktuba əsasən, Azərbaycan Respublikası Hərbi X4 nəzərinizə çatdırır ki, Naxımov küçəsi 21 ünvanında yerləşən Hərbi Dəniz Qüvvələrinin 9 «A» saylı hərbi şəhərciyinə məxsus, baş plan üzrə 33 saylı bina torpaq sahəsi ilə birlikdə 1939-cu ildən etibarən X11 Dəniz Donanmasına ayrılmış Donanma Komandanının qərarı ilə «Neva» bir mərtəbəli binası ailəvi yataqxana kimi istifadəyə verilmişdir. Hazırda qeyd olunan ərazi bina ilə birlikdə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri tərəfindən istismar olunmaqdadır. Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının sosial-məişət problemlərinin həll edilməsi məqsədi ilə həmin ərazidə təmir-tikinti işləri aparılacaq. Təmirtikinti işləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin müvafiq orqanları ilə razılaşdırılmış, idarə rəisi tərəfindən təsdiq olunmuşdur. «Neva» bir mərtəbəli ailəvi yataqxana binasının yenidənqurma planının kserosurəti təqdim edilmişdir. Göstərilənlərə əsasən, hərbi şəhərciyin mövcud sərhədləri daxilində aparılan təmir-tikinti işlərinə müdaxilə edilməməsi barədə aidiyyatı olan şəxslərə müvafiq göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-448/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, İddiaçı ünvan 6 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti sahəsindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı yaşayış sahəsinin 01778 nömrəli kirayə müqaviləsinin 4.3-cü bəndinə əsasən Kirayəçi Kirayəyə verənin razılığı olmadan yaşayış sahəsinin əsaslı təmirini və bununla bağlı olan hər hansı işləri apara bilməz. Bundan başqa iş materiallarına mənzilin fotoşəkilləri əlavə edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. 93-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən istefaya və ya ehtiyata buraxılanlar —SSRİ Silahlı Qüvvələrinin zabitləri, praporşikləri və miçmanları, müddətdən artıq xidmətdə olan hərbi qulluqçuları və onlara bərabər tutulan şəxslər, habelə onlarla birlikdə yaşayan şəxslər hərbi şəhərciklərdəki yaşayış sahələrindən digər abad yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. SSRİ Silahlı Qüvvələri ilə əlaqəsi kəsilmiş başqa şəxslər də hərbi şəhərciklərdən eyni qaydada çıxarılırlar. 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. 101-ci maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq SSRİ Nazirlər Soveti tərəfindən müəyyən edilən hallarda hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına xidməti yaşayış sahəsi verilə bilər. 103-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X10 ilə X8 xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2347/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X8 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2006-cı il tarixli 1 nömrəli protokoluna əsasən ünvan 7 ünvanında yerləşən 2 otaqlı mənzil müvəqqəti yaşamaq üçün X1 verilmiş, Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli əmri ilə X7 xidmət müddəti başa çatdığına görə Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və Müdafiə Nazirliyinin Bakı Qarnizonu MİS-nə ərizə ilə müraciət edərək, ünvan 8 ünvanında yerləşən Müdafiə Nazirliyinin mənzil fonduna aid xüsusi təyinatlı yaşayış sahəsinin ondan təhvil almasını xahiş etmişdir, lakin adıçəkilən mənzildə məskunlaşmış X2 həyat yoldaşı İddiaçı mənzilin təhvil verilməsi ilə bağlı ona göndərilən xəbərdarlıqlara baxmayaraq həmin xidməti yaşayış sahəsini Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməmiş və oradan çıxmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-448/2024 nömrəli qətnaməsi ilə İddiaçı ünvan 9 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti sahəsindən çıxarılması qət edilmişdir. Hazırda İddiaçı mənzilə çəkilmiş xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı X10 ünvan 7 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsinin təmirinə çəkdiyi xərclərin ödənilməsini tələb etsə də, mənzildə aparılmış hər hansı təmir işlərinə dair Müdafiə Nazirliyinin razılıq və ya icazə sənədini məhkəməyə təqdim edə bilməmiş və beləliklə, kirayə verənin razılığı olmadan mənzildə təmir işləri aparılmışdır. Qanunvericiliyə əsasən, kirayə və ya müvəqqəti istifadədə olan dövlət mənzil fonduna aid yaşayış sahələrində əsaslı təmir və ya yenidənqurma işləri yalnız balanssaxlayıcı qurumun yazılı razılığı ilə həyata keçirilə bilər. Bu cür razılıq və ya sənəd olmadan aparılan xərclərin sonradan tələb olunması hüquqi əsas deyildir. Nəticə etibarı ilə, iddiaçının həmin mənzilə dair hüququnun olmaması, təmir işlərinin aparılması üçün razılıq və ya icazə sənədinin təqdim edilməməsi səbəbindən iddia əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X7 cəlb edilməklə “mənzilə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar