Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-175/2023 17.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allaverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 142 500 manat pulun və 433 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi uzun müddətdir ki, tanıyır. Cavabdeh onun qonşusu olmuşdur. Cavabdeh aralarında olan münasibətdən istifadə edərək, ondan 2016-cı ildən başlayaraq müəyyən tarixlərdə borca pul almışdır. Ümumi borc 167 000 manat təşkil edir. Cavabdehin bu günə olan borcu 142 500 manatdır. Cavabdeh ondan götürdüyü borcun müəyyən qismini, yəni 24500 manatını dəfələrlə edilmiş xəbərdarlıqlardan sonra 2021-ci il ərzində ödəmişdir. Lakin qalan borcu ödəməkdən yayınır. Nəticədə o cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Orada müstəntiq tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq Cavabdeh ona borclu olmasını etiraf etmiş, bu barədə izahat vermiş və qısa müddətdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 4 otaqlı mənzilini sataraq 142 500 manat borcu qaytarmasına dair söz vermişdir. Lakin bu günədək cavabdeh ona olan borcunu ödəmir. Lakin cavabdehin borcu ödəmək üçün imkanı var. Əmlakı olmasından əlavə, o, “Sumqayıt Futbol Klubu”nda öz fəaliyyətini davam etdirir. Cavabdeh borcu ödəməsinə dair öhdəlik götürdüyündən, həmin öhdəliyi bu günədək yerinə yetirmədiyindən ona qarşı iddia qaldırmaq zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək, etirazında göstərmişdir ki, cavabdeh iddianı etiraf etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə borc müqaviləsinin predmetinin məbləği 3000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçının cavabdehə verdiyini iddia etdiyi borcun məbləği 3000 manatdan çoxdur və ona görə tərəflər arasında borc münasibətləri yazılı formada borc müqaviləsinin bağlaması ilə rəsmiləşdirilməli idi. İşin qeyd olunan bu halı, yəni borcun verilməsi yalnız bir sübutetmə vasitəsi ilə - yazılı borc müqaviləsi ilə təsdiq oluna bilər. Lakin tərəflər arasında belə bir müqavilə bağlanmayıb və cavabdehin iddiaçıya borcu yoxdur. İddiaçı cavabdehin ona 142 500 manat borcunun olduğunu təsdiq edən və qanunla mümkün sayılan hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Eyni zamanda cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehə 2016-cı ildən başlayaraq müəyyən tarixlərdə 167 000 manat borc verdiyini göstərir, lakin bu iddiasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə iddia tamamilə əsassızdır. İddia əsaslı olsa idi belə, bu kateqoriya tələblər üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. İddiaçının 2016-cı ildə cavabdehə verdiyini iddia etdiyi borcun qaytarılması üçün iddia müddəti 2019-cu ildə bitib və iddiaçı 2022-ci ilin avqustunda, yəni iddia müddəti bitdikdən 3 il sonra iddia qaldırıb. Odur ki, hazırkı tələb üzrə iddia müddətinin tətbiq edilməsini və həmin müddətin keçməsi ilə əlaqədar iddianın təmin olunmamasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz ərizələrinin məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Dilarə Bagırovanın şikayəti üzrə həmin idarədə aparılmış araşdırma zamanı Cavabdeh İddiaçı 25000 ABŞ dolları məbləğində pul ödəməli olduğunu bildirmiş və araşdırma dövründə 18000 manat pul Cavabdeh tərəfindən İddiaçı ödənilmişdir. 25000 ABŞ dollarının 42500 manat (1 ABŞ dolları = 1,70 AZN) olduğu və onun 18000 manatı araşdırma dövründə qaytarıldığı nəzərə alındıqda araşdırmanın sonuna 24500 manat borc qalmışdır ki, həmin məbləğ, yəni 24500 manat 2021-ci ildə hissə-hissə İddiaçı qaytarılmışdır. İddiaçı özü də iddia ərizəsində 24500 manatın hissə-hissə ona qaytarıldığını təsdiq etmişdir. Beləliklə Cavabdeh izahatında göstərdiyi 25000 ABŞ dolları borc tam qaytarılmışdır. Göstərilənlərə əsasən iddanın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi haqqında ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, cavabdeh 2021-ci ilin iyul ayında borcdan ödəniş etmişdir. Cavabdhehin nümayəndəsi iddiaçının nümayəndəsinin etirazına etiraz edərək cavabdeh tərəfindən sonuncu ödənişlərin iddia müddəti keçdikdən sonra edildiyini, iddia müddəti ərzində ödənilmədiyini, iddia müddəti bitdikdən sonra ödənişlərin edilməsinin isə iddia müddətini bərpa etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarından göründüyü kimi, 2016-cı ildə tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış və iddiaçı tərəfindən 2016-2018-ci illərdə cavabdehə hissə-hissə hər ay 5 faiz (illik 60 faiz) ödənilmək şərti ilə borc verilmişdir. İddiaçı həl-hazırda cavabdehin ona 142500 manat məbləğində borcunun qaldığını bildirsə də bunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən olunmuşdur ki, İddiaçı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətində X1 onun 90 400 manat pulunu ələ keçirdiyini bildirmişdir. Araşdırma zamanı İddiaçı ərizəsində göstərdiklərini təsdiq edərək 2017-2018-ci illər ərzində Cavabdeh hər ay 5 faiz qazanc vermək şərti ilə hissə-hissə olmaqla 90.400 manat borc pul verdiyini, Cavabdeh faiz borcundan cəmi 12 000 manat pul ödədiyini, sonrakı müddətdə heç bir ödəniş etmədiyi üçün borcun artdığını, hazırda faizlər də nəzərə alınaraq onun iddiaçıya 167 000 manat pul ödəməli olduğunu bildirmişdir. Araşdırma zamanı Cavabdeh barəsində verilmiş şikayəti təkzib edərək izahatında İddiaçı hər ay 5 faiz qazanc vermək şərti ilə hissə-hissə olmaqla müxtəlif məbləğlərdə pul alıb vaxtı-vaxtında ödənişlər həyata keçirdiyini, heç bir məbləğdə pul ələ keçirmədiyini, hazırda İddiaçı 25 000 ABŞ dolları məbləğində pul ödəməli olduğunu bildirmişdir. Həmçinin araşdırılma zamanı Cavabdeh tərəfindən İddiaçı 18 000 manat məbləğində pulun ödənilməsi təmin edilmişdir. Göründüyü kimi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cavabdeh iddiaçıya 25000 ABŞ dolları (42500 manat) məbləğində borcu qaldığını bildirmiş, həmin borcdan araşdırma zamanı 18000 manat ödəmişdir. Cavabdehin nümayəndəsi məhkəmə verdiyi izahatında cavabdeh tərəfindən iddiaçının özünün də iddia ərizəsində göstərdiyi kimi qalan 24500 manat məbləğində borcu da ödədiyini bildirmişdir. Cavabdeh tərəfindən bunu təkzib edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin ona borcu qalmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia təmin edilə bilməz və rədd edilməlidir. Bundan əlavə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 377.2.-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3.-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məktubundan görünür ki, iddiaçı tərəfindən onun göstərdiyinə görə 2016-2018-ci illərdə cavabdehə ayda 5 faiz ödəmək şərti ilə cəmi 90400 manat məbləğində borc verilmişdir. Yenə də iddiaçının həmin idarədə verdiyi izahata əsasən cavabdeh tərəfindən yalnız faiz borcundan 12000 manat pul ödənilmiş, sonrakı müddətdə heç bir ödəniş edilməmişdir. Beləliklə iddiaçı cavabdeh tərəfindən hüquqlarının pozulmasını 2019-cu ilin əvvəllərində bilmiş, lakin hüquqlarının həmin tarixdən pozulduğunu bildiyi halda həmin tarixdən üç il müddətində məhkəməyə müraciət etməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 3 il ötdükdən sonra, yəni xx.xx.2022-ci il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Beləliklə hətta iddiaçı tərəfindən cavabdehin ona borcunun olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edildiyi halda belə iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 434 (dörd yüz otuz dörd) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-175/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-175/2023
17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver