Məhkəmə qərarları › İş №2(004)-1752/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1752/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1752/2021 14.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlisoy Züleyxa Səlim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "İddiaçı" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 11578,96 manat əsas borc, 2237,44 manat faiz borcu, 3835,86 manat cərimə borcu olmaqla, cəmi 17652,26 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi, 39D saylı fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitdən borca yönəldilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2018-ci il tarixli 056L**********04 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən borcalana 120 ay müddətinə 300000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30.11.2018-ci il tarixli 056R********** saylı kredit razılaşması əsasında borcalana 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05.12.2019-cu il tarixdən banka qaytarmamış, nəticədə, 11578,96 manat əsas borc, 2237,44 manat faiz borcu, 3835,86 manat cərimə borcu olmaqla, cəmi 17652,26 manat məbləğində borcu qalmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən, zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 28.11.2018-ci il tarixli, 3M-2995 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi, 39D saylı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* nömrəli çıxarışa əsasən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 22.09.2020-ci il tarixdə bildiriş göndərilmiş, bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və 30.09.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. Bildirişin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 məhkəməyə verdiyi izahatında iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 317.1, 385.1, 442, 445.1, 448.2, 472, 739-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34, 36 və 59-cu maddələrinin tələblərini nəzərə alaraq, müəyyən etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2018-ci il tarixli 056L**********04 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana 120 ay müddətinə 300000 manat məbləğində kredit xətti açılmışdır. Eyni tərəflər arasında bağlanmış 30.11.2018-ci il tarixli 056R********** saylı kredit razılaşması əsasında bank tərəfindən kredit alana 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, bankla digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında ayrı-ayrılıqda bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər bank qarşısında öz üzərlərinə kredit alanla birgə məsuliyyət götürmüşlər. Habelə, bankla Cavabdeh2 arasında bağlanılmış 28.11.2018-ci il tarixli, 3M-2995 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi, 39D saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırda iş materiallarına əlavə edilmiş 25.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 müvafiq kredit razılaşması üzrə banka 11578,96 manat əsas borc, 2237,44 manat faiz borcu, 3835,86 manat cərimə borcu olmaqla, cəmi 17652,26 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Habelə, Mülki Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, iddiaçı haqlı olaraq, hər üç cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası əsasında iş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş 06.05.2021-ci il tarixli rəydən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi, 39D saylı fərdi yaşayış evinin real bazar dəyəri 50.000 manat, likvid dəyəri 45.000 manat təşkil edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 11578,96 manat əsas borc, 2237,44 manat faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 14816,40 manat məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqı tutulmalı, tutma ipoteka predmetinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaiti tutularaq, banka ödənilməli, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc ümumi qaydada cavabdehlərdən tutulmalı, ipoteka predmeti satıldıqdan ən geci bir ay ərzində boşaldılmalıdır. İddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Məhkəmə qeyd edir ki, ipoteka predmeti satıldıqdan sonra, mülkiyyətçi dəyişdiyinə görə yeni mülkiyyətçinin mənzilin boşaldılmış vəziyyətdə təhvil verilməsini tələb etmə hüququ olduğundan, müvafiq olaraq, iddiaçının həmin tələblə çıxış etməyə dair subyektiv hüququ olmadığından iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 11578,96 manat əsas borc, 2237,44 manat faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 14816,40 (on dörd min səkkiz yüz on altı manat, 40 qəpik) manat məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat rüsum və 20 (iyirmi) manat xidmət haqqı tutulsun. Tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi, 39D saylı fərdi yaşayış evinə yönəldilsin və ipoteka predmetinin ilkin satış qiyməti 45000 (qırx beş min) manat dəyərində qiymətləndirilməklə, açıq hərracda satılsın, əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borc ödənilsin. Əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılsın. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğ ümumi qaydada cavabdehlərdən müştərək qaydada tutulsun. Əmlakın satışından artıq qalan vəsait Cavabdeh2 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar