Məhkəmə qərarları › İş №2(004)-1765/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1765/2022

14.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1765/2022 14.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, ərizəçi Kərimova (Qarayeva) Ruxsarə Knyaz qızının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, ərizəçi Kərimova (Qarayeva) Ruxsarə Knyaz qızının maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” X2 qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Kərimova (Qarayeva) Ruxsarə Knyaz qızının maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” X2 qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə 21.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1966-cı il tarixdə Ermənistan SSR, Spitak rayonu, Saral kəndində doğulmasının Ermənistan SSRnin Spitak rayonunun Kursalin Kənd sovetində qeyd edilmə faktının müəyyən edilməsi və ad qrafasında “X4”, ata adı qrafasında “X3 (milliyyəti:azərbaycanlı)”, ana adı qrafasında “X6 (milliyyəti:azərbaycanlı)” yazılmaqla ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 1 saylı Bakı “ASAN Xidmət” X2 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, ərizəçinin nümayəndəsi tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Kərimova (Qarayeva) Ruxsarə Knyaz qızının xx xxxxxx 1966-cı il tarixdə Ermənistan SSR, Spitak rayonu, Saral kəndində doğulmasının Ermənistan SSR, Spitak rayonunun Kursalin Kənd sovetində qeyd edilmə faktının müəyyən edilməsi və ad qrafasında “X4”, ata adı qrafasında “X3 (milliyyəti-azərbaycanlı)”, ana adı qrafasında “X6 (milliyyəti-azərbaycanlı)” yazısının qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, ərizəçi, xx xxxxxx 1966-cı il tarixdə Ermənistan SSR, Spitak rayonu, Saral kəndində doğulmuş və atanın soyadı, adı və ata adı X3, ananın isə X6 olmuşdur. Doğum haqqında qeyd Spitak rayonunun Kursalin Kənd soveti tərəfindən aparılmış və bu barədə onun adına doğum haqında şəhadətnamə verilmişdir, lakin adına verilmiş doğum haqqında şəhadətnaməni itirmişdir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamənin ona verilməsi üçün 1 saylı Bakı “ASAN Xidmət” X2 müraciət etmiş, qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədi-doğum haqqında şəhadətnaməni təqdim etmədiyi üçün ərizənin təmin edilməsi mümkün olmadığı bildirilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Hazırda doğum haqqında şəhadətnaməsinin olmamasına görə bir sıra sənədləşdirmə işlərinin həll edilməsində çətinlik yaranmışdır. Mövcud vəziyyətə görə, Ermənistanın müvafiq qeydiyyat orqanına müraciət etməsi və yeni doğum haqqında şəhadətnamənin alınması qeyri-mümkündür. Buna görə də, o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 1 saylı Bakı Maraqlı şəxs qeydiyyat şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Ermənistan SSR Spitak rayonunun Kursalin Kənd sovetliyi tərəfindən 18.07.1972-ci il tarixdə verilmiş İ-СЛ seriyalı 293669 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, ərizəçi Kərimova (Qarayeva) Ruxsarə Knyaz qızının qardaşı X5 08.07.1972-ci il tarixdə Ermənistan SSR, Spitak rayonu, Saral kəndində doğulmuş, onun atası X3 (milliyəti: azərbaycanlı), anası X6 (milliyəti: azərbaycanlı) kimi qeyd olunmuşdur. Bu barədə Ermənistan SSR Spitak rayonunun Kursalin Kənd sovetliyində 18.07.1972-ci il tarixdə 75 nömrəli doğum akt qeydi aparılmışdır. -Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən 11.10.2018-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 268507 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X7 ilə X4 11.10.2018-ci il tarixdə “03b” nömrəli akt qeydi ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Nikah bağlanandan sonra qadına “Kərimova” soyadı verilmişdir. - Ərizəçi notarial qaydada təqsdiq edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, onun doğulduğu yer “Ermənistan, Spitak rayonu” kimi göstərilmişdir. -1 saylı Bakı “ASAN Xidmət” X2 29.12.2021-ci il tarixli 05/Q-2586/15 nömrəli məktubundan müəyyən edilir ki, ərizəçi Kərimova (Qarayeva) Ruxsarə Knyaz qızının doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilmədiyi üçün ərizəçiyə şəhadətnamənin verilməsindən imtina edilərək ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı sübutların məcmusu ilə müəyyən edilir ki, ərizəçi Kərimova (Qarayeva) Ruxsarə Knyaz qızının qardaşı X1 doğum haqqında şəhadətnaməsində onun 08.07.1972-ci il tarixdə Ermənistan SSR, Spitak rayonu, Saral kəndində doğulması, şəhadətnamənin ata qrafasında atası - “X3 (milliyyəti-azərbaycanlı)”, ana qrafasında anası - “X6 (milliyyəti-azərbaycanlı)” kimi qeyd olunmuşdur. Bu barədə Ermənistan SSR Spitak rayonunun Kursalin Kənd sovetliyində 18.07.1972-ci il tarixdə 75 nömrəli doğum akt qeydiyyatı aparılmışdır. Hazırda Ermənistan SSR Spitak rayonunun Kursalin Kənd sovetliyi tərəfindən Kərimova (Qarayeva) Ruxsarə Knyaz qızının adına verilmiş doğum haqqında şəhadətnamə itdiyindən, eləcə də ərizəçinin doğum akt qeydinin yerləşdiyi Ermənistan SSR Spitak rayonuna ərizəçinin getməsi və həmin akt qeydindən çıxarışı əldə etməsi məlum hadisələrlə bağlı qeyri-mümkündür. Hazırda isə ərizəçinin qeyd olunan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi mümkün deyil. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Kərimova (Qarayeva) Ruxsarə Knyaz qızının xx.xx.1966-cı il tarixdə Ermənistan SSR-nin Spitak rayonunun Saral kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, Kərimova (Qarayeva) Ruxsarə Knyaz qızına yeni doğum haqqında şəhadətnamə verilsin və doğum haqqında şəhadətnamədə onun soyadı - “Qarayeva”, adı - “Ruxsarə”, atasının adı - “Knyaz”, doğum tarixi - “xx xxxxxx 1966-cı il”, doğulduğu yer - “Ermənistan SSRnin Spitak rayonunun Saral kəndi”, ata qrafasında atası - “X3 (milliyyəti-azərbaycanlı)”, ana qrafasında anası - “X6 (milliyyəti-azərbaycanlı)” kimi qeyd olunsun. Kərimova (Qarayeva) Ruxsarə Knyaz qızının adına doğum haqqında şəhadətnamənin verilməsi 1 saylı Bakı “ASAN Xidmət” X2 həvalə edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar