Məhkəmə qərarları › İş №2(004)-1766/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1766/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1766/2024 05.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "cavabdehin birgə borclu hesab edilməsi və mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı "cavabdehin birgə borclu hesab edilməsi və mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" MMC ilə mübahisə predmeti olan mənzil üzrə müqavilə münasibətlərinə daxil olmuş və 40.500 manat məbləğində mənzilin tam dəyərini "xxxx" MMC-yə ödəmişdir. Sözügedən mənzil iddiaçıya təhvil verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi üzrə məhkəmənin 2019-cu il tarixli icra vərəqəsinə əsasən mübahisə predmeti olan mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmuş, lakin qətnamə indiyə qədər icra edilməmişdir. İddiaçıya məlum olmuşdur ki, sözügedən mənzil hazırki mülki iş üzrə Cavabdeh MMC-yə məxsusdur. Həmçinin, Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli “Birgə fəaliyyət haqqında müqavilə”yə əsasən həmin hüquqi şəxslərin eyni olmasına əsas verir. Bu səbəbdən, hazırki iddia tələbi əsaslıdır və təmin edilməlidir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan xx.xx.2008-ci il tarixli Mənzil Tikintisi haqqında Müqaviləyə əsasən müəyyən olunur ki, İddiaçı ilə "xxxx" MMC mübahisə predmeti olan mənzil üzrə podrat hüquq münasibətlərinə daxil olmuşlar. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-2559/2019 nömrəli qətnaməsinə əsasən müəyyən olunur ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli Mənzil Tikintisi haqqında Müqaviləyə əsasən müqavilədə nəzərdə tutulmuş, hazırki mübahisə predmeti olan mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. İş materiallarına Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış Birgə təsərrüfat fəaliyyəti haqqında xx.xx.2007-ci il tarixli müqavilə əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə iddiaçı tərəfə izah edir ki, İddiaçı məhz "xxxx" MMC ilə müqavilə (podrat) əsasında hüquq münasibətlərinə daxil olmaqla qarşılıqlı şəkildə hüquq və vəzifələr əldə etmişlər. İddiaçı hazırki mülki iş üzrə Cavabdeh MMC ilə hər hansı hüquq münasibəti yaranmamışdır. Odur ki, hazırki mülki iş üzrə cavabdehin üzərinə hüquqi (müqavilə və ya qanuni) əsası olmayan məsuliyyətin (öhdəlik) qoyulması yolverilməzdir. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış Birgə təsərrüfat fəaliyyəti haqqında xx.xx.2007-ci il tarixli müqaviləyə münasibətdə məhkəmə bildirir ki, həmin müqavilə sözügedən subyektlərin fəaliyyətinin təşkili barədə sırf onların özünə aid olan hissədə qüvvədə olan hüquqi aktdır. Odur ki, əgər ortada hər hansı bir müqavilə varsa, ilkin öncə müqavilə tərəflərini (subyektləri) müəyyən etməli və nəzərə almalı ki, həmin müqavilə ancaq tərəflərinə münasibətdə hüquq münasibəti yaratmaqla hər hansı hüquqi əsas təşkil edə bilər. Bu səbəbdən, digər subyektlər arasında bağlanmış müqaviləyə əsaslanmaqla iddiaçı ilə müqavilə tərəfi olmayan subyektin üzərinə öhdəlik qoyulması mümkün deyildir. Məhkəmə iddiaçının qeyd etdiklərinə əsasən vaxtilə proseslər üzrə münasibətlərin faktiki olaraq başqa məcrada davam etmiş ola biləcəyini nəzərə alır. Lakin, məhkəmə mübahisəyə faktiki əsaslardan öncə hüquqi əsaslardan yanaşmalı və yalnız hüquqi əsaslara (qanun və müqavilə) uyğun şəkildə faktiki əsasları idarə etməli, onlara qanuni və əsaslı hüquqi qiymət verməlidir. İddiaçı izah edilməlidir ki, xx.xx.2008-ci il tarixli Mənzil Tikintisi haqqında Müqaviləyə əsasən müqavilə öhdəliklərinin pozulmasına görə vurulmuş zərərin (real zərər və əldən çıxmış fayda) əvəzinin ödənilməsi ilə bağlı "xxxx" MMC-yə qarşı prosessual fəaliyyət həyata keçirtmək (iddia qaldırmaq) imkanı nəzərdə tutula bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı "cavabdehin birgə borclu hesab edilməsi və mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar