Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1771/2022 07.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı Zolfi Bakhshalının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Zolfi Bakhshalının Cavabdeh qarşı “cavabdehin öz əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Zolfi Bakhshalı Cavabdeh qarşı “cavabdehin öz əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh özünə məxsus əşyaları ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 384 nömrəli mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, dəyərini tam ödəyərək ünvan 1 ünvanında yerləşən 384 nömrəli mənzili almışdır və hazırda mənzil xüsusi mülkiyyətindədir. O, özünə məxsus ünvan 1 ünvanında yerləşən 384 nömrəli mənzili tanışı Harınova Aybənizə tapşıraraq qorumağı həvalə etmişdir. Lakin, 2021-ci ilin sonunda mülkiyyətində olan mənzilə gedərkən cavabdehin öz ailəsi ilə həmin mənzildə yaşadığının şahidi olmuşdur. Məsələni aydınlaşdıranda məlum olmuşdur ki, tanışı Harınova Aybəniz mənzili ondan xəbərsiz Cavabdehin dediyinə görə kirayəyə vermişdir. İddiaçı bunu biləndən sonra mülkiyyətində olan mənzildən cavabdehin çıxmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə mənzildən çıxmır və hazırda orada özü tək yaşayır. Cavabdehin onun mənzilindən çıxmaması həm ona ciddi şəkildə maddi ziyan vurur, həm də, kobud şəkildə mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Bütün bu səbəblərdən də, o, məcbur olaraq cavabdehin onun mənzilindən özünə aid olan əşyaları ilə birlikdə çıxması və mənzilinin cavabdeh tərəfindən ona təhvil verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı Zolfi Bakhshalının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də (xəbərnaməyə 29 mart 2022-ci il tarixdə imza etməklə məhkəməı bildirişini qəbul etmişdir), məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3301/2021 saylı 20 avqust 2021-ci il il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər "xxxx" MTK-ya, X2, Zolfi Bakhshaliyə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh "xxxx" MTK-nın Bakı şəhəri Yasamal rayonu, Əsəd Ohmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan iki otaqlı 384 saylı mənzilinin cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsi və mənzilin iddiaçının adına rəsmiləşdirilməsi, iddiaçının kooperativ üzvlüyü və payını ödəməsi barədə arayışın verilməsi vəzifəsinin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzilin cavabdeh X2 məxsus həmin ünvanda yerləşən 385 saylı mənzillə dəyişdirilməsinin tanınması və bu barədə sənədləşmənin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, ********* qeydiyyat nömrəli, 17 iyun 2020-ci il tarixli çıxarışın ləğv edilməsi, “Şərur" MTK-nın 12 Mart 2020-ci il tarixli 06 saylı protokolun və həmin tarixli borcun olmamasına dair arayışın ləğv edilməsi barədə iddia tələbləri təmin edilməməsi qət edilmişdir. İş üzrə cavabdeh X3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzildə ailəsi ilə birlikdə yaşayır. Atası ilə iddiaçı arasında razılaşma olub ki, 384 saylı mənzildə onlar, 385 saylı mənzildə isə iddiaçı və ailəsi yaşayacaq, gələcəkdə də evin çıxarışları alınanda bir- birlərinə alqı-satqı ilə satacaqlar. Sonra bildirmişlər ki, həmin mənzildə minimum 5 il yaşamalısan ki alqı-satqı edəndə artıq vergi ödəməyəsən. Onlar da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş, onlardan artıq pul istəmişlər ki mənzillərin dəyişməsi qeydə alaq, onlar da pul verməmişlər. Faktiki olaraq evləri dəyişilmişlər. Lakin, sonradan mənzilə görə narahat olmuş, öz mənzilinə, yəni 385 saylı mənzilə çıxarış almışdır. İddiaçı notariusda mənzilin başqa şəxsin adına dəyişdirilməsi barədə ərizə verən zaman, atası rayonda imiş, həmin vaxt atası ərizə verməmişdir. Lakin mənzilləri 2014-cü ildə faktiki dəyişdirmişlər. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.01.2022-ci il tarixli 2(103)-633/2022 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3301/2021 saylı 20 avqust 2021-ci il il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 384 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə Zolfi Bakhshalının adına daşınmaz əmlakın dövlət reyestrində 17.06.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MTK-nın 26.02.2022-ci il tarixli 10 saylı məktubundan görünür ki, iddiaçı Zolfi Bakhshalının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 384 nömrəli mənzildə X3 ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən 384 nömrəli mənzili Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən mülkiyyət hüququ əsasında Zolfi Bakhshalının adına rəsmiləşdirilmişdir. X3 ailəsi ilə birlikdə iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan mənzildə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, həmin mənzil cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 2 ünvanında yerləşən 384 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılmalı və həmin mənzil boşaldılaraq iddiaçı Zolfi Bakhshalıya təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən 384 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılsın və həmin mənzil boşaldılaraq iddiaçı Zolfi Bakhshalıya təhvil verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1771/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1771/2022
07.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver