Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1773/2023 26.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və ezamiyyət pulunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək,cavabdeh Azərbaycan Respublikası Televiziya və Radio Verlişləri QSC-nin xx.xx.2022-ci il tarixli, 765 k/d saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə(vəzifəsinə) bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı və ödənilməmiş ezamiyyət pullarının, mediasiya şurasına ödənilmiş 50 manat və vəkil xidmətindən istifadə etdiyinə görə 210 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-382/2023 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci il tarixdən cavabdeh təşkilatda müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi STS kompleksinin STS sexinin rəisi vəzifəsində işləmişdir. Cavadehin xx.xx.2022-ci il tarixli 766k/d saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuş və əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad olunmağına səbəb kimi 2022-ci ilin ilin oktyabr ayının 23-də, əslində xx.xx.2002-ci ildə Mingəçevir şəhərində ezamiyyətdə olarkən avarçəkmə yarışının canlı yayımı zamanı Peyk və Yerüstü yayım sxeminin növbə rəisi X4 ilə aralarında insidentin yaranması olmuşdur. Bu barədə ondan və E.E.Yusiflidən izahat alınmışdır. Baş vermiş insidentlə əlaqədar izahat yazmışdır. Cavabdehin əmri tam qanunsuz və əsassızdır. Aşağıda göstərilənlərə görə əmr ləğv edilməli, iddiaçı işə bərpa olunmalı, məcburi işə buraxılmaya və ezamiyyətə görə pul ödənilməlidir. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 765 K/d saylı əmrinin məzmununda iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan pozuntuya yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad etməklə tutduğu vəzifədən azad olunmaqla əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsində qeyd edilir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İddiaçı həmkərlar təşkilatının üzvüdür və hər ay əmək haqqısından üzvlüyə görə pul tutulur. İşdən azad olunmağı ilə əlaqədar həmkərlar təşkilatının nə iclası keçirilib, nə də onun yazılı razılığı alınmayıb. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndində göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. O, işlədiyi müddət ərzində üzərinə düşən öhdəliyi yerinə yetirmiş, hər hansı bir intizam cəzası almamışdır. Cavabdehin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad etməsi də tam əsassızdır. Belə ki, həmin maddədə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi göstərilir. O isə, əmək funksiyasında kobud səhvə yol verməmiş və qanuni mənafeyinə ciddi xələl gətirməmişdir. İşə götürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə, onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa düşülür. Bu əsasla əmək müqaviləsinə o vaxt xitam verilə bilər ki, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvlər, yaxud hüquqi pozuntuları nəticəsində işə götürənin, müəssisəinin qanuni mənafeyinə ciddi xələl gətirmiş olsun. Bu faktlara isə iddiaçı tərəfindən heç bir vaxt yol verilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi, xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi, xx.xx.2022-ci il tarixə kimi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ezamiyyətdə olmuşdur. Ezamiyyətə göndərilməyi barədə cavabdeh qanunla müəyyən edilmiş qaydada əmri nəinki rəsmiləşdirilməmiş (əmr, sərəncam və s.), hətta ezamiyyət xərclərini belə verməmişdir. Hansı ki, çəkilən xərclər (mehmanxana, qidalanma, yol xərci və s.) işəgötürən tərəfindən ödənilməlidir. Qeyd olunanlardan tam aydın olur ki, işəgötürən özü əmək qanunvericiliyini kobud surətdə pozmuşdur. Cavabdeh nəinki ona qarşı qəsdi-qərəzlidir, hətta 1974-cü ildən cavabdeh təşkilatda işləmiş, xx.xx.1998-ci ildə “ Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi”, xx.xx.2008-ci ildə isə “Əməkdar Mühəndis” fəxri adına layiq görülmüş atası X3 da şər-böhtanla, məcbur edərək işdən azad etmişdir. Atası Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1030/2019 saylı qətnaməsi ilə işə bərpa edilmişdir. Bundan əlavə cavabdeh iddiaçının qardaşı X2 da, hədə-qorxu, vəzifəsini aşağı salmaqla şərləyərək, məcbur edərək işdən azad etmişdir. Bütün yuxarıda göstərilənlərdən tam aydın olur ki, cavabdehin münasibəti işdəki hər hansı bir nöqsana görə yox, şəxsi qərəzlik mövqeyində olmuşdur. Məhkəmə iclasında iddiaçı və vəkili iddianı müdafiə edirək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçının vəkili əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehin nümayəndələrinə həmkarlar ittifaqı komitəsinin qərarlarının qeydiyyat kitabının məhkəməyə təqdim olunması təklif edilməsinə baxmayaraq həmin kitab məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə həmkarlar ittifaqı komitəsinin qərarı iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə əmrin verilməsinə əsas olan sənədlərdə göstərilməmişdir ki, bu da həmin qərarın, yəni həmkarlar təşkilatının razılığının alınmadan iddiaçının işdən çıxarılmasını, həmkarlar təşkilatının qərarının iddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra tərtib edilməsini təsdiq edir. Məhkəmə iclasında cavabdehin nümayəndələri iddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Etirazda aşağıdakılar qeyd edilmişdir: İddiaçı iddiası əsassız hesab olunaraq rədd edilməlidir. Əvvəla, iddiaçının işdən çıxarılmasına dair iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyildir. Belə ki, İddiaçı əmək funksiyasını və vəzifə öhdəliklərini düzgün yerinə yetirmədiyinə görə işin, əmək və icra intizamının normal ahəngini pozaraq iş yoldaşının hüquq və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində ezamiyyətdə olarkən keçirilən avarçəkmə yarışının çəkilişi zamanı səlahiyyətinə aid olmayan işə müdaxilə etməklə özbaşınalığa yol vermiş, ətrafdakılara qarşı kobudluq etmiş, Cəmiyyətin əməkdaşını nalayiq söyüşlərlə təhqir edərək ona qarşı zorakı hərəkətlərə yol vermişdir. Belə ki, İddiaçı qəsdən əmək funksiyasını, vəzifə öhdəliklərini düzgün yerinə yetirmədiyinə görə işin, əmək və icra intizamının normal ahəngini pozaraq iş yoldaşının hüquq və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan pozuntuya yol vermişdir. Beləliklə də, ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən, tutduğu vəzifədən azad olunub və Cəmiyyət ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, "xxxx" QSC-də minlərlə əməkdaş işləyir. Onlardan kiminləsə, o cümlədən iddiaçı ilə Cəmiyyətin sədrinin düşmənçilik və qərəzli münasibətdə olması həqiqəti əks etdirmir. Əksinə, sosial şəbəkələrdə Cəmiyyətin fəliyyəti, onun rəhbəri və əməkdaşları barəsində yalan və xoşagəlməz məlumatlar yayan iddiaçı Cəmiyyətin işgüzar nüfuzunu ləkələyərək onun qanuni mənafeyinə ciddi xələl gətirir. Eyni zamanda, iddiaçının Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulması hallarının olduğunu iddia etməsinin heç bir əsası yoxdur. Belə ki, əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilmişdir. İddiaçı böhtan xarakterli olmaqla, heç bir sübuta söykənməyən şəxsi mülahizələrindən ibarət iddia ərizəsi təmin edilməməlidir. "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə qanunveriliciliyin tələblərinə uyğun olaraq xitam verilmiş, Cəmiyyət tərəfindən ona münasibətdə hər hansı qanun pozuntusuna yol verilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia ərizəsinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 765 k/d saylı əmrinə əsasən "xxxx" QSC-nin STS Kompleksinin, STS sexinin rəisi İddiaçı və Peyk və X6 növbə rəisi X4 arasında xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində ezamiyyətdə olarkən avarçəkmə yarışının canlı yayımı zamanı insident yaşanmışdır. Belə ki, İddiaçı qəsdən əmək funksiyasını, vəzifə öhdəliklərini düzgün yerinə yetirmədiyinə görə işin, əmək və icra intizamının normal ahəngini pozaraq iş yoldaşının hüquq və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan pozuntuya yol vermişdir. Qeyd olunanlar nəzərə alınaraq STS Kompleksinin, STS sexinin rəisi İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunması və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İşdən azad olunması ilə əlaqədar onunla yekun haqq-hesab aparılması əmr edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda... Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi… Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar.
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində göstərilən əsasla xitam verilmişdir. Lakin əmrdə əmrin verilməsinə əsas olan sənədlərdə həmkarlar ittifaqı təşkilatının qərarı göstərilməmişdir. Bu hallar isə iddiaçının işdən azad edilməsi üçün həmkarlar ittifaqı təşkilatının əvvəlcədən razılığının alınmaması və məhkəməyə təqdim edilmiş həmkarlar ittifaqı komitəsənin qərarının sonradan məhkəməyə iddiaçı tərəfinədn iddia ərizəsi ilə müraciət edildikdən sonra yazılmasını təsdiq edir. Bundan əlavə həmkarlar ittifaqı təşkilatının qərarının əmrdə əmrin verilməsinə əsas olmuş sənədlərdə göstərilməməsi həmin əmrin Əmək Məcəlləsinin 84.2-ci maddəsinə əsasən etibarsızlığını təsdiq edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1.-ci maddəsinə əsasən də əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi qaydaları pozulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia cavabdeh Azərbaycan Respublikası Televiziya və Radio Verlişləri QSC-nin xx.xx.2022-ci il tarixli, 765 k/d saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə(vəzifəsinə) bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə ezamiyyə pullarınını tələbi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2012-ci il tarixli, Q-01 qeydiyyat nömrəli “X1”nın təsdiq edilməsi haqqında qərarı:
1. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə, digər dövlət orqanlarında ezamiyyələrin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin edilir.
2. Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Dəvət edən tərəf ezamiyyə xərclərinin ödənilməsini öz üzərinə götürdüyü hallarda, ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı müddəalar əmrdə öz əksini tapmalıdır. Respublika daxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı, işçiyə bu Qaydaların əlavəsinə uyğun olaraq «Ezamiyyə vəsiqəsi» verilir. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 02/22-62 saylı arayışına əsasən xx.xx.2022-ci il tarixli, 16-E/2 nömrəli, xx.xx.2022- ci il tarixli, 93-E nömrəli, xx.xx.2022-ci il tarixli, 242- E/2 nömrəli əmrlərdə ezamiyyə xərclərinin qarşı tərəfin öz üzərinə götürdüyü açıq şəkildə göstərilmişdir. Bu isə Maliyyə Nazirliyinin xx.xx.2012-ci il Q-01 nömrəli “X1” haqqında qərarının ikinci bəndində öz əksini tapmışdır. Həmçinin həmin qərarın birinci bəndində Azərbaycan Respublikasının mərkəzi və yerli hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə, digər dövlət orqanlarında ezamiyyələrin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi xüsusilə də qeyd edilmişdir. Ümumiləşdirərək bildiririk ki, həmin qərarın birinci bəndində maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi və ikinci bəndində ezamiyyə xərclərinin qarşı tərəfin öz üzərinə götürülməsi qeyd olunduğu üçün hər iki bənd qanunauyğun şəkildə təmin olunmuşdur. "xxxx" QSC-nin istinad etdiyi əmrlərdə ezamiyyə xərclərinin Azərbaycan Avarçəkmə Federasiyası tərəfindən ödənilməsi qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia ezamiyyə xərclərinin tələbi hissəsində əsassızdır və rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 50 manat mediasiya xərci cavabdehdən iddiaçıdan xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuval Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1.-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar, 9.1.14.-cü maddəsinə əsasən büdcə təşkilatları məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmə hesab edir ki, cavabdehdən vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 210 manat tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia qismən təmin edilsin. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 766 k/d saylı əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə "xxxx" QSC-də “STS Kompleksinin” STS sexinin rəisi vəzifəsinə bərpa olunsun. "xxxx" QSC-dən 50 (əlli) manat mediasiya xərci, 210 (iki yüz on) manat vəkil xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Təhminə Xəlilova