Məhkəmə qərarları › İş №2(004)-1774/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1774/2020

16.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1774/2020 16.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh1 (yetkinlik yaşına çatmamış ailə üzvləri olan Cavabdeh3, Cavabdeh4 ilə birlikdə) və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, dalan- 9, ev-2 də yerləşən mənzil ******* saylı qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətindədir. Qızı və nəvələri onun mənzilində qeydiyyatdadırlar. Qızı xx.xx.2001-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuş və o vaxtdan da çıxıb Rusiya Federasiyasına gedib orada həyat yoldaşı ilə yaşayır. Onun uşaqları da onunla birlikdə orada yaşayırlar. Özlərinin evləri vardır. Bir sözlə cavabdehin yaşamağa yeri və mənzili vardır. İddiaçı ona bildirsə ki, gəlib qeydiyyatdan çıxsın o, qeydiyyatdan çıxmayacaq. İddiaçı onun və uşaqlarının qeydiyyatdan çıxarılması üçün Yasamal Rayon Polis İdarəsinə müraciət etmiş və oradan ona şifahi bildirmişlər ki, istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Ona görə də o, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlərin həmin mənzildə hazırda yaşamırlar. Cavabdehlərin qeydiyyatdan çıxmaması mülkiyyətçi kimi onun mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə ünvanlanmış məhkəmə bildirişi onun məlum olan axırıncı yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına (mənzil kommunal təsərrüfatı birliyi) göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və bu daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfat İdarəsi “xxxx” MTK-nın 9 saylı xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh1 1992-ci ildən və Cavabdeh2 2002-ci ildən ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Mənzil Kommunal Təsərrüfat Birliyinin 61 saylı Mənzil Kommunal İstismar Sahəsinin 61 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 (yetkinlik yaşına çatmamış ailə üzvləri olan Cavabdeh3, Cavabdeh4) və Cavabdeh2 bu ünvanda yaşamırlar. Beləliklə məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı mülkiyyətindədir, onun övladları olan Cavabdeh1 və Cavabdeh2 qeyd olunan ünvanda pasport qeydiyyatındadır. Məhkəmə iclasında həmçinin tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 (yetkinlik yaşına çatmamış ailə üzvləri olan Cavabdeh3, Cavabdeh4) və Cavabdeh2 mübahisələndirilən mənzildə yaşamır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Habelə həmin qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Həmin qərardan görünür ki, məhkəmənin gəlmiş olduğu qənaətə əsasən, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. İddiaçı Hacıbala oğlunun iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, o, ailə üzvü olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüqununa həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdığı üçün kompensasiya ödənilmədən xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdehlər iddiaçının qızı və nəvəsidir, 2001-ci ildən bəri, mübahisələndirilən ünvanda yaşamırlar və faktiki olaraq cavabdehlər Rusiya Federasiyasında yaşayırlar. Cavabdehlərin 2001-ci ildə yeni mənzil üzərində mülkiyyət hüququ əldə etməsi və həmin mənzilə köçməsi ilə iddiaçıya məxsus olan yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı üçün Cavabdeh1 (yetkinlik yaşına çatmamış ailə üzvləri olan Cavabdeh3, Cavabdeh4 ilə birlikdə) və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin irəli sürdüyü yuxarıda qeyd olunan hüquqi mövqeyinə əsasən iddiaçının hazırki iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 (yetkinlik yaşına çatmamış ailə üzvləri olan Cavabdeh3, Cavabdeh4 ilə birlikdə) və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar