Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1782/2021 27.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, qarşılılqı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı İsmayil qızının Cavabdeh İsmayil qızına qarşı “pul tələbinı dair” ilkin, iddiaçı Cavabdeh İsmayil qızının cavabdeh İddiaçı İsmayil qızına qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İsmayil qızı Cavabdeh İsmayil qızına qarşı “pul tələbinı dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müracət edərək, ünvan 1 ünvanında yerləşən, "xxxx" ASC-də ipoteka ilə yüklü olan 28 saylı mənzilə görə 2018-ci ilin may ayından 2019-cu ilin aprel ayınadək 11 ay ərzində aylıq ödədiyi 554,30 manat (455,60 AZN aylıq+30,67 AZN həyat sığortası+68,03 AZN əmlak sığortası=544,30AZN) olmaqla, cəmi 6097 manat, mənzilin təmirinə xərclədiyi 5000 manat olmaqla, ümumilikdə 11097 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, 18.04.2018-ci il tarixdə daşınmaz əmlakın ilkin alqı satqısı müqaviləsi ilə Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 13 saylı evin, 28 saylı mənzilinə görə 50 saylı Notariat kontorunun depozitinə 45000 AZN pul ödəməklə həmin mənzili almış və öz şəxsi əmlakı kimi ipoteka ilə yüklü olduğundan aylıq ödənişləri ödəmiş və təmir işlərinə pul xərcləmişdir. 2018-ci ilin may ayından 2019-cu ilin aprel ayınadək hər ay 554,30 AZN (544,30=455,60 AZN aylıq+30,67 AZN həyat sığortası+68,03 AZN əmlak sığortası) ümumilikdə 11 ay ərzində 6097 AZN ipoteka ödənişlərini ödəmişdir. Həmin ödənişlərin ilk 6 ayını Turan Bank ASC-nin Sumqayıt Filialında, 5 ayını isə Novxanıda Poçtunda ödəmişdir. Qeyd olunan mənzili aldıqdan sonra aşağıdakı təmir və yaxşılaşdırma işləri aparmışdır. Belə ki, həmin mənzilə Kombi sistemi quraşdırmış, dam örtüyünə tol çəkdirməklə qırlatmış, dəmirdən olan yararsız su turbaları yeni plastik su turbaları ilə əvəz etdirmiş, su çənini təmir etdirərək su nasosu quraşdırmış, blokdan mənzilə gələn mərkəzi elektrik kabel xəttini dəyişdirmiş, parketi cilalatdırmaqla təmir etdirmiş, dəhlizin linolium örtüyünü çıxardaraq metlax döşətdirmiş, bütün bu təmir işlərinə cəmi 5000 manat, ümumilikdə isə 11097 manat pul xərcləmişdir. Bir müddət sonra alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzilin mülkiyyətçisi və satıcısı X3 vəfat etdiyini xəbər tutmuşdur. Buna baxmayaraq, ailəsi ilə birgə artıq sözügedən ünvanda yaşayırdı. Mərhumun vərəsələrinə (hazırki iş üzrə cavabdeh və övladlarına) evin onun adına sənədləşdirilməsi üçün müraciət etmişdir. Çünki, cavabdeh mübahisəli mənzilə dair mirası qəbul edib, bundan sonra onunla yekun alqı-satqı müqaviləsi bağlamalı idi. Cavabdehin notariusa müraciəti nəticəsində ona 29.08.2019-cu il tarixdə 2V-749 nömrəli vərəslik haqqında şəhadətnamə verilmişdir. Cavabdeh isə sözügedən vərəsəlik şəhadətnaməsi əsasında mübahisəli mənzili öz adına rəsmiləşdirmişdir. Daha sonra cavabdeh, onun ailə üzvləri ilə birgə mənzildən çıxarılmasına nail olmuşdur. Qarşılıqlı idda üzrə iddiaçı Cavabdeh İsmayil qızı cavabdeh İddiaçı İsmayil qızına qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müracət edərək cavabdehdən 13.09.2019-cu tarixdən başlayaraq ünvan 2 ünvanında yerləşən 28 saylı mənzildən qanunsuz istifadə edildiyinə görə mənzil təhvil verilənədək hər ay 450 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı Bakı şəhəri Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13, mənzil 28 ipoteka yüklü olduğundan aylıq ödənişləri və təmir işlərinə pul xərclədiyindən və təmir işləri gördüyündən həmin pulun dəyərinin Cavabdeh tutulmasını tələb etmişdir. Lakin, hər şeydən əvvəl işin müəyyən halı ondan ibarətdir ki, iddiaçı sadaladığı halları və ödənişləri heç bir dəlillə sübuta yetirə bilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.02.2020-ci il tarixli, 2(004)-689/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair işi üzrə iddiaçının sadaladığı hallar məhkəmə tərəfindən əsassız hesab edildiyindən ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı və onun ailə üzvləri tərəfindən boşaldılaraq Cavabdeh qızma təhvl verilməsi barədə qətnamə çıxarılmışdır. Beləliklə, mülki prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. İşin digər vacib halı ondan ibarətdir ki, X3 vəfatından (13.09.2019-cu il tarixdən) sonra mülkiyyət hüquqları ilə qarşılıqlı iddia üzrə iddiaçıya məxsus olan mənzilə gedərkən qarşılıqı iddia üzrə cavabdeh İddiaçı və onun ailə üzvlərinin həmin evdə yaşadıqlarını görmüş, onlardan əmlakını tərk etmələrini tələb etdikdə isə İddiaçı və onun ailə üzvləri bu qanuni tələbə etiraz edərək həmin evin onlara məxsus olmasını iddia etmişlər. İddia onunla əsaslandırılmışdır ki, həmin ev X3 vəfatından bir qədər öncə alqı-satqı müqaviləsi əsasında İddiaçı qızma satılmışdır. Halbuki qeyd edilən alqı-satqı prosesindən X5 heç bir məlumatı olmadığını, belə bir alqı-satqı müqaviləsi olduğu təqdirdə həmin mənzil birgə nikah dövründə əldə edildiyindən müvafiq alqı-satqıya dair onun da razılığı notariat qaydasında tələb olunduğu halda belə bir razılıq alınmadan alqı-satqı həyata keçirilmişsə də həmin müqavilənin etibarsız olduğu bildirilmiş, lakin bu bildirişə və haqlı tələbinə heç bir məhəl qoyulmamışdır. Bununla bağlı 13.09.2019cu il tarixdən etibarən bildirişlə mənzildən qanunsuz istifadə edən şəxslərə həmin mənzili qanuni mülkiyyətçisinə təhvil vermələri barədə məlumat verilsə də, bu günə kimi cavabdeh və onun ailə üzvləri mənzildən çıxmırlar. Cavabdehin və onun ailə üzvlərinin bu hərəkətləri ilə onun qanunla qorunan hüquq və mənafelərinə zidd hal yaranmaqla, əmlak və mülkiyyət hüquqları ciddi şəkildə pozulmaqdadır və mənzil hazırda İddiaçı və onun ailə üzvlərinin qanunsuz istifadəsindədir. Bu səbəbdən, 13.09.2019-cu tarixdən başlayaraq sözügedən mənzil təhvil verilənədək hər ay üçün 450 manat pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qızma ödənilməsi zəruridir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iş məhkəmədə olan zaman mübahisəli mənzil artıq boşaldılaraq qarşı tərəfə təhvil verilmiş və iddiaçı tərəfindən mənzilin yaxşılaşdırılması üçün quraşdırılmış əşyalar və avadanlıqlar açılaraq hamısı götürülmüşdür. Odur ki, ilkin iddiaya qiymət verilərkən nəzərə alınmasını xahiş edir. İlkin iddianı qalan hissədə isə müdafiə edirlər. Eyni zamanda hesab edir ki, qarşılıqlı iddia tələbi formal verilmişdir və əsassız olduğundan təmin edilməməlidir. Belə ki, tərəflər arasında ilkin alqı-satqı müqaviləsi olmuş və iddiaçı mülkiyyətçi kimi həmin mənzildə qanuni əsaslarla məskunlaşmışdır. Müqavilənin etibarsız sayılmasına dair məhkəmə qətnaməsində eyni zamanda ödənilmiş pul vəsaitinin də geri qaytarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini yeni almış və təzəlikcə artıq icra olunmuşdur. Odur ki, məhkəmədən ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında qarşılılqı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək iddia ərizəsini məzmununa uyğun izahat verdi və məhkəmədən qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddia tələbinin isə əsassız olduğuna görə təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ilkin iddia üzrə iddiaçının həyat yoldaşıdır. X1 ilə həyat yoldaşı arasında Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən 13 saylı evin, 28 saylı mənzilinə dair 18.04.2018-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair ilkin müqaviləyə görə mübahisəli mənzil 70110 manata onlara satılaraq, ilkin alqı-satqı müqaviləsi bağlandığı an ümumi satış məbləğinin 45000 manatı ödənilmiş, qalan 25110 manat isə əsas müqavilə bağlanarkən ödənilməli idi. Mübahisəli mənzil ipoteka ilə yüklü edildiyindən "xxxx" ASC-yə müqavilə bağlandıqdan sonra ipoteka ödənişlərinin bir qismi, 1 il ərzində aylıq 500 manat olmaqla, ümumilikdə 7000 manat məbləğ ödənilmişdir. Mərhum Rizvan alqı-satqı bağlanarkən ona Nizami rayonunda yerləşən notariusa getməyi təkid etmişdir. Evi aprel ayında almış, mənzilə kombi sistemi quraşdırılmış, dam örtüyünə tol çəkdirməklə qırlatmış, dəmirdən olan yararsız su turbaları yeni plastik su turbaları ilə əvəz edilmiş, su çənini təmir etdirərək su nasosu quraşdırmışdır. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.02.2020-ci il tarixli, 2(004)-689/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin, dövlət qeydiyyatının, çıxarışın ləğv edilməsi, alqı-satqı müqaviləsinin bağlanmış hesabedilməsi və mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair” ilkin iddia ərizəsi təmin olunmamış, Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin olunaraq, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, bina 13 ünvanında yerləşən, ümumi sahəsi 42 kv.m. olan 2 otaqlı 28 saylı mənzilə dair X1 ilə cavabdeh İddiaçı arasında bağlanmış 18.04.2018-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqısına dair ilkin müqavilə” etibarsız hesab edilməsi, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməsi, Cavabdeh 18.04.2018-ci il tarixli “Daşınmaz əmlakın alqı- satqısına dair ilkin müqavilə” yə əsasən mənzilə görə ödənilmiş 45000 manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30.11.2020-ci il tarixli, 2(103)- 6350/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.02.2020-ci il tarixli, 2(004)-689/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamədəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(004)- 1782/2021 saylı qərardadı ilə mülki işdə olan 05.06.2018-ci il tarixli, ********* nömrəli, 03.05.2018-ci il tarixli ********* nömrəli, 03.05.2018-ci il ta ********* nömrəli, 03.05.2018-ci il tarixli ********* nömrəli, 04.10.2018-ci il tarixli ********* nömrəli, 04.10.2018-ci il tarixli ********* nömrəli mədaxil qəbzlərinin aşağı hissələrində “Ödəyici:” qrafalarında “X7:” yazılarının qarşısında olan imzaların X4 tərədindən icra olunmasının müəyyən edilməsi məqsədi ilə iş üzrə xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarınna əlavə olunmuş 17.07.2021-ci il tarixli, 4/857 saylı ekspert rəyinə əsasən, qeyd olunan mədaxil qəbzlərinin aşağı hissələrində “Ödəyici:” qrafalarında “X7:” yazılarının qarşısında olan imzaların X4 tərədindən icra olunduğu müəyyən edilmişdir. Azerpoct MMC-nin, Abşeron PF-nin. Novxanı PŞ-nin müdiri X9 tərəfindən məhkəməyə təqdim olunmuş 06.09.2021-ci il tarixli arayışdan görünür ki, 2018-2019-cu il tarixlərində 95907 nömrəli ipoteka koduna (X7) vurulan qəbzlər şəxsən vətəndaş X4 (aze********) tərəfindən Novxanı AZ0119 nömrəli poçt şöbəsində ödənilmişdir. Beləliklə, işin məhkəmə baxışı zamanı tərəflərin izahaları və şahidin ifadəsi, həmçinin təqdim edilmiş sübutların və ekspert rəyinin araşdırılması nəticəsində müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən 13 saylı evin, 28 saylı mənzili İddiaçı tərəfindən boşaldılaraq, Cavabdeh təhvil verilməli, Cavabdeh tərəfindən İddiaçı 45000 manat məbləğində pul ödənilməlidir. Müvafiq məhkəmə aktı qanuni qüvvəsini alaraq, icraya yönəldilənədək İddiaçı tərəfindən (X4 vasitəsi ilə) alqısatqı və ipoteka müqaviləsinə əsasən mübahisəli mənzilə görə "xxxx" ASC-nin hesabına cəmi 6097,30 manat məbləğində pul ödənilmişdir. Qeyd olunan qətnamə 17.05.2021-ci il tarixdə icraya yönəldilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Beləliklə, məhkəmə işin faktiki halarına əsasən İddiaçı tərəfindən (əri X4 vasitəsi ilə) alqı-satqı və ipoteka müqaviləsinə əsasən mübahisəli Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən 13 saylı evin, 28 saylı mənzilə görə "xxxx" ASC-nin hesabına cəmi 6097 manat məbləğində pulun ödənilməsini nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsaslanaraq hesab edir ki, ilkin iddia tələbi həmin məbləğin qaytarılması hissəsində təmin edlərək 6097 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalı, ilkin iddia tələbi mənzilin təmirinə xərclənmiş vəsaitin tutulması hissəsində heç bir mötəbər sübutla əsaslandırılmadığından, təmin edilməməlidir. Məhkəmə bu hissədə iddia tələbini təmin etməyərkən həmdə, mənzilin ilkin iddiaçı tərəfindən artıq boşaldılaraq cavabdehə təhvil verilməsini, mənzil təhvil verilərkən iddiaçı tərəfindən quraşdırlılmış əşya və avadanlıqların sökülərək götürülməsini də nəzərə alır. İşin bu halı iddiaçı və cavabdehin nümayəndələrinin etiraf edici izahatları ilə də sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda, qarşılıqlı iddia tələbinə münasibətdə mənzilin boşaldılması, təhvil verilməsi və mənzilə görə ödənilmiş 45000 manat pulun qaytarılması barədə ilkin və qarşılıqlı iddiaları üzrə məhkəmə işinin 2019-cu ildə başlamaqla, 2021-ci ilin fevral ayında yekunlaşmasını, iş üzrə qəbul olunmuş məhkəmə aktının da həmin tarixdə qanuni qüvvəsini alıb 17.05.2021-ci il tarixdə icraya yönəldilməsini, cavabdeh İddiaçı və ailəsinin müvafiq müqavilə əsasında mübahisəli mənzildə yaşamaqla ondan istifadə etməsini nəzərə alaraq hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı ona məxsus mənzildən əsassız istifadə etdiyinə görə pul tələbi ilə məhkəmədə iddi qaldırmaq hüququ yaranmamışdır. Ona görə də, qarşılıqlı iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 17.07.2021-ci il tarixli, 4/857 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 138 manat təşkil etməklə Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 50% həcmində təmin edildirindən İş üzrə məhkəmə məsrəfi olan 138 manat ekspertiza xərcinin 69 manatı Cavabdeh İsmayil qızından, 69 manatı İddiaçı dövlət nəfinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh ismayil qızından 6097 (altı min doxsan yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh İsmayil qızının cavabdeh İddiaçı İsmayil qızına qarşı “pul tələbinə dair” qarşılıqlı iddiası təmin edilməsin. İş üzrə məhkəmə məsrəfi olan 138 (bir yüz otuz səkkiz) manat ekspertiza xərcinin 69 (altmış doqquz) manatı Cavabdeh İsmayil qızından, 69 (altmış doqquz) manatı İddiaçı tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1782/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1782/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver