Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1839/2024 30.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 saylı fərdi yaşayış evinə köçürülməyi, həmin mənzildən maneəsiz istifadə etməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evdə 1987-ci ildən qeydiyyatdadır. Həmin ev onlara babalarından miras qalmış və evin 40 kv.m-dən ibarət hissəsi ona vərəsəlik ilə keçmişdir. O, həmin evdə doğulub, böyümüşdür. Ailə qurduqdan sonra yoldaşı ilə anasına məxsus evə köçüb orada yaşamışdır. Lakin, köçən zaman cavabdehlərə bildirmişdir ki, həmin evi müvəqqəti yaşamaq üçün onlara verir, amma evin 40 kv.m ona məxsusdur. Cavabdehlər də razılığını bildirmişdirlər. Hal- hazırda ailə vəziyyətində problemlər olduğundan, yoldaşı ilə boşanma ərəfəsindəydirlər və onun yaşayış yeri olmadığından həmin evə köçürülməyini xahiş edirəm. Belə ki, o, öz haqqı olanı istəyir, yəni daimi yaşadığı mənzilə, atasının və anasının ona ayırdığı hissəyə köçürülməyini istəyir. Cavabdelər isə ona maneələr yaradır, həmin evdə yaşamağa imkan yaratmırlar. Sözügedən fərdi yaşayış evi əvvəllər heç kəsin mülkiyyətində deyildir, lakin sonradan məhkəmə iclasında ona məlum olub ki, cavabdehlər qanunsuz olaraq onun xəbəri olmadan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək fərdi yaşayış evini ümumi mülkiyyət kimi 26 noyabr 2021-ci il tarixdə qeydiyyatına alıblar. Dəfələrlə cavabdehlərdən qeydiyyatda olduğu evə könüllü buraxmasını xahiş etsə də, bunu könüllü etmək istəmirlər və hər dəfə münaqişə yaradırlar. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabadeh Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, 160 saylı ev xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məxsusdur. Həmin ev vərəsəlik qaydasında onlara keçmişdir Onlar həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. İddiaçı sözügedən ünvanda qeydiyyatda olsa da, onun həmin evə dair istifadə hüquqları qeydiyyata alınmayıb, həmin ünvana qeydiyyatı formal xarakter daşıyır. Hal-hazırda iddiaçı ümumiyyətlə həmin ünvanda yaşamır. İddiaçı çox əvvəllər Bakı şəhərində qeydiyyatda durmaq üçün evləri olmadığından həmin mənzilə qeydiyyata salınmış, lakin mənzilə dair heç-bir istifadə və mülkiyyət hüquqları olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında iddia tələbi ilə razı olmadığını, mübahisəli mənzilin onların mülkiyyətində olduğunu, iddiaçının həmin yaşamadığını bildirərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(004)-3964/2023 saylı qətnamənin sürətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Eyyub qızına qarşı "vərəsəlik şəhadətnaməsinin ləğvi, daşınmaz əmlaka dair çıxarışın ləğv edilməsi və miras payının müəyyən olunması” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(004)-1256/2024 saylı qətnaməsinin sürətindən görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdehlər X2 və İddiaçı qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddia tələbinin təmin edilməsi, cavabdehlər X1 və İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 160 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən edildi ki, tərəflər arasındakı yaşayış sahəsindən istifadə ilə bağlı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1dən əvvəlki dövrə təsadüf etdiyindən mübahisə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsinin) 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Mülki-prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. İddiaçı iddia tələbini təsdiq edən sübutları təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi cavabdehlərin mülkiyyətindədir. İddiaçı cavabdehlərin ailə üzvü deyil, formal olaraq həmin ünvanda qeydiyyatdadır, uzun müddətdir ki, həmin evdə yaşamır və daimi yaşamaq üçün başqa yaşayış yerinə getmişdir. İddiaçının cavabdehlərə məxsus evdə qeydiyyatda olması onun həmin evə köçürlməsinə hüquqi əsas vermir. Odur ki, iddia tələbi rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77,216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1839/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1839/2024
30.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver