Məhkəmə qərarları › İş №2(004)-184/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-184/2021

04.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-184/2021 04.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Nümayəndə cavabdehlər Bakı Dövlət Universitetinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Nümayəndə cavabdehlər Bakı Dövlət Universitetinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Dövlət Universitetindən 2114 manat işdənçıxma müavinətinin, həmin məbləğə gündəlik 1 faizlə hesablanmış 22050 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdeh təşkilatların məsul vəzifəli şəxsləri barədə xüsusi qərardad qəbul olunmasını xahiş etmişdir. İddiaçı Nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1999-cu ildən etibarən Bakı Dövlət Universitetinin Tədris hissəsinin müdiri vəzifəsində işləmiş, xx.xx.2017-ci il tarixli, R-19 saylı əmrlə Tədris hissəsi ləşv edilmiş və əvəzində Tədris Departamenti yaradılmışdır. Yeni yaradılmış departamentdə işlə təmin olunmaması barədə ərizə ilə Universitetin rəhbərliyinə müraciət etməmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməsi səbəbindən işdə olmamasına baxmayaraq, xx.xx.2017-ci il tarixli 1/156 saylı əmrlə tutduğu vəzifədən azad edilməklə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Lakin, ona iki aylıq əmək haqqı məbləğində işdənçıxma müavinəti verilməmişdir. Həmçinin, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin tələbinə əsasən xx.xx.2017-ci il tarixdən iddia ərizəsinin verildiyi tarixədək keçən 35 ay müddətində 2114 manat işdənçıxma müavinətini gündəlik 1 faizlə hesablanmış məbləği 22050 manat təşkil edir ki, bu məbləğdə ona ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün heab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli iclasının 01 saylı protokolundan çıxarışın surətindən görünür ki, Nümayəndə ilə bağlı HİK-ə sənəd daxil olmuşdur. R-19 saylı xx.xx.2017-ci il tarixli əmrə uyğun olaraq ləvğ olunmuş Tədris şöbəsinin müdiri və Kimya fakültəsinin “Kimyanın tədrisi metodikası” kafedrasının daxili əvəzçiliklə 0,5 ştat dosenti Nümayəndə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək təqdim edilmiş xəstəlik vərəqələrinə əsasən işə gəlməmişdir. Lakin xx.xx.2017-ci il tarixindən əmək fəaliyyətinə başlamalı olan dos. Nümayəndə Tədris şöbəsinin və Tədris şöbəsinin müdiri vəzifəsinin ləğvi ilə bağlı yenidən işlə təmin olunması məqsədilə BDU-nun rektoruna müraciət etməmiş, ona iki aylıq ödənişsiz məzuniyyət verilməsini xahiş etmişdir. Dos. Nümayəndə may-iyun 2017-ci il tarixlərində ödənişsiz məzuniyyətin verilməsi məqsədəuyğun hesab edilməmiş, bu barədə ərizəçi dos.Nümayəndə TTTT üzrə prorektor və baş hüquqşünasın imzaları ilə yazılı məlumat poçt vasitəsi ilə yaşadığı ünvana göndərilmişdir və həmin tarixdə baş hüquqşünas T.Sadıxov tərəfindən şəxsən dosent Nümayəndə təqdim edilmişdir. Əlavə olaraq bu qərar barədə məlumat xx.xx.2017-ci il tarixində Nümayəndə BDU-nun baş hüquqşünası tərəfindən mobil telefonla zəng vurularaq bildirilmişdir. Bu barədə müsbət cavab almadığına baxmayaraq o, 08, 10 və xx.xx.2017-ci il tarixlərində (6,7, və 9 may qeyri-iş günləri olmuşdur) işə gəlməmişdir. Hüquq fakültəsinin İİT sədri dosent Ərəstun Qasımov çıxış edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətin tərəflərin qarşılıqlı razılığı əsasında verildiyini nəzərə alaraq işəgötürən tərəfindən ödənişsiz məzuniyyətin verilməməsi qanunauyğundur. Nümayəndə üzürsüz səbəbdən işə gəlməyərək Əmək məcəlləsinin 72-ci maddəsinin “a” bəndində göstərildiyi kimi (heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməmək) qaydanı pozmuş, bu hal isə Əmək Məcəlləsinin həmin bəndində “işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması” hesab edilir. İşçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasının nəticəsi isə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə belə izah edilir: “İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə onunla bağlanmış Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.” Faktiki olaraq dos.Nümayəndə 3 gün üzürsüz səbəbdən işə gəlməmiş, işəgötürən AR ƏM-nin 80-ci maddəsinin 1-ci hissəsinə uyğun olarq razılığın alınması üçün HİK-ə bu barədə təqdimat göndərmişdir. Çıxışlardan sonra Tədris şöbəsinin müdiri dosent Nümayəndə tutduğu vəzifədən azad olunmasına razılıq verilməsi təklifi səsə qoyulmuş və təklif yekdilliklə qəbul olunaraq, Bakı Dövlət Universitetinin Tədris şöbəsinin müdiri dosent Nümayəndə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində göstərildiy kimi, heç bir üzrlü səbəb olmadan 3 gün işə gəlmədiyinə görə AR Əməl Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən xx.xx.2017-ci il tarixindən tutduğu vəzifədən azad edilməsinə razılıq verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Dövlət Universitetinin rektoru A.Məhərrəmovun xx.xx.2017-ci il tarixli 1/156 saylı əmrinin surətindən görünür ki, ləğv olunmuş Tədris şöbəsinin sabiq müdiri, Kimya fakültəsi Kimyanın tədrisi metodikası kafedrasının daxili əvəzçiliklə 0,5 ştat dosent əvəzi Nümayəndə xəstəliyi bitən gündən etibarən işə çıxmadığına və yeni yaradılmış Tədris Departamentində müvafiq işlə təmin olunması barədə ərizə ilə müraciət etmədiyinə, Kimyanın tədrisi metodikası kafedrasında daxili əvəzçiliklə 0,5 ştat dosent əvəzi kimi dərslərə gəlmədiyinə görə xx.xx.2017-cı il tarixdən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu ləğv olunmuş Tədris şöbəsinin sabiq müdiri və Kimyanın tədrisi metodikası kafedrasının daxili əvəzçiliklə 0,5 ştat dosent əvəzi vəzifələrindən azad edilmiş və onunla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin a) bəndinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları məsələlərini tənzimləyən 77-ci maddəsinin məzmunundan göründüyü kimi, əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi hallarda, işçiyə işdənçıxarma müavinəti ödənilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci hissəsinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ- hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan qanun normalarına əsaslanmaqla hesab edir ki, iddiaçı Nümayəndə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu ləğv olunmuş Tədris şöbəsinin sabiq müdiri və Kimyanın tədrisi metodikası kafedrasının daxili əvəzçiliklə 0,5 ştat dosent əvəzi vəzifələrindən azad edildiyinə, Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları məsələlərini tənzimləyən 77-ci maddəsinə əsasən, əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi hallarda, işçiyə işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığını görə iddiaçının hazırki iddia tələbi ilə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassızdır və bütünlüklə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Nümayəndə cavabdehlər Bakı Dövlət Universitetinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar