Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1840/2024 17.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə dair bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilərək alıcı-ipoteka qoyan qismində iddiaçı ilə bağlanmış hesab edilməsi, mənzilə dair çıxarış ləğv edilməklə iddiaçının adına yeni çıxarışın verilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə dair bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilərək alıcı-ipoteka qoyan qismində iddiaçı ilə bağlanmış hesab edilməsi, mənzilə dair çıxarış ləğv edilməklə iddiaçının adına yeni çıxarışın verilməsi” tələbinə dair ərizə ilə müraciət etmişdir. Mülki iş üzrə mənzilin keçmiş mülkiyyətçisi X1, Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi Filialı və ipoteka saxlayan "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı keçmiş arvadın bacısıdır (baldız). Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh adına ipoteka krediti ilə əldə edilmişdir. Lakin, həmin mənzil faktiki olaraq İddiaçı məxsus olmuş, sadəcə iddiaçının ipoteka krediti almaq üçün zəruri maliyyə kriteriyaları olmadığından həmin mənzili cavabdehin adına rəsmiləşdirməklə krediti də sonuncunun adına almışlar. Lakin, ödənişlər iddiaçı tərəfindən həyata keçirilmişdir. Göstərilənlər nəzərə alınmaqla sözügedən mənzilə dair bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilərək alıcı-ipoteka qoyan qismində iddiaçı ilə bağlanmış hesab edilməsi, mənzilə dair çıxarış ləğv edilməklə iddiaçının adına yeni çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3304/2022 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə dair ödənilmiş 62.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 12.314.88 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3304/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2038/2023 nömrəli qətnaməsi ilə şikayət qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, Cavabdeh 26.153.52 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2038/2023 nömrəli qətnaməsindən iddiaçı, cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda kasasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 29102)-3685/2023 nömrəli qərarı ilə şikayətlər təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2038/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-2622/2022 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir. İş materiallarında olan çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətindədir (mülki işin mübahisəsiz halıdır). Hazırki mülki iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən alqı-satqı və ipoteka müqavilələri məhkəməyə təqdim edilməmişdir. Lakin, məhkəmə nəzərə alır ki, həmin müqavilələrin mövcudluğu və notarial qaydada bağlanması mülki işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə göstərilən 4 (dörd) elementin heç biri müəyyən edilmir. İddiaçının müdafiəsinin hüquqi əsasını isə cavabdehin alqı-satqı və ipoteka müqavilələri üzrə həqiqi iradə sahibi olmaması, formal olaraq müqavilə münasibətlərinə daxil olmasıdır. Məhkəmə sözügedən arqumentə münasibətdə qeyd edir ki, həmin xüsusatlar MM-in 340-cı maddəsində müəyyən edilmiş dispozitiv şərtlərə uyğun deyildir. Hazırki mübahisə üzrə müqavilə notarial qaydada bağlanılmışdır. Deməli, forma əsasları etibarlıdır. Müqavilənin məzmunu ilə bağlı məhkəmə qeyd edir ki, məzmun tərəflərin iradə ifadəsi və müqavilə azadlığı prinsipləri rəhbər tutulmaqla qarşılıqlı razılıq əsasında tərtib edilir. Mübahisə predmeti olan müqavilənin formal tələblərinə əməl olunur, məzmunu aydın və anlaşılandır. Etibarsızlığın iradə qüsurluluğu ilə bağlı məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə sözügedən müqavilənin bağlanmasına münasibətdə tərəflərin iradəsi zədələnməmiş, iddiaçı sərbəst şəkildə iradəsini ifadə etməklə müqavilə münasibətlərinə daxil olmuşdur. Subyekt tərkibi ilə bağlı məhkəmə qeyd edir ki, müqaviləni bağlayan şəxslər fiziki və hüquq şəxs olmaqla tam fəaliyyət qabiliyyətli subyektlər olmuşlar. Deməli, subyekt tərkibi nöqteyi-nəzərdən də müqavilənin etibarsız hesab olunmasına əsaslar yoxdur. Məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 29102)-3685/2023 nömrəli qərarını nəzərə alır. Belə ki, həmin qərarın mahiyyəti məhz hazırki mübahisə üzrə predmet olan mənzilə dair İddiaçı tərəfindən həyata keçirilmiş ödənişlərin Cavabdeh tutularaq iddiaçıya ödənilməsidir. Yəni, mübahisə predmeti olan mənzilə dair ödənilmiş vəsaitlərin Cavabdeh tutulması qərara alınmışdır. Həmin qərarın icra olunması və hazırki iddia tələbinin təmin edilməsi bir-birinə mahiyyəti üzrə zidd hüquqi hərəkətlər ola bilər. Belə ki, Cavabdeh eyni əsas üzrə ayrı-ayrı qərarlar əsasında iki qat yüklənməsinə səbəb olacaqdır ki, bu da qanuni hesab edilə bilməz. Məhkəmə həmçinin nəzərə alır ki, ipoteka saxlayan bank nöqteyi nəzərdən sonuncunun maraqları nəzərə alınmalıdır. Yəni, İddiaçı ipoteka və kredit müqavilələri üzrə bank qarşısında müvafiq maliyyə kriteriyalarına cavab verməməsi əsası nəzərə alınmaqla hazırki iddianın təmin edilməsi ipoteka saxlayan "xxxx" ASC-nin maraqlarının pozulmasına və maliyyə risklərinin əsassız artmasına səbəb olacaqdır. Nəzərə alaq ki, əgər iddiaçı müvafiq maliyyə kriteriyalarına cavab versəydi, müqavilə bağlanan zaman Cavabdeh deyil, məhz özü müqavilə münasibətlərinə daxil olardı. Etibarsızlığın əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmaqla aydın və hüquqi müəyyəndir. Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, mülki işin mübahisəsiz halı olsa da iddiaçı tərəfindən mübahisə predmeti olan müqavilələrin məhkəməyə təqdim edilməsi təmin edilməmişdir. Fərz edək ki, iddia təmin olunsaydı, etibarsız hesab edilən müqavilələrin və çıxarışın detalları məhkəməyə təqdim edilməli idi. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə dair bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilərək alıcı-ipoteka qoyan qismində iddiaçı ilə bağlanmış hesab edilməsi, mənzilə dair çıxarış ləğv edilməklə iddiaçının adına yeni çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1840/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1840/2024
17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver